Tünzalə Ağayeva - Ailə qurmaq barədə düşünmürəm - MÜSAHİBƏ - FOTOLENT

  1. Register

    “Şou-biznesə kənardan baxıb rişxəndlə gülümsəyirəm”

    Əməkdar artist Tünzalə Ağayevanın Lent.az-a müsahibəsi

    - Tünzalə xanım, daha çox sadə geyim, saç düzümü və makiyajdan istifadə edirsiniz? Bu işdə sizə kim köməklik edir, stilistlə işləyirsinizmi?

    - Mən öz zövqümə güvənirəm. Geyimlərimi də əksər vaxtı özüm seçirəm. Həyatda necəyəmsə, işimdə də eyniyəm. Əlbəttə ki, tədbirlərim, konsertlər olanda stilistlərin köməkliyindən istifadə edirəm. Mənə görə düzgün təqdimat sadəlikdir. Bir-iki stili birləşdirsən belə, bu, rəndələnmiş şəkildə olmalıdır. Məndə sadə görünən libas əslində bahalı bir şeydir. Bunun özünün bir parlaq, dəqiq görünütsü var.


    - Sizin xalq mahnılarını dəyişərək, müasir formada ifa etməniz birmənalı qarşılanmamışdı...

    - Mən xalq mahnılarını dəyişmirəm. Onu müasir musiqi ritminin gedişatına uyğunlaşdırıram. Müasir musiqi hərəkət xoşlayır. Xalq musiqisi bu gün ana xətt təşkil edir. Bu mahnılara həmişə müraciət var. Sadəcə gərək o qədər savadlı, peşəkar bəstəkar, dirijor olasan ki, o mahnıları bugünkü günə uyğunlaşdırasan. Bu mahnıları hərə öz intellektinə, dünyagörüşünə görə başa düşür. Təbii ki, bu formanı da hamı eyni şəkildə qəbul edə bilməz.


    - Tünzalə xanım, siyasətə qatılacağınız barədə söhbətlər gəzirdi. O məsələ hələ də gündəmdədir?

    - Bu məsələnin iki tərəfi var. Əlbəttə ki, mən siyasətçi ola bilmərəm. Çünki bu, ayrıca elmdir. Bunu oxumaq, işin içində olmaq lazımdır. Tünzalənin düşüncəsində, fikirlərində bir məntiq, diplomatiya varsa, o demək deyil ki, o, siyasətçidir. Mən necə düşünürəmsə,
    fikrimi də elə çatdırıram. Amma bir tərəf də var. Böyük siyasətçilər bildirir ki, heç vaxt “siyasətdə olmayacağam” deməməlisən. Siyasət özü səni ələ alır. Bilmək olmaz həyat insanı hara aparıb çıxaracaq. Sənət adamının bir ayağının hardasa siyasətə toxunması normal bir şeydir. Sənət özü də bir siyasətdir. Şəxsən mənim dilimdən belə söz çıxmayıb. Sağ olsunlar, kimlərsə məni fərqli bir sahədə, peşədə görmək istəyiblər. Bu onların arzusudur. Amma bu çox məsuliyyətli işdir. Kimsə məni görmək istədiyi üçün getmərəm. Bunu mənim iradəm hiss etməlidir.


    - Bir vaxtlar ailənizdə problem yaşandı. İndi şəxsi həyatınız necədir?

    - Ailə həyatım stabil olaraq qalır. Ətrafımda sevdiyim insanlar var. Hazırda valideynlərim və qızımla yaşayıram. Əgər ikinci dəfə ailə qurmaq istədiyimi birbaşa soruşsanız, deyərəm ki, bu haqda yüzdə yüz danışmağı sevmirəm. Hər şeyi zaman göstərəcək. Bu haqda ümumiyyətlə fikirləşmirəm. Çünki enerjim, sevgim o qədər yaradıcılığa, ictimai işlərə gedir ki, başqa şeyləri düşünməyə fürsət olmur. Əsas odur ki, xoşbəxtəm.

    - Qızınıza vaxt ayıra bilirsinizmi?

    - Qızım 7-ci sinifdə oxuyur. Çox zəhmətkeşdir. Həyat ona körpəlikdən azad olmağı öyrədib. Çünki gözünü açandan gördü ki, anası yanında deyil, anasının peşəsi budur. Azad böyüdü. Problemli uşaq deyil. Dərslərini yaxşı oxuyur. Onun əxlaqlı və savadlı olması mənim üçün vacibdir.


    - Şou-biznes yaranandan hər kəs özünə bir titul seçir. Bu, mütləq lazımdır ?

    - Dünyada şou-biznes tarixinə baxsaq, o titullar hər zaman olub. Bir məsələni diqqətə çatdıracağam. Məsələn, vaxtilə məşhur “Time” jurnalı ən yaxşı filmləri, musiqiçiləri, digər tanınmış şəxsləri seçirdi. Onda “ən yaxşılar”a müxtəlif adlar verirdilər. Bu düzgündür. Bu adlar elə-belə verilmirdi. Onlar öz işlərində elə bir nəticələrə gəlirdi ki, bu adlara layiq olurdular. Müğənninin özünüzün özünə ad verməsi isə... Bu, nə qədər düzgündür?


    - Bizim şou-biznesdə də adlar verilir...

    - Bizdə bu, saxta formadadır. Çünki bizdə o sistem yoxdur. O sistemin olması üçün biz cəmiyyət olaraq başqa cür yaşamalıyıq.


    - Bəs siz niyə ad vermirsiniz özünüzə?

    - Mən anladığım üçün bunu eləmirəm. Yalnız yuxarıda sadaladıqlarımı anlamayanlar özlərinə ad verir. Mənim bir adım var. O adı da cənab prezident verib. Özü də 5 illik fəaliyyətimdən sonra. Az vaxtda bu adı almaq özü nadir hallardan biridir. Bu, mənim üçün şərəfdir. Amma bu mənim psixologiyamı dəyişmir. Mən sənətimi necə sevirdimsə, indi iki qatını sevirəm. Yaradıcılığıma da davam edirəm. Ad almaq məsuliyyətdir.


    - Şou-biznesin indiki durumunu necə dəyərləndirirsiniz?

    - Hərdən kənardan baxıb, rişxəndlə gülümsəyirəm. Dünyada şou-biznes inkişaf edir, savadlı, görkəmli bəstəkarlar, prodüserlər, aktyorlar, müğənnilər ortaya çıxır. Bizdə isə şou-biznesə düşük, ucuz bir sahə kimi baxılır. Axı bu, sənət, mədəniyyət məkanıdır. Şou-biznes sənətin kommersiya tərəfidir. Pul qazanırlar, amma istedadlarına görə qazanırlar.


    - Bizdə bu düşüncə necədir?

    - Deməzdim ki, bizdə o düşüncə tamamilə dəyişib. Elə bir forma yoxdur ki, bunu dəyişək, normal formaya salaq. Sanki qidalanmayan xəstə bir hüceyrə var və biz onu böyüdürük. Bunun səbəbi çoxdur. Vəziyyət elədir ki, müğənninin işini bilib-bilməməsi 101-ci məsələdir. Burada ölkənin, cəmiyyətin vəziyyətinin böyük təsiri var. Cəmiyyətimiz ağır imtahanlardan keçdi, xalqımız ağır faciələrlə üzləşdi. Musiqinin inkişafı da xalqın həyat tərzinə bağlıdır. İndi yolun başındayıq. İqtisadiyyatımız, siyasətimiz inkişaf etdiyi kimi, mədəniyyətimiz də inkişaf edəcək. Xalq musiqimiz, muğam, saz sənətimiz sərhədlər aşıb. Klassika satılmayıb, müasir musiqimiz isə kommersiya olduğu üçün həmişə satılıb. Klassika şou-biznes kimi bazarları, marketləri doldurmur. Müasir musiqidə isə hamı özünə görə bir biznes yaradıb. Bununla da intellekt düşüb. Hər hansı bir nəzarət mexanizmi yoxdur. Bu iş həmişə biznesmenlərdən, prodakşınlardan asılı olub. İndi savadlı, musiqiyə dəyər verən iş adamlardan çox şey asılıdır ki, istedadlılara dəyər versinlər. O zaman yaxşının, pisin yeri bilinəcək.


    - Sizin gəlir mənbəyiniz haradır?

    - Azərbaycanın musiqi kommersiyası toydur. Başqa variant yoxdur.

    - Toylara çox gedirsiniz?

    - Çox getmirəm. Gedərkən də seçim edirəm. Mənim üçün çıxış etdiyim məkan, toplum çox vacibdir. Mənə daha çox ziyalı insanlar müraciət edirlər.


    - Sirr deyilsə neçəyə gedirsiniz?

    - Bunu mətbuata açıqlamıram.


    - “Eurovision”un milli seçimlərində final mərhələsinə az qalıb. Gözləntilər necədir?

    - Kənardan baxanda da bəlli olur ki, ən güclülər, potensiallı iştirakçılar finala gəlib çıxıb. Düşünürəm ki, layiqli iştirakçı təmsilçi olacaq.


    - Münsiflər heyətinin üzvü kimi, daha çox hansı iştirakçının uğurlu çıxış etdiyini düşünürsünüz?

    - Birinci Səbinə Babayevanı deyə bilərəm. Səbinə bundan öncə də müsabiqəyə qatılmışdı. Onun səs toplamadan yarışdan çıxması məni çox məyus etmişdi. Çünki Səbinə çox istedadlıdır, peşəkardır. Finalçılardan Səbinə, Elton, Arzu güclü iştirakçılardır. Bilirsinizmi, onsuz da hər il müsabiqəyə ilk qoşulanda iştirakçılar təcrübəsiz olurlar. Birdən birə onlara təcrübəsiz vəziyyətdə qiymət vermək olmaz. Əvvəlki illərdə də gördük. Necə ki, Safura, Aysel üzərlərində işləyəndən sonra peşəkar oldular. Amma əmin olun ki, bu beşliyə çıxanların hamısı güclüdür. Onlardan kim seçiləcəksə, uğurlu olacaq.


    - Bir vaxtlar “Ölkəm “layihəsi ilə Azərbaycanı gəzdiniz. Yenə elə bir planınız varmı?

    - “Ölkəm” layihəsi ilə çox yerdə oldum. Mənim üçün uğurlu layihə idi. Bu kimi layihələrlə yenə çıxış etmək fikrim var. Bakı Caz Mərkəzində “Tünzalənin caz dünyası” adlı silsilə konsertlərimiz olacaq. Bu yaxınlarda xaricə səfərim də gözlənilir. Rusiyada həmvətənlərimizin qarşısında konsert proqramı ilə çıxış edəcəyəm.


    Xədicə


    Register

    Register

    Register

    Register

    Register

    Register

    Register

     

     

    Sarsın - 06.02.2012 - 15:21



Benzer Konular

  1. Cenifer Lopezdən özəl pozlar - FOTOLENT
    Konuyu Açan: Sarsın, Forum: Show Biznes.
    Cevaplar: 0
    Son Mesaj : 24.09.2012, 07:52
  2. Tünzalə Ağayeva Türkiyədə mükafatlandırıldı -FOTOLENT
    Konuyu Açan: Sarsın, Forum: Show Biznes.
    Cevaplar: 0
    Son Mesaj : 24.09.2012, 07:49
  3. Tünzalə Ağayeva konsert verəcək
    Konuyu Açan: Sarsın, Forum: Show Biznes.
    Cevaplar: 0
    Son Mesaj : 17.12.2011, 09:36
  4. Tünzalə Ağayeva - Ölkəm
    Konuyu Açan: Leyl-i Lal, Forum: Azerice Videolar.
    Cevaplar: 0
    Son Mesaj : 07.04.2010, 00:05
  5. Tünzalə Ağayeva - Ölkəm
    Konuyu Açan: Şayeste, Forum: Azerice Videolar.
    Cevaplar: 0
    Son Mesaj : 08.03.2010, 09:52

copyright

Soru Cevap