REKLAM




+ Konuyu Cevapla

Qida borusu xərçəngi - diaqnostika, müalicə və proqnoz

  1. Yazan: Ceylan
    No Avatar

    REKLAM


    xərçəngin təyini və müalicəsi - qida borusu xərçəngi haqqında bilgilər




    Giriş — Yastı hüceyrə karsinoması (xərçəngi) və adenokarsinoma ezofaqusun maliqnant (bədxassəli) şişlərin 95% təşkil edir. 20-ci əsr boyu əsasən məhz yastı hüceyrə karsinoması daha çox rast gəlinib. 20-ci əsrin 70-ci illərinədək adenokarsinomalar o qədər nadir hallarda rast gəlirdi ki, hətta tədqiqatçılar onların olmasını şübhə altına alırdı. Lakin son iki onillik ərzində ezofaqeal adenokarsinomanın halları dramatik şəkildə artmağa başladı və xüsusilə də qərb ölkələrində bu daha kəskin özünü göstərdi. Son araşdırmalar isə göstərdi ki, hər iki növ şişlər - adenokarsinoma və yastı hüceyrə karsinoması - eyni dərəcədə yayılıb və eyni tezliklə rast gəlinir.

    Ezofaqusun yast hüceyrə karsinoması və adenokarsinomaları bir birilərindən bir sıra xüsusiyyətlərə görə fərqlənir, o cümlədən, törəmənin yerləşdiyi yer yəni lokalizasiyası və şişin əmələ gəlməsini səciyyələndirən səbəblərə görə. Siqaretdən istifadə və spirtli içkilər yastı hüceyrəli karsinomanın yaranması üçün risk faktordur. Spesifik bağırsaq metaplaziyası (qastro-ezofaqeal reflyuks xəstəliyinin ağırlaşması kimi) ilə müşahidə edilən Barret ezofaqusu, köklük, siqaret çəkmə və guman ki, qastro-ezofaqeal reflyuks xəstəliyi isə adenokarsinomanın yaranması baxımından risk faktorlardır.

    Artıq şübhə yoxdur ki, ezofaqusun YHK (yastı hüceyrə karsinoması) və Adenokarsinoması müxtəlif patoqenezi, epidemiologiyası, törəmənin bioloji xüsussiyətləri və nəticələri əsasında iki fərqlənən xəstəliyi təmsil edir. Bu fərqlərə əsaslanaraq 2010-cu ildə verilmiş TNM təsnifatı bu şişlərin təsnifatını ayrıca təqdim edir. Təsnifatda ezofaqusun və ezofaqoqastrik birləşmənin adenokarsinoması və YHK-nın mərhələləri qeyd edilir.

    Histoloji müayinənin nəticəsindən asılı olmayaraq, həkimə müraciət etmiş xəstələrin 50-60% artıq müalicəsi olmayan, lokal olaraq inkişaf etmiş və ya metastatik ezofaqeal xərçənglə müraciət etmiş olur.

    Lokalizə olunmuş və rezeksiyası mümkün olan xəstələrdə sağ qalma müddəti xəstəliyin mərhələsindən asılı olur. Xəstələrin az qismində müayinə zamanı bədxassəli proses selikli qişa və ya selikli qişaaltı-submukoza (məs., T1N0) qatda müəyyən edilir və bu xəstələrdə yalnız cərrahi müalicə (bəzi seçilmiş xəstələrdə isə endoskopik müdaxilə) çox yüksək sağalma və sağ qalma faizi verir.

    Lakin, əksər xəstələrdə qida borusunun divarını invaziya edən törəmə olur (T3) və ya pozitiv limfa düyünləri aşkar edilir ki, bu da uzun müddətli sağ qalma faizini azaltmış olur. Bu qrup xəstələrin yalnız 15% multimodal terapiyanın tətbiqi ilə tam müalicə oluna bilir.

    Bu qrup xəstələr üçün optimal müalicə metodikasının seçimində ziddiyyətlər mövcuddur. Lakin, əksər tibb ocaqlarında T2 və daha ağır dərəcəli törəmə olduqda ilkin olaraq kimya terapiyası və ya perioperativ kimya terapiyasına birincili cərrahiyyədən üstünlük verilir.

    Buna görə də xəstəliyin mərhələsinin və yayılması dərəcəsinin əvvəlcədən müəyyən edilməsi, paliativ, kimya- və radioaktiv şüa terapiyası, cərrahi və ya endoskopik müdaxilə üçün xəstələrin düzgün seçilməsində xüsusi əhəmiyyət kəsb edir.

    Diaqnostik müayinələr — Bariumla aparılan rentqenoskopik müayinələr ezofaqeal kanserin olduğunu göstərə bilər, lakin dəqiq diaqnoz endoskopik biopsiya ilə aparılır. Erkən ezofaqeal kanserlər endoskopiyada səthi qalınlaşma, düyün və ya xora kimi görünə bilər. Daha inkişaf etmiş hallarda isə qida borusunun daralması, xoralı kütlə, dairəvi qida borusunu sıxan kütlə və ya iri xora kimi görünə bilər. Düzdür bir çox hallarda əhəmiyyətli sayılmasa da, ezofaqeal kanserin əhatə etdiyi sahə və ya uzunluğu bəzən xəstənin sağ qalması ehtimalının proqnozlaşdırılmasına təsir edir.

    Biopsiya — Böyük selikli gişanı zəbt etmiş kütlənin endoskopiyada müəyyən edilməsi ezofaqeal kanseri baxımından patoqnomonik hesab edilsə də, diaqnozun təsdiqlənməsi üçün biopsiyanın əldə edilməsi mütləqdir. Erkən dövrlərdə aparılmış tədqiqatlar göstərmişdir ki, nə qədər çox biopsiya (yeddiyə qədər) götürülərsə, diaqnostik dəqiqlik bir o qədər çox olar. Bununla yanaşı fırça sitologiyası nümunələrinin həmin yeddi biopsiya nümunəsinə əlavə edilməsi, demək olar ki, diaqnostik dəqiqliyi 100% çatdırır. Araşdırmaların bir sırasında qeyd edilmişdir ki, endoskopik görüntüləmədə xoşxassəli görünən törəmələrin 17%-nin sonradan bədxassəli olduğu müəyyən olunmuşdur.

    İn vivo boyanma - ezofaqeal mukozanın (selikli gişanın) in vivo boyanması (xromoendoskopiya) biopsiyanın götürüləcəyi sahənin daha dəqiq təyin edilməsinə və xəstəliyin yayılması dərəcəsini müəyyən etməyə yardım edə bilər. Belə ki, yodlu Lyuqol məhlulu ilə selikli gişanın boyanması zamanı məhlulda olan yod normal yastı selikli gişanın qlikogen komponentləri ilə reaksiyaya girir və onun yaşılı qəhvəyi rəngə boyanmasına səbəb olur. Neoplastik toxumada isə qlikogen ehtiyyatları tükəndiyindən, yastı karsinoma boyanmamış qalır. Bu isə endoskopiya zamanı bir çox yüksək riskli hallarda diaqnostikaya yardım etmiş olur.

    XƏRÇƏNGİN PREOPERATİV MƏRHƏLƏSİNİN TƏYİNİ. Yuxarıda qeyd olunduğu kimi qida borusu xərçənginin (kanserinin) proqnozu məhz xəstəliyin mərhələsindən asılıdır. Xəstəliyin kliniki mərhələsinin dəqiq təyini proqnozun təxmin edilməsi və müvafiq müalicə strategiyasının seçilməsi üçün çox əhəmiyyətlidir.

    TNM təsnifat sistemi əsasında mərhələnin təyini meyarları. Kanser üzrə Amerikanın Birgə Komitəsi və Xərçəng əleyhinə Beynəlxalq İttifaqın təklif etdiyi TNM təsnifat sistemi universal olaraq dünyada tətbiq olunmaqdadır. 2002-2010-cu illər ərzində təsnifat sisteminə ayrıca mərhələ əlavə edilmişdir ki, bu da ezofaqeal xərçəngin histologiyasına əsaslanan yeni qruplaşma olmuşdur. Bu cür dəyişikliyin edilməsinə səbəb isə aparılmış araşdırmalarda limfa düyünləri neqativ olan törəmələrin cərrahi müalicəsindən sonra proqnozun T-mərhələsi ilə yanaşı şişin histologiyası, dərəcəsi və şişin lokalizasiyasından asılı olduğunun müəyyən edilməsi olmuşdur.

    Yastı hüceyrə karsinoması və adenokarsinomanın fərqli qruplaşmaya daxil edilməsi ilə yanaşı digər dəyişikliklərə aşağıdakılar aiddir:
    Törəmənin lokalizasiyası baxımından təsnifatın sadələşdirilməsi aparılmış və nəticədə ezofaqoqastrik birləşmədə və mədəyə 5 sm proksimal yerləşən və ezofaqoqastrik birləşməyə və ya ezofaqusa uzanan şişlər də ezofaqeal kanserlərə aid edilmişdir. Mədədə yerləşən və ezofaqoqastrik birləşmədən 5 sm-dən uzaqda yerləşən və ya ezofaqoqastrik birləşməyə uzanmayan bütün digər şişlər mədə kanserlərinə aid edilir.
    Tis (in situ) yeni təsnifata görə yüksək dərəcəli displaziya kimi qəbul edilmişdir. Bura həmçinin digər qeyri-invaziv neoplastik epitel də aiddir ki, bunlar əvvəl "karsinoma in situ" adlanırdı.
    T4 xəstəlik isə ətraf orqanların və ya strukturların prosesə cəlb olunmasından asılı olaraq rezeksiya oluna bilmə potensialı baxımından alt-qrupa bölünmüşdür.
    N statusu və ya metastaz edilmiş regional düyünlərin sayından asılı olaraq yeni alt-qrup da yaradılmışdır.



    Regional limfa düyünləri — 2010-cu ildə təsdiqlənmiş yeniləşmiş TNM təsnifatında digər bir dəyişiklik regional limfa düyünlərinin tərifi ilə bağlıdır. Əvvəlki təsnifatda spesifik limfa düyünlərinin qrupları onların qida borusunda lokalizasiyası və anatomik kompartmentdən asılı olaraq fərqləndirilirdir. İntratorakal ezofaqus üçün regional limfa düyünlərinə yuxarı periezofaqal (aziqos venasından yuxarıda), subkarina və aşağı periezofaqeal (aziqos venasından aşağıda) sahələr aiddir. Abdominal ezofaqusa isə aşağı ezofaqeal, diafraqmal, perikardial, sol mədə və seliak regional limfa düyünləri aiddir. Daha distant yəni uzaq limfa düyünlərinin (məs., intra-torakal şişlərdə boyun və ya servikal limfa düyünləri) cəlbi distant və ya uzaq metastazlar kimi nəzərdən keçirilir və M1 xəstəlik kimi qəbul edilir.

    Xəstəliyin proqnozu baxımından regional limfa düyünlərinin lokalizasiyası deyil əksinə sayının mühüm əhəmiyyət kəsb etdiyi nəzərə alınaraq, TNM təsnifatına dəyişklik edilmiş və 2010-cu ildən etibarən artıq prosesə cəlb olunmuş limfa düyünlərinin sayı təsnifatda yer almışdır.

    Preoperativ (yəni əməliyyatdan öncə) xəstəliyin mərhələsinin qiymətləndirilməsi. Ezofaqal kanserin diaqnozu qoyulduğu andan etibarən xəstəliyin mərhələsini müəyyən etmək üçün döş qəfəsi və qarın boşluğunun KT görüntülənməsi aparılır ki, birincili törəmənin yerləşdiyi sahə daha detallı öyrənilsin və həmçinin mümkün distant metastazların olub olmadığı müəyyənləşdirilsin. Lakin lokal regional törəmənin mərhələsinin təyini baxımından KT-nin imkanları məhduddur. Düzdür, KT böyümüş limfa düyünlərini göstərir, lakin onun seliak ətrafı limfa düyünlərinin görüntülənməsində həssaslığı zəifdir. Eyni zamanda KT birincili şişin toxumalara invaziyasının dərinliyini də həmişə dəqiq müəyyən etməyə imkan vermir. Endoskopik USM daha dəqiq görüntüləmə metodudur və xəstəliyin lokal regional mərhələsinin müəyyən edilməsi məqsədilə KT-ni üstələmiş və əvəzləmişdir.

    KT-nin digər mühüm əlverişsizliyi ondan ibarətdir ki, onun kiçik həcmli metastazları (xüsusilə də, periton boşluğu daxilində) müəyyən etmək həssaslığı zəifdir. PET görüntüləməsi metastatik xəstəliyin müəyyən edilməsində daha əlverişli metod hesab edilir və distant metastazlarının olub olmadığı bəlli olmayan xəstələrdə hazırda əməliyyatdan öncə xəstəliyin mərhələsinin dəqiq təyini məqsədilə daha geniş tətbiq edilir. Ümumiyyətlə, araşdırmalar göstərmişdir ki, PET görüntüləməsinin diaqnostik tədqiqatlara əlavə edilməsi 20% lazımsız cərrahi müdaxilənin aparılmasının qarşısını almışdır. Lakin KT kimi PET görüntüləməsi də limfa düyünlərinin görüntüləməsi baxımından məhdud imkanlara malikdir.

    EUS-lə xəstəliyin Lokoregional mərhələsinin təyini — Endoskopik US müayinəsi yüksək tezlikli ultrasəs keçiricisi vasitəsilə ezofaqeal kütlənin detallaşdırılmış görüntüləməsini əldə edir və bu kütlənin ezofaqusun beş qatdan ibarət divarı ilə münasibətini təyin edir. Ezofaqeal kanserin Lokal regional mərhələsinin müəyyən edilməsi baxımından EUS çox yüksək dəqiqliyə malikdir və törəmənin (T) və limfa düyünlərinin (N) cəlbini müəyyən etmə dəqiqliyi 80-90% bərabərdir. Lakin, erkən xəstəlik dövründə EUS-in dəqiqliyi az olur. Buna baxmayaraq əksər xəstələrdə EUS lokal regional xəstəliyin mərhələsini dəqiq təyin etməyə və bunun nəticəsində daha düzqün müalicə metodunun seçilməsində böyük təsirə və faydaya malikdir. Məsələn,
    ilk baxışdan səthi xəstəliyə malik olduğu görünən xəstələrdə muskularis mukoza qatının invaziyası olmadıqda və şübhəli limfa düyünləri müəyyən edilmədikdə, müalicə metodu kimi qeyri-cərrahi metod yəni endoskopik selikli gişanın rezeksiyası tətbiq edilə bilər.
    Eyni zamanda EUS vasitəsilə şübhəli limfa düyünləri müəyyən edildikdə, həmin xəstələrdə cərrahi müdaxilədən əvvəl induksion yəni ilkin kimyəvi və şüa terapiyası başlanıla bilər. Bu xüsusilə də T2 mərhələsində olan xəstələrə daha çox aid edilir.

    Ümumiyyətlə isə, KT, MRT və ya PET görüntüləməsi ilə müqayisədə ezofaqeal kanserin lokal regional mərhələsinin təyini, xüsusilə də, limfa düyünlərinin cəlb olunmasının müəyyən edilməsi baxımından, EUS daha üstündür. EUS müayinəsinə isə nazik iynə aspirasiyasını (NİA) əlavə etməklə limfa düyünlərinin cəlb olunmasının müəyyən edilməsi baxımından dəqiqlik daha da artmış olur.

    T mərhələsi— Əgər EUS mukoza ilə (selikli gişa) məhdudlaşan xəstəlik müəyyən edirsə, bu hallarda endoskopik mukoza rezeksiyası adətən növbəti addım kimi tətbiq edilir. Rezeksiya həm törəmənin çıxarılmasını, həm də onun invaziyasının dərinliyini təyin etməyə yardımçı olur. Endoskopik mukoza rezeksiyasından əldə olunan toxumanın müayinəsi nəticəsində (xüsusilə də, limfa damarlarının invaziyasının olub olmaması baxımından) növbəti terapevtik addımlar atılır.

    T2, T3, və T4 törəmələr EUS və endoskopiyada çox asan görünür. Bu mərhələlər aid şişlər ya daralmalar, ya da xoralanma və ya ekzofitik kütlələr kimi görünür. T2 törəmələr muskularis propria qatına invaziya edir, lakin qida borusunun divarından keçən transmural invaziya müəyyən edilmir. Bu törəmələr EUS-də muskularis qatına toxunmayan ezofaqeal divarda qeyri-düz (irrequlyar) hipoexogen kütlələr kimi görünür. T3 və T4 törəmələr ektraezofaqeal yəni qida borusunun hüdudlarından çıxmış olur. T3 mərhələsinə aid olan kütlələr adventisiyayadək uzanmış olur. T4 törəmə isə muskularis propriya və adventisiyanı invaziya edərək mediastinal strukturları da, məsələn, perikardium, aorta, bronx və ya penvranı, prosesə cəlb etmiş olur.

    Stenotik yəni stenoz edici törəmələr — Ezofaqusun divarının penetrasiya (T mərhələsi) edilməsinin EUS-lə təyin edilməsi EUS-in probunun törəmə səbəbindən yaranmış stenotik sahədən keçə bilməməsidir. Bu 30% hallarda müşahidə edilir. Bu hallarda EUS xəstəliyin mərhələsini və ya inkişafını tam şəkild qiymətləndirə bilməyə bilər, çünki törəmə tam şəkildə görüntülənə bilmir və seliak nayihə də tam müayinə edilə bilmir. Ezofaqusun perforasiyaları baş verdiyi üçün stenoz olan hallarda EUS-lə müayinənin düzgün aparılması üçün qida borusunun genişləndirilməsinin aparılması məsələsi ziddiyyətli fikirlər yaradıb. Alternativ olaraq kiçik həcmli EUS problarının istifadəsidir ki, bunların da ölçüləri kiçik olduğundan stenoz yerindən asanlıqla keçir. Lakin həmin probların penetrasiya dərinliyi (3 sm) az olduğundan bu problemin yarımçıq həlli kimi qəbul edilir.

    Regional limfa düyünləri — EUS-lə ezofaqeal kanserin limfa düyünlərinə metastaz edib etməməsinin müəyyən edilməsi həm invaziya olunmuş düyünlərin görünüşləri, həm də şübhəli görünən düyünlərin nazik iynə ilə aspirasiyalı biopsiyasının aparılması ilə təmin edilir. Bədxassəli limfa düyünləri adətən iri (>1 sm), yumuru, hipoexogen strukturlar olur ki, əksər hallarda ezofaqeal kütləyə yaxın yerləşmiş olur.
    Xəstəliyin boyun (servikal), paraezofaqeal, sağ qayıdan qırtlaq, sol paratraxeal, yuxarı və aşağı paraezofaqeal, infraaortal, infrakarinal və aşağı arxa mediastinal regionalarda olan limfa düyünlərinə yayılması EUS-lə 80% hallarda mümkün olur. Servikal və yuxarı torakal paraezofaqeal, infrakarinal, sol paratraxeal və qayıdan qırtlaq düyünlərinin müayinəsi baxımından EUS-in həssaslığı daha çoxdur.
    Rregional limfa düyünlərinə metastazın olub olmadığını daha dəqiq təyin etmək üçün isə EUS-ə nazik iynə aspirasiyasını əlavə etməklə nail olmaq olar. Lakin nazik iynə aspirasiyası daha çox əlçatan yerdə yerləşən düyünlərdə mümkündür.

    Əvvəllər birincili törəmə (məs., yastı hüceyrə karsinoması və ya ezofaqusun yuxarı və orta torakal hissələrində) lokalizasiyasından uzaqda qarın kələfi zonasında bədxassəli limfa düyünü tapıldıqda, bu xəstəliyin cərrahi rezeksiyasının mümkünsüzlüyü kimi qəbul edilir və M1a metastatik xəstəlik kimi nəzərə alınırdır. Lakin, 2010-cu ildə qəbul edilmiş yenilənmiş TNM təsnifatına görə, qarın kələfi (seliak axis) zonasında olan limfa düyünlərinə metastaz birincili törəmənin lokalizasiyası və histoloji xüsusiyyətindən asılı olmayaraq, regional limfa düyünü xəstəliyi kimi qəbul edilir. Lakin, buna baxmayaraq, hətta birincili şiş distal ezofaqus və ya ezofaqo-qastrik birləşmədə yerləşdikdə, qarın kələfi zonasında limfa düyünün prosesə cəlbi xəstəliyin proqnozunun pis olmasına dəlalət edir.

    Distant metastazların müayinə edilməsi — Ezofaqeal kanserin ən çox rast gəlinən distant metastazları qaraciyər, ağ ciyər, sümüklər və adrenal vəzlərə olur. Adenokarsinomalar daha çox intra-abdominal orqanlara (qaraciyər, periton), lakin yastı hüceyrə karsinomaları isə torakal boşluğu orqanlarına metastaz edir. M mərhələsinin təyini sistem orqanların görüntülənməsi (KT və/və ya PET görütüləməsi), EUS və diaqnostik laparoskopiya ilə aparılır. Ucuz olmasına baxmayaraq, KT görüntüləmə metodunun imkanları lokal inkişaf etmiş xəstəliyin (T4) və subkliniki distant, xüsusilə də, periton boşluğuna, metastazların müəyyən edilməsi baxımından məhduddur. EUS müayinəsi isə <1 sm kiçik olan qaraciyər metastazlarını və ya maliqnant (bədxassəli) assiti müəyyə edə bilir. EUS altında isə nazik iynə aspirasiyası həm assit, həm də qaraciyər metastazından nümunə götürməklə toxuma diaqnozu qoymağa imkan verir. Diaqnostik laparoskopiya distal ezofaqus və ya ezofaqo-qastrik birləşmənin kanseri olan xəstələrdə qaraciyər və intraabdominal boşluğun müayinəsi üçün çox faydalıdır.

    PET görüntüləməsi — PET görüntüləmə metodu 18F-fluorodoksiqlyukozadan istifadə etməklə xərçəng xəstəliyin mərhələsini təyin etmək üçün çox mühüm qeyri-invaziv metoddur. PEK görütüləməsi distant metastazların müəyyən edilməsi baxımından KT və ya EUS-dən daha yüksək həssaslığa malikdir. Araşdırmalara hətta göstərmişdir ki, preoperativ müayinəyə PET görüntüləməsinin əlavə edilməsi təxminən 20% xəstələrdə müalicə yanaşmasının dəyişməsinə səbəb olmuşdur. PET tətbiqi nəticəsində distant metastazı olan xəstələrdə lazımsız faydasız cərrahi müdaxilələrin sayı xeyli azalmışdır. Əvvəllər həmin xəstələrdə distant metastazlar cərrahi müdaxilə zamanı müəyyən edilirdi.

    Metastatik xəstəliyin müəyyən edilməsi baxımından PET görüntüləməsinin yüksək faydası bu metodun ezofaqeal kanserin müayinəsi zamanı geniş tətbiqinə yol açmışdr. Maliyə tutumu və ya xərc baxımından KT+EUS/NİA (nazik iynə aspirasiyası) və PET+EUS/NİA təxminən eynidir. Araşdırmalardan sonra bir çox müəlliflər ezofaqeal kanserin preoperativ müayinəsinda məhz PET\EUS kombinasiyasının tətbiqini tövsiyə etmişdir.

    İnteqrasiyalı PET/KT — PET görüntüləməsinin ən əhəmiyyətli əlverişsizliyi ondan irəli gəlir ki, əldə olunmuş görüntülər törəmələrin və ya metastazların anatomik lokalizasiyasını tam təyin etməyə imkan vermir. Bu problemi aradan qaldırmaq üçün inteqrasiya edilmiş PET/KT görüntüləməsi tətbiq edildi. Bu texnika vasitəsilə hibrid PET\KT skaneri vasitəsilə ardıcıl olaraq həm PET, həm də KT görüntülər əldə edilir. Sonradan isə bu görüntülər bir biriləri ilə tutuşdurulur və PET ilə əldə olunmuş görüntü KT-də əldə olunmuş anatomik sahələrə əsasən lokalizasiya edilir. İnteqrasiyalı PET\KT görüntüləmə metodunun üstünlüyünü nəzərə alaraq, hazırda əksər mərkəzlər PET əvəzinə daha çox məhz PET\KT-dən istifadə edir. Digər tövsiyə isə PET\KT zamanı İV kontrastın istifadəsidir ki, bu da ağ ciyər və qaraciyərdə olan kiçik metastazların görüntülərinin daha yaxşı vizualizasiya olunmasına yardımçı olur.

    Kimyəvi və ya şüa terapiyasından sonra PET görüntüləməsinin tətbiqinə gəldikdə isə aşağıdakıları nəzərə almaq lazımdır:


    hazırda ilkin kimyəvi və ya şüa terapiyasından sonra metastatik xəstəliyin yenidən nəzərdən keçirilməsində PET metodunun əhəmiyyəti dəqiq məlum deyil.
    bu məqsədlə yeganə tövsiyə ondan ibarətdir ki, metastatik xəstəliyin vəziyyətini müəyyən etmək üçün PET görüntüləməsi kimyəvi və/və ya şüa terapiyasından ən azı 4 həftə sonra aparılmalıdır.
    əgər PET görüntüləməsində yeni törəmə müəyyən edilirsə, həmin törəmənin biopsiyası aparılmalıdır.



    Laparoskopiya və torakoskopiya — Distal ezofaqeal və Ezofaqo-qastrik birləşmənin adenokarsinomaları olan xəstələrdə gizli peritondaxili (intraperitoneal) metastazları müəyyən etmək üçün bəzən diaqnostik laparoskopiya aparılır. Bu cür yanaşma bəzən aqressiv müalicənin lokal yayılmış xəstəliyi olan xəstələrə tətbiqinə dair qərarın qəbuluna yardım edir. Diaqnostik laparoskopiyanın aparılmasının vacibliyi həm də peritondaxili metastazların qeyri-invaziv yolla (PET və ya KT) müəyyən edilməsinin çox çətin olduğundan irəli gəlir.

    Ümumiyyətlə, son illərdə qeyri-invaziv (EUS, MRT, KT) və invaziv (torakoskopiya və laparoskopiya) metodların metastatik və ya lokal yayılmış xəstəliyin daha düzgün müəyyən edilməsi baxımından müqayisəsi aparılmışdır. Bütün araşdırmalar bir mənalı olaraq invaziv metodların - torakoskopiya və laparoskopiyanın - daha düzgün məlumat verdiyini sübuta yetirmişdir. Eyni zamanda araşdırmalar göstərmişdir ki, EUS və digər qeyri-invaziv metodlar bir sıra hallarda xəstəliyin mərhələsini, metastazların olub olmadığını dəqiq təyin edə bilmir. Lakin qeyd etmək lazımdır ki, araşdırmalar invaziv metodlarla EUS\PET görüntüləməsini müqayisə etməmişdir və yuxarıda qeyd olunduğu kimi, PET/EUS müayinəsi digər qeyri-invaziv metodlarla müqayisədə xeyli üstünlüyə mlaikdir.

    Bütün bunlara baxmayaraq, artıq əvvəl vurğulandığı kimi, PET/EUS müayinəsi hazırda ən geniş yayılmış müayinə metodudur.

    Amerikanın Milli Xərçəng Şəbəkəsinin verdiyi təlimata əsasən diaqnostik laparoskopiya ezofaqo-qastrik birləşmənin xərçəngi olduqda və M1 xəstəliyinə sübut olmadıqda aparıla bilər (yəni mütləq deyil). Lakin bir çox mütəxəssislər aşağıdakı hallarda diaqnostik laparoskopiyanın aparılmasını tövsiyə edir:
    ezofaqusun intra-abdominal hissəsindən və ya ezofaqo-qastrik birləşmədən inkişaf edən adenokarsinoma zamanı,
    peritondaxili metastatik xəstəliyə şübhə olduqda və bunun başqa yollarla istisna edilməsi mümkün olmadıqda.



    Son zamanlarda bəzi mərkəzlərdə laparoskopik US müayinəsi də tətbiq olunur. Bu müayinənin araşdırmalarda sadə laparoskopiya və ya KT-dən üstün olduğu müəyyən edilmişir. Lakin metodun geniş tətbiqi yuxarıda təsvir edilmiş laparoskopiya metodunun tətbiqi ilə bağlıdır və təsvir edilmiş məhdudiyyətlər laparoskopik US metoduna da şamil edilə bilər.

    Bronxoskopiya — Biopsiya və fırça sitologiyası ilə aparılan preoperativ bronxoskopiya bir çox mütəxəssislər (məs., Amerikanın Milli Xərçəng Şəbəkəsi) tərəfindən traxeyanın karinası və ya kili səviyyəsində və ya ondan aşağıda yerləşən lokal yayılmış qeyri-metastatik xərçəng xəstəliyinin müayinəsində ən son metod kimi təklif edilir. 116 xəstənin iştirakı ilə aparılmış bir tədqiqatda cərrahi yolla müalicəsi mümkün olan ezofaqeal kanseri olan xəstələrdə bronxoskopiya KT-dən üstün olmuş və hətta xəstələrin əməliyyata götürülüb götürülməməsini təyin edən yeganə metod olmuşdur. Məhz bronxoskopiya vasitəsilə 10% xəstədə tənəffüs yollarının invaziyası səbəbindən cərrahi müdaxilə ləğv edilmişdir.



    ÜMUMİLƏŞDİRMƏ VƏ TÖVSİYƏLƏR:
    Ezofaqeal və ya ezofaqo-qastrik birləşmənin kanseri adətən endoskopik müayinə ilə diaqnostika olunur. Erkən mərhələdə olan kanserlər səthi düyünlər, lövhələr və ya xoralanmalar müşahidə edilə bilər. Daha inkişaf etmiş şişlər isə darama (striktura), xoralanmış kütlələr, dairəvi kütlələr və ya iri xoralar kimi müəyyən edilə bilər. Endoskopiyada böyük selikli gişa kütləsinin müəyyən edilməsi adətən ezofaqeal kanserə dəlalət edir. Biopsiya isə 90%-dan çox hallarda diaqnozu dəqiqləşdirməyə imkan verir.
    Amerikanın Xərçəngə dair Birgə Komitəsinin və Beynəlxalq Xərçəng əleyhinə İttifaqın təklif etdiyi TNM təsnifat sistemi universal olaraq geniş tətbiq edilir. 2010-cu ildə edilmiş əlavə və dəyişikliklərdən biri də, ezofaqo-qastrik birləşmədə və mədədən 5 sm proksimal yerləşən və ezofaqo-qastrik birləşməyə və ya qida borusuna uzanan törəmələr ezofaqeal kanserlərə aid edilmişdir. Eyni zamanda, ezofaqo-qastrik birləşmədən 5 sm-dən çox məsafədə mədədə yerləşən törəmələr və ya ezofaqo-qastrik birləşmədə və ya ondan 5 sm aralıqda yerləşən lakin ezofaqusadək uzanmayan törəmələr mədə kanserləri kimi qəbul edilmişdir.
    Ezofaqeal kanser diaqnozu qoyulan kimi, xəstəliyin kliniki mərhələsini təyin etmək və metastatik xəstəliyi olub olmadığını müəyyən etmək üçün ilk öncə KT görüntüləməsi aparılır. KT görüntüləməsində metastazlar müəyyən edilmədikdə, həmin xəstələr EUS vasitəsilə müayinə edilir.
    Sıradan aparılmış KT görüntüləməsi əsasında cərrahi müdaxilə üçün yaxşı namizəd hesab edilən xəstələrdə şübhəli olan metastatik xəstəliyi müəyyən etmək üçün inteqrasiya edilmiş PET/KT görüntüləməsi tətbiq edilir. Lakin. PET görüntüləməsində şübhəli tapıntılar mütləq şəkildə təsdiq edilməlidir və xəstə yalnız ciddi müayinədən sonra cərrahi müdaxilədən istisna edilməlidir.
    Xəstəliyin mərhələsinin təyin edilməsində diaqnostik laparoskopiyanın rolu dəqiq məlum deyil və mütəxəssislərin fikirləri ziddiyyətlidir. Bu məsələdə konsensus hələ ki əldə olunmayıbdır.
    Amerikanın Milli Xərçəng Şəbəkəsinin verdiyi təlimata əsasən diaqnostik laparoskopiya ezofaqo-qastrik birləşmənin xərçəngi olduqda və M1 xəstəliyinə sübut olmadıqda aparıla bilər (yəni mütləq deyil). Lakin bir çox mütəxəssislər aşağıdakı hallarda diaqnostik laparoskopiyanın aparılmasını tövsiyə edir: a) ezofaqusun intra-abdominal hissəsindən və ya ezofaqo-qastrik birləşmədən inkişaf edən adenokarsinoma zamanı; b) peritondaxili metastatik xəstəliyə şübhə olduqda və bunun başqa yollarla istisna edilməsi mümkün olmadıqda.
    Biopsiya və fırça sitologiyası ilə aparılan preoperativ bronxoskopiya bir çox mütəxəssislər (məs., Amerikanın Milli Xərçəng Şəbəkəsi) tərəfindən traxeyanın karinası və ya kili səviyyəsində və ya ondan aşağıda yerləşən lokal yayılmış qeyri-metastatik xərçəng xəstəliyinin müayinəsində ən son metod kimi təklif edilir.


    Facebook




    Üyelik



  1. Yazan:
    no avatar


    REKLAM



Benzer Konular

  1. Dekabr üçün astroloji proqnoz
    Konuyu Açan: Sarsın, Forum: Azərbaycan Həyat tərzi.
    Cevaplar: 0
    Son Mesaj : 01.12.2012, 22:18
  2. Qida borusu şişləri
    Konuyu Açan: Sarsın, Forum: Sağlamliq.
    Cevaplar: 0
    Son Mesaj : 01.12.2011, 19:46
  3. Qida borusu xəstəlikləri
    Konuyu Açan: Sarsın, Forum: Sağlamliq.
    Cevaplar: 0
    Son Mesaj : 24.11.2011, 02:54
  4. Bayram günlərində hava və tibbi-meteoroloji proqnoz
    Konuyu Açan: Sarsın, Forum: Azərbaycanca xəbərlər.
    Cevaplar: 0
    Son Mesaj : 30.08.2011, 05:30
  5. Yemek Borusu
    Konuyu Açan: Nerissa-Su, Forum: Biyoloji.
    Cevaplar: 0
    Son Mesaj : 11.08.2011, 14:13

copyright

Soru Cevap

grafimx