Siqareti tərgitməyin ən asan yolu

  1. siqaret - tərgitmə yolları



    Pis alışqanlıq
    Bir lətifədə deyilir ki, siqareti atmaq o qədər asandır ki, mən hər gün bir neçə dəfə atıram. Əlbəttə ki, bu bir zarafatdır. Söhbət həmişəlik tərgitməkdən gedirsə, məsələ qəlizləşir. Dünyada elə bir adam tapmaq olmaz ki, bu pis vərdişdən azad olmaq istəməsin. Lakin çox vaxt insanlar onun əsirinə çevrilir və siqaretlə mübarizədə məğlub olurlar. Bəs görəsən, buna səbəb nədir? Çoxsaylı araşdırmalar göstərir ki, insanlar siqaretə modaya uyğunlaşmaq və ya böyüklərə oxşamaq məqsədilə başlayırlar. İlk əvvəl heç kim tüstünü ciyərlərinə almır. Bu o deməkdir ki, təmiz bədən zəhəri qəbul etmək istəmir. Həmin ərəfədə insan elə zənn edir ki, mən siqaret çəkən deyiləm, istənilən vaxt çəkməyə bilərəm. Lakin bir gün gəlir, bədən tam surətdə siqaretə uyğunlaşır. Məhz o andan etibarən mübarizə çətinləşir. Qəribədir ki, yenə də heç kim siqaretdən asılı vəziyyətdə olduğunu qəbul etmək istəmir. Ancaq tərgitməyə cəhd göstərərkən görür ki, bu elə də asan iş deyilmiş. Nəticədə insan xəyal qırıqlığına uğrayır. Siqaretin bədəndə güclü mövqeyə malik olması ona görədir ki, orqanizm nikotinə öyrəşir. Bu, bir növ narkomaniya kimidir. Əlbəttə ki, siqaretdən fərqli olaraq narkotiki istəklə tərgitmək olmur. Onun üçün uzunmüddətli müalicə lazımdır. Siqareti isə iradənin hesabına tərgitmək mümkündür. Bunun bir neçə yolu mövcuddur.

    Elektrosmok
    Telekanallarda elektron siqaretlər reklam olunur. Onun tüstüsü zəhərli deyil. Çoxları bu yolla pis vərdişlərdən azad olmağa çalışırlar. Ancaq tədqiqatlar göstərir ki, effektli metod deyil. Çünki elektrosmok siqareti tərgitmək istəyən insanı bu vərdişdən uzaqlaşdırmaq əvəzinə, yadına həqiqi siqareti salır. Nəticədə o, öz köhnə vərdişinə qayıdır. Elektrosmok yalnız təzə başlayan siqaret çəkənlərə kömək edə bilər. Belə ki, elələrində nikotin mərkəzi hələ formalaşmamış olur. Onlarda yalnız ağız vərdişi yaranır ki, bunu da elektrosmok və digər vasitələrlə tərgitmək olar.

    Azaltmaq metodu
    Qeyd etdiyimiz kimi, siqaret bir müddət sonra bədəndə nikotin mərkəzi yaradır. Bəzi mütəxəssislər iddia edirlər ki, siqareti azaltmaqla bu mərkəzi zəiflətmək mümkündür. Bu yolla pis vərdişlərdən birdəfəlik azad olmaq olar. Lakin bir qisim alimlər mövcud üsulun tamamilə əksinə çıxırlar. Onlar qeyd edirlər ki, siqareti azaltsan da, müəyyən müddətdən sonra istər-istəməz bədən öz normasını tələb edəcək və nəticədə insan daha ağır siqaretlər çəkəcək və ya normasını yenidən artıracaq. Sözsüz ki, azaltmaq metodu ilə tərgitənlər az deyil. Amma nə yazıq ki, bunu hamıya aid etmək olmaz.

    Təqvim tərgitməsi
    Müəyyən insanlar tərgitmək üçün xüsusi günləri gözləyirlər, ad günü, yeni il, evlənmə tarixi və sair. Elələri də var ki, «filan vaxt tərgitəcəyəm» deyib özünə təsəlli verir. Əlbəttə ki, bu yolla məqsədinə çatanlar da var. Həmin şəxslər güclü iradəyə malik olurlar və ya gözlədikləri gün onların həyatında önəmli məna kəsb edir. Amma etiraf etməliyik ki, mövcud metod çoxlarının işinə yaramır. Ən azı ona görə ki, həyat davam etdikcə önəmli günlərin də sayı bitib-tükənmək bilmir. Məsələn, bu il yeni ildə siqareti tərgitmək istəyən Adam «eybi yox, gələn yeni ildə tərgitərəm» təsəllisi ilə yenidən çəkməyə başlayır. And içib və ya kiməsə söz verib tərgitmək də çox zaman lazımi nəticələr vermir. Sizdə iradə yoxdursa, bunun heç bir xeyri olmayacaq.

    Fenomenal iradə
    Cəmiyyətimizdə elə insanlar var ki, sözü bir dəfə deyirlər və əməl edirlər. Elələrinin iradəsinə qibtə etmək olar. Onlar sayca azlıq təşkil edirlər. Həmin adamlardan bir neçəsi ilə söhbət edərkən bu məntiqə əsaslandıqlarının şahidi oldum: «Siqaret çəkməyən adamlar da bizim kimi yaşayırlar, bəs onda mən niyə siqaret çəkməliyəm?» Nəzərə almaq lazımdır ki, siqaret çəkərkən insanda ağız işləməsi vərdişi formalaşır, odur ki, insan siqareti tərgitərkən mütləq ağzını nə iləsə məşğul etməyə çalışmalıdır. Saqqız, sovurma konfetlər, müxtəlif çərəzlər bu işdə köməyinizə gələ bilər. Çoxları deyir ki, siqareti tərgitərkən kökələ bilərsən. Bu, ilk növbədə ondan irəli gəlir ki, illərdir ağızları işləyən adamlar siqareti tərgitdikdən sonra tez-tez yemək yeyirlər. Deməli, qəfil kökəlmə ağız hərəkəti vərdişinin nəticəsidir. Ona görə də siqareti tərgitərkən mütləq müxtəlif çərəzlərdən istifadə etmək məsləhətdir.

    Tibbi müdaxilə
    Pis vərdişdən azad olmağın tibbi yolları da geniş yayılıb. Onlarla müalicə, iynə terapiyası, hipnoz, dərmanlarla müalicə və sair. Doğrudur, bu üsulların hər biri ayrı-ayrılıqda effektlidir. Lakin rəsmi statistika qeyd edir ki, müalicə ilə tərgitənlərin təxminən 30 faizi yenidən siqaretə qayıdır. Bu, ilk növbədə ona görə baş verir ki, onlar həyat tərzlərini dəyişmirlər və mühitin təsiri altında yenidən başlayırlar. Həmin adamlar müalicə yolu ilə nəticəni asanlıqla əldə edə bildikləri üçün nə vaxtsa yenidən tərgitə biləcəklərinə arxayın olurlar və siqaret çəkməyin problem olmadığını düşünürlər. Bu isə nəticədə onları yenidən asılı vəziyyətə salır.

    Dünya təcrübəsi
    Siqareti tərgitməyin bir çox üsulları mövcuddur. Onlardan dünyada ən çox yayılanları sizlərə təqdim edirik:
    1. İlk növbədə özünüzə inanın. Əmin olun ki, siz tərgitə biləcəksiniz. Nə vaxtsa bundan da çətin işlərin öhdəsindən gələ bildiyinizi yadınıza salın.
    2. Siqareti tərgitməklə siz nə əldə edə biləcəksiniz? Bunları kağızda yazın. Məsələn, pula qənaət, dişlərin ağ qalması, ömrün uzanması, gümrahlıq, yaxşı qoxumaq, başqalarında xoş hislər oyatmaq və s. Onda biləcəksiniz ki, siqaret sizə hansı zərbələri vurur və onu tərgitməklə nə kimi üstünlüklər qazanacaqsınız. Yazdıqlarınızı hər gün oxuyun.
    3. Tanışlarınızdan xahiş edin ki, sizin əsəbi olacağınızı anlayışla qarşılasınlar və heç olmasa bir müddət sizi hirsləndirməsinlər.
    4. Mütləq idmana başlayın. Mümkün qədər çox hərəkət etməyə çalışın. İlk vaxtlar təngnəfəs olduğunuzu gördükcə siqaret çəkdiyinizə görə peşman olacaqsınız. Daha sonra bədəniniz açıldıqca istər-istəməz siqaret çəkmək istəməyəcəksiniz. Çünki idmanla siqaret bir-birini inkar edir.
    5. İlk vaxtlar siqaret çəkmək istəyəndə nəfəs gimnastikası edin. Dərindən nəfəs alıb mümkün qədər çox saxlayın və axıracan buraxın. Bu zaman gözlərinizi yumun. Hərəkəti 5-7 dəqiqə dayanmadan təkrar edin. İzafi oksigendən beyniniz dumanlanacaq və siqaret çəkmiş kimi olacaqsınız.
    6. Dişlərinizi gündə iki dəfə yuyun və hər səhər güzgüdə onlara tamaşa edin. Dişlərinizin ağardığını görmək sizə yeni bir stimul verəcək. Onların bir müddət sonra daha ağ olacağını və sizə gözəllik verəcəyini təsəvvür etdikcə həvəsiniz artacaq.
    7. Çoxlu su için. Su bədəninizdəki nikotini yuyub aparacaq və tezliklə nikotin mərkəzi sıradan çıxacaq.
    8. Günün hansı vaxtları siqaret istədiyinizi yadınıza salın. Məsələn, ac olanda, hirslənəndə, içki içəndə və sair. Bu vəziyyətlərdən mümkün qədər uzaq olmağa çalışın. Əgər alınmırsa, həmin vaxtlar başınızı başqa şeylərlə qatın. Məsələn, kiməsə zəng vurun, sevdiyiniz musiqi altında rəqs edin və ya xoşladığınız işlə məşğul olun. İnanın ki, bir neçə dəqiqədən sonra siqaret istəyiniz öləcək.
    9. Ağzınızı saqqızla, konfetlə, müxtəlif çərəzlərlə məşğul edin.
    10. Siqareti tərgitmiş adamları tez-tez yadınıza salın və güzgünün qabağında öz-özünüzə deyin: «Sən ondan zəif adam deyilsən, o buraxdısa, deməli, sən də buraxa bilərsən».
    11. Gündə bir neçə dəfə qəhvə için. Mümkün qədər şirin olmasın. Onun tərkibindəki kofein maddəsi bədəninizi və damaq dadınızı aldadacaq. Elə hiss edəcəksiniz ki, siqaret çəkmişsiniz. Vaxt ötdükcə, siqaret istəyiniz azaldıqca kofeini də gündəlik rasionunuzdan yavaş-yavaş çıxarın.
    12. Övladınızın və ya ən çox sevdiyiniz insanın şəklini özünüzlə gəzdirin. Arxasına yazın ki, mən siqareti sənə görə atıram! Hər dəfə siqaret istəyəndə bu şəklə baxsanız, vicdanınız sizə kömək edəcək.
    Son söz əvəzi: əgər siqaret çəkən deyilsinizsə, başlamasanız yaxşıdır. Gördüyünüz kimi, bu pis vərdişdən azad olmaq olduqca çətindir. Yox, əgər başlamışsınızsa, tərgitmək istəyirsinizsə, bunu qəti qərarlaşdırın. Nə üçün tərgitmək istədiyinizi dəqiqləşdirin. Heç nədən çəkinməyin, özünüzə inanın. Bundan sonra sizə təklif olunan metodlardan birinə başlayın. Sağlam həyat böyük bir idman zalı kimidir. Onun hər tərəfdən qapısı var. Bir qapıdan girə bilmirsinizsə, yəni tərgitməyin bir üsulu sizə kömək etmirsə, başqa qapıları tapın, yəni digər üsullara əl atın. Əsas odur ki, inadkar olun. Onda mütləq alınacaq!

    Müəllif: Könül Aypara | Oxu Məni

     

     

    Sarsın - 05.03.2012 - 10:12



Benzer Konular

  1. Siqareti tərgitmək üçün ən yaxşı səbəb
    Konuyu Açan: BiR-DOST, Forum: Qadınlar üçün.
    Cevaplar: 0
    Son Mesaj : 30.11.2013, 20:37
  2. Asan izah edilir ağrılar, asan yazılır,asan yaşanmır halbuki...
    Konuyu Açan: Sarsın, Forum: Azərbaycan Ədəbiyyatı və İncəsənət.
    Cevaplar: 0
    Son Mesaj : 28.08.2012, 17:50
  3. Siqareti tərgitmək ziyandır - ŞOK
    Konuyu Açan: Sarsın, Forum: Sağlamliq.
    Cevaplar: 0
    Son Mesaj : 15.07.2012, 01:38
  4. Cevaplar: 0
    Son Mesaj : 25.06.2012, 00:24
  5. Siqareti tərgitməyin 7 üsulu
    Konuyu Açan: Sarsın, Forum: Sağlamliq.
    Cevaplar: 0
    Son Mesaj : 14.09.2011, 12:43

copyright

Soru Cevap