Vizajist Nərmin İbrahimova-Aktrisalarımız elə vulqar makiyaj edirlər ki

  1. stilist nermin - vizajist anar



    Register

    Vizajist Nərmin İbrahimova: “Diktorlarımızın geyimini, imicini bəyənmirəm”

    Rəssam - vizajist Nərmin İbrahimova Lent.az-a müsahibəsində bu il dəbdə olan rənglər, makiyaj növləri, saç düzümləri, Azərbaycan qadınlarının zövqü və digər məsələlər barədə söhbət açıb.


    - İlk olaraq 2010-cu ilin dəbi barədə xanımlarımıza məlumat verərdiniz.

    - Bildiyiniz kimi, pop kralı Maykl Cekson vəfat edəndən sonra bütün dünya modelyerləri toplaşıb belə bir qərara gəldilər ki, bu il onun geyim tərzinə böyük önəm verilsin. Ona görə də 2010-cu ildə məhz gödək şalvarlar, ağ köynəklər, dəri gödəkcələr, əlcəklər dəbdədir. Rənglərdən isə ağ, qara və boz aktualdır. Amma xanımlara bir məsləhət də vermək istəyirəm – əgər bu il ağ-qara dəbdədirsə, bu o demək deyil ki, hər gün o rəngli paltarlı geyinməlisən. Qoy, özlərinə yaraşanı geyinsinlər. Məsələn, dolu xanımlara dəri gödəkcə heç vaxt yaraşmaz. İlk növbədə bədən ölçüsü nəzərə alınmalıdır və ona uyğun geyim seçilməlidir. Eyni zamanda hər qadın üz quruluşuna, özünə yaraşan rəngi bilməlidir. Yəni, əsas dəb deyil, yaraşmaqdır. Bu il nəzərə çarpan, qışqıran, gözə gəlimli makiyaj dəbdədir. Dodaqlara tünd rəngli, qırmızı, zoğalı boyalar çəkmək aktualdırsa, gözlər daha sadə, kirpiklər daha uzun olmalıdır. Saçlara gəlincə, sarı rəngli saç ümumiyyətlə dəbdə deyil. Tünd rənglər, qəhvəyi tonlar və uzun saçlar aktualdır. Saç düzümlərindən isə bu il buruqlar və sadə saç yığımlarına üstünlük verilir.
    Bədən rənginə gəlincə isə, ötən illər qaralmış dəri aktual idisə, indi əksinə olaraq, ağ dəri çox dəbdədir. Bir sözlə, 2010-cu ilin dəbi Maykl Ceksonun görünüşünə uyğun qurulub.

    - Bu geyim tərzini hər iki cinsin nümayəndələrinə aid etmək olar?

    - Bəli, hər iki cinsin nümayəndəsinə aiddir. Sadəcə, Azərbaycan kişisinin qısa şalvar geyinməsi milli mentalitetə uyğun olmadığı üçün onlar heç vaxt belə geyinməzlər. O cür əlcəklərdən, şalvarlardan, köynəklərdən də istifadə etməzlər. Heç onlara yaraşdırmıram da. Nə qədər dəb olsa da, mentalitet öz yerində olmalıdır. Dəbin arxasınca həddindən çox qaçsaq, milliliyimizi də itirərik. O geyimləri ancaq stilistlər geyinə bilər. Çünki həmişə göz önündədirlər. Bundan başqa, qapalı geyimlər də bu ilin modası sırasındadır. Xanımlarımız gödək yubkalara, sinəsi açıq paltarlara qaçmasınlar. Unutmasınlar ki, qadın nə qədər çox qapalı geyinsə, o qədər də cazibədar görünər.

    - Bəs Azərbaycan reallığı necədir, qadınlarımız hər ilin dəbi ilə ayaqlaşa bilirlər?

    - O qədər zövqsüzlər var ki, onları görəndə şoka düşürəm. Bəzən elə zövqsüz xanımlar mənə imicini dəyişmək üçün müraciət edirlər ki, təəccüblənirəm. İndiki zəmanədə bu qədər geridə qalmaq mümkün deyil axı. Çünki hansı kanalı açsan, göz önündə olan müğənniləri göstərirlər. Natəvan Həbibi, Röya, Ruhi, Nura, Aygün Kazımova həmişə dəblə və çox gözəl geyinirlər. Yəni Azərbaycan qadınları bu dərəcədə geridə qalıblar? Hər yerdə moda jurnalları satılır, “fashion” kanalları var, stilistlər bu ilin dəbindən çıxışlar edir. Amma yenə də elə xanımlar var ki, bu zəmanənin adamı olduğuna inanmaq mümkün deyil.

    - Şou-biznes sahəsində necə, zövqsüz müğənnilər üstünlük təşkil edir, yoxsa zövqlü?

    - Bilirsiniz, bizdə belə bir nüans var. Populyar müğənninin elə tək adı bəs edir. Dəbdə olmayan bir paltar geyinsə də, artıq o dəbə çevrilir. Məsələn, Aygün xanım dəbdə olmayan bir paltar geyinə bilər. Amma o paltar əynində elə gözəl görünür ki, baxan düşünür, yəqin bu dəbdir. Aygün Kazımova nə etsə, hətta adi bir parçadan paltar geyinsə də, ona yaraşacaq. Çünki çox şarmlı xanımdır və özünü artıq təsdiqləyib. Natəvan Həbibini, Röyanı bəyənirəm, özünəməxsus imiclə fərqlənirlər. Nura Suri üç uşağı olmasına rəğmən bədən quruluşunu qoruyub saxlayıb. Son zamanlar Nazpəri xanımın da imicindən xoşum gəlir. Əvvəl milli koloritli Azərbaycan xanımı görkəmində idi. Qara qaşlı-gözlü, uzun geyimli. Amma hazırda Nazpəri xanım şalvara keçib, saçının rəngini, düzümünü, makiyajını dəyişib. Mən bunu alqışlayıram.

    - Xarici qadınlar o qədər sadə və təbii makiyaj edirlər ki, sanki üzlərinə heç nə çəkməyiblər. Bizdə isə tam əksinədir. Ümumiyyətlə, Azərbaycan qadınlarını əcnəbi qadınlardan fərqləndirən xüsusiyyətlər hansılardır?

    - Xarici filmlərdə, seriallarda qadınlara baxanda çoxları elə bilir ki, makiyaj çəkməyiblər. Amma əslində orda təbii makiyajla yanaşı, çox gözəl işıqlandırma, montaj, fotoshoplar da var. Türk kanallarında da eynini görürük – qadını elə makiyaj edirlər ki, bütün incəlikləri üzə çıxır. Xaricilər təbii makiyajı sevirlərsə, bizdə belə deyil. Bizimkilər seriallara çəkilsə, gözlərini qapqara qaraldacaq, dodaqlarına da qıpqırmızı boya çəkəcəklər. Düzdür, xanıma makiyaj lazımdır, amma miqdarında.

    - Bizdə belə makiyaj növünü bacaran vizajistlər var?

    - Mən o cür makiyaj etməyi bacarıram, yəni üzdə makiyaj həm var, həm də yoxdur. Müraciət edənlər də çoxdur. Mən o cür makiyajı öz üzərimə götürə bilərəm. Amma klip çəkilişlərini, fotoshopları, fotoqrafların işini öhdəmə götürə bilmərəm axı. Onların da çox böyük önəmi var. Tək makiyajla iş bitmir. Mənim türk, xarici kanalların diktorlarından da çox xoşum gəlir. Özlərinə çox yaxşı baxırlar. Bizim diktorlar isə düşünür ki, əgər xəbər təqdim edirlərsə, saçlarını yığıb, üzlərinə heç bir kosmetika çəkmədən ciddi şəkildə efirə çıxmalıdırlar. Diktorun da öz gözəlliyi olmalıdır ki, xəbərlərə qulaq asanları efir qarşısına cəlb edə bilsin. Yoxsa kanalı dəyişərək deməsinlər, “bu qızı görəndə əsəbiləşirəm”. Diktorlarımızın əksəriyyətinin geyimini, imicini bəyənmirəm. Bir neçəsini bəyənirəm. Məsələn, ATV-də Elnurə və Samirəni, ANS-də isə Kəmaləni bəyənirəm. Yəni, barmaqla sayılası qədərdir. İstərdim ki, yalnız müğənnilər yox, diktorlar da özlərinə baxsınlar.

    - Aktrisalarımızdan hansının görünüşünü bəyənirsiniz?

    - Heç birinin makiyajını bəyənmirəm. Aktrisalarımız elə vulqar makiyaj edirlər ki.

    - Yəni, bu qədər aktrisadan heç birini də bəyənmirsiniz?

    - Olsa da ancaq 5-6 nəfərdir. Amma əksəriyyətini bəyənmirəm.

    - Bəs sizə müraciət edən müştəriləriniz daha çox necə görünməyi istəyirlər?

    - Hər bir gəlin toy günü çox həyəcanlı olur. Özüm də bu hissi keçirdiyim üçün onları yaxşı başa düşürəm. Onlar düşünürlər ki, toy günü heç kimin onları tanımayacağı qədər çox dəyişməlidirlər. Burunlarını balacalatmaq istəyirlər, arıqdırlarsa, kök görünmək istəyirlər. Amma bir şeyi başa düşmürlər ki, stilist, vizajistlər plastik əməliyyat etmirlər. Mən korreksiya edərək burunu balacalaşdıra bilərəm, dodaqları bir az böyüdə bilərəm. Ancaq üzdə olan qüsuru yüzdə yüz dəyişə bilmərəm. 70 faiz kömək edə bilərəm. Qalanı Allah verəndir.

    - Ümumiyyətlə görünüşünə görə, hər qadına necə makiyaj etməyi məsləhət görərsiniz?

    - Kök xanımlar makiyajdan çox istifadə etməsinlər. Onlar onsuz da gözəgəlimli olurlar deyə sadə makiyaja üstünlük versinlər. Ənliyi almacıq sümüyünün üzərinə çəkməsinlər. Həm də açıq rənglərə yox, qəhvəyi tonlara üstünlük versinlər ki, arıq görünsünlər. Gözləri kiçik xanımlar qara qələmdən mütləq istifadə etsinlər. Qaşla gözün arasında məsafə nə qədər böyük olarsa, makiyajdan bir o qədər də çox istifadənin effekti olar. Bir də ki, son zamanlar xanımlar dodaqlarını böyütmək istəyirlər. Mən ümumiyyətlə, slikonun əleyhinəyəm, çox pis görünür. Elə xanım var, dodaqları üz cizgilərinə çox yaraşır, amma narazıdır. Bir həftədən sonra görürəm ki, dodaqlarını şişirdib. Sonradan özü də depressiyaya düşür, çünki o cür dodaqlardan heç vaxt xilas ola bilmir. Göz önündə olan müğənnilər arasında da dodaqlarını slikon edəndən sonra peşman olanlar var. Əgər həqiqətən də böyük ehtiyac varsa, slikon etmək olar, amma həddində. Qadınlar Ancelina Coliyə baxıb onun dodaqları kimi dodağa sahib olmaq istəyirlər. Bilmirlər ki, bu, onun təbii dodaqlarıdır. Düşünürlər ki, yekə dodaqla cazibədar olacaqlar, əslində isə eybəcər görünürlər. Slikonla təbii dodaq bir-birindən çox seçilir. Təbii dodaqda qırışlar olur, slikonda isə yox. Həm də slikonla müxtəlif problemlərlə üzləşirlər. İsti çay içə, yemək yeyə bilmirlər, səhər yuxudan duranda görürlər ki, gel yığıldığından dodağın bir tərəfi şişib.

    - Bəs bu gün olduqca çox istifadə edilən tatuaja münasibətiniz necədir?

    - Mən tatuajın çox əleyhinəyəm. Əgər qadının həqiqətən də qaşı tökülübsə, tatuaj etmək olar. O da qara yox, açıq qəhvəyi rəngdə. Həm də tatuaj elə təbii çəkilməlidir ki, əsl qaşa oxşasın. Amma indi qapqara rəngdə edirlər, qaşları o qədər yuxarı dartdırırlar ki, əsl həyasızlara oxşayırlar. Mən özüm də tatuaj edirəm. Ancaq ehtiyacı olanlara və məsləhətimə qulaq asmayıb inad göstərənlərə.

    - Yanınıza gələn müştəriləri daha çox hansı təbəqənin adamlarıdır? Heç kaprizləri ilə sizi bezdirənlər olur?

    - Yanıma gələn xanımların çoxu elit xanımlardır. Orta səviyyədə olanlar da var. Hamilə vaxtı bir gəlin məni çox əsəbiləşdirmişdi. Birinci dəfə idi belə bir hadisə baş vermişdi. Toydan qabaq hardasa 12-13 dəfə gəldi yanıma ki, saçım, makiyajım necə olacaq. Qız toyunda birtəhər bəzədim getdi. Oğlan toyunda başıma oyun açdı. Əvvəl dedi çəhrayı makiyaj istəyirəm. Sonra sildirib gözünə yaşıl göz kölgəsi, ardınca qara ton etdirdi. O qədər hövsələdən çıxardı məni. Axırda birini bəyənib gedib oturdu kənarda. Otaqda yer olmadığına görə xahiş etdim ki, çöldə divanda otursun. Orda da telefonla gah atasının, gah da nişanlısının üstünə qışqırırdı, aqressiyasını, mənfi enerjisini ətrafa səpirdi. Axırı əsəbiləşib üstünə qışqırdım. Mübahisə etməyə başladıq. Dözə bilməyib otağa keçib ağladım ki, bir az rahatlayım. Hələ bu azmış kimi gedəndə dedi ki, gəlib söhbətin axırına çıxacağam. Ondan sonra o qızı görməmişəm. Allahdan ona xoşbəxtlik diləyirəm. Cürbəcür insanlarla qarşılaşıram. Amma çalışıram, heç kimlə intriqaya getməyim.

    - İş təcrübənizdə sizinlə intriqa aparmaq istəyən müştəriniz olub?

    - Bu yaxınlarda biri gəlmişdi yanıma. Heç nədən mənimlə dalaşmaq istəyirdi. Mənə söz atmağa başladı. Amma cürət etmədi, heç imkan da vermədim. Mən kiminləsə intriqa aparacaq qədər səviyyəsiz deyiləm.

    - Həmkarlarınızla münasibətiniz necədir?

    - Çox gözəl. Hamısının xətrini istəyirəm. Bizdə stilist o qədər çoxdur ki, onlardan yalnız 5 nəfəri əsl stilist sayıram. Ruxa, qısa saç Anar, uzun saç Anar, Samir, Balaş. Hər stilistin də özünəməxsus tərzi var.

    - Bizdə ümumiyyətlə stilist, vizajist məktəbi var?

    - Xeyr, yoxdur. Mənə elə gəlir ki, bu, insanın daxilindən gəlməlidir. Yanıma elə “uçeniklər” gəlir ki, bir il də öyrətsəm, makiyajı bacarmayacaqlar. Çünki daxilində o istək yoxdur, özünü məcbur edir. Bu iş insanın içindən gəlməlidir. Məktəb xaricdə var. Mən 10 gün Misirdə oldum, bir vizajistin əlinə baxdım. Deyim ki, əgər mən tamamilə heç nə bilmədən ora getsəydim, heç nə başa düşməzdim, heç yadımda da qalmazdı. Onlar makiyajdan olduqca çox istifadə edirlər. Biz tonal kremi əllə çəkiriksə, onlar üz taxtası ilə “şpaklyovka” kimi yayırlar. Çox bərli - bəzəkli, şit makiyaj üsulları var.


    - Məgər Azərbaycan qadınları arasında şit makiyaj edənlər, bərbəzəkdən çox istifadə edən yoxdur?


    - Düzdür, var. Ümumiyyətlə, Şərq xanımları bərbəzəyi çox sevir. Amma miqdarında etmək lazımdır. Mənə də o cür makiyaj üçün müraciət edənlər olur. Məsələn, yayda bir gəlin məndən kirpiyinə, gözünün üstünə, üzünə zər vurmağımı istədi. Saçına da başqa yerdə zər artıq vurdurmuşdu. Özü də deyim ki, çox imkanlı xanım idi. Nə qədər başa salmağa çalışsam da, sözümü eşitmədi. Dedi, “sənin nəyinə lazımdır, makiyajımı mən deyən kimi elə, mən belə görünmək istəyirəm”. Çıxanda ondan xahiş etdim ki, makiyajı mənim etdiyimi heç yerdə deməsin. Mən xanımı, gəlini vulqar makiyaj etməyin əleyhinəyəm. Xoşlayıram, gəlinin incəliyi, bakirəliyi üzündə qalsın. Xanımlara onu da demək istəyərdim ki, həmişə özlərinə baxsınlar. Baxımlı olsunlar. Vulqar makiyaj etməsinlər. Daha çox qapalı geyimlərə üstünlük versinlər. Zərifliklərin, incəliklərini, öz saflıqlarını heç vaxt itirməsinlər. Həmişə gözəl qalsınlar.

    Xəyalə Muradlı

     

     

    Leyl-i Lal - 13.02.2010 - 01:32
  2. men nerminin makajin beyenirem

     

     

    sohret - 04.10.2010 - 20:40



Benzer Konular

  1. Afaq Gəncəli - Bizi təhdid edirlər
    Konuyu Açan: BiR-DOST, Forum: Show Biznes.
    Cevaplar: 0
    Son Mesaj : 22.11.2013, 00:17
  2. Ermənilər atəşkəsi pozmaqda davam edirlər
    Konuyu Açan: Sarsın, Forum: Azərbaycanca xəbərlər.
    Cevaplar: 0
    Son Mesaj : 14.07.2012, 17:55
  3. Dodaq baxımı necə edirlər?
    Konuyu Açan: Sarsın, Forum: Qadınlar üçün.
    Cevaplar: 0
    Son Mesaj : 25.01.2012, 19:31
  4. Azərbaycanın məşhur vizajisti hicab taxdı - Nərmin İbrahimova
    Konuyu Açan: Züleyha Günel, Forum: Show Biznes.
    Cevaplar: 1
    Son Mesaj : 12.11.2011, 01:42
  5. Nərmin Kamalın yeni kitabı işıq üzü görüb
    Konuyu Açan: Lady_rap, Forum: Azərbaycan Ədəbiyyatı və İncəsənət.
    Cevaplar: 0
    Son Mesaj : 23.08.2010, 16:16

copyright

Soru Cevap