Körpələrin yuxusu(2-ci hissə)

  1. Körpələrin çoxu həyatının ilk illərində gecələr yaxşı yatmır, ara-sıra oyanır, ağlayır və ünsiyyət istəyir.
    Körpəni sakitləşdirmək üçün valideynləri onu ələ alır və bəzən öz yanlarında yatızdırır.



    Gecə oyanmağa adət etmiş körpələr hətta bir çox hallarda 15 yaşıdadək bu adətini tərk edə bilmir və gecələr oyandıqdan sonra ata-anasının yatağına gəlir və onlarla bir yerdə yatır. Bu adət valideynlərin rahatsızlığı ilə yanaşı uşağın da şəxsiyyətinin formalaşmasında xoşa gəlməz təsir buraxır. Bu məsələ bir çox ailələrdə ciddi problemə çevrilir.

    Bu problemlərlə rastlaşmamaq üçün, körpələri təxminən beş aylığından sərbəst yuxuya getməyə və tək yatmağa öyrətmək lazımdır. Bunun üçün ilk öncə gecələr körpələrin tez-tez oyanmasının və yaxşı yatmamağının nədənlərini öyrənmək gərəkdir.

    Körpə uşaqlar gecələr yuxudan niyə oyanır ?

    Bu sualın cavabı çox sadədir, onlar gecə yuxudan oyanmağı sadəcə kəşf edib və bu kəşf onların doğal istəyindən irəli gələn amildir, belə ki, bütün körpələrin anadan olandan sonra xarici mühitə öyrəşməsi müəyyən vaxt istəyir. Körpənin xarici mühitə öyrəşməsi əslində onun valideynlərinə, özəlliklə anasına isinişməsi ilə başlayır. ( Ağız südü yazısında bu haqda yazmışdım). Bütün varlığı ilə anaya bağlı olan körpəni tək yatmağa öyrətmək birdən-birə baş vermir bu tədricən olmalıdır.

    Körpə anadan olarkən onu xarici mühitə öyrətmək üçün özümüzə alışdırırıq. Lakin , elə ilk günlərdən körpənin ana ilə və ananın qucağında yatmaq ehtiyacına baxmayaraq, ana yuxuya gedərkən çağanı qoynunda saxlamamalıdır. Burada ana nə qədər ayıq yatmağa cəhd etsə də, yuxuya getdikdən sonra hələ özünü müdafiə etməyi bacarmayan körpəni yuxu havasına boğmaq ehtimalı var.

    Mən Güney Azərbaycanın Ərdəbil və Əhər bölgələrində belə halların baş verdiyinin şahidi olmuşam . 1950-ci illərdə uç belə hadisənin şahidi olmuşam. Bəzi xarici, özəlliklə Avropa ədəbiyyatında ananın ilk aylarda körpə ilə yatması təbliğ olunur və bunun heç bir problem olmadığı vurğulanır. Ona görə özəl olaraq qeyd etmək istərdim ki, bu fikirləri kənd də, tarlada və başqa yerlərdə ağır fiziki işlə məşğul olan yorğun Azərbaycan analarına aid etmək olmaz. Bunun üçün kimin nə qədər işləməsini və hansı dərəcədə yorğun olduğunu, eyni zamanda, necə ayıq yatıb-yatmadığını ölçmək mümkün olmadığına görə, anaların yatarkən körpəni qoynuna almamağı bir qayda kimi tətbiq olunmalıdır.

    Həyatının ilk aylarının valideynlərin özəlliklə intensiv qida vaxtından asılı olaraq, süd əmərkən ananın qucağında keçirən körpə, təxminən beş aylığından etibarən artıq gecələr özü yatmağı məşq etməli və buna öyrənməlidir.
    Uşaq gecələr tək və sərbəst yatmağa öyrənməzsə, dərin yuxuya getmədən ara-sıra oyanıb ağlayacaq və kontakt istəyəcək. Nəticədə, valideynləri oyadaraq gecə yuxusunu onlara da haram edəcək. Valideynlər dərin yuxuya getmədən tez-tez oyanıb uşağın qulluğunda dayanacaqlar.

    Uzun müddət dərin yuxuya həsrət qalan valideynlər özləri də bilmədən xroniki yorğunluq keçirəcək. Nəzərə alsaq ki, çağdaş və modern toplumun insanlardan tələbləri xeyli artmışdır, yəni hər kəs işləməli, ictimai kontaktda olmalı, toplumda məsuliyyət qəbul etməlidir. Bütün bunlar insanlardan sosial münasibətdə gülər üz və kifayət qədər aktiv olmağı tələb edir. Gecə yuxusuzluğu və yaxud dərin yuxuya getmədən gecəni səhər etmək valideynlərin həyat tərzinə, iş qabiliyyətinə və sosial münasibətlərinə mənfi təsir etməklə yanaşı körpə ilə münasibətdə də, özünü göstərəcək. Körpə bunu valideynlərin ona yanaşma tərzindən, üzlərinin cizgisindən, səs tonlarından və başqa davranış tərzindən duyacaq. Körpə istər istəməz duyacaq ki, valideynləri “ özləri “ kimi çıxış etmir, burda bir qeyri adilik var və bu körpənin uşağın yeni başlanmış həyatında ciddi sarsıntıya nədən olub onun inkişafında ciddi mənfi iz buraxa bilər. Bütün bunlar baş verməsin deyə körpənin doğal istəyindən dolayı olsa da, onun tək və sərbəst yatmağa öyrənməsi lazımdır.

    Bütün araşdırmalar göstərir ki, uşaq tək yatmağa tez öyrənir və bu iş uşağın həyatına və sağlamlığına heç bir təhlükə yaratmır və zərərli deyil. Uşağın gecələr vaxtsız-vədəsiz və ara-sıra oyanması valideynlərdən əlavə onun öz sağlamlığına da ziyanlıdır. Hər şeydən əvvəl bütün gecəni alsız-qalsız tək və sərbəst yatmağa öyrənən uşağın özünə inamı artır və həyatda özgür yaşamağı məşq edir. Bu uşaqlar utancaq olmur və fikirlərini sərbəst etmək qabiliyyətinə malik olurlar. Tək yatmağa öyrənmiş uşaqların dərin yuxuda müddəti çox olur.

    Uşağın hərtərəfli inkişafında və özəlliklə boyunun artmasında əsas rol oynayan boy artımı hormonu yalnız, körpə dərin yuxuya getdikdə ifraz olunur, körpənin dərin yuxuya getməsi bu hormonun ifrazı üçün də önəmlidir. Bunlardan başqa gecəni oyanmadan rahat yatmış uşaq səhər yuxudan qalxarkən şad, kefi saz, hövsələli, gümrah və aktiv olur. Belə uşaqların iştahası yaxşı olur və yeməklərini müqavimətsiz yeyirlər.

    Qeyd edim ki, körpənin gecələr oyanması valideynlərin və yaxud körpənin təqsiri deyildir. Bu hər şeydən əvvəl kültürəl bir problemdir.

    Bu problemin aradan qaldırması üçün nə etmək lazımdır ?

    Bu mövzuya keçmədən öncə bir neçə kəlmə yuxu haqda yazmaq istərdim.
    İnsan yatarkən yuxunun ağırlıq dərəcəsi, yatma müddətindən asılı olaraq dəyişir. Dərin yuxuya getmiş insanın orqanizmi tamamilə yuxuya təslim olur və dincəlir. Orqanizmin fəaliyyəti bütün sahələrdə dayanır və hissi duyğu orqanları bütünlüklə qapanmış vəziyyət alır. Səthi və yaxud yüngül yuxu ərəfəsində isə orqanizmin bütün orqanları dincəlsə də, sinir sistemi aktiv olur. Sinir sisteminin aktivliyinin nəticəsindədir ki, misal üçün insan yuxu görür. Buna görə də, dərin yuxuya getmiş insan, yüngül yuxuda olan insandan daha gec ayılır. Yaşlı insanlarda dərin və yüngül yuxu fazaları təxminən 90 dəqiqə çəkir. Bu müddət körpələrdə və azyaşlılarda 1 saata qədərdir.

    Orqanizmin oyadıcı zəngi

    Toplum halında yaşayan bütün məməlilərdə olduğu kimi insanların da, dərin və yüngül yuxu anlayışı var. Bu anlam, növlərin o sıradan, insanların həyatında böyük qoruyucu, hətta irqlərin həyatının davamında ciddi rola malikdir. Qeyd edim ki, insanların xarakterindən asılı olaraq, müxtəlif insanlar müxtəlif durumlarda ayıq yatır. Yalnız, bu qoruyucu faktorun fəaliyyətinin nəticəsində, şəraitdən asılı olaraq ailə üzvlərindən, bəziləri ailəyə qarşı hər hansı təhlükə hiss etdikdə, bütün gecəni yüngül yuxu ilə keçirir və yaxud ayıq yatır.

    Şəraitdən asılı olaraq ayıq yatan insanlar yuxulu olarkən duyğu orqanları vasitəsi ilə hər hansı təhlükə ehtimalı olan qoxu, səs və başqa siqnalları qeydə alarsa orqanizmin “ oyadıcı zəngi “ çalır və bütün ailə üzvlərini ehtimal olunan təhlükədən xəbərdar edir və insanların dərin yuxuya getməsinə mane olur. Qeyd etmək lazımdır ki, oyadıcı zəngin çalması həmişə xətər əlaməti ola bilməz. Bu zəng, duyğu orqanlarının hər hansı dəyişikliyi və qeyri adi halları qeydə aldığı zaman aktivləşir. Misal üçün, sakit şəraitdə yuxuya getmiş adam, ətrafında eşidilən səsdən oyana bilər. Bunun əksinə olaraq, gecə qatarı ilə yol gedən müsafir qatar dayandıqdan sonra, baş verən sakitlikdən oyanacaqdır.

    Körpə uşaq yuxuya gedərkən valideynlərinin nəvazişini, qoxusunu hiss etsə, anasının döşündə olsa, hər hansı səs və yaxud yatağının yırğalanmasını duysa yuxuya getdikdən sonra bu saydıqlarım onunla olmazsa, ilk yüngül yuxu fazasında oyana bilər. Lakin, əgər uşaq təkbaşına öz yerində yuxuya getməyə adət etmişsə, misal üçün, yanında yatırdığı bir oyuncaqla, yatandan sonra duyğu üzvləri heç bir yenilik qeydə almadığı üçün bütün gecəni eyni vəziyyətdə sakit yatacaq.

    Dərin yuxuya getmiş adamın şirin yuxusu qıssa müddətli ayılmalarla da, müşayiət oluna bilər. Bu, yuxuya getmiş adamın üzün müddət bir tərəfi üstündə yatması ilə bağlıdır. Adam yüngülvarı oyanır yuxulu ikən yeni vəziyyət alır, balışını düzəldir və bir neçə saniyə ərzində yenidən yatır. Adamlar səhər yuxudan qalxarkən belə oyanma hallarını xatırlamır. Belə oyanma halları körpələrdə də olur. Tək və özbaşına yuxuya getməyə öyrənməmiş körpələr gecələr daha tez-tez oyanır. Əyər körpə tək və öz xoşuna deyil başqalarının yardımı ilə yuxuya getmişsə, bu məqamda da yuxuya getmək üçün yardım istəyəcək. Bütün bunların qarşısını almaq üçün və bütün gecəni həm özlərinin həmdə uşaqlarının rahat və sakit yatmasını istəyən valideynlər, uşaqlarına tək və özbaşına yuxuya getməyi öyrətməlidirlər.

    Uşağa təkbaşına yuxuya getməyi necə öyrədək ?

    Körpəni özü və tək yatmağa öyrətmənin ən yaxşı və düz yolu, təxminən beş aylığından ona təkbaşına yuxuya getməyi öyrətməkdir. Körpəni tək başına yatmağa öyrədərkən, onu oyaq halda öz yerinə qoyub və körpənin etirazlarına baxmayaraq ondan uzaqlaşmaq lazımdır. Körpənin otağından çıxarkən qapını tam örtməyin. Uşaq yuxuya gedənə qədər eyni müddətli fasilələrlə ona baş çəkin. Təcrübə göstərir ki, bütün uşaqlar təxminən bir həftəyə tək yatmağa və öz başına yuxuya getməyə öyrəşir. İlk günlərdə etiraz müddəti nisbətən uzun olsa da, getdikcə azalır bir həftədən sonra tək yatmağa öyrənən uşaq daha etiraz etmədən yuxuya gedir. Bu proses gecələr həyata keçirilsə daha yaxşıdır.

    Vurğulamaq istərdim ki, bu yazıda qeyd olunacaq metodlar azyaşlılar və öz yataq taxtından dırmaşıb çıxa bilməyən uşaqlar üçün nəzərdə tutulub. Uşağı təkbaşına yuxuya getməyə öyrətmək asan olsa da, özünə görə çətinlikləri də var.

    Çətinliklər nədən ibarətdir ?

    Demək olar bütün uşaqlar ilk gecələrdə tək yatmağa etiraz edir. Belə etirazlar normal qarşılanmalıdır. Körpə uşaq üçün yuxuya getmək anasının qucağında xumarlanmaq, atasının qoxusunu duymaq və yaxud yırğalanan yataqda uzanmaqdır. Bu uşaqdan, uşağa fərqlənsə də, demək olar ki, bütün uşaqlar tək deyil, kiminsə köməyi ilə yuxuya getmək istəyir. Belə adətlərə yiyələnmiş körpəni təkbaşına yatızdırmağa cəhd edərkən əlbəttə ağlayacaq. Uşaq bu təkliyin mənasını anlamır və bilmir ki, o təkdə yuxuya gedə bilər. Körpənin tez yuxuya getməsi və etiraz müddətinin azalması üçün, onun yorğun olması vacib şərtdir.

    Bəzi uşaqlar əvvəldən tək yatmağa və təkbaşına yuxuya getməyə üstünlük verdiyindən, valideynlərin köməyinə ehtiyac duymur. Onları tək yatmağa öyrətməyə ehtiyac duyulmur, onlar özləri bu yolu seçir.

    Bəzi uşaqlar isə yatağında tək buraxıldıqda ciddi və kəskin etirazda bulunur. Belə etiraz halları uşağın yorğun çağlarında daha kəskin olur. Bu özəllik iradəli və inadkar uşaqlara məxsusdur. Bu uşaqların etiraz müddəti daha uzun olur. Qeyd edim ki, bu xarakter uşaqlarda mənfi xüsusiyyət deyildir.

    Valideynlik duyğusu

    Uşağı təkbaşına yatmağa öyrədərkən ən çətin iş valideynlik duyğusuna qalib gəlməkdir. Belə ki, valideynlərin sevimli körpəsi ağlayarkən, ata-ananın onu kənardan dinləməsi və ağlamasının, qışqırmasının şahidi olması asan deyil. Valideynlər istər-istəməz körpəni ovundurmaq, sakitləşdirmək və qucağına almaq istəyəcək. Ata-ana qayğısını duyan uşaq sakitləşib yuxuya gedəcək. Ata-ana bununla sadəcə öz övladına münasibətdə doğal və instinkt hissələrini ifadə edərək, eyni zamanda diqqətli və yaxşı valideyn olduğunu sərgiləndirmiş olur. Valideynlərin bu hərəkəti uşağın gecə yuxusundan tez-tez ayılmasına və hər dəfə yenidən yuxuya getmək üçün valideynləri köməyə çağırması ilə nəticələnir.

    Qeyd edim ki, bu valideyn və uşaq tərəfindən yol verilən hər hansı bir səhv hərəkət deyil, sadəcə instinkt və doğal duyğuların ifadəsi nəticəsində ortaya çıxan bir işdir. Bu o deməkdir ki, bizim ehtiyacımız və duyğularımız heç də həmişə mədəniyyətimiz və yeni həyat tərzimizlə üst-üstə düşmür. İnstinkt duyğular anadangəlmə olduğu üçün dəyişməz qalır və çağdaş toplumun modern həyatı və ehtiyacı ilə ayaqlaşa bilmir. Valideynlik duyğusuna təslim olaraq, uşağın ağlamasına dözməyənlər, yalnız bu məqamda, yəni körpələrini tək yuxuya getməyi öyrədəndə səhvə yuvarlanmış olurlar. Tərəfimizdən yol verilən bu səhvi pərvanənin şamın başına fırlanmasına bəzətmək olar, belə ki, işığa sevgi bəsləyən və ona doğru can atan pərvanə də əslində səhv edir və yandırıcı odla, alovla qarşılaşır.

    Nigarançılıq, rahatsızlıq və dözümsüzlük

    Uşağın tərbiyəsində elmi anlayışlardan xəbərsiz olan və bir çox hallarda onu qavramayan və hətta qəbul etmək istəməyən anaların öz istəklərinə və ömrü boyu adət etdikləri adət-ənənələrinə və analıq instinkt duyğularına qarşı çıxmaqları çətindir. Modern toplumun istəklərinə uyğun müstəqil şəxsiyyətli uşaq tərbiyə etmək vacib olduğu qədər, valideynlərdən güzəşt və fədakarlıq tələb edir.

    Uşağın tərbiyəsinə aid elmin tələblərini həyata keçirərkən, istər istəməz valideynlərdə tutduqları işin düz olub-olmadığı haqda şübhə yaranır. “Biz düz yoldayıq mi ? “ deyərək onlar özlərinə sual da verə bilər. Uşağın uzun müddətli ağlaması onun sağlamlığına ziyan vurmur ki, belə düşüncələr istər istər-istəməz övladlarının ağlamaq səsin eşidən ata -ananı rahatsız etməyə bilməz. Bütün bu şübhəli fikirlərin bir cavabı var, yox heç nə olmaz və körpə gecəni yatıb səhər etdikdən sonra gecə ağladığını unudacaq. Uşağın gecə ağlamasına baxmayaraq, fikir versəniz belə uşaqlar gündüzlər əvvəlkindən daha gümrah olur. Vaxt keçdikcə və uşaq tək yuxuya getməyə adət etdikdən sonra o daha aktiv və gümrah görünəcək.

    Ayrılıq duyğusu

    Təxminən 7-9 aylıq uşaqlar valideynlərini görmədikdə və yaxud valideynləri göz önündən uzaqlaşanda ciddi nigarançılıq hissi keçirir. Onlar bu zaman valideynlərindən nə dərəcədə asılı olduqlarını kəşf edir. Bu yaşda körpələr hələ anlamır ki, valideynləri göz önündə olmasa da, vardılar və birdəfəlik yoxa çıxmamışlar. Buna görə də, bu yaşda körpələr gecə yuxudan oyanan kimi ağlayır və valideynlərin istəyir. Bu yaşda uşaqları gecə təkbaşına yuxuya getməyə öyrətmək daha çətindir.

    Bu yaşda uşaqlar gündüzlərdə tək qalanda nigarançılıq hissi keçirir. Onları tək buraxmadan öncə, onlarla giziln-palanc oynamaq lazımdır. Onları qısa müddət tək buraxıb, yenidən qayıdaraq başa salmaq lazımdır ki, biz sənin yanında olmasaq da, varıq və sənin fikrindəyik.

    Uşağı otaqda tək qoyub çıxdıqdan sonra, uşağın ağlamaq səsini eşidən kimi təcili geri qayıtmaq lazım deyil. Geri qayıtmazdan öncə, hələ uşağın gözünə görünmədən səslənmək lazımdır ki, uşaq başa düşsün ki, mən onu görməsəm də o var. Bir neçə həftə belə məşq etdikdən sonra arxayınlaşmaq olar ki, gecələr körpəni tək buraxanda o artıq qorxusundan deyil, sadəcə hirsindən ağlayır.
    Gündüzlər körpə ilə kifayət qədər kontaktda olan valideynlər, gecələr onun hirslənməsindən və ağlamasından nigaran olmamalıdır.

    Sakitləşdir

    Körpənin ağlamağı davam edərsə valideynlər onu sakitləşdirməyə çalışmalıdır. Bu işdə körpəyə yardımçı olmağın ilk şərti, valideynlərin özlərindən arxayın olmasıdır. Valideynlər gərək inansın və arxayın olsun ki, körpə tək yuxuya getməyi öyrənir və buna adət edir. Əgər valideynlər buna qətiyyətlə inanmasa və bu işə şübhəli yanaşsa, körpə onların yarı könül olduğun duyacaq və bu körpənin nigarançılığın artıracaq. Valideynlər qəti inanmalıdırlar ki, bütün uşaqlar tək yuxuya getməyə adət etməyə qadirdir və bu uşağın sağlamlığı üçün lazımdır.

    Nəzərə alsaq ki, tək deyil ata- ananın yardımı ilə yuxuya gedən uşaqlar gecələr dəfələrlə oyanır və valideynlərini də oyadır, nəticədə uşaq gecəni yaxşı yatmayan valideynlərin üzündəki yorğunluq cizgilərin görür və bu ona çox mənfi təsir bağışlayır.

    İsrarlı ol
    Uşağa yardım etmək lazımdır ki, ağlamağa son qoysun. Bunun üçün, hər şeydən öncə yazdığım qaydalara əməl etmək lazımdır və uşaq ağlayan kimi onu ələ almağa cəhd etməyə ehtiyac yoxdur. Valideynlər bu işdə israrlı olduğunu sübut etməlidir və körpəni başa salmalıdırlar ki, onun ağlamağı onların mövqeni dəyişməyəcək. Bu haqda körpə ilə danışarkən ciddi və israrlı danışmaq lazımdır. Uşaq valideynlərin mövqeyində zəiflik hiss edərsə daha şiddətli ağlayacaq. Bu ,yalnız söz anlayan körpələr üçün deyil, söz anlamasa da danışıq tonundan mövqeləri duyan körpələrə də aiddir.

    Gecə yuxusuna hazırlıq

    Gecələr körpəni yatızdırmaq üçün hər gün eyni işləri təkrar etmək lazımdır. Yəni, hər gecə körpəni eyni qayda da yatmağa hazırlaşdırmaq lazımdır ki, körpə görülən işlərin və aparılan tədarükatın növündən özünü yatmağa hazırlasın.

    Hər gecə körpəni çimizdirmək, dişlərin yumaq gərəkdir. Arxayın, hövsələli və qayğıkeş bir davranışla uşaqla məşğul olmaq lazımdır. Onunla danışmaq, mahnı oxumaq, şəkillərə baxmaq, nağıllar dinləmək faydalı olar. Bu işlər körpə üçün yatmağa bir işarətdir. O başa düşür ki, valideynlər bu işlərlə onu yatmağa hazırlayır və ən vacibi budur ki, o valideynlərin bu işə qayğı ilə yanaşdığını duymalıdır. Valideynlər isə öz növbəsində arxayın və qayğıkeş davranışları ilə körpəyə anlatmalıdırlar ki, onlar gecə onun tək yatmasından arxayındırlar və burda qorxulu heç bir şey yoxdur.

    Oyuncaq

    Uşaqlar gecə yatarkən yumşaq bir oyuncaqla da yata bilərlər. ( Diqqətli olmaq lazımdır ki, uşaqların istifadə etdiyi oyuncaqların qopan kiçik hissəcikləri olmasın. Körpə belə hissəcikləri uda bilər ). Oyuncaqla birgə yatan körpə oyanarkən onu yanında tapır və bu ona bir arxayınçılıq gətirir. Əyər körpə bir yaşına qədər yatarkən oyuncaqdan istifadə etməmişsə, bir yaşından sonra onu oyuncaqla yatmağa öyrətməyə həm ehtiyac qalmır, həmdə çətin olur. Bəzi körpələr baş altılarından və yorğanlarından yardımçı və yaxud oyuncağı əvəz edən bir şey kimi istifadə edirlər.

    Əmzik uşağa gecə yoldaşı ola bilməz

    Əmzik kiçik olduğu üçün, əmziklə yatan körpə gecə yuxudan oyandıqda onu axtarsa da, tapa bilməyəcək və ağlayıb valideynlərini köməyə çağıracaq. Təbii ki, əmziksiz yatmağa öyrənmiş körpə gecə oyansa da, əmzik axtarmayacaq. Lakin, əmziklən yatmış körpə yuxuya getdikdən sonra onu ağzından salacaq və növbəti yüngül yuxu fazasında nəyinsə çatışmadığını duyaraq oyanış siqnalı aktivləşəcək və körpənin dərin yuxuya getməsinə mane olacaq. Nəhayət, o oyanıb əmziyi axtaracaq. Bununla da körpənin gecə yuxusu pozulacaq. Əmziyi tapıb ona vermək olar lakin, bu iş məsələnin həlli yolu deyil, çünki bu iş bütün gecəni təkrarlana bilər. Buna dözmək həm körpə, həm də valideynlər üçün çox çətindir. Əmziyi yenidən ona qaytarmaq istəməsək o, uzun müddət ağlaya bilər, lap elə tək yatmağa öyrətdiyimiz günlər kimi. Belə çətinliklərin qarşısını almaq üçün körpəni əmziksiz yatmağa öyrətmək lazımdır.

    İlk gecə

    Uşağı özü yatmağa öyrətməyə başlayarkən ilk gecədən görəcəyimiz işləri planlaşdırmalıyıq. Bütün anlarda körpə ilə davranış, bir nizam-intizam üzərində qurulmalıdır. Körpələrlə davranış təsadüfi xarakter daşımamalıdır. Onlar bütün hərəkətlərə diqqət verir və növbəti dəfə baş verən dəyişikliklərin fərqinə varır. Həyatının ilk aylarını yaşayan körpə cəld və gözlənilməz dəyişikliklərə tez bir zamanda alışa bilməz. Onun istəyinə və adətinə qarşı görülən hər iş, onu çaşdırır və həyatının nizama düşməsinə çətinlik yaradır. Bunun üçün hər işi planlaşdırmalı və ahəngdar davranmalıyıq.

    Uşağın tək yuxuya getməsi sürəcinin rahat və asan keçməsi üçün, bu işə başlayarkən körpə ilə ilk gecədən bir plan üzrə davranmaq lazımdır.

    Valideynlər özlərini həm fiziki həm də, ruhi cəhətdən hazırlamalıdır. Onlar nəzərə almalıdır ki, körpənin tək yuxuya getməyə öyrətmək asan iş deyil. Öncə qeyd etdiyim kimi bu iş valideynlərdən öz instinkt duyğularına qalib gəlməyi tələb edir. Onlar körpənin sağlamlığı və gələcək xoşbəxtliyi üçün onun keçici rahatsızlığına göz yummalı və bu prosesi sarsıntısız ötməlidirlər.

    Körpəni tək yatırtma prosesinin ilk gecələri atanın körpəyə qulluq etməsi məsləhətdir, onda uşaq az ağlayacaq. Bunun nədəni odur ki, körpə anaya daha çox bağlıdır və anadan gözlədiyi də çoxdur. Körpə alışıb ki, ana onun istədiyi kimi davransın, amma atadan ana qədər ummur, o bunun faydasız olduğunu bilir. O bilir ki, ata istəsə də onun arzularını yerinə yetirə bilməyəcək. Misal üçün, o atanın ona döş südü verməsini ağlına belə gətirmir.

    Beləliklə, ata yuxarıda yazdığım “ gecə yuxusuna hazırlıq qaydaları “ işlərinə başlayır. Körpə ilə kifayət qədər məşğul olduqdan sonra onu tam yuxulu vəziyyətə gətirir. Körpə tam yuxulu vəziyyət almasa onu yatağına qoymaq hələ tezdir. Əgər uşaq günorta saat üçdən sonra yatmışsa, onun gecə saat 10-dan tez yatması bir az çətindir. Bəzən uşaq yorğun olur və axşam yemək yeyərkən yatmaq istəyir. O yemək yeyərkən gözlərini bağlayır, belə durumda onu yatırtmaq olmaz. Onu yeməkdən ayırmaq lazımdır. O gərək oyaq olduğunu duysun və sonra əmziksiz və döşsüz öz yatağına qoyulsun. Gündüz o güngüzlər harada yatmağından asılı olmayaraq gecə mütləq öz yatağında yatmalıdır.

    İsrarlı və qərarlı danışın
    Körpəni öz yerinə qoyarkən onunla ciddi və qərarlı davranmaq lazımdır, ona : “ Bu gecə sən özün yatmalısan” deyərək fikrinizi körpəyə deməlisiniz.

    O etiraz etməyə başlayarkən, bir az da ciddi lakin, səmimi davranışla ona demək lazımdır : İndi artıq gecədir, sən yatmalısan.
    Uşaq yerindən tərpənib qaxmaq istərsə, onu yerinə qaytarıb və yatızdırmaqda qərarlı olduğunuzu israr edin. O yenidən qalxmaq istəyəcək bəlkə qışqırmağa başlayacaq. Onunla dalaşmaq lazım deyil. 30 saniyə körpənin yanında dayanıb təkrar-təkrar, ciddi və israrlı ona əvvəlki sözləri demək lazımdır : “ sən tək yatmalısan və bu sənin üçün çox yaxşıdır “ demək lazımdır. Bu danışığı hələ dil açmamış və bütün körpələrlə aparmaq lazımdır. Valideynlər elə fikirləşməsin ki, körpə ilə danışmaq faydasızdır.
    Körpəyə onun yatmalı olduğunu təkrarən dedikdən sonra otağı tərk edin. Otaqdan çıxarkən :

    Qapını tam örtməyin
    Uşağın ağlamasına baxmayaraq siz otaqdan çıxırsınız. Otaqdan çıxarkən qapını tam örtməyin. Otaqdan çıxmanıza baxmayaraq, uşaq hiss etməlidir ki, siz otaqda olmasanız da, onun fikrindəsiniz. Sonra bərabər-zaman fasilələri ilə otağa gedib ciddi, lakin səmimi şəkildə uşağa əvvəlki sözləri təkrar deyirsiniz : “ İndi gecədir və yatmaq vaxtıdır, səndə yatmalısan”.

    Sizin hansı sözləri işlətmənizin və nə söyləmənizin uşaq üçün çox fərqi yoxdur, o yalnız sizin deyim və ifadə tərzinizdən və mövqeyinizdə nə dərəcədə israrlı olduğunuzdan təsirlənir və mövqeyinizi anlayır. O yerindən qalxmağa cəhd edə və qışqıra bilər. Bütün bunlardan sonra gec-tez o yorulacaq və öz iradəsi ilə yerində uzanacaq. Körpə etiraz edib ağlayarkən onunla hər turlu kontaktdan çəkinmək lazımdır. Hər hansı kiçik bir kontakt onun etiraz müddətinin uzanması və daha çox ağlaması ilə nəticələnə bilər. Təxminən yarım dəqiqədən sonra siz yenə otağı tərk edirsiniz.

    Bir sıra uşaqlar hirsindən öz yerində qıvrılır və yataq taxtında nə varsa kənara tullayır. O nərə çəkib tam gücü ilə qışqıracaq və onu öskürək tutana, hətta qusana qədər ağlaya bilər. Belə hallarda bir çox valideynlər dözmür və təslim olur, lakin təslim olmağa heç bir səbəb yoxdur.

    Nəhayət ki, uşaq özü yatmağa məcbur olacaq. Qeyd edək ağlamağın, qışqırmağın və başqa tipli etiraz əməllərinin körpəyə heç bir təhlükəsi yoxdur, bundan ötrü rahatsız olmağa dəyməz və uşağın üstünə qışqırmaq olmaz.
    Uşağın öz yatağından kənara tulladığı balışı və başqa şeyləri yalnız bir kərə olmaq şərti ilə qaytarıb yerinə qoymaq lazımdır. Əgər körpə qusmuşsa onun paltarını və başqa bulaşıq şeyləri dəyişin.

    İstər istəməz adamda belə bir sual yaranır uşaqla belə rəftar etmək rəhimsizlik deyilmi ?
    Yox burda uşağa xətər törədəcək heç bir problem yoxdur. Bu onun öz sağlamlığı və onun qulluğunda duran valideynlərin rahatlığı üçün vacibdir. Əks halda o, inadkarcasına öz istədiyinə nail olana qədər ağlayacaq. Bu körpənin özü yatması üçün çox faydalı bir yoldur. Bununla o öyrənir ki, mən hirslənsəm də, ağlasam da faydası olmadı. Öncə qeyd etdiyim kimi, belə hallarda müvəqqəti olaraq hirslənməyin və narahat olmağın körpə üçün heç bir ziyanı yoxdur. Lakin, əvəzində o həyatında özgür yaşamağın ilk addımlarını atmış olur.

    Bir saatdan bir
    Körpə ağlamağa davam edərsə təxminən hər bir saatdan bir ona baş vurmaq lazımdır. Bu həm valideynlərin həmdə körpənin sakitliyinə səbəb olar. Əyər valideynlər artıq dözə bilirsə bu vaxtı uzatmaq olar. Uşağa baş vurarkən onun çətin vəziyyətdə olduğunu duyan valideynlər təsirlənsə də, dözməlidirlər və fikirləşməlidirlər ki, bu onların özlərinin və uşaqlarının gələcəyi və sağlamlığı üçün lazımdır. Valideynlər bu keçici çətinliyə dözməsə, sonra daha ciddi çətinliklərlə üzləşə bilər. Bir saatdan bir uşağa baş vurmaq qeyd etdiyim kimi körpəni də, valideynlərin qayğısından arxayın edir. O ağlasa da, hiss edir ki, valideynləri onu unutmayıb və onun vəziyyətini nəzərə alırlar. Uşağın yorğun və yuxuya getmək ərəfəsində olduğunu duyduqda ona baş vurmaq vacib deyil, çünki bu onun daha çox ağlamasına nədən ola bilər.

    Bu proqramın icrasına başlayarkən demək olar ki, bütün uşaqlar etiraz edəcək, ağlayacaq və gec-tez yorulub yatacaq. Özü yatma proqramını sakit qarşılayan və ağlamadan, etiraz etmədən yuxuya gedən körpələrdə ola bilər, lakin onlar istisna uşaqlardır və belə körpələrə az rast gəlinir.

    Bu proqram bütünlükdə 5-18 aylıq körpələr üzərində icra olunur. 5 aylıq uşaq ilk gün təxminən yarım saat ağlaya bilər. Uşağın yaşı böyük olsa, misal üçün 7-10 aylıq körpə daha çox ağlaya bilər. Hər halda nəzərə almaq lazımdır ki, körpə 1 saatdan çox ağlaya bilər, bu körpənin yorğunluq dərəcəsindən və inadkarlığından asılıdır. Qeyd edim ki, inadkarlıq uşaqda müsbət xarakterdir.
    Körpənin etiraz müddəti hər gecə yarıya qədər azala bilər, bir həftədən sonra körpə artıq etiraz etmədən özü tək başına yuxuya gedəcək. Bu işdə ən əsası odur ki, ilk addımlar artıq atılmışdır, başqa çətinliklər zaman içində öz həllini tapacaq.

    Gecə oyanmaları

    Bir inci gecə körpə yatandan təxminən bir saat sonra oyanarsa və yenidən ağlamağa başlayarsa onu götürməyə ehtiyac yoxdur. O hələ yorğundur və demək olar ki, dərin yuxu fazasına getməmiş və axşamkı yorğunluğunu keçirməmişdir. Bir saatdan çox yatmış körpəni dincəlmiş saymaq olar. O artıq yeni güc toplayıb, Onu götürmək və onunla əvvəlki gecələrdə olduğu kimi rəftar etmək lazımdır, misal üçün yedirtmək və öz yanında yatırtmaq normal haldır. Bütün bunlara baxmayaraq uşaq yenə tək yuxuya getmək prosesinə öyrənəcək.

    Çox uşaqlar bir neçə həftədə gecələr oyandıqda ağlamağa son qoyacaq. Bu zaman onları götürməyə ehtiyac yoxdur. Onları özbaşına yuxuya getməyə öyrətmək lazımdır. Uşağın otağına gedib onu yatmağa çağırmaq lazımdır : indi gecədir sən yatmalısan, ata-ananı yuxudan oyatmaq olmaz, deyərək, əvvəl-axşam körpəni yatızdıran zaman dediyiniz kimi, səmimi və qərarlı şəkildə təkrar etmək lazımdır. Uşağı götürmək və onun bezini dəyişmək lazım deyil, körpə artıq yaş bezdə yatmağa adət etməlidir.
    Uşağın öz yataq otağı varsa, onu özü yuxuya getmə adətinə öyrətmək daha asan olar. Əgər onun öz yataq otağı yoxdursa onu bu prosesə öyrədərkən otaqların birini onun üçün ayırmaq lazımdır.

    Gündüz yuxusu

    Körpələri gündüzlər özü yuxuya getməyə öyrətmək gecələrdən daha çətindir, çünki gündüzlər uşaqlar gecələr olduqları qədər yorğun deyil. Ona görə də onların etiraz müddəti daha çox ola bilər. Bunun üçün onların bir yuxu vaxtını adlamaq lazımdır ki, yaxşı yorulsunlar, bu onların daha tez yuxuya getməsinə kömək edər. Əgər uşaq gecələr tək yatmağa öyrənmişdirsə, gündüz də onu gecəki qayda da yatırtmaq olar. Əks halda gözləmək lazımdır ki, körpə gecələr tək yuxuya getməyə öyrənsin sonra gündüzlər onu təkrar etmək olar.

    Uşaq xəstələnərsə

    Xəstə uşaq gecələr öskürək, burun tutulması kimi hallardan tez-tez oyana bilər. Belə hallarda onu tək qoymaq olmaz. Xəstəlik körpədə nigarançılıq və zəiflik hisslərini gücləndirə bilər. Belə körpələrin qayğıya və sakitləşdirməyə ehtiyacı var. Xəstəlik keçdikdən sonra yenə əvvəlki qayda da yatızdırmaq olar.

    Arxayın olun

    Uşağı özü yuxuya getməyə öyrətməyin çətinliyi ondan ibarətdir ki, o yatarkən yaxınlarından istədiyi qayğını ala bilmədiyi üçün etiraz edir və ağlayır, və yaxud qışqırır. Körpələrin bu hərəkətindən təəccüblənməyə dəyməz. Arxayın ola bilərsiniz ki, bu tamamilə normaldır. İnadkarlıq və etiraz uşaqlarda müsbət xüsusiyyətdir və uzun müddət davam edə bilər. Lakin, bəzi hallarda yorucu ola bilər və valideynlər imkanlarından xaric istəklərlə də rastlaşa bilər. Bu adamı bezdirici bir duruma da sürükləyə bilər. Ona görə də, etiraz əlaməti olan ağlamaq və qışqırığın qarşısında təslim olmağa dəyməz. Misal üçün, gecələr qışqıran körpəni yanına alıb, onu sakitləşdirmək, qışqırığın qarşılığında edilmiş bir iş sayılır və uşaq bunu yaxşı başa düşür.

    Etirazlarının uğurlu olduğunu görən körpə daha da şirnikləşəcək. Bu xüsusiyyət yalnız uşaqlara aid deyil bizim hamımıza aiddir. Bunun üçün, əgər körpənin özünün sərbəst yuxuya getməsini istəyiriksə, onun qışqırtısına təslim olmamalıyıq və onu qucağımıza almaqla qışqırtısının qarşılığını verməməliyik.

    Nəzərə almaq lazımdır ki, yalnız körpənin tək yuxuya getmək etirazlarına göz yummaq olar. Əgər uşaq başqa səbəblər üzündən qışqırır və ağlayırsa, əlbəttə ki, onu ovundurmaq və sakitləşdirmək lazımdır. Uşaq nə üçün ağladığının fərqinə varır. Ona görə də başqa problem ucbatından körpəni ovundurmaq onun tək yuxuya getmək adətini əngəlləmir.

    Tək yuxuya getmək istəməyən uşağın etirazını və qışqırtısını cavablandırmamaq, onu cəzalandırmaq kimi qiymətləndirilməməlidir. Elə davranmaq lazımdır ki, uşaq bunun səmimi olduğunu anlasın. Bunun üçün hər şeydən öncə bütün çətinliklər zamanı valideynlər körpənin tərəfində olmalıdır. Davranış və münasibət elə olmalıdır ki, körpə başa düşsün ki, valideynlər onun durumunu bilir, lakin onun marağını etirazına qurban vermək istəmirlər.

    Onlar arxayın olmalıdırlar ki, uşaq öz hisslərini ələ almağa qadirdir. Bütün bunlar valideynlərin qayğıkeş, səmimi və eyni zamanda ciddi davranışlarından sezilməlidir.

    Hər ağlayanda körpəni sakitləşdirməyə cəhd edilərsə, o özü-özünü sakitləşdirmək şansını itirə bilər.
    Sağlam toplum qurmaq üçün vaxtında uşaqlarımızın sağlamlığının qayğısına qalmalıyıq. Uşaqları körpə vaxtından müstəqil yaşamağa öyrətmək, eyni zamanda uşaqları öz həyatında hər hansı çətinlik qarşısında dözümlü və müstəqil qərar vermək qabiliyyəti ilə silahlandırır. Bu prosesi yaşayan uşaqlar utancaq və qorxaq olmur, həyatı yaxşı dərk edir nəticədə sağlam, müstəqil və özünə inamlı böyüyür.

    Tək yuxuya getməyi öyrənən körpə, yalnız tək yuxuya getmək deyil, daha çox şey öyrənmiş olur. O öz hisslərinə qalib gəlməyi öyrənir. O başa düşür ki, o bir varlıqdır, valideynləri başqa varlıq və hərənin özünə məxsus duyğuları, ehtiyacları və arzuları var. Bu xüsusiyyətləri uşaqlara öyrətmək, özü də, vaxtında öyrətmək, sağlam və müstəqil toplum qurmağın vacib şərtlərindəndir.

    Körpəsini tək yuxuya getməyə öyrədən valideynlər, özləri də çox şey öyrənir. Onlar öyrənir ki, uşağa yeni bir şey öyrədəndə mütləq onun tərəfin saxlamalıdırlar və bacardıqları qədər ona yardımçı olmalıdırlar. Valideynlərdə, uşağın gücünə, dalğın hisslərinə qalib gəlmək qabiliyyətinin və baş verən prosesləri duymaq iqtidarında olduğuna inam yaranır. Onların uşaqla davranış tərzi dəyişir və bütün bu uğurlar valideynləri sevindirərək daha yaxşı valideyn olmaq həvəsini artırır.

    DR. Səmed Niknam

     

     

    YoRGun-ŞaiR - 02.11.2009 - 19:43



Benzer Konular

  1. Körpənin yuxusu
    Konuyu Açan: Ağgul Laçınlı, Forum: Sağlamliq.
    Cevaplar: 0
    Son Mesaj : 04.12.2012, 01:42
  2. Duyğuları Hiss Edən Və Hiss Etdirən RƏBBİM
    Konuyu Açan: Ağgul Laçınlı, Forum: İslami Mövzular.
    Cevaplar: 0
    Son Mesaj : 20.10.2012, 00:31
  3. Qadınların Korkulu Yuxusu
    Konuyu Açan: Nerissa-Su, Forum: Qadınlar üçün.
    Cevaplar: 0
    Son Mesaj : 17.09.2011, 14:33
  4. Ceyhunun yuxusu
    Konuyu Açan: Leyl-i Lal, Forum: Azərbaycan Ədəbiyyatı və İncəsənət.
    Cevaplar: 0
    Son Mesaj : 12.04.2010, 01:08
  5. Körpələrin yuxusu(1-ci hissə)
    Konuyu Açan: YoRGun-ŞaiR, Forum: Qadınlar üçün.
    Cevaplar: 0
    Son Mesaj : 02.11.2009, 19:48

copyright

Soru Cevap

grafimx