REKLAM




+ Konuyu Cevapla

Azərbaycan Respublikasının Dövlət qoruqları və yasaqlıqları - 2

  1. Yazan: Ceylan
    No Avatar

    REKLAM


    Azərbaycanda Dövlət qoruqları - Yasaqlıqlar haqqında məlumat - Qoruqlar haqqında məlumat




    Türyançay Dövlət Təbiət Qoruğu

    Yaradıldığı il: 1958

    Sahə (hektar):22488

    Olduğu yer: Ağdaş, Oğuz, Yevlax və Qəbələ rayonlarının ərazisində, Turyançayın sağ kənarında.

    Qısa məlumat:Türyançay Dövlət Təbiət Qoruğunun yaradılmasında məqsəd Azərbaycanın arid meşə sahələrindən biri, həm də ən başlıcası olan Bozdağın arid meşə lanşaft kompleksini qorumaqdır. Ərazisi qərbdən və şimal-qərbdən şərqə və cənub-şərqə doğru uzanan alçaq dağ tirələrdən ibarətdir. Quru subtropik iqlim Turyançay qoruğunun ərazisi üçün səciyyəvidir. Burada yay isti, qış isə mülayim-isti keçir. Orta illik temperatur 140-dir. Burada ağac və kol bitkilərindən ən çox ardıc və saqqızağacı, qismən də gürcü palıdı, gürcü ağcaqayını, qaratikan, şərq doqquzdonu, kiçik meyvəli gilas, nar, murdarça, sarağan, efedra və s. inkişaf etmişdir.

    Türyançay Dövlət Təbiət Qoruğunda çöl donuzu, qonur ayı, porsuq, dələ, tülkü, dovşan, çaqqal, vaşaq və s. məməli vəhşi və çöl heyvanları məskən salmışlar. İlanlardan gürzə daha çoxdur. Turyançayın sularında Xəzər tısbağasına tez-tez rast gəlinir. Yerli quşlardan kəklik, göyərçin, adi qur-qur, ağbaş Asiya kərkəsi, leşyeyən qartal, qara kərkəs, sərçələr, qaratoyuqlar, zığ-zığ, payız bülbülü, dağ vələmirquşu, böyük və uzunquyruq arıquşu və s. məskunlaşmışdır. Qoruqda Azərbaycanın «Qırmızı kitabı»na adları düşən ayıya, şahinə, berkuta, çöl qartalına təsadüf edilir.

    * * *
    Zaqatala Dövlət Təbiət Qoruğu

    Yaradıldığı il: 1929

    Sahə (hektar):23844

    Olduğu yer: Zaqatala və Balakən rayonlarının ərazisində, Böyük Qafqaz sıra dağlarının mərkəz hissəsinin cənub mikroyamaclarında.

    Qısa məlumat:Zaqatala Dövlət Təbiət Qoruğu respublikamızın ən qədim qoruqlarından biridir. Qoruq 1929-cu ildə təşkil edilmişdir. Zaqatala Dövlət Təbiət Qoruğunun yaradılmasında başlıca məqsəd bu meşələrin əvəzedilməz torpaqqoruyucu və susaxlayıcı xüsusiyyətlərini saxlamaq, aşağı zonada yerləşən yaşayış məntəqələrini və əkin sahələrini seldən qorumaq, Böyük Qafqazın cənub yamacının təbii kompleksini, bitki və heyvanat aləmini mühafizə etmək olmuşdur. Qoruğun ərazisi meşələr, subalp və alp çəmənlikləri və yüksək sal qayalıqlardan ibarətdir.

    Qoruğun ərazisi çox mürəkkəb və kəskin relyefə malikdir. Burada dağlar və yüksəkliklər dərin dərələr və daşlı-qayalı çay sahilləri ilə kəsilir. Qoruqda 1000-dən artıq bitki növünə təsadüf edilir. Əsas meşə təşkil edən növlərdən fısdıq, palıd, vələs, cökə, göyrüş, şabalıd, qoz, qaraçöhrə, qarmaqvari şam və s. göstərmək olar. Burada 32 növ məməli, 89 növ köçəri və oturaq quşlar yaşayır. Qoruqda 4500-dən çox Şərqi Qafqaz təkəsi, 1000 baş maral, 700 baş qarapaça və 2000-ə yaxın çöl donuzu vardır. 1950-ci ildə qoruqda elmi- tədqiqat işlərinin aparılmasına rəhbərlik edən şöbə yaradılmışdır. Burada beynəlxalq bioloji problemlər üzrə tədqiqat işləri aparılır.

    Qoruğun elmi təmayülü – Böyük Qafqazın şimali-şərq hissəsinin ayrı-ayrı zonalarında susaxlayıcı, torpaqqoruyucu və kurort-iqlim əhəmiyyətli dağ çəmənlikləri və meşələrin qorunub saxlanması və onlardan səmərəli istifadə olunmasına yönəldilmişdir. Çox qiymətli dərman bitkisi olan jenşenin Böyük Qafqazın dağətəyi şəraitində yetişdirilməsi imkanı, dağ çəmənlərini məhsuldarlığı, yüksək dağ palıdının ekologiyası və onun bərpası, Sosnovski baldırğanı timsalında dağ-çəmən və yem bitkilərinin məhsuldarlığı, dırnaqlıların, habelə həşəratyeyən və yırtıcı quşların biologiya və ekologiyası problemlərinin tədqiq edilməsi bu baxımdan əhəmiyyətlidir.

    * * *
    Eldar Şamı Dövlət Təbiət Qoruğu

    Yaradıldığı il: 2004

    Sahə (hektar):1686

    Olduğu yer: Samux rayonunun ərazisində

    Qısa məlumat:Qoruğun yaradılmasının başlıca məqsədi genetik fondun, bioloji müxtəlifliyin, ekoloji sistemlərin, səciyyəvi və nadir təbiət komplekslərinin və obyektlərinin (ardıc, saqqız ağacı və s.), dünyada yeganə vətəni olan Elləroyuğunda Eldar şamı meşəliyinin təbii vəziyyətini qoruyub saxlamaq məqsədilə təbiət ərazilərinin mühafizəsini həyata keçirməkdir. Eldar şamı ağaclarının yaşı 100-120 il, hündürlüyü 2-6 m, diametri 10-28 sm.

    Onun adı Azərbaycan Respublikasının «Qırmızı kitab»ına daxil edilmişdir. Burada heyvanlar aləmi zəngin deyil. Üstünlük təşkil edən heyvanlardan yalnız dovşan, quşlardan isə kəklik diqqəti cəlb edir. Eldar Şamı dövlət təbiət qoruğunun zəruri infrastrukturu yaradılmışdır.

    * * *
    Şahbuz Dövlət Təbiət Qoruğu

    Yaradıldığı il: 2004

    Sahə (hektar):-

    Olduğu yer: Naxçıvan Muxtar Respublikasında, Batabat gölü və Biçənək aşırımı ərazilərində

    Qısa məlumat:Müxtəlif torpaq tiplərinin inkişaf tapdığı ərazidə 2899 bitki növü yayılmışdır. Bu qədər geniş müxtəlifliyə malik bitki örtüyü olan ərazidə 285 növ faunanın məskunlaşmasına imkan yaranmışdır. Şahbuz Dövlət Təbiət Qoruğunun su ehtiyatları əsasən atmosfer çöküntüləri hesabına formalaşan Batabat mineral bulaqlarından ibarətdir: Bu mineral bulaqlar Naxçıvan şəhərindən 65 km məsafədə, dəniz səviyyəsindən 2445 m yüksəklikdə yerləşirlər. Batabat su anbarı eyniadlı üç göldən ibarətdir. Batabat-1 (hövzəsinin sahəsi 0,18 km2), Batabat-2 (0,7 km2) və Batabat-3 (0,18 km2). Ümumi su tutumu təqribən 3 mln. m3-dir. Anbarın suyu əsasən Zorbulaq çayı və qismən atmosfer çöküntüləri hesabına formalaşır. Ərazi flora cəhətdən çox zəngindir.

    Naxçıvan Muxtar Respublikasında bitən 2000-dən artıq ali bitki növlərinə burada rast gəlmək mümkündür. Şahbuz Dövlət Təbiət Qoruğunun ərazisində relyefin, bitki və torpaq örtüyünün müxtəlifliyi burada bir sıra təbii landşaft sahələrini ayırmağa imkan verir. Ərazinin 85%-i palıd, 5%-i ardıc, ağır iyli ardıc, Araz palıdı, 7%-i yemişan, qalan 3%-i isə alma, alça, şərq palıdı, vən, daş armud, acı badam və müxtəlif kollar təşkil edir. Quşlardan Şahbuz Dövlət Təbiət Qoruğunun ərazisində Avropa Tüvüyü, kəklik, oxuyan silvi, adi kəklik, sarıköynək, bülbül, enliquyruq bülbül, meşə xoruzu, hop-hop və başqaları məskunlaşmışdır.

    Muxtar Respublika ərazisində məskunlaşmış quş növlərindən 15-i «Qırmızı Kitab»a daxil edilmişdir. Naxçıvan Muxtar Respublikasında 12 növ yırtıcı heyvan yayılmışdır. Bu heyvanlardan Qafqaz qonur ayısı, canavar, tülkü, çöl pişiyi, meşə siçanı, porsuq, çöl donuzu, vaşaq və bir çox heyvanlara qoruğun ərazisində rast gəlinir. Ərazidə gəmirici məməlilərə də təsadüf olunur. Bunlardan meşə sülsəni, kiçik ərəb dovşanı, siçovullar və siçanların bir neçə növünə rast gəlinir. Şahbuz Dövlət Təbiət Qoruğunda Biçənək meşəsindəki bataqlıqlarda və s. sahələrdə Selkovnikov ağac qurbağasına rast gəlinir. Bundan başqa ərazidə Suriya sarımsaqiyli qurbağası, adi ağac qurbağası, yaşıl quru qurbağası, cənubi qafqaz qurbağası və Kiçik Asiya qurbağası qeydə alınmışdır. 2004-cü il 18 sentyabr tarixində Şahbuz Dövlət Təbiət Qoruğunun rəsmi açılışı keçirilmişdir.

    * * *
    Şirvan dövlət təbiət qoruğu

    Yaradıldığı il: 1969

    Sahə (hektar):-17745

    Olduğu yer: Salyan və Neftçala rayonlarınının ərazisində

    Qısa məlumat:Qoruq Bəndovan dövlət təbiət yasaqlığının bir hissəsində ceyranların, su quşlarının qorunması və artırılması məqsədilə yaradılmışdır. 1982-ci ildə qoruğun ərazisi genişləndirilərək 25,8 min hektara çatdırılmışdır. Ərazinin 3.5 hektarını su hövzəsi təşkil edir. Qoruğun ornitoloji faunası çox zəngindir. Su-bataqlıq ərazilərdə nadir və qiymətli köçəri quşlar qışlayır və yuvalayır. 2003-ci ildə qoruğun əsas hissəsi Şirvan Milli Parkının ərazisinə verilmiş, hal-hazırda qoruğun ümumi sahəsi 6232 hektardır. Azərbaycan Respublikası Prezidentinin sərancamı ilə 2003-cü ilin 5 iyul tarixində Şirvan Milli Parkı yaradılarkən Şirvan dövlət təbiət qoruğunun ərazisi 6232 hektar qalmışdır.

    * * *
    Dövlət təbiət yasaqlıqları
    Bərdə Dövlət Təbiət Yasaqlığı

    Yaradıcılığı il:: 1966

    Sahə(hektar):7,500

    Olduğu yer: Bərdə və Ağdaş

    Qısa məlumat: Yaradılmasının əsas məqsədi Kürətrafı tuqay meşələrini və onların faunasını qoruyub zənginləşdirməkdir. Təbii bitki örtüyü əsasən qovaqdan ibarət olan kompleksdən, qovaq, söyüd, tut və s. ibarət cavan meşəlikdən, yulğunun üstünlük təşkil etdiyi kolluqlardan, palıdın üstünlük təşkil etdiyi meşəlikdən ibarətdir. Yasaqlıqda məməlilərdən çöl donuzu, çaqqal, tülkü, meşə pişiyi, qamış pişiyi, porsuq, meşə dələsi, dovşan və s., quşlardan qırqovul, turac, fitçi cürə, qırmızıbaş ördək, meşə cüllütü, alabaxta, kiçik və böyük qarabattaq və s. məskunlaşmışdır.

    * * *
    Şəki Dövlət Təbiət Yasaqlığı

    Yaradıcılığı il:: 1964

    Sahə(hektar):10,350

    Olduğu yer: Şəki rayonu Əyriçayın hövzəsində Yevlax-Şəki və Şəki-Oğuz şosse yollarının arasında

    Qısa məlumat: Yasaqlığın yaradılmasında məqsəd buradakı heyvan və quşları, xüsusilə qırqovul və turac kimi quşları, qonur ayı və çöl donuzu kimi heyvanları qorumaqdır. Ərazi zəngin bitki örtüyünə malikdir. Meşə sahələri palıd, qızılağac, qoz, tut kimi ağaclardan ibarətdir. Çay dərələrinə meşə əmələ gətirən ağaclarla birlikdə yemişan, əzgil, böyürtkən, alça, və s. kollar keçilməz cəngəlliklər əmələ gətirir. Şəki yasaqlığında qonur ayı, çöl donuzu, canavar, çaqqal, tülkü, meşə pişiyi, yenot, porsuq, dovşan, Samur, meşə dələsi, sincab, və s. məməlilər, qırqovul, turac, meşə göyərçini, alabaxta, bekas, bildirçin, yaşılbaş ördək və s. quşlar məskunlaşmışlar.

    * * *
    Gil adası Dövlət Təbiət Yasaqlığı

    Yaradıcılığı il:: 1964

    Sahə(hektar):400

    Olduğu yer: Bakı şəhərinin Qaradağ rayonunun ərazisində

    Qısa məlumat: Burada əsasən adadakı və onun ətrafındakı quşlar, xüsusilə gümüşü qağayılar qorunur. Ərazidə qağayıların sayı bəzən 10 000-ə çatır.

    * * *
    Bəndovan Dövlət Təbiət Yasaqlığı

    Yaradıcılığı il:: 1961

    Sahə(hektar):4,930

    Olduğu yer: Salyan və Qaradağ rayonlarının ərazisində

    Qısa məlumat: Yasaqlığın yaradılmasında əsas məqsəd bu ərazidəki ceyranları və digər məməli heyvanları, köçəri və oturaq su və quru quşlarını qoyuyub artırmaqdır. Yasaqlığın ərazisi heyvanlar aləminə görə xeyli zəngindir. Burada məməlilərdən ceyran (Gazella sulgutturosa), dovşan, tülkü, çaqqal, canavar, porsuq və s. məməli heyvanlar yaşayır. Xəzər dənizinin sahil sularında suiti, çoxlu müxtəlif balıqlar yaşayır. Ərazidə quşlardan qu quşu, çay ördəyi, dalğıc ördəyi, vağ, qarabattaq, qaşqaldaq, bəzgək (Otis tetrax), turac, bildirçin və s. yayılmışdır.

    * * *
    Korçay Dövlət Təbiət Yasaqlığı

    Yaradıcılığı il:: 1961

    Sahə(hektar):15,000

    Olduğu yer: Göygöl və Goranboy

    Qısa məlumat: Yaradılmasının əsas məqsədi ərazidəki ov əhəmiyyətli heyvan və quşları qorumaqdır. Bitki örtüyü yovşanlı-şoranlı, şoranlı-yovşanlı bitki qruplarından, çay yataqlarının bitki kompleksindən ibarətdir. Ərazidə efemerlər də yaxşı inkişaf edir. Burada məməlilərdən ceyran (Gazella sulgutturosa), dovşan, tülkü, çaqqal, canavar; quşlardan kəklik, turac və s. vardır.

    * * *
    Laçın Dövlət Təbiət Yasaqlığı

    Yaradıcılığı il: 1961

    Sahə(hektar): 21,370

    Olduğu yer: Laçın rayonunun ərazisində

    Qısa məlumat: Yasaqlığın yaradılmasında məqsəd buradakı məməliləri (cüyüukbyr, qayakeçisi, çöl donuzu və s.) və quşları ( turac, kəklik və s.) qoruyub artırmaqdır. Ərazi əsasən vələs, cökə, ağcaqayın və s. qarışığından ibarət palıd meşələrindən ibarətdir. Burada bir sıra heyvanların da məskunlaşması üçün əlverişli şərait vardır. Yasaqlıqda bezoar keçisi (Capra aegagrus), cüyür, çöl donuzu, dovşan, canavar, porsuq, dələ, ayı kimi məməlilərə; kəklik, tetra quşu, bildirçin, alabaxta və s. quşlara rast gəlinir. Hal-hazırda yasaqlıq işğal altındadır və onun fəaliyyəti tamamilə dayandırılmışdır.

    * * *
    Qusar Dövlət Təbiət Yasaqlığı

    Yaradıcılığı il: 1964

    Sahə(hektar):15,000

    Olduğu yer: Qusar rayonunun ərazisində

    Qısa məlumat: Yasaqlığın yaradılmasında başlıca məqsəd buradakı bir sıra ov əhəmiyyətli məməli heyvanları və quşları qoruyub saxlamaqdır. Meşə sahəsində fısdıq, vələs, palıd yayılmışdır. Kol bitkilərindən yemişan, zoğal, armud, alça, alma, itburnu, böyürtkən, qaratikan və s. təsadüf edilir. Yasaqlıqda çöl donuzu, cüyür, canavar, meşə pişiyi, qamış pişiyi, çaqqal, yenot, dovşan və s. kimi məməlilər, turac, kəklik , bildirçin, çöl göyərçini, yaşılbaş ördək, fitçi cürə və s. kimi quşlar yayılmışdır.

    * * *
    Şəmkir Dövlət Təbiət Yasaqlığı

    Yaradıcılığı il: 1964

    Sahə(hektar):10,000

    Olduğu yer: Şəmkir rayonunun ərazisində

    Qısa məlumat: Yasaqlığın yaradılmasında məqsəd buradakı quşları və məməli heyvan növlərini, xüsusilə də çöl donuzu, kəklik, turac, qırqovul və ördəkləri qorumaqdır. Yasaqlıqda tuqay və yarımsəhra bitki formasiyaları yayılmışdır. Tuqay meşə və kolluqları Kür çayı yatağının ətrafında yerləşir, onlar söyüd, ağyarpaq qovaq, qaratikan, böyürtkən, yulğun və s. ibarətdir. Ərazinin təbii landşaft sahələri müxtəlif olub, heyvanların məskunlaşması üçün əlverişli mövqeyə malikdir. Burada məməlilərdən çöl donuzu, canavar, dovşan, meşə pişiyi, çaqqal, tülkü, turac, qırqovul (Phasianus), kəklik, turac və müxtəlif su quşları vardır.

    * * *
    Zuvand Dövlət Təbiət Yasaqlığı

    Yaradıcılığı il: 1969

    Sahə(hektar):15,000

    Olduğu yer: Lerik və Yardımlı rayonlarının ərazisində

    Qısa məlumat: Yasaqlığın yaradılmasında əsas məqsəd dağ quru bozqır şəraitində bezoar keçisi, kəklik və s. heyvanların qorunmasıdır. Ərazinin bitki örtüyü çox kasıb olub, quru bozqır bitkiləri komplekslərindən təşkil olunmuşdur. Əsasən yabanı dənli və paxlalı-dənli bitki qrupları üstünlük təşkil edir. Yasaqlığın ərazisi heyvanlar aləmi ilə çox zəngin deyildir. Burada qayakeçisi, kaftar, çöl donuzu, dovşan, canavar, tülkü və s. heyvanlar yayılmışdır.

    * * *
    İsmayıllı Dövlət Təbiət Yasaqlığı

    Yaradıcılığı il: 1969

    Sahə(hektar):23,438

    Olduğu yer: Əsasən İsmayıllı, qismən də Qəbələ rayonlarının ərazisində

    Qısa məlumat: Yasaqlığın yaradılmasında əsas məqsəd burada məskunlaşmış heyvanların qorunması və sayının artırılmasıdır. Bitki örtüyü alp və subalp dağ-çəmən və meşə bitkilərindən ibarətdir. Meşə ilə örtülü sahələr əsasən vələs, fısdıq, və palıd meşələrindən ibarətdir. Yasaqlığın ərazisində heyvanlar aləmi həm növ, həm də say etibarilə çox zəngindir. Burada quşlardan kəklik, bildirçin, turac, alabaxta, ular və s., məməlilərdən canavar, vaşaq, meşə pişiyi, yenot, çaqqal, dələ, dovşan və s. məskunlaşmışdır.

    * * *
    Qubadlı Dövlət Təbiət Yasaqlığı

    Yaradıcılığı il: 1969

    Sahə(hektar): 20,000

    Olduğu yer: Qubadlı və Laçın rayonlarının ərazisində

    Qısa məlumat: Qubadlı rayonunun şimal və Laçın rayonunun cənub hissəsində dağ-bozqır sahələrini əhatə edir. Bu yasaqlığın yaradılmasının məqsədi həmin ərazilərin heyvanlar aləmini, xüsusilə burada məskunlaşmış məməli heyvan növlərini (cüyür, çöl donuzu və. s.) və quşları (qırqovul və s.) qorumaqdır. Ərazidə yayılmış seyrək meşəliklər və kolluqlar palıd, vələs, ardıc, yemişan, itburnu, böyürtkən və s. ibarətdir. Ərazinin ekoloji amilləri burada heyvanların normal məskunlaşmasına tam şərait yaratmışdır. Çöl donuzu, qonur ayı, canavar, çaqqal, tülkü, cüyür, dovşan, porsuq, kəklik, qırqovul, turac, bildirçin və s. yayılmışdır. Hal-hazırda yasaqlıq işğal altındadır və onun fəaliyyəti tamamilə dayandırılmışdır.

    * * *
    Kiçik Qızılağac Dövlət Təbiət Yasaqlığı

    Yaradıcılığı il: 1978

    Sahə(hektar): 10,700

    Olduğu yer: Lənkəran rayonunun ərazisində Kiçik Qızılağac körfəzinin orta və cənub hissəsində

    Qısa məlumat: Yasaqlığın yaradılmasında məqsəd buradakı su, bataqlıq və quru ərazilərinin köçəri və oturaq quşlarını qorumaqdır. Kiçik Qızılağac körfəzi balıqlarla zəngindir və çoxlu sayda köçəri və oturaq quşların məskənidir. Yasaqlıqda quşlardan turac, dovdaq, mərmər cürə, dəniz qartalı, məzar qartalı, sultan toyuğu, dovdaq, ərsindimdik, qırmızıdöş qaz və s., məməlilərdən canavar, tülkü, çaqqal, qamış pişiyi, porsuq, və s. növlərə təsadüf edilir.

    * * *
    Qızılca Dövlət Təbiət Yasaqlığı

    Yaradıcılığı il: 1984

    Sahə(hektar): 5,135

    Olduğu yer: Gədəbəy rayonda Gədəbəy meşə təsərrüfatının Qızılca meşəçiliyi sahəsində

    Qısa məlumat: Onun yaradılmasında əsas məqsəd ərazinin təbiət kompleksini, xüsusilə məhv olmaq təhlükəsində olan heyvanlar və bitki nümunələrini qorumaqdır. Ərazidə meşə və meşə altından çıxmış dağ- bozqır bitkiləri inkişaf etmişdir. Burada meşəni əmələ gətirən əsas ağac cinsləri palıd, fısdıq və vələsdir. Yasaqlıqda cüyür, qonur ayı, çöl donuzu, dovşan və s. heyvanlar qorunur.

    * * *
    Daşaltı Dövlət Təbiət Yasaqlığı

    Yaradıcılığı il: 1981

    Sahə(hektar): 450

    Olduğu yer: Şuşa rayonunun ərazisində Şuşa şəhərinin ətrafında

    Qısa məlumat: Şuşa şəhəri və Şuşa rayonu Qarabağın, Azərbaycanın ən səfalı və füsunkar təbiətli, zəngin tarixi abidəli sahələrindən biridir. Onların qorunmasının, etalon ərazi kimi saxlanılmasının təbiət və tarixi baxımdan mühüm əhəmiyyəti vardır. Yasaqlığın ərazisi zəngin meşə, kol və ot bitkilərinin təbii muzeyidir. Burada palıd, vələs, ağcaqayın, cökə, göyrüş, yemişan, itburnu, zoğal, əzgil, alma, armud, alça və s. ağac və kol bitkiləri normal inkişaf edir. Ərazi dərman, endemik və nadir bitkilərlə zəngindir. Burada cüyür, çöl donuzu, dələ, dovşan, canavar, çaqqal, və onlarla quş növü məskunlaşmışdır. Hal-hazırda yasaqlıq işğal altındadır və onun fəaliyyəti tamamilə dayandırılmışdır.

    * * *
    Arazboyu Dövlət Təbiət Yasaqlığı

    Yaradıcılığı il: 1993

    Sahə(hektar): 2,200

    Olduğu yer: Zəngilan rayonunun ərazisində

    Qısa məlumat: Tuqay meşələrinin qorunması və bərpası məqsədilə yaradılmışdır. Hal-hazırda yasaqlıq işğal altındadır və onun fəaliyyəti tamamilə dayandırılmışdır.

    * * *
    Qəbələ Dövlət Təbiət Yasaqlığı

    Yaradıcılığı il: 1993

    Sahə(hektar): 39,700

    Olduğu yer: Qəbələ rayonunun ərazisində

    Qısa məlumat: Qəbələ rayonunun ərazisində təşkil edilmişdir. Yaradılmasının əsas məqsədi Böyük Qafqaz dağlarının cənub yamaclarının landşaftını qorumaqdır.

    * * *
    Qax Dövlət Təbiət Yasaqlığı

    Yaradıcılığı il: 2003

    Sahə(hektar): 36,836

    Olduğu yer: Qax rayonu İlisu Dövlət Təbiət Qoruğu ilə həmsərhəd

    Qısa məlumat: Yasaqlığın yaradılmasının başlıca məqsədi yay otlaqlarında və Acınohur düzündə faunanın qorunması və nəsli kəsilməkdə olan heyvan növlərinin bərpa edilməsidir.

    * * *
    Qarayazı-Ağstafa Dövlət Təbiət Yasaqlığı

    Yaradıcılığı il: 1964

    Sahə(hektar): 11,970

    Olduğu yer: Ağstafa rayonu, Qarayazı meşələri sahəsində

    Qısa məlumat: Yasaqlığın təbii landşaft sahələri əsasən tuqay meşələrindən, palıd meşəsi, cavan qarışıq meşələr və kolluqlardan, kollu və ot bitkisi olan açıqlıqlardan, otlaqlardan, əkindən, qamışlı cəngəlliklərdən, cınqıllıqlardan, su sahəsindən və s. ibarətdir. Yasaqlığın ərazisi insanın təsərrüfat fəaliyyətinin intensiv təsirinə məruz qalsa da, heyvan və quşlarla zəngindir. Burada maral, çöl donuzu, qunduz, canavar, dovşan, meşə pişiyi, tülkü, porsuq kimi məməlilər, qırqovul, qaratoyuq, alabaxta, su fərəsi, ördək, qaşqaldaq, göyərçin, hop-hop, ağacdələn, bildirçin və s. quşlar vardır.

    Qeyd etmək lazımdır ki, erməni təcavüzü nəticəsində xüsusi mühafizə olunan təbiət ərazilərindən 2 DTQ (Bəsitçay və Qara göl) və 4 DTY (Laçın, Qubadlı, Daşaltı, Arazboyu) əraziləri (44 min hektar) işğal edilmiş, onların fəaliyyəti tamamilə dayandırılmışdır.


    Facebook




    Üyelik



  1. Yazan:
    no avatar


    REKLAM



Benzer Konular

  1. Azərbaycan Respublikasının Dövlət Himni
    Konuyu Açan: BiR-DOST, Forum: Azərbaycan Tarixi Ve Coğrafiyası.
    Cevaplar: 0
    Son Mesaj : 20.09.2013, 12:37
  2. Azərbaycan Respublikasının Dövlət qoruqları - 1
    Konuyu Açan: Ceylan, Forum: Azərbaycan Tarixi Ve Coğrafiyası.
    Cevaplar: 0
    Son Mesaj : 19.02.2013, 12:54
  3. Azərbaycan Respublikasının Dövlət rəmzləri
    Konuyu Açan: Leyl-i Lal, Forum: Azərbaycan Tarixi Ve Coğrafiyası.
    Cevaplar: 0
    Son Mesaj : 06.01.2012, 12:24
  4. Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı
    Konuyu Açan: Leyl-i Lal, Forum: Azərbaycan Tarixi Ve Coğrafiyası.
    Cevaplar: 0
    Son Mesaj : 26.01.2011, 09:58
  5. Azərbaycan Respublikasının Dövlət Bayrağı
    Konuyu Açan: MiSS-FENER, Forum: Azərbaycan Tarixi Ve Coğrafiyası.
    Cevaplar: 0
    Son Mesaj : 26.06.2009, 18:13

copyright

Soru Cevap

grafimx