Azərbaycanın çayları, gölləri və su anbarları

  1. Çaylar - Azerbaycan çayları - Gölləri və su anbarları haqqında



    Azərbaycanın ərazisi Cənub Qafqazın şərq hissəsində və Xəzər dənizinin qərbində 38024' və 41054' şimal en, 44046' və 50050' şərq uzunluq dairələri arasında yerləşir.
    Azərbaycan Respublikasının ərazisinin sahəsi 86,6 min km2-dir, onun tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının (MR) sahəsi 5,2 km2-dir.
    Azərbaycan müxtəlif və mürəkkəb relyefə malik olan əsasən dağlıq ölkədir. Burada yüksək dağ silsilələri ilə yanaşı düzənliklər, ovalıqlar və çökəkliklər mövcuddur. Ərazinin mütləq yüksəkliyi 4480 m (Bazardüzü zirvəsi, Böyük Qafqaz) və mənfi 27 m (Xəzər dənizinin hazırkı səviyyəsi) arasında dəyişir, orta yüksəkliyi isə 657 m-dir.
    Azərbaycanda dörd təbii vilayət ayırd edilir: Böyük Qafqaz, Kiçik Qafqaz (Naxçıvan MR-nin ərazisi daxil olmaqla), Lənkəran və Kür-Araz ovalığı.
    Yer kürəsində mövcud olan 11 iqlim tipindən 8-i Azərbaycanda müşahidə olunur – yarımsəhra və quru çöllər iqlimindən dağ tundra iqliminə kimi. Havanın orta illik temperaturu dağ və dağətəyi zonalarda 9-100, düzənlik zonalarda 14-15oC təşkil edir. Yağıntılar ərazidə qeyri-bərabər paylanmışdır – Lənkəran təbii vilayətində ildə 1600-1800 mm, Abşeronda isə 200-350 mm yağıntı müşahidə olunur.
    Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb. Məsələn, çay şəbəkəsinin sıxlığı 0,20 km/km2-dən (Abşeron-Qobustan) 0,84 km/km2-rə qədər (Lənkəran) dəyişir, orta sıxlıq isə 0,36 km/km2 təşkil edir.

    Çaylar

    Respublikanın çay şəbəkəsi 8350-dən çox çaydan ibarətdir ki, bunlardan 2 çayın uzunluğu 500 km-dən çox, 22 çayın uzunluğu 101-500 km arasında, 324 çayın uzunluğu 11-100 km arasındadır, əksər çayların uzunluğu isə 10 km-dən azdır.
    Azərbaycan Respublikasının çayları ümumiyyətlə Xəzər dənizi hövzəsinə aiddirlər. Ayrılıqda onlar üç hövzəyə aid edilir:
    1. Kür çayının öz hövzəsinin çayları (Kürün sol və sağ qolları)
    2. Araz hövzəsinin çayları (Arazın sol qolları)
    3. Birbaşa Xəzər dənizinə tökülən çaylar.
    Çayların su toplayıcı sahələrinin yüksəklik vəziyyətinin yerüstü axımın formalaşmasında mühüm rol oynadığını nəzərə alaraq ərazinin çayları iki qrupa bölünürlər:
    1) yüksək su toplayıcı sahələri olan çaylar – bu çayların su ayrıcılarının hündürlüyü 2500-3000 m-dən çoxdur;
    2) alçaq su toplayıcı sahələri olan çaylar – su ayrıcılarının hündürlüyü 2500-dən çox olmur. Bütün daimi axan və qismən quruyan çaylar yüksək su toplayıcı sahəyə, müvəqqəti axan çaylar isə - alçaq su toplayıcı sahəyə malikdirlər.
    Beləliklə, Respublikanın çay sistemi Kür çayı və onun qollarından həmçinin birbaşa Xəzər dənizinə tökülən çaylardan ibarətdir.
    Kür çayı Azərbaycanın əsas su mənbəyi və arteriyasıdır. Çay Türkiyənin, Gürcüstanın və Azərbaycanın ərazisindən axır. Çayın ümumi su toplayıcı sahəsi 188000 km2-dir, Azərbaycanın ərazisinə bu sahənin 58000 km2-ri və ya 31%-i aiddir. Kür çayının Gürcüstan sərhəddindən sonra Qıraq Kəsəmən məntəqəsində axım norması 270 m3/s və ya 8,52 km3-dir. Qapayıcı Kür- Salyan məntəqəsində isə orta çoxillik axım 445 m3/s və ya 14,04 km2-dir.
    Respublikanın ikinci böyük çayı və Kür çayının sağ qolu olan Araz çayı Türkiyənin ərazisindən axır, həmçinin Türkiyə ilə Ermənistan arasında, Türkiyə ilə Azərbaycan arasında, İran ilə Azərbaycan arasında həmsərhəd çaydır. Arazın ümumi su toplayıcı sahəsi 102000 km2-dir, Azərbaycanda bu sahənin 18740 km2 və ya 18%-i yerləşir. Araz çayının Novruzlu (Saatlı) məntəqəsində orta çoxillik axım 121 m2/s və ya 3,82 km2-dir.
    Respublikanın çay sistemi üç qrup çaylardan ibarətdir: transsərhəd, sərhəd və yerli çaylar. Transsərhəd (iki və ya bir neçə ölkənin ərazisindən axan) çaylara Kür, Qanıx (Alazan), Qabırrı (İori), Xrami, Arpaçay və s. çaylar aiddir. Sərhəd (iki və ya bir necə ölkə arasında həmsərhəd olan) çaylara Araz, Samur, Bolqarçay və s. aiddir. Yerli çaylar Respublikanın ərazisində formalaşır və axırlar.
    Su toplayıcının sahəsinə və sululuğuna gorə Respublikanın 2 çayı (Kür və Araz) böyük çaylara, 12 çayı orta çaylara, qalan çaylar isə kiçik çaylara aiddirlər. Yerli çaylardan yalnız 4-ü (Pirsaat, Həkəriçay, Tərtərçay və Kürəkçay) orta çay hesab oluna bilər.
    Respublikanın əsas çaylarının morfometrik xarakteristikaları aşağıdakı cədvəl 1-də verilir.





    Çay Hara tökülür (hansı sahildən) Uzunluğu, km Su toplayıcı sahəsi, kv.km Yüksəklik vəziyyəti,

    mənbə
    mənsəb
    1 Kür çayı Xəzər dənizi 1515 188000 2740 -27
    2 Qanıx (Alazan) Mingəçevir su anbarı 413 16920 2560 75
    3 Qabırrı (İori) Mingəçevir su anbarı 389 4840 2560 51
    4 Xrami Kür çayı

    (sağ)
    220 8340 2422 255
    5 Ağstafaçay Kür çayı

    (sağ)
    133 2586 3000 210
    6 Kürəkçay Kür çayı (sağ) 126 2080 3100 18
    7 Araz Kür çayı (sağ) 1072 102000 2990 -11
    8 Arpaçay Araz (sol) 126 2630 2985 780
    9 Həkəriçay Araz (sol) 128 5540 3080 268
    10 Samur Xəzər dənizi 216 4430 3600 -27
    11 Pirsaat Xəzər dənizi
    199 2280 2400 -11
    12 Bolqarçay Mahmudçala

    gölü
    168 2170 1710 -17

    Göllər

    Azərbaycan ərazisində ümumi sahəsi 395 km2 olan 450 göl müəyyən edilib ki, onlardan 10 gölün sahəsi 10 km2-dən böyükdür.
    Mənşəyinə görə Respublikada 7 tip göl müşahidə edilir:
    1) buzlaq mənşəli göllər (Şahdağ, Bazardüzü, Murovdağ və s. zirvələr olan yüksəklik zonada yerləşirlər);
    2) subasar mənşəli göllər (əsasən Kürün subasar hissəsində yerləşirlər – Sarısu, Hacıqabul, Mehman, Ağgöl və s.);
    3) bənd mənşəli göllər (Kiçik Qafqazda müşahidə olunurlar – Göygöl, Maralgöl, Ağgöl, Qaragöl və s.);
    4) laqun mənşəli göllər (Xəzər dənizinin sahilboyu zonasında yerləşirlər – Gümüşovan, Ağzıbirçala və s.);
    5) karst mənşəli göllər (Qobustanda, Hacınohurda, Ceyrançöldə yerləşirlər);
    6) sürüşmə mənşəli göllər (Ataçay, Sumqayıtçay, Girdımançay və s. çayların hövzələrində yerləşirlər);
    7) relikt mənşəli göllər (Abşeron yarımadasında yerləşirlər – Masazır, Böyükşor, Kürdaxan, Qanlıgöl və s.).
    Respublikanın ən iri gölü Kür-Araz ovalığında yerləşən Sarısu gölüdür (su səthinin sahəsi 65,7 km2, həcmi 59,1 mln. m3). Dəmiraparançayın hövzəsində və 3277 m yüksəklikdə yerləşən Tufangöl (sahəsi 0,01 km2, həcmi 0,11 mln. m3) Respublikanın ən yüksək dağlıq gölüdür. Respublikanın ən mənzərəli göllərindən biri məşhur Göygöl gölüdür. Göl 1139-cu ildə güclü zəlzələdən sonra Ağsuçayın orta axınında əmələ gəlib.
    Respublikanın əsas göllərinin morfometrik xarakteristikaları aşağıdakı cədvəl 2-də verilir.




    Göl Yerləşdiyi yer Sahəsi, km2 Həcmi, mln. m3
    1 Sarısu Kür-Araz ovalığı 65,7 59,1
    2 Ağzıbirçala Dəvəçi rayonu 13,8 10,0
    3 Göygöl Kürəkçayın hövzəsi 0,79 24,0
    4 Hacıqabul Kür-Araz ovalığı 8,4 12,1
    5 Böyük-Şor Abşeron yarımadası 16,2 27,5
    6 Ağgöl Kür-Araz ovalığı 56,2 44,7
    7 Candargöl Gürcüstanın sərhədi 10,6 51,0
    8 Qarabağ vulkanik yaylası 5,1 24,3
    9 Aşıq-Qara Həkəriçayın hövzəsi 1,76 10,2
    10 Qaraçuq Naxçıvançayın hövzəsi 0,45 2,53
    Su anbarları

    Azərbaycanda hər birinin həcmi 1 mln. m3-dən çox 61 su anbarı mövcuddur. Su anbarlarının ümümi tam həcmi 21,5 km3 təşkil edir. Su anbarları həm çayın məcrasında (məcra su anbarları) həm də ondan kənarda (məcradan kənar su anbarları) yaradılıb. Su anbarlarının əksəriyyəti fəsillik nizamlanır və suvarma üçün istifadə olunurlar. Kür, Araz və Tərtər çaylarında yaradılmış su anbarları və SES-lər – Şəmkir, Mingəçevir, Yenikənd, Varvara, Araz və Sərsəng kompleks təyinatlı su təsərrüfatı obyektləridir və energetika, suvarma, su təchizatı və s. üçün istifadə olunurlar.
    Respublikanın ən iri Mingəçevir su anbarı 1953-cü ildə istismara verilib, çoxillik tənzimləmə rejimində işləyir, Kür çayının axımı onun aşağı axınında tamamilə tənzimlənib və subasma hallarının qarşısı alınıb.
    Respublikanın əsas su anbarlarının morfometrik xarakteristikaları aşağıdakı cədvəl 3-də verilir




    Su anbarı Sahəsi, km2 Həcmi, km3
    1 Mingəçevir 605 15.73
    2 Şəmkir 116 2.68
    3 Yenikənd 23.2 1.58
    4 Varvara 22.5 0.06
    5 Araz 145 1.254
    6 Sərsəng 14.2 0.565
    7 Ceyranbatan 13.9 0.186
    8 Xanbulançay 24.6 0.052
    9 Sirab 1.54 0.013
    10 Ağstafaçay 6.30 0.12
    11 Xaçınçay 1.76 0.023

    Hidroloji müşahidələr şəbəkəsi



    Respublikanın su obyektlərində - çaylarda, göllərdə və su anbarlarında Milli Hidrometeorologiya Departamentinin (MHD) stasionar hidroloji müşahidələr şəbəkəsində 93 hidroloji məntəqə fəaliyyət göstərir. Həmin məntəqələrdə təlimata uyğun olaraq su obyektinin vəziyyəti, suyun səviyyəsi, temperaturu, su sərfləri, dalğalanma və su rejiminin başqa elementləri üzərində standart hidroloji müşahidələr aparılır.
    Bütün bu işlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Dövlət sularının uçotu və onlardan istifadə” Qərarı və müvafiq Əsasnamə əsasında aparılır.




    Azərbaycanın çayları, gölləri və su anbarları

    Milli Hidrometeorologiya Departamentinin hidroloji məntəqələrindən daxil olan müşahidə məlumatları MHD-nin müvafiq qurumlarında sistemləşdirilir və Dövlət Su Kadastrı (DSK) şəklində hazırlanır. DSK Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Dövlət Su Kadastrının qaydaları haqqında” Qərara və eyni adlı Əsasnaməyə uyğun olaraq aparılır. Həmin Qərara əsasən DSK-nın “Yerüstü sular” bölməsi üzrə aparılması MHD-ə həvalə edilmişdir. DSK-da toplanan su obyektlərinin çoxillik müşahidə məlumatları Azərbaycan ərazisinin yerüstü sularının ehtiyatlarının hesablanmasına imkan verir.

    Azərbaycan Respublikasının yerüstü su ehtiyatları

    Azərbaycanda yerüstü su ehtiyatlarının mənbələrini çaylar, göllər, su anbarları və s. təşkil edir. Yerüstü suların əsas ehtiyatları çaylarda cəmlənib.
    Azərbaycan çaylarının su ehtiyatları yerli və tranzit çayların hesabına formalaşır.Yerli çayların axımı bütövlükdə Respublika ərazisində formalaşır və onlar bütünlüklə onun ərazisindən axırlar. Tranzit çayların əsas axımı Respublika ərazisindən kənarda, xarici ölkələrdə formalaşır.
    Respublikada 21 tranzit çay mövcuddur və onlarin əksəriyyəti Kür və Araz çaylarının hövzələrinə aiddir.
    Azərbaycan Respublikası çaylarının su ehtiyatları ayrılıqda əsas çayların- Kür və Arazın hövzələri üçün və bütövlükdə Respublikanın ərazisi üzrə qiymətləndirilib.
    Kür və Arazın hövzələri müvafiq olaraq dörd və beş ölkənin ərazisində yerləşir.
    Kür çayı (Araz ilə birlikdə) hövzəsinin su ehtiyatları bütövlükdə müxtəlif qiymətlərə görə 25,9-26,9 km3 arasında dəyişir. Xarici (qonşu) ölkələrdən Kür çayının Respublika ərazisinə daxil olan axımı 19,6-20,8 km3 və ya ümumi su ehtiyatlarının 76-77%-ni təşkil edir. Respublika ərazisində formalaşan axım (yerli axım) isə 5,64-7,34 km3-dir.
    Kür çayı hövzəsinin (Araz çayı istisna olmaqla) su ehtiyatı 86000 km2 su toplayıcı sahəsindən 16,-17,8 km3 –dir, qonşu ölkələrdən daxil olan axım 11,7-12,7 km3 və ya 70-71% təşkil edir, yerli axım isə 4,50-6,02 km3-dir.
    Araz çayı hövzəsinin su ehtiyatı 102000 km2 su toplayıcı sahəsindən 9,10-9,30 km3 bərabərdir, qonşu ölkələrdən daxil olan axım 7,70-8,10 km3 və ya 85-87%-dir, yerli axim isə 1,04-1,40 km3-dir.
    Xəzər dənizinə tökülən çayların su ehtiyatları bütövlükdə 2,17-3,41 km3-dir, qonşu ölkələrdən daxil olan axım 0,14 km3-dir, yerli axım isə 2,17-3,27 km3 təşkil edir.
    Azərbaycan Respublikası çaylarının su ehtiyatları bütövlükdə müxtəlif qiymətlərə görə 28,1-30,3 km3 təşkil edir. Qonşu ölkələrdən Respublika ərazisinə daxil olan axım 19,7-20,3 km3 və ya 67-70% təşkil edir. Respublika ərazisində formalaşan axım həcmi isə 7,81-10,6km3 təşkil edir . Beləliklə, qonşu ölkələrdən daxil olan axım 2,0-2,5 dəfə yerli axımdan çoxdur.
    Azərbaycanda suyun çatışmamazlığı müşahidə olunur ki, bunu da ərazinin hər 1 km2-ə düşən su təminatı ilə göstərmək olar. Yerli axım ilə Respublika ərazisinin təmin olunması 90-122 min m3/il təşkil edir. Xarici ölkələrdən daxil olan axımı nəzərə alaraq Respublikanin bütövlükdə su ilə təmin olunması 324-350 min m3/il təşkil edir.
    Respublikanın göllərində şirin su ehtiyatları 0,90 km3-dir, göllərin su səthinin sahəsi isə 394 km2-dir.
    Respublikanin su anbarlarinin tam həcmi 21,4 km3, işçi həcmi 12,4 km3-dir, su səthinin sahəsi isə 694 km2-dir.

     

     

    Sarsın - 01.05.2012 - 00:24



Benzer Konular

  1. Dalğalı göllərinə and içirəm
    Konuyu Açan: Ceylan, Forum: Azərbaycan Ədəbiyyatı və İncəsənət.
    Cevaplar: 0
    Son Mesaj : 12.03.2013, 07:47
  2. Göllər və digər su hövzələri
    Konuyu Açan: Sarsın, Forum: Azərbaycan Tarixi Ve Coğrafiyası.
    Cevaplar: 0
    Son Mesaj : 01.05.2012, 00:49
  3. Göllərdə sazan
    Konuyu Açan: Sarsın, Forum: Azərbaycan Mətbəxi.
    Cevaplar: 0
    Son Mesaj : 01.01.2012, 23:55
  4. zəifləmə Çayları
    Konuyu Açan: Nerissa-Su, Forum: Qadınlar üçün.
    Cevaplar: 0
    Son Mesaj : 19.12.2011, 11:35
  5. Bitki çayları
    Konuyu Açan: Lady_rap, Forum: Azərbaycan Mətbəxi.
    Cevaplar: 0
    Son Mesaj : 20.07.2010, 12:53

copyright

Soru Cevap

grafimx