REKLAM




+ Konuyu Cevapla

Cəngəlliklər qoynunda ekzotik istirahət – Şri-Lanka

  1. Yazan: Sarsın
    No Avatar

    REKLAM


    Şri-Lanka



    Qışda, soyuq havada isti bir məkana getmək, günəş şüalarından isinmiş qum üzərində gəzmək yəqin ki, hamının arzusudur. Bunun üçün gedəcəyin yeri çox fikirləşməyə ehtiyac yoxdur. Qızıl kimi parıldayan qum, iriyarpaqlı palma meşələri, vəhşi heyvanlarla dolu olan safari – sehirli tarixi ölkə Şri-Lanka adasını seçmək heç də yanlış olmazdı. Hind okeanında yerləşən bu möhtəşəm ada sanki nağıllardan çıxmış bir ölkədir. Paytaxtı Kolombo şəhəridir.

    Bakıdan Şri-Lankaya birbaşa uçuş olmadığı üçün Dubay-Kolombo reysindən istifadə etməlisən.

    Hava limanına enən kimi turistlərlə məşğul olan şirkətin nümayəndəsi yaxınlaşır, təşkil edilən avtomobillə qalacağın otelə yola düşürsən. Kolombonun ən möhtəşəm otellərindən biri olan Holiday İnndir. Gülərüz personal bu ölkənin əhalisinin çox mehriban olduğundan xəbər verir. Ümumiyyətlə, yerli əhali turistlərə xüsusi mehribançılıq göstərir. Otelin mənzərəsi okeana açılır. İnsan saatlarla pəncərə qarşısında durub, mavi suyu olan okeana baxmaqdan doymur. Burada bütün otellər yüksək səviyyədə qurulub. Hər birində istədiyini tapa bilərsən. İdman zalı, gözəllik salonu, masaj üçün xüsusi otaqlar. Otaqlarda qazlı sular qoyulur. Burada insanlar adi su içmirlər. Çünki onların tərkibi zəhərlidir. İstifadə üçün suyu mütləq qaynadırlar. Gecə yatarkən pəncərəni və qapını möhkəm bağlamağı unutma. Bu həşəratlardan qorunmaq üçün vacibdir.

    Hava şəraiti ilin bütün fəsillərində ekzotik gəzintiyə, çimərliyə getməyə imkan verir. Şri-Lankada ən aşağı temperatur 27 dərəcə olur. Dağətəyi ərazilərdə hərdən azca yağış yağır.

    Turistlərin istədikləri yerə gedə bilmələri üçün 24 saat taksi və avtobuslar fəaliyyət göstərir. Əgər sərbəst gəzmək istəyirsənsə, kirayə avtomobil götürə bilərsən. Bu o qədər də baha deyil. Bir gün üçün cəmi 35 dollar ödəyəcəksən.

    Buddanın vətəni

    Şri-Lanka Buddanın vətəni hesab edilir. Burada bütün kəndlərdə, şəhərlərdə məşhur Buddanın məbədi var. Gəzmək üçün seçim çoxdur. Əsas ilk gedəcəyin yeri təyin etməkdir. Hər yer o qədər gözəldir ki, hamısını bir anda görməyi arzulayırsan.

    Şri-Lankanın ən qədim və tarixi şəhərlərindən biri Anuradhapuradır. Bura Müqəddəs şəhər adlanır. Turistləri gəzmək üçün ilk olaraq bu şəhərə, məşhur əkizlər hovuzunu görməyə gətirirlər. Bu hovuzun qəribəliyi odur ki, içərisinə tökülən çirkli sular dumduru olur.

    Polonaruva – tam fərqli bir şəhərdir. Burada özünü qədim dünyada, hiss edirsən. Şəhərdə cəmi min ev var. Hamısı ikimərtəbəli, eyni formada və ölçüdədir. Gildən tikilən ikimərtəbəli evlərdə kasıblar, qırmızı kərpicdən tikilənlərdə isə varlılar yaşayır. Şəhərdə meşə, göl, böyük ağaclar adamı heyran edir.

    Burada məşhur Budda məbədi yerləşir. Məbədin giriş qapısı ay daşındandır. Dünyanın ən gözəl freskaları bu məbəddədir. Freskalarda Buddanın həyatı, ailəsi əks olunub. Məbəddə ən maraqlı rəsmlərdən biri də əjdahanın əksidir. Əllə çəkilən rəsmlərin rəngi indicə çəkilmiş kimi təbiidir. Bu məbədin 2 mindən artıq yaşı olmasına baxmayaraq rənglər solmayıb.

    Cəngəlliklər arasında bir gecə

    Səyahət Siqiriya şəhərinə gəzinti ilə davam edir. Yolda məşhur fil parkı Pinavelləyə mütləq baş çək. Burada nəhəng fillər saxlanılır. Bu parkda həm də ən gözəl suvenirlər satılır. Siqiriyada ən yaddaqalan hadisələrdən biri fillərlə safarini gəzməkdir.

    Ən qədim Budda Dambula əyalətində saxlanılır. Burada möhtəşəm «Minnətdarlıq məbədi» var ki, orada qədim dövrə aid olan əsərlər saxlanılır. Qədim gəmilərin saxlandığı muzey də Dambulada yerləşir. Muzeyə girərkən insanı qeyri-adi qorxu bürüyür. Ətrafda vəhşi heyvanların səsi, içəridə isə qəribə uğultu var. Deyilənə görə, bu səs gəmidə həlak olanların hələ də rahatlıq tapmayan ruhlarıdır.

    Qızıl və zümrüddən olan Buddanı şri-lankalılar Kandi şəhərində saxlayırlar.

    Müsəlman məscidi:

    Şri-Lankanın Kataraqama kəndində müsəlman məscidi Məscid-ul-Hizr yerləşir. Ümumiyyətlə, bura şri-lankalıların Məkkəsi sayılır. İldə bir dəfə burada böyük bayram keçirilir. Ölkənin dörd bir yanından kasıblar, xəstələr məscidə yığışır. İnsanlar əllərində içərisi düyü və çiçəklərlə dolu olan məcməyi tutub, sıraya düzülürlər. İçərisi dolu olan məcməyini yaxınlaşıb məbədə qoyurlar. Arzu tutub, onlara verilən kokosu yerə qoyulan müqəddəs daşla sındırırlar. Əgər kokos iki yerə bölünsə demək, arzun tezliklə, yerinə yetəcək. Əgər kakos çox hissəyə parçalansa, həyatında bədbəxtlik olacaq.

    Əsl cəngəllikləri gəzib, dünyanın ən qeyri-adi bitkilərini, güllərini, nəhəng səhləb çiçəyini görmək istəyirsənsə, onda Ritiqalaya get. Burada həmçinin vəhşi böcəklərlə dolu olan mağara da var. Mağaranın yuxarısından su damcıları tökülür. Qorxulu filmləri xatırladan bu mağaranı gəzmək hər turistin işi deyil. Mağaradan gələn səsi eşitdikcə adamı vahimə bürüyür.

    Kral botanika bağı – Buradakı ağaclar turistləri heyran edir. Maraqlı çiçəkləri olan bu bağda 175 növ palma ağacı var. Hər tərəf isə meymunlarla doludur. Əgər nəyisə sındırmaq, özünlə xatirə kimi bir çiçək və ya yarpaq qırıb, götürməyə çalışsan meymunlar sənə hücum edəcək.

    Ratnapura – dünyanın və Şri-Lankanın ən qiymətli yeri sayılır. Burada hər yan bahalı daşlarla – saffir, yaqutla bəzədilib. Ametis, topaz və bir çox daşlar məhz burada tapılır. Ratnapurada qiymətli daşlardan tikilən sarayın parıltısı hələ şəhərə girmədən görünür. Turistlərə burada qiymətli daşların hazırlandığı zavodları gəzməyə də icazə verirlər.

    Dünyanın bir-iki ölkəsində rast gəlinən yağışlı meşə Şri-Lankada da var. Sinharaja adlanan yağışlı meşədə nəhəng kəpənəklər olur. Meşədə leopartlar, çöl donuzu, marallar, buqələmun görəcəksən. Onlardan qorxma. Onlar artıq turistlərə öyrəşiblər. Meşənin ən qəribə halı odur ki, burada ağaclar bir-birinə bağlı formada bitib və orada daim yağış yağır. Onların birini kəsib, digərindən ayırmaq mümkün deyil. Cəngəlliyin sirli sakitciliyi insan ruhunu tamam başqa yerə aparır. Sinharaja ən qədim yağışlı meşə olduğu üçün YUNESKO tərəfindən qorunur. Meşəni gəzmək üçün 50 dollar ödəməlisən. Bura özünlə siqaret gətirmək qadağandır. Gözətçilər içəri girmək istəyən bütün insanların üstündə axtarış aparıb, siqaretlərini alırlar.

    Səyahət dünyanın ən gözəl zooparklarından biri hesab edilən «Dehivala zoo» ya gəzinti ilə davam edir. Zooparka giriş turistlər üçün 10 dollardır. Əgər özünlə kamera və ya fotoaparat götürmək istəyirsənsə, əlavə 5 dollar da ödəməlisən. İlk dəfə ağ qarğanı burada görəcəksən. «Dehivala zoo»da 750 növ quş saxlanılır. Onlardan 300-ü yalnız burada var. Ən maraqlısı odur ki, bu zooparkda olan timsahlar ancaq meyvə yeyir, bellərində isə tısbağaları gəzdirirlər.

    Unavatunaya yolun düşsə, mütləq Napaleonun sualtı qayasına get. Yolboyu mənzərəyə heyran qalacaqsan. Okeanın üstündə dəniz mələyi uçur. Ətrafında isə şar balıqlar gəzişir. Kral qapısının girişində kloun-balıq dayanır. Deyilənə görə, buranı gözəgörünməz vəhşi qulyabani balıqlar qoruyur. Buna görə də batmış gəmidən nəsə götürmək qadağandır. Dəniz quldurları bura dəfələrlə gəlib, qiymətli daşları götürməyə çalışsalar da onların aqibəti məlum olmayıb.

    Vedi əhalisi

    Şri-Lankada məşhur və qəribəlikləri ilə seçilən vedı əhalisi yaşayır. Hələ qədim dövrün adətləri ilə yaşayan vedilər sivilizasiyadan kənardırlar. Onlar arıçılıqla, bal satmaqla məşhurdurlar. Vəhşi arı balı – vedı əhalisinin ən ləzzətli qidasıdır. Onlar balı gecə yığır, onların bal yığmaları da xüsusi mərasimdir. 10-11 yaşını tamamlayan bütün gənclər balyığma mərasimində iştirak edə bilər.

    Mətbəxi:

    Şri-Lanka mətbəxi Hindistan mətbəxinə oxşayır. Yeməklərdə daha çox balıqdan, göyərtidən, ədviyyatdan istifadə olunur. Bütün yeməkləri bol istiotludur. Şri-Lanka mətbəxi əsl acını sevənlərin yeridir. Bu, sizin üçün əsl dəyişiklik olacaq. Gözəl souslar hazırlanır. Bütün yeməklərin yanında onun dadına uyğun sous gətirilir. Souslara darçın və qırmızı istiot tökülür. Qırmızı və qara istiot, xardal, zəfəran və sarımsaq qatılaraq hazırlanan sousun dadına mütləq bax. Bu sous dəniz məhsullarından hazırlanan yeməklərin üstündə təqdim edilir. Ən dadlı yeməklərdən biri də «umbalakada»dır. Kokosdan, kokos şirəsindən və yağından, palma şirəsindən hazırlanan bu yeməyin tərkibi və dadı qəribə olsa da xoşagələndir.

    Şri-Lanka mətbəxində yeməklərin əksəriyyəti, hətta makaronlar da düyü unundan hazırlanır.

    Şri-Lankalılar ən çox müsəlman plovunu və kababı sevirlə. Restoranların əksəriyyətinin menyusunda bunlara rast gəlmək olar.

    Bütün restoranlarda İsveç stolu təqdim olunur. Burada Şri-Lanka mətbəxi ilə yanaşı, Avropa mətbəxinin də ləziz təamları dadmaq olar. Acı yeməklər xüsusi qablara qoyulur ki, onların çox istiotlu olduğu seçilsin.

    Şri-Lankada ən bahalı yeməklər ilan, meymun, kərtənkələ, timsah və tısbağa ətindən bişirilir.

    Spirtli içkilər bütün marketlərdə satılır. Amma onları həmişə içmək qadağandır. Ay bütöv olanda spirtli içkiləri alıb, içmək olmaz. Həmin gün restoranlarda içki istəyən cəzalandırılır.

    Deyilənə görə, dünyada ən dadlı suşi məhz bu ölkədə hazırlanır.

    Alış-veriş:

    Şri-Lanka bahalı daş-qaşları ilə məşhurdur. Burada gözəl zinət əşyaları tapmaq olar, özü də münasib qiymətə. Ratnapura şəhərində həftədə bir dəfə saat 9.00-dan 14.00-a kimi bahalı zinət əşyalarının satıldığı yarmarka keçirilir. Mağazalarda müxtəlif mənaları ifadə edən ağacdan və dəridən düzəldilən gözəl maskalar satılır. Deyilənə görə, bu maskalara daha çox dua-cadu edirlər.

    Şri-Lankada alış-verişə çıxarkən malları endirməmiş alma. Onda səni axmaq hesab edib, ələ salarlar. Çünki satıcılar bütün mallara endirim edirlər. Mağazalar saat 8.00-dan 23.00-a kimi açıq olur. Yarmarkalarda çantanı oğrulardan qoru.

    Yaddan çıxartma:

    Turistlər ölkəyə özləri ilə10 min dollardan artıq pul gətirə bilməz. Ölkədən çıxaracağın suvenirlərin, ətirin, içkinin dəyəri 250 dollardan baha olmamalıdır. Bitki, siqaret, cilallanmamış dəyərli daşlar çıxartmaq qadağandır.

    Buddanın qarşısında dayanıb, şəkil çəkdirmək ədəbsizlik hesab edilir.

    Dövlət binalarının qarşısında şəkil çəkdirməksə qəti qadağandır. Yoxsa külli miqdarda cərimə ödəməli, hətta həbsdə belə yatmalı olarsan.

    Əgər yerli insanlardan kiminləsə şəkil çəkdirmək istəyirsənsə, əvvəlcə icazə almalı, həmin adama 5-10 dollar ödəməlisən.

    Məbədlərə girəndə örtülü geyinmək vacibdir, saçın və dərin görünməməlidir.

    Çimərlikdə çılpaq qaralmaq qadağandır. Hətta çimərlikkənarı kafelərə və başqa restoranlara açıq-saçıq geyimdə – şortikdə girmək olmaz.

    Bir həftəlik gediş-dönüş bileti 654 manatdır. Əgər gözəl yerləri gəzmək, bol alış-veriş etmək istəyirsənsə, ən azı 6 min manatından keçməlisən

    Alıntı..


    Facebook




    Üyelik



  1. Yazan:
    no avatar


    REKLAM



Benzer Konular

  1. Sri Lanka’da Tatil
    Konuyu Açan: BiR-DOST, Forum: Tatil Rehberi.
    Cevaplar: 0
    Son Mesaj : 06.08.2013, 02:37
  2. Ekzotik meyvə Feyxoa
    Konuyu Açan: Sarsın, Forum: Sağlamliq.
    Cevaplar: 0
    Son Mesaj : 07.01.2012, 16:06
  3. One Sri Lanka Channel
    Konuyu Açan: YoRGun-ŞaiR, Forum: Frekanslar.
    Cevaplar: 0
    Son Mesaj : 30.05.2010, 05:08
  4. Sri Lanka
    Konuyu Açan: CA-CHALLENGE, Forum: Dünya Ülkeleri.
    Cevaplar: 2
    Son Mesaj : 04.05.2009, 16:17
  5. Ekzotik Tavuk Çorbası
    Konuyu Açan: SU-PERISI, Forum: Çorbalar.
    Cevaplar: 1
    Son Mesaj : 13.12.2007, 11:02

copyright

Soru Cevap

grafimx