Novruz Adətləri

  1. Hər xalqın həyatında, məişətində çoxlu bayramlar olsa da, onlardan biri daha məşhur, daha sevimli olur. Azərbaycan xalqınında eləliklə keçirdiyi belə bir bayram Novruz bayramıdır.

    Günəş dünyanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçdiyi vaxt gecə ilə gündüz bərabərləşir. ….. Bu vaxt qış qurtarır, Yaz fəsli başlayır. Elə Novruz bayramıda bu gündə keçirilir. Deməli, Novruz bayramı əslində yazın, baharın ilk günü, təbiətin canlanması, torpağın oyanması bayramıdır. Adamlar novruz bayramının pişvazına çıxarlar. Onu nəğməylə qarşılayarlar:

    Novruz, novruz bahara,

    Güllər, güllər nübara,

    Bağçamızda gül olsun,

    Gül olsun bülbül olsun,

    Bahar gəldi, Bahar gəldi, Xoş gəldi,

    Xəstə könül onu görcək dirçəldi.

    Əkinçi məhsul əkəcəyi torpağın şumuna başlayır. Bağban meyvə ağacların quru budağlarını kəsib atır. Uşaqlar Novruz gülü, qar çiçəyi üçün meşələrə, çöllərə üz tuturlar.

    El-obada, hər ayilədə Novruz Bayramının gəlməsinə azı bir ay qalmış hazırlıq işləri aparılır. Evlər Ağardılır, Paltar-palaz, qab-qacaq yuyulur. Həyət-baca süpürülüb təmizlənir. Hamı üçün təzə paltar tikilməyə cəhd göstərilir.

    Novruz bayramının çərşənbələrində həyətlərdə tongal yandırılır. Tonqalın üstündən hoppanıb köhnə ilin azar-bezarı da yandırılır. Odun üstündən hoppananlar nəğmələrdə oxuyarlar.

    Ağırlığım-uğurluğum odlara,

    Yazda mənlə hoppanmayan yadlara.

    Yaxud:

    Ağrım-uğrum tökülsün,

    Oda düşüb kül olsun.

    Yansın alov saçılsın,

    Mənim bəxtim açılsın.

    Novruz bayramında qulaq falına çıxmaq adəti də vardır. Qaranlıq düşəndə niyyət tutub qonşuların danışıqlarına qulaq asmağa gedərlər. Ilk eşidilən söz tutulmuş niyyətə uyğun olaraq yozulur.

    Odur ki, Novruz bayramı axşamında evlərdə könül açan, ümid verən söhbətlər danışılmalıdır. Novruz bayramında ən çox yayılmış adətlərdən biri də qurşaq salmaqdır. Daha çox uşaqlar, cavanlar qaranlıq düşəndə evbəev gəzib bacadan, pəncərədən qurşaq sallayıb bayrampayı alırlar.

    Onların qurşaqlarına qovurqa, boyanmış yumurta, alma, armud, ərik, qavalı qurusu, cürbəcür şirniyyatlar bağlayırlar. Azərbaycanın böyük şairi şəhriyar da " Heydərbabaya salam" əsərində bu qurşaq sallamadan danışıb:

    Bayram idi gecəquşu oxurdu,

    Adaxlı qız bəy corabın toxurdu,

    Hər kəs şalın bir bacadan soxurdu,

    Ay nə gözəl qaydaydı şal sallamaq,

    Bəy şalına bayrampayı bağlamaq.

    şal istədim məndə evdə ağladım,

    Bir şal alıb tez belimə bağladım,

    Qullamgilə qaçdım şalı salladım,

    Fatma xala mənə corab bağladı.

    Xan nənəmi yada salıb ağladı.

    Novruz bayramı süfrəsinə cürbəcür xörəklər, çərəz, şirniyyat düzülür. Səməni, gül-çiçək, güzgü, su, qızıl əşyalar qoyulur. Evdəkilərin hər birinin adına şam yandırılır.

    Inama görə, Novruz bayramı axşamında hər kəs gərək öz evində olsun. Həm də hamı dərd-qəmi unudub şən ovqatlı olmalıdır. Onda bütün il adam üçün elə belə keçər.

    Novruz bayramı günündə adamlar taza paltarlarını geyib bir-birinin evinə bayram təbrikinə gedər, hədiyyələr apararlar. Bayramlaşmağa gələnlər üçün süfrəyə Novruz munasibətilə bişirilmiş şəkərbura, paxlava, qoğal və başqa şirniyyatlar, çərəzlər düzülür.

    Novruz bayramında kin-küdürət unudulmalıdır. Heç kəs gərək bir-biri ilə küsülü qalmasın.

    Novruz bayramı yadda bolluq, xeyirxahlıq, gözəllik bayramı kimi qalır.

     

     

    Leyl-i Lal - 21.01.2010 - 17:33



Benzer Konular

  1. Novruz Mesajları - Novruz Bayramınız Mübarək
    Konuyu Açan: Leyl-i Lal, Forum: Azərbaycan Həyat tərzi.
    Cevaplar: 0
    Son Mesaj : 20.03.2011, 23:45
  2. Novruz Kökəsi
    Konuyu Açan: Leyl-i Lal, Forum: Azərbaycan Mətbəxi.
    Cevaplar: 0
    Son Mesaj : 15.03.2011, 15:40
  3. Novruz Adətləri
    Konuyu Açan: Leyl-i Lal, Forum: Azərbaycan Həyat tərzi.
    Cevaplar: 0
    Son Mesaj : 17.03.2010, 23:00
  4. Novruz - Novruz Bayramı
    Konuyu Açan: Leyl-i Lal, Forum: Azərbaycan Həyat tərzi.
    Cevaplar: 8
    Son Mesaj : 15.03.2010, 12:10
  5. Novruz gəlir yaz gəlir
    Konuyu Açan: Leyl-i Lal, Forum: Azərbaycan Tarixi Ve Coğrafiyası.
    Cevaplar: 0
    Son Mesaj : 21.01.2010, 17:35

copyright

Soru Cevap