Zəlimxan Yaqub

  1. Zəlimxan Yaqub - Zəlimxan Yaqub Haqqinda - Zəlimxan Yaqub Roportaj




    Zəlimxan Yaqub: “50 yaşımda ömrümə bir sevgi gəldi, adını demirəm, eldən ayıbdır”


    “Qəbrin içinə girib, tabutu qaldırdım, Jan-Jak Russo 3-4 dəfə gözlərini açıb, yumdu”

    Lent.az-ın “Persona” rubrikasının qonağı Azərbaycanın xalq şairi, Aşıqlar Birliyinin sədri, “Şöhrət” ordenli, H.Z.Tağıyev adına mükafata və Gürcüstan Respublikasının "Şərəf" ordeninə layiq görülmüş Zəlimxan Yaqubdur. Zəlimxan Yaqub həyat yolundan, acılı-şirinli xatirələrini danışdı...

    - Zəlimxan Yaqubun böyrəyindən əməliyyat olunması cəmiyyət üçün gözlənilməz xəbər oldu. Sizin üçün necə, gözlənilən idimi?

    - Bu, bədənimdə aparılan üçüncü cərrahiyə əməliyyatıdır. Hər 3-5 ildən bir əməliyyat olub. Almaniyada ürəyimdə olan əməliyyatdan sonra heç bir ağrı hiss etmirdim. Çox böyük ruh yüksəkliyi ilə yaradıcılıqla məşğul idim. Anadan olmağımın 60 illiyi ilə əlaqədar Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnamə” kinostudiyası mənimlə bağlı 1 saatlıq film çəkir. Dekabr ayının 22-də Gənc Tamaşaçılar Teatrında onun təqdimat mərasimi olacaq. Həmin filmin çəkilişi ilə bağlı ssenari müəllifi Mövlüd Süleymanlı və Aydın Dadaşovla Qırğızıstana, Özbəkistana, Qazaxıstana, İrana, Türkiyəyə, Gürcüstana, Azərbaycana, Dərbəndə çox maraqlı səfərlər etdim. Sürgündə olanlarla da görüşdüm. 1991-ci ildə Qazaxıstanda olub, sürgündəkilərlə görüşmüşdüm, ürəyimdə bir yaralı əsər o zamandan qalmışdı. “Sürgün” əsəri yazılmalı idi. Şükür Allaha, o əsər də yazıldı. Nə idi filmin canı? Zəlimxan Yaqubun timsalında Türk Dünyasının təqdimatı, Türk Dünyasının təqdimatında Zəlimxan Yaqubun yaradıcılığının sərgisi, açımı. Taleyimə bir daha şükür, Allahıma minnətdarlıq edirəm ki, 60 yaşım ərəfəsində müqəddəs yerlərdə, istər Orta Asiyada, yəni qədim Türküstanda, ulu babalarımızın vətənində, istər Ərdəbildə, istər Təbrizdə, istər Türkiyədə, istər Dərbənddə, istər Borçalıda çox unudulmaz, yaddaqalan, hətta məni hönkürtü ilə ağladan görüşlər oldu. Elə mənzərələr yaranırdı ki, bəzən az qalırdım, imkanım olsa, əlimi atıb, ürəyimi sinəmdən çıxarıb, o millətin üstünə atım. Mənə elə gəlir ki, çox böyük əziyyət oldu. Amma mən zərrə qədər onun əziyyət olduğunu başa düşmədim. Çünki duyğular o qədər şahə qalxmışdı ki, yeddinci göylə gedirdim. O film çəkildi. Artıq hər şey qaydasındadır, bir gün dostlarımla görüşmək üçün Mərkəzi Klinik Xəstəxanaya gedirdim. Birdən həkimlər dedilər ki, Zəlimxan müəllim, rəngin xoşumuza gəlmir, istəyirik səninlə məşğul olaq. Dedim, əşi, məndə nə var. Yoxladılar, böyrəyimdə əməlli-başlı şiş. 12 santimetr böyrəkdir, 7 santimetr şiş əmələ gəlib. Dedilər, təcili əməliyyat olunmalısan. Məsləhət oldu ki, Türkiyəyə gedim, İstanbuldakı Amerika xəstəxanasında müalicə olunum.

    - Əməliyyat öncəsi hansı duyğular keçirdiniz, nələr fikirləşirdiniz?
    - Göyün yeddinci qatında qıy vurub süzən qartalı elə bil ki, birdən-birə şappıltı ilə vurub yerə salırsan. Dedilər, şiş çoxdur, ola bilsin, başqa şey olsun. Bu qədər fəal olan, coşan, daşan, qabaran, çəkilən, yaradan, hər gün yumruğu havada, sinəsi sazda, əli qələmdə, dodağı nəğmədə, yerlə, göylə əlləşən Zəlimxan birdən-birə bu mənzərə ilə qarşılaşanda möhkəm bir sarsıntı keçirdi. Amma çox şükür Allaha, tez ayıldım, özümə qalib gəldim ki, nə olub, axı sən mübarizsən, meydangərd adamsan, hər şey səni qorxutmamalıdır, belə əməliyyatları çox görmüsən. Baxdım dünyanın axar-baxarına, Adəmindən Xatəminə, gələnlər, gedənlər, Dədə Qorqud demiş, doğulanlar, ölənlər. Yavaş-yavaş bu proses məndə adiləşməyə başladı. Ürəyimdən, qanımdan, etiqadımdan gələn bir sualı qarşıya qoydum. Birdən getdim, qayıtmadım, olmadı elə, oldu belə? Arxaya boylandım. Gördüyüm işləri ələkdən-xəlbirdən keçirəndə yenə də ürəyimə bir sakitlik gəldi. Gördüm ki, illətdə də, övladda da, sənətdə də, siyasətdə də, ailədə də çox iş görmüşəm. Belə qənaətə gəldim ki, öləndə rahat öləcəm, əzab çəkməyəcəm, mələk kimi uçub gedəcəm. Çünki heç kəsin yanında gözükölgəli deyiləm. Heç vaxt nə əlimdən, nə dilimdən, nə belimdən bu xalqa müxənnətlik, xəyanət olmadı. Mən fikirləşdim ki, insan Allahın yerdəki nümayəndəsidir, bu böyük insanı xırdalamaq, balacalaşdırmaq olmaz! Bu insanın ömrü azdır. Bir gün mən bostanına daş atım, bir gün sən təhqir et, bir gün o birisi söysün, bir gün biri qapaz, o biri şillə vursun, bu, məhv olub gedir.
    Mən hələ Bakıya gələnə qədər Borçalıda çox güclü ağsaqqallar mühitində yetişmişəm, hərəsi bir Dədə Qorqud idi. Özü də təkcə məzmun etibarilə yox, həm də görkəm, forma etibarilə. Enlikürək, hündürboy, uzun saqqal, ala göz, ağ sifət, çəkmə çiyin, eşmə bığ kişilər olurdu. Savadsız bir adam idi, amma ağzından söz çıxanda heyrətə gəlirdin. Mənim fəxr edəcəyim şey o olub ki, mən insanları sevindirmişəm, insanlar məni görəndə sevinib. Bundan böyük mənim bu dünyada bu xalq, bu millət qarşısında xidmətim yoxdur. Bu, mənim həm kitablarımla, həm yaddaşımla, həm aydın danışığımla, həm nitqimlə, həm ustadlara layiq çaldığım sazla, saz üstündə oxuduğum avazla, havacatla bağlı olub. Ona görə də mən taleyimə minnətdaram ki, əməliyyat qabağı Türkiyəyə gedəndə yaşadığım duyğular bu duyğlar idi. Mən bu cahana sığışmadım. O biri cahana da sığışmaq istəmirəm. Burada gəzməyə, yazmağa, yaratmağa mənəvi haqqım olduğu kimi, orada da mənəvi haqqım olmalıdır. Əməliyyat qabağı xəyalımdan keçən bunlar olub.

    - Zəlimxan Yaqubu Borçalı mühitinə, Azərbaycana bəxş edən ailə necə bir ailə olub?

     

     

    Leyl-i Lal - 14.12.2009 - 01:16
  2. - Atamın atası Şamil kişinin özündən başqa 5 qardaşı olub, hamısı bir-biriylə imam-peyğəmbər kimi yola gedib. 6 babam mənim başıma sığal çəkib, hamısı məni qucaqlarına alıb oynadıb, mənə nağıl, dastan danışıb. Hətta əmilərimin biri yaşayır, 96 yaşındadır, filimdə də görəcəksiniz. 6 qardaşın böyüyü babam Şamil kişi olub. Mənim babam da qardaşların böyüyü olub, atam Yusif müəllim də qardaşların böyüyü olub, mən də qardaşların böyüyüyəm. Bunu niyə xüsusi vurğulayıram? Babam qardaşların böyüyü olduğuna görə hər vaxt, daha çox da qış gecələrində bütün qardaşlar o evə yığışırdılar. Çünki yazda, yayda aran, yaylaq, dağ, binə, qoyun, sürü, ilxı, naxır, hərəkət, bərəkət, əkmək, biçmək, səpmək olurdu. Elə ki, payız, qış ayları gəlirdi, həmişə o 6 qardaş və oğul-uşağı bizim evə, yəni böyük qardaşların evinə yığılardılar. Bu qardaşların biri çoban idi, Yaquboğlu Hümbət deyirdilər ən məşhur atıcı idi, sapı vururdu. Sizi inandırıram, o qoyundan, quzudan, canavardan, itdən danışırdı, elə danışırdı ki, hamı saatlarla ağzı açıq qalırdı ki, bu itin, bu canavarın, bu qoyunun, bu quzunun axırı necə olacaq. Hümbət Əlizadənin sarı üzlü, qalın “Koroğlu” dastanı vardı, qış gecələrində onu mənə oxudar, babalarım qulaq asardılar. Məsələ, deyir ki, Koroğlu bir dəli nərə çəkdi, Qıratın belinə sıçradı, başqa at olsaydı, beli çoxdan sınmışdı. Bunu deyəndə həmin o Hümbət əmim dura bilmirdi, “həh” edib yerindən qaxıb otururdu. Elə bil ki, atı minən özüdür.
    Babalarımın biri əkinçi, biri səpinçi idi. Yəni bunlar o qədər canlı bir həyat idilər ki!... Məsələn, yadıma gəlir, ilk dəfə aşıq Hüseyn Saraclı bizim nəsildə məclis aparırdı. Aşıqların sultanı, ozanı, kralı, nə bilm, nə deyim. Alı babam vardı, bütün Borçalıda məşhur idi. 22 il katorqa görmüşdü, Borçalının haqqını müdafiə etdiyinə görə sürgün etmişdilər. Deməli, Alı kişi oturub başda, arxasında balınc, sağında, solunda özünə münasib ağsaqqallar, ağsaqqal məclisi, aşıq Hüseyn Saraclı çalıb-oxuyur. Birdən aşıq Hüseyn Saraclı üzünü məclisə tutdu ki, ay camaat, sazdan, sözdən keçdik, kim hansı dastanı istəyir. Bunu deyəndə Şamil babam dedi ki, ay aşıq Hüseyn, bir “Alı xan və Pəri” dastanını başla. Yəni Şamil babam dastanların vurğunu idi, dastanları çox bilirdi, mənə həmişə dastan danışırdı. O biri babalarımın hərəsi bir cür həyata vurğun idi. Bunlar hamısı elə bil ki, Allahın möcüzəsi, hazır əsər idilər.
    Atam riyaziyyat müəllimi idi, amma dəhşətli dərəcədə mütaliə edən insan idi. Bir də görürdün, oxuduğu yerdə uğunub getdi, gözündən yaş gələnə qədər gülür. Bir də görürdün, ağlayır. Axşam olanda deyirdim ki, ay ata, filan vaxt kitab oxuyanda niyə güldün, niyə ağladın. Danışardı.
    Anama gəlincə, bu otaqda, baş tərəfdə bir papaqlı kişi var. Sərdar oğlu Qurban mənim ana babamdır. Enli kürəkli, hündür boylu, yaraşıqlı, ala gözlü, ağ sifətli, buxara papaq, xrom çəkmə geyinən çox yaraşıqlı bir kişi olub. Yaxşı saz çalan, gözəl söz deyən olub. 1937-ci ildə onu “menşevik” adı ilə sürgün ediblər. Mənim bu gün “Sürgün” əsəri yazmağımın mayası oradan gəlir. Anamın həmişə gözü yaşlı, dili bayatılı olub, bayatı yuvasıdır. Anamın dərddən yoğrulmuş bayatıları, atamın dünyagörüşü, kitaba hədsiz bağlılığı, babalarımın özündən əvvəlki ozanlı, nağıllı, atmacalılı, qaravəllili, hadisəli, əhvalatlı dünyanı özlərində yaşatmaları məni bu ruhda böyüdüb. Toy günümdə çəkilən şəkildə məndən sağ tərəfdə aşıq Hüseyn Saraclı, sol tərəfdə aşıq Əmrah dayanıb. 3 gün, 3 gecə davam edən o məclisdə 100 aşıq, müğənni var. 27 yaşlı Zəlimxanın toyunda neçə min adam var, amma o toyda iki aşıq ağsaqqallıq edir, işarələriylə məclis idarə olunur. Burada təcnis oxu, burada deyiş, burada hərbi-zorba, burada cığalı təcnis, burada atmaca, burada qaravəlli, burada dastan oxu.
    Bəlkə də mənim bəxtim onda gətirib ki, mən müəllim ailəsində doğulmuşam. Müəllimin həqiqətən peyğəmbər qədər uca olduğunu, məktəbin Məkkə qədər, kitabın “Quran” qədər müqəddəs olduğunu görmüşəm. 60 yaşım olur, bir gün kitab oxumasam, ürəyim yatar. Qərb, dünya, rus, Azərbaycan ədəbiyyatında ən seçmə əsərləri nə qədər gözün imkanı var, fiziki cəhətdən imkanım çatıb, həmişə oxumuşam.
    Həm də Borçalıda ailə mühitinin içərisində bir zəngin təbiət vardı. Aran orada, yaylaq orada, bulaq orada, çay orada, çeşmə orada, çəmən orada, qaya orada, mamır orada, palıd orada. Harada uca dağ var, ora çıxırdım. Zirvələrə çıxmağın o zamandan aşiqi idim. Yorxuşlar sərt olanda yerimək olmur, yıxıla-yıxıla, sürünə-sürünə çıxırdım, dizim qanayır, əllərimə qanqal batırdı, əlim-ayağım sıyrılırdı, yıxılırdım, palçığa bələnirdim. Bundan ləzzət alırdım. Dağın kəlləsində bir nərə çəkirdim, atüstü havaları oxuyurdum. O dağlara çıxmaq mənəvi dağlara çıxmağa çox kömək etdi. O Borçalı adlı mühit, məni yetirən mühit ayrıca bir kitabdır. Ömür vəfa etsə,o kitabı yazacam. Çox təəssüf ki, artıq bu gün o mühit yoxdur, ən böyük faciə odur. Bir az ağrılarım olsa da, onları unutduran, içərimdə qatları tərpədən o mənzərələr gözümün qarşısına gəlir.
    Anam qonaq qarşılayan, qonaq yola salan qadın idi. İndi yanaqlar solub, alın qırışıb, dodaq bürüşüb, yaman gündədir, payız yarpağı kimi saralıb, qocalıb. Yanına getmişəm. Ay ana! Məni görən kimi kövrəldi, qucaqlayıb saçından, əlindən öpdüm.
    Ay ana, dur görüm, biləyini çərmə, bir görək nə edirsən, nə oldu sənin xəngəlin?! Nə təhərsən? Deiyr, ey, ay bala, nə təhər olacam. Yetim yarısa da, qarımaz. Deyirəm ki, əşi, yenə başlama sən Allah. Nə var, nə yox? Deyir ki,

    nə olacaq, ay bala, ağzım aşa yetəndə başım daşa yetir. Soruşuram ki, yaxşı, nə gətirim, nə yeyirsən? Cavabı belə olur ki, ay bala, nə yeyəcəm indən belə? Xörəyim bu, çörəyim var. İndən belə nə yeməliyəm…
    Başımı tutdum, dəli oldum. Can hayında olan adam mənimlə qafiyə ilə, şeirlə danışır. Mən belə bir ilahi mühitdə böyüdüm. Gözümü açanda hamıya qaynadım, qarışdım, o xarakter bu gün də mənimlə davam etdi. Çəkinmədim ki, bu prezidentdir, bu, millət vəkilidir, bu, çobandır, bu, sürücüdür.
    Kasıb adam idik, evimiz yox, eşiyimiz yox. Müəllimin nəyi olacaq, ancaq böyük mənəviyyatı var idi. Bir gün oturub ağladım. Dedim ki, ay ata, nə olacaq, bu darlıqda nə edəcəyik? Dedi, ay bala, darıxma. Dedim, ay ata, ev tikirik, daşı mən çıxardacam. Evimizin 20 maşın daşını lom, külüng, qazma, bel əlimdə mən çıxarmışam. Bu mənada, heç vaxt heç bir çətinlikdən qorxmamışam. Daş daşımaq lazımdır, daşıdım. İstər evimizdə, istər nəslin, tayfanın, kəndin problemlərində qayanın harada yekəsi varsa, özümü onun altına vermişəm.Yəni o ağır zəhmət prosesi özü məni cəmiyyət üçün hazırlayıb, bərkidib.
    - Zəlimxan Yaqub uşaqlığında heç nadinclik etməyibmi?

    - Doğrudan da elə bil ki, mən nə uşaqlığı uşaq kimi, nə gəncliyi gənc kimi yaşamadım. Mənim 5-6 yaşım vardı, babam məni məclislərə aparırdı. Rəhmətlik Şamil babam çox şirin danışan bir adam idi. Atam ondan da gözəl danışırdı. Bunlar danışdıqca mən dördgözlə, heyrətlə baxırdım. Bunlar fikirləşirlərmiş ki, bu, nə isə qeyri-adi uşaqdır, o biri uşaqlar niyə elə baxmırlar. Rəhmətlik Şamil babama deyirdilər ki, bu qədər nəvən, nəticən var, 80-90-ı keçdi, bunların içərisində hamıdan çox kimi istəyirsən? Deyirdi ki, 3 şərtə görə Zəlimxanı çox istəyirəm: yeyəndə doymur, işləyəndə yorulmur, danışanda mızıldamır. Mən birinci sinfə gedirdim, barmaqla göstərirdilər ki, filankəsin oğludur. Tale belə gətirdi ki, uşaqlıq illərini uşaq kimi yaşamadım. Şagird olanda da, tələbə olanda da belə oldum. Məsələn, mən oyuncaq nədir, bilmədim. Gecə yatmırdım ki, sabah filan məclisə gedəcəm. Camaat mənə baxırdı ki, bu uşaq nədir? Elə baxırdım ki, baxışlarımdan heyrət tökülürdü. Mənim xoşbəxtliyim orada oldu, Allah mənə orada hörmət etdi ki, o zamankı heyrət bu zaman da məndə qaldı, adiləşmədi dünya mənim üçün. Kim ki 60 yaşında uşaq heyrətini özündə yaşada bilirsə, deməli, onun içərisi tər-təmizdir, onun içərisində bir dumduru bir dünya, aləm, kainat var.
    Məndəki ruh o qədər güclü ruhdur ki, məndəki ruhla milyonlar salamat qalar, bütün faciələrin içərisindən salamat çıxar. 60 ildir, hələ də sinə boşalmır ki, boşalmır. Çünki onu dastanlarla, ustadnamələrlə, vücudnamələrlə, cahannamələrlə, dodaq qapmalarla, hərbə-zorbalarla, deyişmələrlə, təcnislərlə, dodaqdəyməzlərlə çox doldurmuşam.
    - Orta məktəbi necə başa vurdunuz, ali məktəbə yol necə başladı, Bakı həyatı sizin üçün nə demək oldu?

    - Orta məktəb illərində yaxşı oxuyurdum, bütün müəllimlər mənə hörmət edirdi, amma riyaziyyatdan heç nə bilmirdim. Mənə riyaziyyatdan rəhmətlik Bayram müəllim “2” verməli idi, “5” verirdi. Deyirdi ki, sən bildiyini bilirsən, o bizə bəsdi, bizim fəxrimiz olacaqsan. Adımı məktəbdə “Bala şair” qoymuşdular. Orta məktəbdə çox doğma, çox müqəddəs illər yaşadım.
    Ali məktəbə bir imkansız ailənin oğlu kimi gəldim. Maddi cəhətdən imkansız, mənəvi cəhətdən çox imkanlı, çox havalı idim. Gəldim, Bakı Dövlət Universitetinin (BDU) filologiya fakültəsinə sənəd verdim. 1 balım çatmadı, qəbul ola bilmədim, geri qayıtdım. 1 il fəhlə işlədim. O zaman gərək 1 il sovxozda, kolxozda işləyəydin, oradan zəmanət kağızı gətirəydin. Gəldim, yenə gördüm ki, hər yer basabasdır. Birinin əmisi, birinin dayısı, birinin pulu... Qorxa-qorxa, cəsarətsiz bir vəziyyətdə sənədlərimi kitabxanaçılıq fakültəsinə verdim. Üç “5”lə, bir “3”lə o fakültəyə qəbul oldum. Mən Allahıma minnətdaram ki, kitabxanaçılıq fakültəsinə daxil oldum, tale məni canlı şəkildə kitaba bağladı. M.F. Axundov adına kitabxananın direktoru, salyanlı Qəhrəman Süleymanzadə böyük ziyalı idi, Müşfiqin, Səməd Vurğunun dostu olmuşdu. Mən tələbə ola-ola ora gələndə o havalanıb uçurdu. Çünki ağzını haradan açırdı, oradan şeirlə cavabını verirdim.
    Qəhrəman Süleymanzadə bir neçə dəfə mənimlə söhbət edəndən sonra bir gün çağırdı ki, gəl bura. Gördüm ki, 1 metr uzunluğunda bir kağız var. Dedi ki, bu, ali məktəb illərində sənin oxuyacağın kitabların siyahısıdır. Siyahıda Tolstoy, Hüqo, Balzak, Folkner, nə qədər dahilər var, hamısının şah əsərləri yazılmışdı. Özü də Qəhrəman müəllim kitabşünas olduğuna, mütaliə mədəniyyətini gözəl bildiyinə görə kitabları sistemləşdirmişdi. Dedi ki, mən sənə o zaman oğlum deyəcəm ki, bu əsərlərin hamısını oxyacaqsan. Mən o kitabların hamısını oxudum. “Səfillər”i oxudum, Jan-Valjana döndüm, “Qaçaqlar”ı oxudum, Frans-Ferdinanda döndüm. Mənim xoşbəxtliyim həm də onda oldu ki, rəhmətlik, böyük şərqşünas, dəlisi, məcnunu olduğum, bu vaxta qədər bənzəri-anlaloqu olmayan Əli Fəhmi mənim müəllimim oldu, “Quran”ı, pyeğəmbəri, dini dəyərləri öyrətdi.
    Təsəvvür edin ki, Zəlimxan Yaqub sazı, şifahi xalq ədəbiyyatını gözəl bilir, ustad aşıqların laylasında böyüyüb. Əgər bunun üstünə Qərb, dünya ədəbiyyatı, müasir ədəbi düşüncənin mərhələli ədəbi prosesləri gəlməsəydi, Zəlimxan məşhur bir aşıq olardı, hamı da əzbər bilərdi. Amma bu günkü Zəlimxan olmazdı! Zəlimxanı milli mühitdən bəşəri mühitə çıxaranlar bunlar oldu.
    Hansı əsəri oxuyurdumsa, hansı obraz məni tuturdusa, gecə o obraz yuxuma girirdi. Gecə həmin obraz olurdum. Sizə bir neçə misal çəkim. Şillerin “Qaçaqlar”ını oxumuşam. 2 saylı yataqxanada 13-cü otaqda qalırdım. Frans Ferdinand ki, nərə çəkir, qılıncı qınından syırıb düşmənin üstünə gedir, həmin məqamdır. (Bu zaman otağa bir nəfər daxil olur-red.) Vəli də sözün üstünə gəlib, o illərdə yataqxanada qonşum, qardaşım olub, çox istəkli bir dostumdur, o da bilir. Mən yuxuda möhkəm nərə çəkirəm, möhkəm qışqırıram, möhkəm şeir oxuyuram. Təsəvvür edin, 13-cü və 27-ci otaq. Xeyli məsafədir. Gecə durmuşam, Frans Ferdinand roluna girmişəm. Qılınc əlimdə, doğrayıb tökürəm, otağı dağıdıram, obraz kimi rola girmişəm…
    1983-cü ildə rəhmətlik Məmməd Arazla Astaraya getdik. Lənkəranda görüşlərimiz oldu, Astaraya gedəndə Məmməd Arazı təcili çağırdılar, mən qaldım. Astarada dedilər ki, Zəlimxan müəllim, qonaq evində yer yoxdur, mehmanxanada qal. Mehmanxanada bir otaq ayırıblar. Təxmini hesabladılar ki, 4-5 görüş edəcəklər. Mən fikirləşdim ki, bu 3 gecəni boş keçirə bilmərəm, hökmən bir kitab tapmalıyam. Astaranın kitabxanasına gəldim, kitabxanaçılar sevindilər. Dedim ki, mənə elə bir kitab verin ki, xoruz səsi eşitməmiş olsun. Axtardılar, birdən kitabxanaçıların biri sevinə-sevinə gəldi ki, Avstriya yazıçısı Plangelin “Qəribə adamın müdrikliyi” əsərini tapmışam. 3 gecə oxudum. Əsərin canı nədir? Jan-Jak Russo ölür. Öləndə onu 10-cu dərəcəli bir adam kimi bir kənddə dəfn edirlər. 10 ildən sonra Fransa ictimaiyyəti Jan-Jak Russonun ölümünün 10 illiyini qeyd edəndə ayılırlar ki, bir dahi itiriblər. Fransa parlamenti qərar çıxarır, Russonun qəbrini oradan çıxarıb, Panteonda dəfn edirlər. Əsərin qurtarmağına 4-5 vərəq qalmış mehmanxananın müdiri gəldi. Dedi ki, Zəlimxan müəllim, heç cür çatdıra bilmədik, 1 nəfər var, bu gecə sənin yanında qalsın. Razılaşdım. Bir də gördüm ki, əvvəlcə qarnı, sonra özü gəldi, nəhəngin biri idi. Dodaqucu salam verib, uzandı. Mən əsəri oxudum, 4-5 vərəq də qurtardı. Bu, başını yerə qoymağıyla xorultu başladı. Mən də yuxuya getdim. Psixoloji cəhətdən elə güclü əsərdir ki, insanı dəli edər. Elə yuxuya gedən kimi mən Fransada oldum. Həmin qərar çıxıb, onun iştirakçısıyam. Bir “bartavoy” maşına komissiyanın üzvlərini doldurdular, komissiya üzvlərindən biri də mənəm. Jan-Jak Russonun qəbrini açdıq, heç kim risk edib, qəbrin içərisinə düşə bilmir. Dedim ki, adınızı kişi qoyubsunuz, geridə durun. Özümü atdım qəbrin içərisinə, baş tərəfdən tabutu qaldırdım. İndi nə yuxarıdakıların əli çatmır, nə də mən yuxarı qaldıra bilmirəm. Birdən Jan-Jak Russo 3-4 dəfə gözlərini açıb, yumdu. Özü də mən birdən çığırmıram, əvvəlcə “razqon” götürürəm. Hay, hay, hay, hay…! Nə təhər nərə çəkdim! Bir də gözümü açdım ki, tərin içərisindəyəm, bu kişi də yanımda yoxdu. Gördüm ki, aşağıdan haray-həşir gəlir. Bu, mən nərə çəkəndə nə təhər qoruxubsa, özünü qalxıb qapıya çırpıb. Aşağıda haray çəkib ki, məni o otaqdan çıxarın, o, Zəlimxan deyil, dəlidir. Bir də gördüm ki, gəldilər, işığı yandırdılar. Nə görsəm yaxşıdır? Qorxulu-qorxulu özünü qapıya necə çırpıbsa, qapının yuxarıdan suvağı tökülüb, əlinin dərisi də qapının dəstəyinin üstündə qalıb.
    Mən həmişə bütün əsərləri bu cür oxumuşam. Mən Cahandar ağa obrazını o qədər sevirdim ki, ondan sonra papaq qoymağa başladım. O Cahandar ağalıq evdə də, ailədə də özünü göstərib. Bu günün özündə də mən içəri girirəm, uşaq ayağa durmaya, tarixində ola bilməz, mümkün deyil. Bu, göstərişlə olmayıb.

     

     

    Leyl-i Lal - 14.12.2009 - 01:18
  3. Atam gələndə o cürə ayağa qalxmışam. Babam gələndə atam o cür qalxıb.
    Ali məktəb illəri, Bakı mühiti mənə çox böyük dünya bağışladı. Mən birdən-birə kimlərlə qarşılaşdım? Süleyman Rəhimov, Mir Cəlal, Əli Vəliyev, Osman Sarıvəlli, Hüseyn Arif, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Məmməd Araz, Qulu Xəlilov, Mirvarid Dilbazi… Hamısı da Zəlimxanla bağlı söz deyib, biri şeir, biri məqalə yazıb. Onların hamısını mən ali məktəb illərində qazanmışam. Rəhmətlik Əkrəm Cəfər mənə Müşfiq deyirdi, adımı çağırmırdı. Biri Səməd Vurğun, biri Ələsgər deyirdi. İndi sizə göstərdiyim “Zəlimxan Yaqub ədəbi düşüncədə” kitabı dünən gəlib, ikinci hissəsi də gələcək. Buraya baxmaq kifayətdir. Heydər Əliyev, Şevardnadze, Süleyman Rəhimov, Osman Sarıvəlli, Mirvarid Dilbazi, Bəxtiyar Vahabzadə, Hüseyn Arif, İsa Muğanna, Xəlil Rza, Qulu Xəlilov, Vaqif Səmədoğlu, Elçin, Mövlüd Süleymanl, Həsən Həsənov, Xudu Məmmədov, Kamal Talıbzadə, Budaq Budaqov, Səlahəddin Xəlilov, Nizami Cəfərov, Yaşar Qarayev, Pənah Xəlilov, Şamil Qurbanov, Tofiq Hacıyev, İsa Həbibbəyli və ilaxır. Bu qədər insanlar Zəlimxanla bağlı elə fikirlər söyləyib, elə məqalələr yazıblar ki, onların hamısını mən o illərdə qazandım. Məsələn, Süleyman Rəhimov niyə Zəlimxan Yaqubu sevirdi? Çünki bir dəfə dedi ki, ay oğul, bir vaxt tap, “Şamo” romanını oxu. Bunun da xəbəri yoxdur ki, mən “Şamo” romanını əzbər bilirəm. Niyə? Çünki atam o romanı oxuyub və mənə onu nağıl kimi danışıb. Mən Şamo nə edir, Halo nə edir, Səfo nə edir, göyərçin nə edir, hamısını əzbər bilirdim. Bu kişiyə danışanda gözü kəlləsinə çıxdı. Adlarını çəkdiyim insanların hamısının yaradıcılığını əzbər bilirdim. Bu günün özündə Osman Sarıvəllinin, Məmməd Arazın, Xəlil Rzanın, Hüseyn Arifin kitabları yansın, heç həyacan keçirməyin. Gəl, başımdan onların şeirlərini köçür, təzədən onu çap et. Sevgi ikitərəfli olur. Onlar mənim vurğunlarım idi, çünki mən onların vurğunu idim. Allah bir möcüzə yaratsa ki, qəbirdə də yazmaq olar, inan ki, mən orada da yazaram. Məni həmişə bu formada saxlayan 2 şeydir. Biri sözün çox böyük, çox uca, mötbər mənasında millətin, xalqın, oxucuların sevgisi, bir də mənim mütaliəm.

    - Ancaq deyirlər ki, şair üçün bir gözəli sevməsi, sevgi də əsasdır, ilhama gəlir. Zəlimxan Yaqubun həyatına məhz belə sevgi necə təsir edib, yaxud Zəlimxan Yaqub sevgini nə vax tapıb?
    Mən birinci dəfə imtahan verməyə gələndə bir qıza vuruldum, qubalıydı. Bir dəhşət gözəl idi, dəli olmşdum. Alaha şükür ki, mənim buna vurulmağım 3 ay çəkdi, 4 ay çəksə, mən özümü öldürərdim. Ondan sonra heç kəsi sevmədim. Sonra maraqlandım ki, onun taleyi də yaxşı gətirməyib. Amma mən həyat yoldaşımla, uşaqların anası ilə ailə qurandan sonra ailə müqəddəsliyini qorumağa çalışdım. Lakin sonralar, 50 yaşımda mənim ömrümə bir sevgi dalğası gəldi. O, bu günə qədər mənim bütün sevgi şeirlərimin baş qəhrəmanıdır. Demək olar ki, ömrümün gənclik, orta məktəb, tələbəlik illərində bəlkə də yaşamadığım duyğuları 50 yaşdan sonra mənə yaşatmağa başladı.

    - 50 yaşdan sonra sizə sevgi dalğasını bəxş edən səbəbkar kimdir?

    - (Şeirlə cavab verir)

    Adını demirəm, eldən ayıbdır,
    filankəsin qızı filan oynasın...

    (gülür) Onu deməzlər.

    - Bəs tələbəlik illərini, ailə həyatını kasıbçılıqla, Nüsrət Kəsəmənli demiş, biri vardı, biri yoxla, yoxsa yaxşı keçirdinrz?
    - Biz həmişə kasıb olmuşuq. Mən ailə qurmuşdum, Bakıda evim yox idi. 10 il müxtəlif yerlərdə zillətlərlə, zülümlərlə kirayənişin qaldım. Sonra mənə köhnə Yasamalda bir gecəqondu aldıq. 20 kvadratmetr yerdə 15 il yaşadım. O balaca gecəqonduda 4 uşaq, 4 kitab dünyaya gəldi. Onlar ömrümün ən maraqlı məqamları idi. Balaca bir komada od parçası idim. Özü də o dar komaya kimlər gəlməyib? Xəlil Rza oranın adını “Bübül yuvası” qoymuşdu, “Zəlimxan sarayında” adlı bir şeir də yazıb. Tələbəlik illərində mən kasıb olmşam, manatı-manata calayırdım. Kartofa mahnı qoşurduq, kartof qızartması ilə dolanırdıq. Amma həmişə hamı elə bilib ki, dünyanın pulu məndədir. Çünki şax geyinmişəm, şax yerimişəm, özümü sındırmamışam. Lakin zaman-zaman çox ağır problemlərlə qarşılaşmışam. Bəlkə də o dövrdə yamaqlı şalvar geyinən az olardı, tələbə olarkən mən geyinirdim. Şalvarımda 7 yamaq, pencəyimdə 15 yamaq olsun, parlamentə, Prezident Apartına gedim, qəti vecimə deyil ki, yamaqlı paltar geyinmişəm. İçəridə yamaq olmayadan sonra pencəyin 50 yamağı olsun, Zəlimxanı həmişə başa çəkəcəklər.
    Biz elə yaşamışıq ki, qürurumuz, vüqarımız olub. O da bayaq dediyim kişilərdən, ərlərdən, ərənlərdən gəlib.

     

     

    Leyl-i Lal - 14.12.2009 - 01:19
  4. - Zəlimxan Yaqubun həyatında maddi baxımdan çevriliş nə vaxt oldu, yaradıcılığın maddi bəhrəsini nə vaxt gördü?

    - Mənə Yazıçılar İttifaqı “samastroyka”dan 5 otaqlı ev verdi, 1993-cü ildə Yeni Yasamala köçdüm. Sovet döründə 3 nəfərin kitabı 40 min tirajla çıxıb. Bir dəfə Bəxtiyar Vahabzadənin, bir dəfə Nüsrət Kəsəmənlinin, bir dəfə də mənim “Ziyarətin qəbul olsun” kitabım 40 min tirajla çıxıb. Mən 1 kitab üçün aldığım pulla ailəni 1 il saxlamışam. Sonra yavaş-yavaş qapılar açıldı, işıqlar yandı, şöhrət mənə sarı gəlməyə başladı. Sonra Heydər Əliyev dövrü gəldi, mənim parlament dövrüm başladı. Zəlimxan Yaqubun qolu-qanadı açıldı, xarici ölkələr, xarici mühit, getmək, gəlmək, qaynayıb-qarışmaq başladı. Yavaş-yavaş maddi problemlər demək olar ki, aradan çıxdı.
    Bir haşiyə çıxım. Ömrü boyu kasıb olan, ömründə bir dəfə təzə paltar geyinməyən bir kişi ölür. Öləndə bunu yaxşı kəfənləyirlər, qəbrə qoyurlar. Dümağ kəfən, təzə alınıb. Hinkir-minkir gəlib bunu qaldırır, soruşur ki, Allahın, bəndən kimdir? Kişi də deyir ki, çiçimə bax, çiçimə. (gülür) Ömründə yazıq təzə paltar görməyib. Bu məqamları yaşamışıq biz. Amma bir şey də var. Mən bir ilahiyyat adamı, Allahla, peyğəmbərlə bağlı olan, “Peyğəmğər”i yazan bir insan kimi gözəl bilirəm ki, hər bir əzabın axırında Allahın mükafatı gəlir. Allah mənim də mükafatımı verdi. Ev, bağ-baxça, gözəl yaradıcılıq otağı, birdən 50 qonaq gələndə onları qarşılamağa yer də verdi. İndi elə gün olmaz ki, Zəlimxanın evinə qonaq gəlməsin. Hansı gün adam gəlməsə, elə bilərəm ki, ölmüşəm. Qonaq getməyən insan qonaq qəbul edə bilməz, bunlar qarşılıqlıdır.
    Nə o kasıblıq məni sarsıtmadı, nə bu varl məni havalandırmadı. Əksinə, mən bir az yuxarı qalxdıqca aşağıların yanına daha çox endim. Ona görə də 1 aydan çoxdur müalicədən gəlmişəm, bu müddətdə bu evə hər səviyyədə bəlkə də bir neçə min insan gəlib. Qonşulardan eləsi qalmayıb ki, gəlib ziyarət etməsin, ürək sözü deməsin. 100-ə qədər qurban kəsilib.
    İnsanın ürəyi geniş olmalıdır. Qapı da, cib də, ürək də, süfrə də açıq olmalıdır. Bunlardan birini bağladınsa, öz bəxtini bağlayıbsan. Şair elin anası, müəllimidir. Niyə ən çox şairləri döyürlər? Niyə ən çox şairləri söyürlər? Niyə ən çox şairlərə heykəl qoyurlar? Niyə ən çox şairləri çərlədirlər? Düz edirlər. Uzun yerdən kəsərlər, uman yerdən küsərlər. Şair millətin danışan dilidir, görən gözüdür. “Şairlər özünü qoruya bilməz” adlı şeir yazmışam. O, təkcə şairin tərcümeyi-halı deyil, hər birimizin tərcümeyi-halımızdır. Hamı diqqət istəyir, hamı insandır. O diqqəti bir günlüyə böləndə, paylayanda gözəl olur. Mənim fikrim odur ki, qələm müqəddəsdir, allahın danışan dilidir. Qələmi xeyir, müqəddəs işlərə, mübarək kəlamlara, işıqlı sözlərə sərf etmək lazımdır. Filankəs belə etdi… Niyə qırırsan onun könlünü? Niyə xalq icində onu xəcalət edirsən? Yazıçıdırmı, şairdirmi, jurnalistdirmi, nazirdirmi, deputatdırmı, dövlət adamıdırmı, təhqir etmək olmaz. Tənqid et, səhvini göstər. İki yol var. Sən məni təhqir etdin. Mənim sənə iki cür münasibətim ola bilər. Ya deyirəm ki, heç səni sağ olma. Ya da diqqətlə sənin üzünə baxıram, deyirəm ki, sağ ol. Bu ikincinin ağırlığı birincidən min dəfə artıqdır. Ömür azdır, gözünü açacaqsan ki, gedib. Ağıllı işlərlə məşğul olaq! Onsuz da bölündük, paralandıq, parçalandıq. Bizi 77 yerə bölüblər. Niyə ibrət dərsi götürməyək? Çaldıranın adı çıxıb, tarixdə min Çaldıran olub. Bir dəhşətli fakt deyirəm, xahiş edirəm ki, bunu verəsiniz. Mən həmişə şəxsiyyətinə, yaradıcılığına səcdə etdiyim,ustadım, müəllimim Səməd Vurğunun əsərində oxuyurdum:
    Nadirin qəlbini kin yedi qat-qat
    Dilindən qoymadı şöhrət sözünü.
    Tacından, taxtından qorxan o cəllad,
    Doğma balasının tökdü gözünü.

    Mən Nadir şaha nifrət edirdim ki, niyə Borçalını gürcülərə verdin? Bizim evimizi niyə yıxdın, niyə bizi bədbəxt etdin? Bu gün də bəlanı çəkirik. Amma tarixin həqiqətinə gedəndən sonra nə görsəm yaxşıdır? Nadir şah Türk Dünyasının birliyini yaratmaq istəyirmiş. Ona görə də Osmanlıya Səfəvilər tərəfindən məktub göndərir ki, gəlin şiə-sünni məsələsini aradan qaldıraq, bundan Avropa, Qərb istifadə edir, düşmənə meydan, mövzu verməyək. Tarixdən, Çaldırandan, Teymurdan, İldırımdan ibrət dərsi götürək, həm də birlik yaradaq. Osmanlı sultanları ona razı olmadılar. Nadir şah böyük bir Azərbaycan, türk dünyası yaratdı. Azərbayana, Gürcüstana Rzaqulu xanı, ən çox sevdiyi, ümid bəslədiyi böyük oğlunu hakim təyin edir. Hətta ümidi o idi ki, özü dünyadan gedəndən sonra onu yerinə şah təyin etsin. Özü kimi başdan xarablar Rzaqulu xanın qılığına girirlər ki, sən belə güclənibsən, gəl şahlığı özün ələ al, atanı yıxaq. Bunu Nadir şaha çatdırırlar, səfərini yarımçıq qoyub, Azərbaycana gəlir. Divanda oturub deyir ki, sənsən şah olmaq istəyən, səni şah göndərmişəm, yoxsa bu ərazilərə vali təyin etmişəm? Gözünü tökdürür, giləsini də əlinə verir ki, indi get şah ol. Rzaqulu xanın gözü çıxandan, bu ərazilərdə hakimiyyət zəifləyəndən sonra gürcülər üsyan qaldırırlar. Hər yerdə, Qəzvində, Bağdadda, Heratda üsyanlar başlamışdı. Ona görə Nadir şah məcburiyyət qarşısında Borçalını gürcü çarına verdi ki, get oranı idarə et. Budur tarixin acı həqiqəti.
    Ona görə də bu günkü Qarabağ faciələri də, mənim doğulduğum, hər gün içərimdən qan-yaş axıdan Borçalı, Dərbənd, Kərkük, Təbriz dərdləri də bizə onu deməlidir ki, gəlin biz bir-birimizə söyməkdən, bir-birimizi təhqir etməkdən, bir-birimizi xırdalamaqdan əl çəkək. Həmin Nadir şahların, Qacarın, lap şəxsiyyətinə səcdə etdiyim Şah İsmayılın buraxdığı səhvləri, 20-ci illərdə buraxılan səhvlər Azərbaycanı 77 yerə bölüb. İndi heç olmasa əlimizdə qalan hissəni salamat saxlamaq üçün gəlin yaralanmış, paralanmış torpaq naminə bir yerdə olaq.

     

     

    Leyl-i Lal - 14.12.2009 - 01:19
  5. Mənim bədbəxtliyim və xoşbəxtliyim odur ki, mən Azərbaycanı yaxşı gəzmişəm. Kəlbəcər nədir, bilirəm. Bəzən deyirlər ki, torpaqlarımızın 20 faizi işğal olunub. Amma mən deyirəm ki, torpaqlarımızın 80 faizi işğal olunub. O yer ki, münbit torpaqdır, qızıl, mərmər yatağıdır, o yer ki, mənim bütün aranım üçün sağlam ciyərlər, yaylaqlar yerləşən yerdir, bu, Vətənin 80 faizi deməkdir. Allahın mənə hörməti olub, bu vaxta qədər ürəyimdən nə keçib, mənə qismət edib. İdeal arzum odur ki, sizinlə bir yerdə 3 ay şəhərdən çıxaq, Qarabağa, Şuşaya, İsa bulağına, Cəbrayılın o kəhrizinə, Ağdamın Şah bulağına, Zəngilan çinarlarının altına, Qubadlının palıd meşələrinə, Kəlbəcərin Yeddi qardaş dağına, Dədə Şəmşirin ruhu uyuyan yerlərə gedək. Dediklərimin hamısını edim, 1 saatdan sonra Əzrayıl gəlsin ki, canını alıram. Mən də deyim ki, xoş gəlibsən, gedirəm.
    Şuşada yalan olmasın, 20 dəfə olmuşam. Bir xoş xatirəni danışım. Rəhmətlik Qəşəm Aslanov Şuşanın birinci katibi idi, may ayıydı. O da Ələsgər ocağında böyüyüb, sazı-sözü gözəl bilir, Göyçənin yetirməsidir. Şuşaya getdim. Çox sevindi, hələ onda kitabım da çıxmamışdı, amma Qəşəm müəllim şeirlərimi əzbər bilirdi. Dedim ki, Qəşəm müəllim, bu gün mənə baş qoşma, axşam bir yerdə olarıq, qoy bu gün bir dəlilik edim, təkbaşına çıxıb hər yerdə qaşla gedəcəm, teleqüllənin yanından hərlənib Şuşanı gəzəcəm. Qayıtdı ki, may ayıdır, tez-tez dolu, yağış yağır, şimşək çaxr, gəl yanına bir nəfər də qoşaq. Dedim ki, yox, onda özümdə olmayacam, qoy bir dəlilik edim. Dedi ki, yaxşı get, amma ehtiyatlı ol. Mən raykomun binasından çıxdım. Teleqüllənin yaxınlığında xəstəxana vardı, ağ xalatda həkimlər gördüm. Soruşdu ki, ay oğul, hara gedirsən. Dedim ki, gəzirəm. Gördülər ki, ağıllı adama oxşamıram. Dedilər ki, ay oğul, şimşək çaxır, dolu yağacaq, hara gedirsən? Dedim ki, yox, gedirəm. Qaşa çıxdım, yağış yağmağa başladı. Əvvəlcə 5-6 damcı düşdü, hansı tuturdu, bir tərəfimi isladırdı. Sonra narın yağışa çevrildi, arxasınca duman gəldi. Gah yıxılıram, gah sürüşürəm, gah qayadan tuturam, gah qanqaldan yapışıram… İndi risk edərək o boyda hündürlüyə çıxan adam dərənin dibinə baxa bilmirəm. Yaxnlaşıram, Cıdır düzünə çathaçatdayam. Özümə sual verdim ki, nəyə çıxmışdım, nə dəlilik edirdim? Qəşəm söz adamıdır, deyəcək ki, nə ilə gəldin, nə cavab verim? Özümə həmişə sual verirəm, Allah cavabını göndərir. Yenə də elə oldu. Qəşəm müəllimlə görüşdük, dedi ki, nə oldu. Dediyim şeirin sonuncu bəndini deyirəm:
    İndi bildim nə deməkdir ucalmaq,
    Nələr çəkib zirvələrə çıxanlar.
    Neçə dəfə yıxılarmış, durarmış,
    Şöhrətindən daha şöhrət yığanlar.

    İdeal arzum Qarabağa qayıtmaq, yaralanmış və paralanmış Azərbaycanı 21-ci əsrdə bütöv görməkdir. Dövlətimizə də, millətimizə də, xalqımıza da, ziyalılar ordusuna da, sizə də, qələm adamlarına da Allahın ən böyük xoşbəxtliyi olan cismani və mənəvi sağlamlıq, cismani və mənəvi bütövlük arzulayıram.

    - Sonda soruşmaq istərdik ki, Zəlimxan Yaqub ruhunu bu gün oğul, qız övladlarından, nəvələrindən kim yaşadır? O ruhu kimdə görürsünüz?

    - Övladlarımın hamısında o ruh var. Amma çox maraqlıdır, böyük oğlumun 2 oğlu var. Böyüyə atamın adını vermişəm, Yusif. Kiçiyə Zəlimxan adını vermişəm. Biri 5 yaşında, biri 2 yaşındadır. Bura gəlirlər, içəri girən kimi sazı istəyirlər. Sazı götürüb, burada bir qırğın salırlar, gəl görəsən. Mənim də sevindiymdən gözlərimdən yaş gəlir. Heç mümkün deyil ki, nəsil yetirməsin. Bu gün övladlarımın hər ikisi hüquqşünasdır, hərəsi bir yerdədir. Amma mənim ən böyük inamım nəvələrimədir. Çünki adətən, oğuldan çox nəvədə olur. Mən özüm nəvə olduğum, üçün bilirəm ki, onlar gələcəkdə mənim davamçılarım olacaqlar.

    Ramiz Mikayıloğlu

     

     

    Leyl-i Lal - 14.12.2009 - 01:20



Benzer Konular

  1. Musa Yaqub
    Konuyu Açan: Sarsın, Forum: Azərbaycan Ədəbiyyatı və İncəsənət.
    Cevaplar: 5
    Son Mesaj : 26.08.2011, 10:15
  2. Zəlimxan Yaqub - Vətən yaraları
    Konuyu Açan: Leyl-i Lal, Forum: Azərbaycan Ədəbiyyatı və İncəsənət.
    Cevaplar: 0
    Son Mesaj : 05.01.2011, 21:58
  3. Yaqub Mahmudov
    Konuyu Açan: Gül_yarasi, Forum: Azərbaycan Tarixi Ve Coğrafiyası.
    Cevaplar: 0
    Son Mesaj : 19.03.2010, 01:12
  4. Dədələrin Yolu Zəlimxan Yaqub
    Konuyu Açan: Leyl-i Lal, Forum: Azərbaycan Ədəbiyyatı və İncəsənət.
    Cevaplar: 0
    Son Mesaj : 26.01.2010, 16:27
  5. Zəlimxan Yaqub Şərəf ordeni ilə təltif edildi
    Konuyu Açan: Leyl-i Lal, Forum: Azərbaycanca xəbərlər.
    Cevaplar: 0
    Son Mesaj : 22.01.2010, 01:25

copyright

Soru Cevap