REKLAM




+ Konuyu Cevapla

Məmmədtağı Bağırov-Mircəfər Bağırov

  1. Yazan: Leyl-i Lal
    Leyl-i Lal - ait Kullanıcı Resmi (Avatar)

    REKLAM


    “O, Mirmövsüm ağaya görə şəxsən Stalinin qəbuluna gedib”

    XX əsrin birinci yarısında Azərbaycan tarixinin mühüm bir dönəmi Mircəfər Bağırovla bağlıdır. 20 ildən çox zaman kəsimində Azərbaycana bu şəxs rəhbərlik edlib. Xalqımızın ziyalılarının repressiyaya məruz qaldığı illər bu dövrə təsadüf edir. Bu səbəbdən də Mircəfər Bağırov haqqında birmənalı fikir yoxdur. Ancaq Mircəfər Bağırovu birmənalı olaraq Azərbaycan xalqının sədaqətli övladı, böyük işlər görmüş şəxsiyyət sayan insanlar da var. Mircəfər Bağırovun böyük bacısı Məsumə xanımın nəvəsi Məmmədtağı Bağırov da bu sıradadır. O, 1941-ci ildə Quba şəhərində anadan olub, 1953-cü ildə Mircəfər Bağırov işdən çıxarıldıqdan sonra ailəsi təqiblərlə qarşılaşıb, atası işıq pulu borcuna görə partiyadan çıxarılıb, işsiz qalıb, ailəliklə Xaçmaza köçmək məburiyyətində qalıblar. Məmmədtağı Bağırov 1961-ci ildən sonra Quba Rayon İstehsal Cəmiyyətində satıcı işləməyə başlayıb, 1970-ci ildə partiya sıralarına qəbul olub, elə həmin vaxtlar da rayonda qastronomun direktoru olub və bu vəzifədə SSRİ-nin süqutuna qədər işləyib...

    - Mircəfər Bağırov necə bir həyat yaşayıb?

    - Mircəfər Bağırov 1896-cı il 17 sentyabrda Quba şəhərində anadan olub. Atası Mirabbas, anası Yaxşı xanımdır. Mircəfər ailələrində ən kiçik uşaqdır, 2 bacısı olub. Böyük bacısı Seyid Məsumə, yəni mənim nənəm, 1883-cü andan olub. Mircəfər Seyid Məsuməyə ana kimi münasibət bəsləyib. Mircəfər molla məktəbində oxuyub, sonra Qubada ibtidai sinfə gedib. Uşaqdakı istedadı görən Quba ziyalıları pul toplayaraq, onu Petrovsk şəhərinə yollayıblar. Petrovskda 2 il rus dili müəllimliyi oxuyub və 1915-ci ildən başlayaraq Qubada, Xaçmazda müəllimlik edib.
    Sonra onu Qusar rayonunda ləzgilər yaşayan Nəcəfkəndə müəllim təyin edirlər. Mircəfər bu kənddə 1 ilə yaxın fəaliyyət göstərir. İlk dəfə ləzgi qızlarını məktəbə cəlb edə bilir. Eyni zamanda, qısa müddətdə ləzgi dilini öyrənir. Bundan sonra Quba qəzasının valisi Əli Zizikskinin yanında müavin kimi çalışmağa başlayır. Bu dönəmdə daşnaklara qarşı da döyüşüb. 1917-ci il inqilabından sonra isə Həştərxanda Nəriman Nərimanovla bir yerdə işləyib. Nəriman Nərimanovla Mircəfər Bağırovun bir-birinə böyük hörmətləri olub. 1920-ci ilin aprelində Azərbaycanda sovet hakimiyyəti qurulur. Mircəfər Bağırov Azərbaycana 28 apreldə, sovet qoşunları girəndə gəlməyib. Sonradan Nəriman Nərimanov Azərbaycana dəvət edilir. Mircəfər Bağırov da Nəriman Nərimanovla birgə Bakıya gəlir.
    Onu da qeyd edim ki, 1921-ci ilə kimi Pankratov Azərbaycanda, xüsusən Gəncədə 100 minlərlə insanı qanına qəltan edib. Pankratov sovet ÇK-sının nümayəndəsi olub. Nəriman Nərimanov gələndən sonra repressiyanın qarşısını ala bilir.

    - Mircəfər Bağırov daşnaklara qarşı nə zaman döyüşüb?

    - 1918-ci ilin martında, Quba qırğınları zamanı Mircəfər Bağırov daşnaklara qarşı döyüşüb. Rudenkonun apardığı qurama məhkəmə prosesində də Mircəfər Bağırova verilən maddələrdən biri Qubada millətlərarası münaqişədə iştirakla bağlı olub. Əli Zizikski Quba qəzasının valisi, İttahad Partiyasının üzvü, polkovnik olub, Sankt-Peterburqda oxuyub. O, həm də Quba qəzasında hektarlarla torpağı olan böyük mülkədar, eyni zamanda, Azərbaycan parlamentinin üzvü olub. 1917-ci il inqilabından sonra Rusiyada müvəqqəti hökumət qurulur, həmin dövrdə Əli Zizikski Quba qəzasının valisi olub. Daşnaklar Mircəfərin 15 əmisi uşağını öldürüblər. Mircəfər Bağırov da Qubada daşnaklara qarşı Zizikskinin yanında döyüşüb.
    Yeri gəlmişkən, sovet hökuməti qurulanda Əli Zizikski qaçıb, İranda yaşamağa başlayıb. Mircəfər Bağırov ÇK-nın sədri olan zaman onu axtarıb tapıb. Deyib ki, sən niyə qaçırsan, Quba üçün xeyirxah iş görmüsən. Əli Zizikski üçün şərait yaradıb. Mircəfər Bağırov deyib ki, Azərbaycana qayıt, nə qədər buradayam, sən heç kimdən qorxma.

    - Mircəfər Bağırov kommunistlərə nə zaman qoşulub, müsavatçılara, Xalq Cümhuriyyətinə münasibəti necə olub?

    - Lavrenti Pavloviç Beriya Müsavat Partiyasına işləyib, əks-kəşfiyyatda olub. 1953-cü ildə güllələnən Beriyaya qarşı ittiham maddələrindən biri onun müsavatçı olması ilə bağlıdır. Mircəfər Bağırov isə Müsavat Partiyasının üzvü olmayıb, müsavatçılara, Xalq Cümhuriyyətinə rəğbət bəsləyib. Mircəfər Bağırov Müsavat Partiyasının üzvü olsaydı, 1937-ci ildə onu da güllələyərdilər. Mircəfər Bağırov “Hümmət”çi olub, Nərimanovla birgə mübarizə aparıb.

    - Xalq Cümhuriyyəti hökuməti dönəmində Mircəfər Bağırov hansı işlə məşğul olub?

    - 28 maydan sonra Mircəfər Bağırov Nəriman Nərimanovla birgə Həştərxanda olub. 1921-ci ildə Azərbaycana gəlib, Nəriman Nərimanovun əmriylə Azərbaycan Fövqəladə Komissiyasının rəisi təyin edilib. Sonra bu qurum Siyasi İdarəyə çevrilib. 1926-cı ilə qədər, Sergey Mironov Kirovun dövründə Mircəfər Bağırovun 4 vəzifəsi olub. Nazirlər Sovetində müavin, Fövqəladə Komissiyanın sədri, Rüşvətxorluğa Qarşı Mübarizə İdarəsinin rəisi, Azərbaycanda Çəyirtkələrlə Mübarizə Komitəsinin sədri olub. Kirovla işləyə bilib. Həmin vaxt Azərbaycanın müxtəlif bölgələrində sovet hakimiyyətinə qarşı üsyanlar olub. Həmin üsyanları yatırmaq üçün Mircəfər Bağırov göndərilib. Ancaq o, silahlı mübarizəyə deyil, dialoqa üstünlük verib. Üsyana başçılıq edən bəylərlə, kəndin böyükləriylə təkbətək, silahsız görüşüb, onları yola gətirib. Sonra həmin şəxsləri Kommunist Partiyasına keçirib, partiya üzvü edib. Kirovdan sonra Azərbaycanın rəhbəri 3 il yarım Levon Mirzəyan olub. Bu dövrdə Levon Mirzəyan Mircəfər Bağırovu Azərbaycandan qovub. Mircəfər Bağırov Zaqafqaziya Su Nazirliyinə rəhbərlik edib. Bakı Dövlət Universitetini (BDU) bitirmiş Levon Mirzəyan 1928-ci ildə bu ali məktəbi bağladır. O gün telekanalda Abel Məhərrəmov da danışır, ancaq oxu atıb, yayı gizlədir. Deyir ki, 1928-ci ildə BDU bağlanır. Daha demir ki, kim bağladı. Deyir ki, sonradan 1934-cü ildə BDU yenidən açılır. Ancaq Abel Məhərrəmov bunun səbəblərinə də aydılıq gətirmir. Levon Mirzəyan 1928-ci ildə BDU-nu bağlayır. Deyir ki, bu, Müsavat Partiyasının qalığıdır, ləğv olunmalıdır. 1932-ci il oktyabrda Mirzəfər Bağırov 2 il Moskvada oxuyandan sonra Azərbaycana gəlir. Həmin müddətdə oxumaqla bərabər, Moskvada SovKP-də təlimatçı da işləyib. 1932-ci il oktyabrda Azərbaycan Nazirlər Sovetinin sədri təyin olunur. 1933-cü ilin dekabrında erməni Rubenin yerinə 1-ci katib təyin olunur. Sovet Azərbaycanının ilk azərbaycanlı rəhbəri Mircəfər Bağırov olub. Az əvvəl dedim, Mircəfər Bağırov 1934-cü ildə BDU-nun bərpasına nail olub.

    - Ancaq Mircəfər Bağırovu Azərbaycan tarixində daha çox 1937-ci il represiyalarına görə ittiham edirlər. Bu ittihamları nə dərəcədə əsaslı sayırsınız?

    - 1937-ci il avqustun 5-də SSRİ NKVD-si bir qərarı çıxarır. Həmin qərara 3 nəfər- SSRİ daxili işlər naziri Yejov, Mikoyan və Stalin qol çəkib. Qərarda yazılıb ki, müsavatçılar, ittihadçılar, sosial-demokratlar, hümmətçilər, eyni zamanda menşeviklər və daşnaklar güllələnməlidir. Çünki 1936-cı il 5 dekabrda SSRİ Konstitusiyası təsdiqlənir, sosializm qələbə çalır. Molotov da 1937-ci il represiyalarına haqq qazandırıb. Deyib ki, 1937-ci il olmasaydı, SSRİ İkinci Dünya Müharibəsində qalib gələ bilməzdi, fəhlə-kəndli hökuməti yaradılırdı, ziyalılar buna mane ola bilərdilər. Ona görə də 1937-ci ildə qərar çıxır ki, onlar bir sinif kimi güllələnsin. İki kateqoriyaya ayırırlar. Radikallar güllələnir, digərləri sürgün olunur. Ailələri də Qazaxıstana sürgün olunur. Qərarda bu prosesin həyata keçirilməsi üçün 2 il vaxt ayrılır. Mircəfər Bağırov bu işə qarışa bilməyib.

    - O dövrə qədər Mircəfər Bağırovun qoruya bildiyi ziyalılar varmı?

    - Var. Üzeyir Hacıbəyov, Mikayıl Rəfili...

    - Hüseyn Cavid necə?

    - Əgər Hüseyn Cavid Müsavat Partiyasının üzvü olsaydı, onu güllələyəcəkdilər. Müsavat Partiyasının üzvü olmayıb. İttihamda onun Müsavat Partiyasına rəğbət bəslədiyi qeyd olunub. Bu səbəbdən sürgün edilib.
    Ancaq Mircəfər Bağırovun Hüseyn Cavidə hörməti olub, 1937-ci ilə qədər onu qoruyub. Mən sənədlərə istinad edirəm. Hüseyn Cavidin yaşadığı bina dövlət idarəsinə məxsus olur. Həmin binada bir neçə nəfər yaşayır. Onların hamısını oradan çıxarırlar. Hüseyn Cavid Mircəfər Bağırova məktub yazır ki, xahiş edirəm, burada yaşayım, çünki eyvana çıxanda Xəzəri görürəm, ilham alıram. Mircəfər Bağırov Hüseyn Cavidə həmin binada yaşamağa icazə verir. Yəni Mircəfər Bağırov Cavidin xətrini istəyib. Ancaq onu 1937-ci ildə repressiyadan qoruya bilməyib.

    - 1937-ci ilə qədər Mircəfər Bağırov onu necə qoruyub?

    - Hüseyn Cavidin Mircəfər Bağırova məktubları var. Məktublarında Mircəfər Bağırovdan onu “onlar”ın əlindən qorumaq xahiş olunur. 1937-ci ildə əmr çıxandan sonra Mircəfər Bağırov buna müdaxilə edə bilmir. Müdaxilə edərək Üzeyir Hacıbəyovu, Mikayıl Rəfilini qoruya bilib. O cümlədən, Mirmövsüm ağanı saxlaya bilib. Mirmövsüm ağa da siyahıda olub. İddia olunub ki, Mirmövsüm ağanın evində anti-sovet təbliğatı aparılır. Mirmövsüm ağaya görə mənim nənəm Məsumə qardaşından, yəni Mircəfər Bağırovdan xahiş edib. Mircəfər Bağırov Mirmövsüm ağaya görə şəxsən Stalinin qəbuluna gedib. Ondan sonra Mirmövsum ağadan əl çəkiblər.

    - Səməd Vurğunu necə, Mircəfər Bağırov qoruyubmu?

    - Səməd Vurğun heç bir partiyanın üzvü olmadığı üçün 1937-ci ildə onu qorumağa ehtiyac yox idi. Ancaq Səməd Vurğun, Süleyman Rüstəm və başqaları Mikayıl Müşfiqə qarşı şeirlər yazıb, onu millətçi adlandırıblar. O şeirlər var. Mikayıl Müşfiq “Oxu Tar”, Süleyman Rüstəm “Oxuma Tar” şeirlərini yazıb. 1930-cu ildə, Azərbaycana ermənilər rəhbərlik edəndə Mərkəzi Komitədə məsələ qaldırılır, bildirilir ki, tar xalqa yaddır. Süleyman Rüstəm də yazır ki, “oxuma tar, səni başa düşmür proletar”. Doğrudan da proletar nə bilir ki, tar nədir. Sonra Mikayıl Müşfiq yazdı ki, “oxu tar, səni kim unudar”. Mikayıl Müşfiq də haqlıdır.

    - Bəs 1937-ci ildə heç bir partiyanın üzvü olmayan Mikayıl Müşfiqi, cavan şairi Mircəfər Bağırov niyə güllələnmədən xilac edə bilmir?

    - Qoruya bilməyib. Həm də Mikayıl Müşfiqin, Hüseyn Cavidin Müsavat Partiyasına rəğbəti olub. Mircəfər Bağırovdan soruşmayıblar ki, filankəsi güllələyirik, filankəsi güllələmirik. Mircəfər bir sıra şəxsləri Stalinin qəbuluna düşməklə güllələnmədən xilac edə bilib. 1937-ci ildə Mircəfər Bağırovun özünü də həbs ediblər, 10 gün ev dustağı olub.

    - 1937-ci ildə Azərbaycanda represiya maşınının başında duran, prosesləri idarə edən əsas şəxs kim olub?

    - Moskvadan SSRİ prokurorunun müavini Mattuleviç Bakıya gəlib.

    - Mircəfər Bağırovu da o həbs etdirib?

    - Bəli. Ruhulla Axundov həbs olunan zaman onun evindən Mircəfər Bağırovun çoxlu məktubları çıxıb. Mircəfər Bağırov Ruhulla Axundovun xətrini çox istəyib. Ruhulla Axundov çox savadlı, çox böyük şəxsiyyətdir, Sosial Demokrat Partiyasının üzvü olub.

    - Bəs Mircəfər Bağırov necə azad edilib?

    - 1938-ci ildə daxili işlər naziri postuna keçən Beriya onu azad edə bilib.

    - Sizcə, Mircəfər Bağırovun Azərbaycan xalqına ən böyük xidməti nədir?

    - 1933-cü ilə qədər Azərbaycan yox idi. Mircəfər Bağırov Azərbaycan neft sənayesini milliləşdirib, Üzeyir Hacıbəyov kimi dahini və digər ziyalıları qoruyub. Əgər qoruya bilməyibsə, onlara deyib ki, sizi qoruya bilməyəcəm, qaçın. Məsələn, yazıçı Anarın anası Nigar xanımı Mircəfər Bağırov qoruyub. Nigar xanım Xudadat bəyin qızıdır. Xudadat bəy sovet hakimiyyətinə qarşı Gəncədə üsyana başçılıq edən şəxsdir. Mircəfər Bağırov onu və oğlanlarını Azərbaycandan qaçırdıb. Nigar xanım da 1937-ci ildə Moskvada oxuyub. 1937-ci il 5 avqustda əmr çıxanda Mircəfər Bağırov teleqram vurur ki, Nigar xanım gəlsin. Əgər Nigar xanım Moskvada qalsaydı, onu da həbs edəcəkdilər, çünki xalq düşməninin qızı sayılırdı.
    Yuxarıda da qeyd etdim, Mircəfər Bağırov BDU-nu bərpa edib.
    Mircəfər Bağırov İkinci Dünya Müharibəsi zamanı bütün ağırlıqları öz üzərinə götürüb. Stalinin, marşal Jukovun xatirələri var. Marşal Jukova Bakını qorumaq tapşırılır. Komissiya yaradılır, Jukov özü Bakıya gəlir. Sonra Stalin məruzə edir ki, Bakı partiya təşkilatı bütün işləri görüb, bizim burada heç bir işimiz yoxdur, arxayın ola bilərik.
    Mircəfər Bağırov Azərbaycanda Samur-Dəvəçi kanalını salıb, Mingəçevir Su Elektrik Stansiyasını, Mingəçevir, Sumqayıt kimi şəhərlər yaradıb. Azərbaycanın istər sənayesində, istər mədəniyyətində Mircəfər Bağırovun xidmətləri göz qarşısındadır.

    - Azərbaycan xalqının Cənubi Qafqazdan sürgünü ilə bağlı prosesin qarşısını Mircəfər Bağırovun aldığı da deyilir. Bu fikirlər nə dərəcədə əsaslıdır?

    - 1942-ci ildə Mircəfər Bağırov neft sənayesində azərbaycanlıların çalışmasını və s. misal gətirərək, xalqımızı sürgündən qoruya bilib. Həmin neft sənayesində azərbaycanlıların önəmli yer tutması da məhz Mircəfər Bağırovun xidmətidir. Öncə onu da deyim ki, 1942-ci ildə Stalinlə Mircəfərin arası dəyib. Çünki Stalin əmr verib ki, nə qədər neft quyusu var, doldurun, faşistlərə qismət olmasın. Mircəfər Bağırov bu məsələni Büroda qoyur. Büro üzvləri deyirlər ki, Stalin əmr veribsə, quyular doldurulsun. Mircəfər Bağırov əlini stola vurur ki, bunu etməyəcəm. Mozdok yolu bağlı olduğu üçün sisternləri gəmilərə qoşaraq neft göndərməyə davam edir. Bundan sonra onun əmrini yerinə yetirməyən Mircəfər Bağırova acığı tutan Stalinin ona rəğbəti artıb.
    1943-cü ildə Kabardin-Balkar, Çeçenistandan sonra sürgün məsələsi ilə bağlı növbə Dağıstana çatıb. Bununla bağlı Həsən Seyidovun xatirələri var. Həsən Seyidov balaca şəxs deyil, Azərbaycanın ikinci katibi olub, 97 yaşında rəhmətə gedib. O, xatirələrində yazır ki, Dağıstanın ağsaqqalları Mircəfər Bağırovun yanına gəlirlər. Dağıstanda 32 millət var. Dağıstanda ən böyük millət olan ləzgilərin ağsaqqalları Bakıya, Mircəfər Bağırovun yanına gəlirlər. Ayaqlarında çarıq, filan. Çarığı çıxartmaq istəyirlər, Mircəfər Bağırov deyir ki, çıxarmayın, elə belə gəlin. Həmin ağsaqqallar deyirlər ki, ləzgilər qanuna tabe olan insanlardır. Mircəfər Bğırova deyirlər ki, sən bizi yaxşı tanıyırsan, bizi sürgündən qoru, növbə bizimdir, vaqonlar gəlir, qızlarımız, uşaqlarımız sürgünə dözməz, mal-qaramız var. Elə orada Stainin köməkçisinə zəng açıb, Stalinlə danışmaq istədiyini söyləyib. Stalinə deyib ki, bura Dağıstandan bir qrup yoldaş gəlib. Stalin də qayıdıb ki, Mircəfər, mənim başımı qarışdırma, işim çoxdur, o Dağıstan, o sən, nə edirsən, et. Beləliklə, Dağıstanda əhali sürgün edilməyib.
    O zaman Əziz Əliyev İranda sovet nümayəndə heyətinin üzvü olub. Təbrizdə ruslar Əziz Əliyevdən Moskvaya yazırlar ki, guya xalq düşmənidir. Mircəfər Bağırov isə Stalinə, Molotova yazır ki, Əziz Əliyev təmiz insandır, siqaret çəkmir, araq içmir. Əziz Əliyev Mircəfər Bağırovun sağ əli olub. Harada fövqəladə iş olub, Mircəfər Bağırov Əziz Əliyevi göndərib. Dağıstan məsələsindən sonra Mircəfər Bağırovun teleqramı ilə Əziz Əliyev 20 saata Təbrizdən Bakıya gəlib, Dağıstana 1-ci katib göndərilib. Rusiyanın tərkibində qalsa da, faktiki Dağıstan Azərbaycan rəhbərliyinin nəzarətinə keçib. Mircəfər Bağırov Quba, Xaçmaz rayonundan və Azərbaycanın digər bölgələrindən Dağıstana rəhbər işçilər göndərib.
    Mircəfər Bağırov tək Zaqafqaziya Hərbi Şurasının deyil, həm də SSRİ Müdafiə Komitəsinin üzvü olub. Çoxları Mircəfər Bağırovun rütbəsini bilmir. İkinci Dünya Müharibəsi qurtarandan sonra ona general-polkovnik rütbəsi verilib. Çoxları onu general-mayor bilirlər.
    Yeri gəlmişkən, Azərbayanda ikinci sürgün təhlükəsi 1950-ci ildə olub. Bunun da səbəbi Koreyadakı müharibə ilə əlaqədardır. Koreyada kommunistlərə və SSRİ-yə qarşı döyüşən NATO qoşunlarının tərkibində əsas qüvvə Türkiyə qoşunları olub. Həmin vaxt Mircəfər Bağırov “Dədə Qorqud” əsərinin çəkilişini dayandırıb. Üzeyir Hacıbəyovun Dədə Qorqud, Şeyx Şamillə bağlı operaları var. Mircəfərin Dədə Qorqudla bağlı çıxışları var. Ancaq Koreyada türk məsələsi ortaya gələndə, bu istiqamətdə işləri saxlayıb. Bir məqamı da qeyd edim. Dədə Qorqudu özlərininki sayan türkmən ziyalılarına 5-10 il iş veriblər. Adını da qoyublar ki, türkçülük edirlər. Bu zaman Heydər Hüseynov da milli münasibətlərlə bağlı bir kitab yazır. Bu kitabı da Mircəfər Bağırovdan xəbərsiz S.Vurğun Fadeyevə verir. Kitab çap olunsaydı, bizim xalqın torpaqlarından sürgün edilməsi üçün əsas olacaqdı. Bu kitabı Mircəfər Bağırov geri qaytartdırır. Digər tərəfdən, 1936-cı ilə qədər Azərbaycan pasportlarında milliyyət türk yazılıb. Mircəfər Bağırovun da pasportunda türk olduğu yazılıb. 1936-cı ildən, sosializmin qələbəsindən sonra Stalin deyir ki, siz türk deyilsiniz, azərbaycanlılarsınız...

    - Mircəfər Bağırov azərbaycanlıların sürgününə səbəb olacağını söylədiyiniz həmin kitabı necə geri qaytartdırır?

    - Mircəfər Bağırov bir gün bunu mətbuatda oxuyur. Çünki Lenin, Stalin mükafatını verməmişdən əvvəl layihə çıxırdı. Yazılırdı ki, gələn il bu əsərlər, yazıçılar namizəddir. Mircəfər Bağırov görür ki, Heydər Hüseynovun kitabının adı orada var. Heydər Hüseynov da Mircəfər Bağırovun ən çox istədiyi insandır. Heydər Hüseynovu Mircəfər Bağırov yanına çağırtdırır, deyir ki, həmin kitabda yazılanlar həqiqətdir, ancaq hələ sandıqda saxlanılmalıdır. Mircəfər Bağırov Fadeyevə təpinir və 5 min qurultay iştirakçısının qarşısında Fadeyev üzr istəyir, kitab da geri qaytarılır.

    - 1937-38-ci illər başa çatdı. Bəs 1953-cü ildə Səməd Vurğunun həbsinin, sürgünə göndərilməsinin gündəmə gəlməsinin əsasında nə dururdu?

    - Səməd Vurğun 1950-ci ildə xaricdə olur. Xarici agentlər buna yaxınlaşırlar. Bu məlumatlar təhlükəsizlik orqanlarının arxivində var. Bu məsələ ilə bağlı araşdırma aparılıb. Həbs məsələsi olmayıb. Sonda da bu prosesə Mircəfər Bağırov müdaxilə edir və son qoyur.
    Bir məqama xüsusi olaraq toxunmaq istəyirəm. Vaqif Səmədoğlu Lent.az-a müsahibəsində deyir ki, Mircəfər Bağırov mənə dedi ki, atan içir, dayın da küpünə girir. Həm də qabandan danışır. Mənim 70-ə yaxın yaşım var. O zaman restoranlarda heyvan saxlamırdılar, Vaqif Səmədoğlu düz demir. Vaqif Səmədoğlu gözəl şair, yazıçıdır. Onun “Bəxt üzüyü” əladır, xoşum gəlir, amma Mircəfərə lətifə yaraşmır. Puşkindən Lermontova, Marksa, Engelsə, Leninə, Stalinə, Trotskiyə, Brejnyevə qədər hamıya lətifə qoşulub. Mircəfər Bağırova bir lətifə qoşulmayıb. Mircəfər Bağırovun işi olmadı, Vaqif Səmədoğlu ilə buradan bura, oradan ora getdi? Deyir ki, guya Mircəfər Bağırovun cibində şüşə olub. Mircəfər Bağırov araq içən idi? Bu, Vaqif Səmədoğlunun şair təxəyyülüdür.
    Bir şey deyim. 1947-ci ildə vəzifələrdə ermənilər də vardı. Mircəfərin oğlu Cenin ad günü olur. Ad günündə bir məmur onun uşağına qızıldan bir siqaret qabı hədiyyə verir. Sonra həmin məmuru çağırır ki, ay yaramaz, bəlkə uşaq gələcəkdə siqaret çəkməyəcək. Mircəfər Bağırovun araq içən insanlardan xüsusən zəhləsi gedib.
    Gopa basmaq olmaz. Əvvəllər deyirdilər ki, Mircəfər Bağırov görür ki, bir sovxozda suçu yatıb, su tarlanı basıb, tapançasını çıxarıb onu vurur. Bu, nağıldır. Mircəfər Bağırovun Rudenko tərəfindən aparılan məhkəmə prosesi qurama olub, başqa iş üçün tutulanlar gətirilib. Deyirlər ki, məhkəmədə Mircəfər Bağırov deyib ki, o qədər təqsirim olub ki, məni öldürün. Mircəfər Bağırov deyib ki, əgər təqsirim varsa, məni güllələmək, asmaq azdır, məni şaqqalamaq lazımdır. Teyyub Qurban çox böyük insandır, 15 ildir ki, arxivlərdə işləyir. O, bütün tarixi sənədləri ortaya qoydu. Mehriban Ələkbərzadə kinoda nala-mıxa vuranları çəkib. Mən də kinoda varam. Mehribanın kinosunda bu məqam düzgün verilir.

    - Mircəfər Bağırovun neçə övladı olub, bu gün onun nəvəsi, nəticəsi varmı?

    - Mircəfər Bağırovun 2 övladı olub. Mircəfər Bağırov Həştərxanda işləyərkən Mariya adlı bir zadəgan qızla ailə qurur. 1919-cu ildə bir övladları olur, adını Cahangir qoyurlar. Cahangirin adı eyni zamanda Vladimir gedir. Bu da rusca Cahangir deməkdir. Mariya 1926-cı ildə vəfat edib. Mircəfər Bağırov 4 il subay qalıb. Mənim nənəm Məsumənin və digər bacısının təkidi ilə Mircəfər ikinci dəfə ailə qurub. İkinc dəfə İçərişəhərdə yaşayan Yevgeniya Mixaylovna ilə ailə qurub. 1932-ci il avqustun 9-da oğlu Cen anadan olur. Böyük oğlu Cahangir aviasiya məktəbində oxuyub. İkinci Dünya Müharibəsi başlayanda artıq təyyarəçi olub. Müharibədə iştirak edib və 1 il sonra yaralı halda tərxis olunub. Sol qolu işləmirmiş. Ancaq atası Mircəfər Bağırova məktub yazır. Həmin məktub məndə var. Yazır ki, əziz ata, mən camaatın gözünə baxa bilmirəm, xəstə deyiləm, icazə verin, hərbi xidmətə gedim, mən sənin, xalqımızın adını uca etməliyəm. Məzahir Abbasov deyib ki, Cahangir, hara gedirsən, hərbi komissarlıqda işləyərsən. Ancaq razılaşmayıb. Mustafa Topçubaşov o vaxt Azərbaycan Hərbi Komissarlığının sədri olub. Mircəfər Bağırova məktub yazıblar ki, Cahangir müharibəyə yararsızdır. Ancaq buna baxmayaraq, Cahangir yenidən müharibəyə gedib. 1943-cü ilin iyun ayında qeyri-bərabər döyüşdə 7-8 alman təyyarəsini vurub, sonda yanacağı qurtardığı üçün təyyarəsini alman təyyarəsinə çırpıb, tarana gedib. Bu, müharibə tarixində nadir hadisələrdəndir. Belə insanlara avtomatik Sovet İttifaqı Qəhrəmanı düşür. O vaxt SSRİ Fövqəladə Komissiyasının sədri Mircəfər Bağırova zəng edib ki, oğlun həlak olub, ona Lenin ordeni və Sovet İttifaqı Qəhrəmanı adı verilib. Mircəfər Bağırov deyir ki, xahiş edirəm, oğluma Sovet İttifaqı Qəhrəmanı adı verməyin. Cahangirə Lenin ordeni veriblər. Həzi Aslanovun köməkliyi ilə Bakıya tabut göndərilib. Əslində tabutun içərisində heç nə olmayıb. Yazılıb ki, bunu açmaq olmaz. Yasamal qəbiristanlığında dəfn mərasimi olub. Hazırda Cahangirin qəbri anası Mariya xanımın qəbrinin yanındadır.
    1932-ci ildə anadan olan Cen isə heç vaxt müsiqi məktəbində oxumayıb. O, Tiflisdə hərbi məktəbdə oxuyub. Bakıda 10-cu sinfə qədər 6 saylı məktəbdə oxuyub. Cenin musiqi məktəbində oxuması barədə söylənənlər Vaqif Səmədoğlunun uydurmasıdır. Cen deyib ki, qardaşım təyyarəçi olubsa, mən də təyyarəçi olmalıyam. Tiflisdə hərbi məktəbdə, 1951-ci ildə Moskvada Jukov adına Aviasiya Akademiyasında oxuyub. 1953-cü ildə Mircəfər Bağırovu işdən azad ediblər və o zaman Cenə Akademiyadan çıxmaq, başqa instituta getmək təklif olunub. Cen də Kənd Təsərrüfatı İnstitutunu seçib. Cen professor, elmlər doktoru olub. 1994-cü il mayın 24-də Moskvada öldürüblər. Həmin institutda ermənilər olub. İnstitutda bir ziyafət olub, şampan içəndən sonra ölüb. Cen sağlam insan olub, Xaçmaz Ovçular Cəmiyyətinin üzvü idi.
    Cen Vaqif Səmədoğlundan 7 yaş böyükdür. Cen 1971-ci ildə Moskvada ailə həyatı qurub. 1978-ci il 26 apreldə bir oğlu olub, adını Mircəfər qoyub. Həmin Mircəfər də 2005-ci ildə Hindistanda məzuniyyətdə olub və velisopeddə gedərkən qəza nəticəsində həlak olub.

    - Sonda Mircəfər Bağırovla bağlı hansı xatirəni danışmaq istərdiniz?

    - General Əliağa Şıxllinski ilə bağlı bir məqamı da qeyd etmək istərdim. Bu da Mircəfər Bağırovun xalqının övladlarına necə qayğı və hörmətlə yanaşdığını göstərir. 1943-cü ildə Əliağa Şıxlinski qoca, xəstə olur. Mircəfər Bağırov fəlsəfə elmləri doktoru Heydər Hüseynovu onun yanına göndərib tapşırır ki, Əliağa Şıxlinski nə deyir, onu yaz. Heydər Huseynov Əliağa Şıxlinskinin dediklərini yazır. Beləliklə, bir kitab hazırlanır. Bu kitaba da bir ön söz yazmaq lazım idi. Səməd ağa Mehmandarov da ölüb. Mircəfər Bağırov soraqlaşaraq Moskvada Əliağa Şıxlinski ilə rus-yapon müharibəsində iştirak etmiş bir generalı tapır. Həmin general da Stalin mükafatı laureatıdır. Mircəfər Bağırov xahiş edir, onun yanına adam göndərir. Əliağa Şıxlinski ilə bağlı kitaba həmin general ön söz yazır. Mircəfər Bağırov ona pul yollayır. Həmin generalın Mircəfər Bağırova məktubu var. Məktubda yazır ki, əziz Mircəfər, çox sağ olun, düzdü, məndə Stalin mükafatı vardı, o da qurtarmışdı, sən mənə böyük kömək etdin. Mircəfər Bağırov sonra da ona pul göndərir, yəni maddi cəhətdən təmin edir. Bu barədə arxiv sənədləri var...

    Ramiz Mikayıloğlu


    Facebook




    Üyelik



  1. Yazan:
    no avatar


    REKLAM



Benzer Konular

  1. Samir Bağırov şou-biznesdən gedir
    Konuyu Açan: Ceylan, Forum: Show Biznes.
    Cevaplar: 0
    Son Mesaj : 22.04.2013, 09:33
  2. Müğənni İzzət Bağırov qız axtarır
    Konuyu Açan: Sarsın, Forum: Show Biznes.
    Cevaplar: 0
    Son Mesaj : 20.12.2011, 15:48
  3. Samir Bağırov da Onun yarısına qatılır
    Konuyu Açan: Sarsın, Forum: Show Biznes.
    Cevaplar: 0
    Son Mesaj : 24.11.2011, 21:04
  4. Zülfiyyə Xanbabayeva ve Samir Bağırov - Sənin üçün
    Konuyu Açan: Sarsın, Forum: Azerice Videolar.
    Cevaplar: 0
    Son Mesaj : 07.11.2011, 15:37
  5. Samir Bağırov ciddi kişi obrazında
    Konuyu Açan: Leyl-i Lal, Forum: Show Biznes.
    Cevaplar: 0
    Son Mesaj : 11.04.2011, 00:35

copyright

Soru Cevap

izmit düğün salonları - grafimx