REKLAM




+ Konuyu Cevapla

Heyat hekayesi

  1. Yazan: Leyl-i Lal
    Leyl-i Lal - ait Kullanıcı Resmi (Avatar)

    REKLAM


    Heyat hekayesi Örnegi - hekayeler Haqqinda




    Piştaxta ovuclu qadının dramı

    Bu məmləkətdə limonlar ağacdamı bitir,
    yoxsa qadınların ovuclarındamı?

    Həmidin şeirindəndi, vətəndaş Həmid Herisçinin. Bu sətirləri yazan Həmidin ömründə bircə dəfə də olsun, limonsatan qadına acıyıb, mərhəmət xatirinə ondan “üçü bir manat” komplektli limonlardan aldığına inanmıram. Amma belə real bədiiliyə görə, ona minnətdaram. Mənim limon satan qadının həyatını bircə sətirlə ifadə edəcək istedadım yoxdur. Amma içimdə o limonsatanı ölkədəki bütün limon istehlakçılarına tanıtmaq istəyən bir reportyor ehtirası var. Və düz on ildir ki, mən bu reportaja hazırlaşıram, daha doğrusu, on ildir ki, bu reportajı yazıram...

    Limonsatanı dilənçiyə çevirən on il

    Səltənət xanımı (həyatın adla bağlı ironiyasına baxın!) on ildir tanıyıram. Hələ universitetin birinci kursunda oxuyanda, Zərgər-Palan küçəsində kirayə qaldığım evdə yaşayanda Səltənət həmin küçənin tinindəcə dayanıb, dörd limonu bir əlində hazır saxlayıb, bir gözü ilə də, yanındakı sarı limonla dolu hörmə səbətini gözətləyərdi. O vaxt Səltənət daha cavan, həm də daha şux idi. Satdığı limonları tərifləmək, təklif etməklə kifayətlənərdi, alıcının zəhləsini tökməz, inad eləməzdi. Bəzən heç lazım olmasa da, ondan su qiymətinə dörd limon (o vaxt limonun dördü o vaxtı pulla “bir məmməd”, indiki ekvivalentlə 20 qəpik idi) almağa qızırğalanmazdım. Səltənət dörd limonu həmişə səliqə ilə nazik “pinqvin”ə bükər, kulokun başını burub, gülümsəyərək, mənə – tanış alıcısına uzadardı.
    İllər keçdi, universiteti bitirdim, səkkiz-doqquz iş yeri, üç-dörd yaşayış yeri dəyişdim. Səltənət Zərgər-Palan küçəsinin tinindən heç əskik olmadı. Özü qocaldı, üzü qırışdı, gözlərinin dibinə bir az məzlumluq çökdü, əlləri şaxtadan çatlayıb, qalınlaşdı. İllər onun əynindəki sarı kürkün, başındakı boz yaylığın rəngini dəyişdi, bozartdı, köhnəltdi, cındırını çıxartdı. Səltənətin limon satmaq üsulu da dəyişdi: indi o, daha əvvəlki, canısulu vaxtlarındakı kimi limonlarını açıq eynəsiylə təklif eləmir, ondan limon almaları üçün gəlib-gedənlərə yalvarır. Bu on il limon satan qadını tədricən dilənçiyə çevirdi...

    İndi yarılimonsatan, yarıdilənçi Səltənətlə müxbir, jurnalist kimi deyil, onillik alıcısı, onun halına yanan qadın kimi elədiyim söhbəti sizə təqdim eləyirəm. Yaşı əllini təzə haqlayıb. Amma üzdən yetmiş yaşı varmış kimi görünür. Əslində o danışdıqlarını kim yaşasa, hələ ölmədiyinə təəccüblənərdik...

    “Qayınanam şorabanı zibil vedrəsinə töküb, dedi: get, ordan götür ye!”

    - Səltənət xanım, haralısınız?

    - (Diksinir və cənub ləhcəsində cavab verir) Bıy, xanım nəydi sən allah? Astaralıyam, qıza.

    - Sizə bir sual versəm, xətrinizə dəyməz?

    - Niyə dəyir ki?! Neçə ildi buradan keçənlərdən elə şeylər eşitmişəm ki! İndi sənin kimi nərmənazik qızın sözü xətrimə dəyəcək?

    - Siz niyə limon satırsınız?

    - Qıza, bə neyniyim?

    - Nə bilim. Heç nə eləməyin. Niyə uşaqlarınız sizi dolandırmır?

    - Üç dənə qızım var. Hamısı Astarada ərdədi. Qayınana, qayınata yanındadı. Gedim, hansının yerini soyuq eləyim? Ərinin-zadının yanında niyə gözükölgəli olsunlar? Elə limonumu satıram da...

    - Səltənət xanım, lap əvvəldən hər şeyi danışa bilərsiniz?

    - Nə təhər yəni, lap əvvəldən?

    - Deyirəm yəni, lap cavanlıqdan bu yana həyatınızı nağıl eləyərsiniz?

    - Eləyərəm, e, amma sənin nəyinə lazımdı mənim həyatım? (doluxsunur) Mənim həyatım kimin nəyinə lazımdı?

    - Nə bilim. Mənə maraqlıdı. Necə oldu ki, bax əlinizə səbət alıb, paytaxtda limon satmalı oldunuz?

    Əlindən buraxmadığı üç limonla yanandakı səbətin yanına çökür. Gözü hələ də gəlib-keçənlərdədi. Hər yoldan ötən adama potensial alıcı kimi baxır. Amma söhbətdən də qalmır:

    - 17-18 yaşım olanda elə Astaradan Qasım adlı bir oğlana ərə getdim. Zirək qız idim. Başıma dörd qatlanmış əski qoyub, əlli kiloluq un, lobya kisələrini elə rahat daşıyırdım, deyərdin kişi xeylağıyam. Amma nolsun? Ərimin ailəsinin gözündə mənim zirəkliyim heç nə idi. Mən hələ heç vaxt elə qəddar adamlar görməmişəm. Qaynanam lap mənə zülm eləyirdi. Qasıma qohumlarından kimisə almaq istəyirmiş, o da gəlib, məni almışdı deyə, zəhləsi gedirdi mənnən. Görməyə gözü yox idi. Yediyim çörəyi də çox görürdü. Evdə ixtiyarım yox idi ki, təknədən çörək götürüm, hələ qalan şeyləri demirəm. Hamilə qalmışdım. Ürəyim şoraba istəyirdi. Evdə balonlar doluydu şorabaynan. Qayınanama yalvarırdım ki, bircə tikə şoraba versin. Dodağım yeddi yerdən çatlamışdı turşudan ötəri. Vermədi. Mən yeməyim deyə, neçə ay balonları açmadı. Ev əhlini də tamarzı qoydu. Axırda balonları açıb, zibil vedrəsinə boşaltdı. Mənə dedi: ürəyin şoraba istəyir, get, zibil vedrəsindən götür, ye. Yeriyimin pis vaxtı idi. İnanırsan, qızım, getdim, şorabanı zibil vedrəsindən götürdüm, yedim.

    ...Sarışın bir qadın yaxınlaşıb, mənə əyri-əyri baxıb, Səltənətdən üç limon alıb, getdi.

    - ...Uşaqların üçünə də yerikləyəndə, belə elədi. Bir dəfə ürəyim alma istəmişdi, inan, o uşağı doğana qədər mənə bir dənə alma alıb verən olmadı.

    - Bəs əriniz? Sizə tərəf durmurdu?

    - Ərim elə əvvəldən damarı boş idi. Kim nə desə, ona baxırdı. Həm də gözü sıyıq idi, ona-buna baxmaqdan mənə vaxtı qalırdı ki? Səksən altıncı ildə köçdük Rusetə. O vaxt Rusetdə heyvan saxlayanlara ehtiyac vardı. Beşillik müqaviləynən aparırdılar. Qızların üçün götürüb, getdik Rusetə. Sibirə yaxın bir yer idi. Çatan kimi ev verdilər, ərzaq verdilər. Urus qonşular vedrə-vedrə kələm, çuğundur, yumurta daşıyıb, gətirirdilər. Dillərini bilməsəm də, məni başa salırdılar ki, sizə pay gətirmişik. Qasım malabaxan işləyirdi, mən də sağıcı. İnan, o qədər soyuğu-zilləti neynirsən, qarnım doyurdu, üzümə hər dəqiqə tüpürən, döyən yox idi deyə, elə bilirdim, ora cənnətdi. Yavaş-yavaş rus dilini də öyrənirdim. Rus sağıcılar soruşanda ki, Azərbaycana qayıdacaqsan, deyirdim, qıza, (bunun mənasın onnara öyrətmişdim) Azərbaycan nədi, heç yana gedəsi deyiləm. Kişidi, öləsidi, elə burada da basdırasıyam. Qızlar gül kimi məktəbə gedirdilər. İndi-indi özüm adam kimi hiss eləyirdim.

    “Ərimə dedim ki, səni bıçaqlayaram!”

    - Bəs, nə oldu? Elə yaxşı şeylər danışırsınız ki, adamın inanmağı gəlmir. Elə yaxşı həyatdan sonra niyə burada limon satırsınız?

    - Qıza, yaxşı olmağına yaxşıydı, amma bir dərd var idi ki, bayaq dedim axı, ərim sıyıq adam idi. Gözü hələ Astarada onda-bunda idi. O ki, qalmışdı, sarı-sarı urus arvadları ola. Onlar da hamısı deyib-gülən, dünya veclərinə deyil, hamısı içir, siqaret çəkir. Qasıma da zarafatla “Ka semsot” deyirdilər. Qasımın ağlı başından çıxırdı. İlişdi birinə. Üç uşaqnan məni qoydu evin altında, getdi girdi o urusun evinə. Mən işdən gələnə qədər qızlarım oda tökülürdü, o boyunu yerə soxduğum da urusun evində oturub, onun yad kişidən olan uşağının “kalyaska”sını yırğalayırdı. Qonşuları görmüşdü, mənə gəlib, fermada deyirdilər. Axırda qeyrətim yol vermədi. Bıçağı götürdüm, getdim girdim evinə. Dedim, səni bıçaqlayacam! Heç nədən qorxmuram. Buranın hökuməti yaxşı hökumətdi, məni tutsalar da, qızlarıma yaxşı baxarlar. Oxudarlar, adam eləyərlər. Sənin kimi biqeyrət atadansa, elə yetim qalsalar yaxşıdı. Gördü ki, ciddiyəm. Əl-ayağıma düşdü, yalvardı, tövbə elədi.

    - Azərbaycana niyə qayıtdınız?

    - Doxsanıncı illərdə ara qarışdı, məzhəb itdi. İyirmi yanvar qırğınından sonra oralarda da vəziyyət pisləşdi. Evdə qorxa-qorxa yatırdıq. Böyür-başımızda erməni çox idi. Hər gecə elə bilirdik, gəlib bizi öldürəcəklər. Sonra da söhbət çıxdı ki, urusetnən ara bağlanacaq. Buradakılar bu tayda qalacaq, azərbaycandakılar da orda. Bayaq elə dediyimə baxma ki, deyirdim, ölərəm, qayıtmaram. Vətən ayrı şeydi, qıza! Adamı yandırıb-yaxır. Raşotumuzu aldıq, yığışdıq, gəldik Astaraya. Xeyli pul gətirmişdik. Dedim, ayrı ev tikdirək, ta qayınatamgilnən yaşamayaq. Qasım dedi, evi neynirsən, o pula maşın alacam. Pulu verdi maşına. Rusetdən qayıdanda yanağımdan qan damırdı. Hər şey təzədən başladı. İndi düşmənim lap çoxalmışdı. Qaynım da evlənmişdi, istəmirdilər onlarla qalaq. Qaynım arvadı ilə qaynanam birləşirdilər, yenə məni döyürdülər. Qaynanam ölənə qədər elə oldu. Qaynanam öləndən sonra ərimə Rusetdən məktub gəldi. O evində yaşadığı urus arvadı yazmışdı. Yazıbmış ki, arvad-uşağını qoy orda, qayıt gəl. Burada qazanıb, onlara pul göndərərsən. Ağlına batdı. Mən yalvardım, qızlar yalvardı. Fikir vermədi. Bizi qoydu qaynımgillə bir evin altında, getdi. Əvvəl pul göndərirdi. Qızlara babat cehiz düzəltdim. Üçü də yaşları 17-18 olan kimi, hərəsi birinə qoşulub qaçdı. Kim idi, atası başlarının üstündə olmayan qızlara elçi gələn? Elə gözəlliklərinə susayıb, aldılar. Qasım da pul göndərməyin arasın kəsdi. Qaynımgil də pul kəsiləndən sonra məni yola vermədilər. Dedilər, halal ərin səni atıb, gedib, biz səni niyə saxlayırıq? Get, qızlarının evində otur. Qaldım naəlac.

    “Köhnə alıcılarımın çoxu məni görəndə qaşqabaq sallayır”

    Kəndə bir alverçi gəlmişdi Bakıdan. Qoca arvad idi. Rəngbərəng şəp-şəp zad satırdı. Təsadüfən onnan dərdləşdim. Dedi ki, bakılıdı, “sovetski”də tək yaşayır. Ərindən boşanandan sonra atasının evinə qayıdıb. Atası öləndən sonra dədələrindən qalma evi qardaşı ilə bölüblər. Elmiraya bir balaca otaq düşüb. Kuxnası-zadı, hər şeyi elə içindədi. Mənə dedi ki, burada limon-zad ucuzdu. Bir-iki səbət al, götür, mənnən gedək Bakıya. Satarsan, qalanına gəlib yenə limon alarsan. Orada limon satdığın vaxtı da mənim otağımda qalarsan. Kirə haqqı istəmirəm, amma yemək almağa kömək eləyərsən. Ağlıma batdı. Dedim, tək arvaddı, ondan mənə nə zərər gələr? Bir-iki səbət limon alıb, gəldim Bakıya. Zərgər-palanı mənə Elmira məsləhət gördü. Dedi, burada yaşayan adamlar çoxu babat dolanan adamlardı. Elə limonu-zadı da səndən alacaqlar. Üzləri-gözləri öyrəşəndən sonra lap alverin yaxşı gedəcək. O vaxtdan burada limon satıram. Qıza, sən də əvvəl burada qalırdın, bə noldu? Ərəmi getdin, qıza?

    - Yox, mən burada kirayə qalırdım. İndi öz evimizdə yaşayıram. Səltənət xanım, limon satmaqdan gündə, həftədə, ayda nə qədər pul qazanırsınız?

    - Mayasını çıxsam, gündə 5-6 manat. Əvvəllər lap çox qazanırdım. O vaxt həvəsli idim, gəlib-gedənin üzünə gülürdüm, eynələri açılırdı. İndi qocalmışam, yorulmuşam. Neçə il limon alanlar indi üzümü görəndə qaşqabaq sallayırlar. Eləsi olur, yanındakına deyir: “Mən yoruldum bu arvaddan limon almaqdan, bunun limonu qurtarmadı! İldən-ilə də lap zəhlətökən olur!” Bax, qıza, belə deyillər indi. Amma yenə də görürsən, aralarında yaxşı adamlar da olur. Elə adam olub ki, bir manatlıq limona beş manat verib, qalanın istəməyib. O qədə dua eləmişəm ki, eləsinə!

    “Tualet üçün Elmiranın qardaşının həyətinə gedirik”

    - Yenə Elmiranın evində qalırsınız?

    - Hə. Qıza, ev nədi? Elə ev olar? Dördün dördə bir otaqdı, küçədən birbaşa qapını açıb, otağa girirsən. Yeməyi də orda bişirirəm, paltarı da orda yuyuram, orda yeyirik, orda yatırıq. Çiməndən-çimənə məhlədə bir arvad var, pulnan hamamında çimməyə icazə verir, onun hamamında çimirəm. Bir manatdı çimmək haqqı. Özü də müştərisi o qədər çox olur ki, çimmək üçün gərək bir gün əvvəlcədən deyəsən, pulunu da verəsən. Evin heç tualeti də yoxdu, Elmiranın qardaşının tualetinə gedirik. Hər dəfə də üzümə acıqlı-acıqlı baxır kişi. Elmira evi bölüb, otaq alıb deyə, arası yoxdu nə onnan, nə də mənnən. O da, uşaqları da, arvadı da gözləyirlər ki, Elmira ölsün, otağı təzədən evə qatsınlar. Gecə-gündüz Allaha yalvarıram ki, Elmira ölməsin! O ölsə, mənim axırım nə olar?

    - Elmira ilə necə yola gedirsiniz?

    - Qocaldıqca ağlı azalır. Boş-bekar adamdı, deyinməyə bəhanə axtarır. Mən yorğun evə gedirəm, yemək bişirirəm, çay hazırlayıram, yeyirik, qabları yuyuram. Sonra da ölü kimi yatmaq istəyirəm. Neynim, candı, dincəlmək istəyir. Döşəyimi yerdən salıb, yatmağa hazırlaşıram. Elmira da bütün günü televizora baxıb deyə, baxdıqlarını mənə danışmaq istəyir. Elə bilir, Faiq Ağayev-zad mənə çox maraqlıdı. Mən ona qulaq asmayanda da hirslənir. Hələ nəsə xəstəliyi var, gecələr yerindən atılıb, qışqırır. Ürəyim qopur, deyirəm, ölüb-eləyər, məni evdən atmaq bir tərəfə, deyərlər sən öldürmüsən. İçimi yeməkdən bu günə qalmışam.

    “On ildir, dilənçi kimi yaşayıram”

    - Sizə dəxli olmayan bir sual verim. Nə bişirirsiniz ən çox?

    - Qıza, əlimdən bir ləvəngi bişirmək gəlir, bir plov gəlir ki, gəl görəsən! Amma neçə ildi, heç birini bişirmirəm. Ləvəngiyə pulum hardandı? Çox vaxt qəssabdan əti yonulmuş sümük alıram, ucuz qiymətə. Qaynadıram, suyuna düyüdən, noxuddan atıram, yeyirik. Nə bilim, yazda-yayda, göyərtinin bol, ucuz vaxtlarında kükü bişirirəm. Mən o qədər yoruluram ki, yeməyə də heyim qalmır, Elmira basıb yeyir. Qurbanlıqda-zadda, qonşular qurban kəsir, bizə də verirlər, onda dilimizə ət dəyir.

    - Bəs, günorta nə yeyirsiniz?

    - Nə bilim, əlimə nə düşsə. Peraşkidən, dönərdən-zaddan. İndi dönər də çox bahalaşıb. Şorqoğal alıram, quru-quru getmir, termosda çay satanlar gəzir buralarda, çay da alıram, onnan yeyirəm. Onsuz da az yeyirəm, iştaham yoxdur. Yanında dayandığım mağaza var ha, oradakı uşaqlar çox yaxşı uşaqlardı. Günorta yeməklərindən bir-iki tikə mənə də verirlər çörəyin arasında...

    - Astaraya gedəndə, qızlarınızın evinə qonaq gedirsiniz?

    - Gedirəm. Onlar bilmir ki, mən burada limon satıram. Elə demişəm, yanında qaldığım arvad tək qalmağa qorxur, məni də yanında saxlayır. Ora gedəndə Elmiranın cavan vaxtlarında tikdirdiyi paltarlardan geyirəm. Havayı vermir geyməyə, deyir, gələndə mənə Astara meyvələri gətirərsən. Elmiranın yanına qohumları qonaq gələndə ona nəsə pay gətirirlərsə, həmin pay-ürüşü mənə satır. Mən də alıb, Astaraya gedəndə, qızlarımın evinə pay aparıram.

    - Ərinizdən nə xəbər var?

    - Heç xəbər-zad yoxdur. Cəhənnəmə olsun. Onu Allaha tapşırmışam. Bilirəm, ölüm ayağı gəlib it kimi mənə, qızlarına yalvaracaq. Bəlkə də qızları bağışladı. Neyləyə bilərəm, atalarıdı. Amma mən heç vaxt bağışlamaram. On ildi dilənçi kimi yaşayıram. Elə gec-gec çimirəm ki, əynimdə altdan-üstdən geydiklərim bir-birinə yapışır. Yay-qış canım çıxır. Ayaqlarımı güclə sürüyürəm. Gəlib-keçənə yalvarıram ki, limon alsınlar. Bir gün limon sata bilməsəm, sabah ac qalacağıq. Yenə sağ olsunlar, çox vaxt avtobusa minirəm, şoferlər məndən pul götürmür. Amma eləsi var, səbətimi görüb, heç avtobusa minməyə qoymur. Qıza bu ölkənin peyğəmbər kimi üzü nurlu adamı da var, şümürdən betəri də. Allah ondan saxlasın ki, qabağına tez-tez şümür çıxa.

    Gözləri dolur, ovcundakı limonları buraxmayaraq, əlinin dalı ilə gözlərini silir. Hiss eləyirəm ki, özüm də alınıram. Səltənətə baxıram, anam yadıma düşür: saçı xınalı, totuq-motuq, arada qalxan qan təzyiqinə, şəkərinə görə hər dəfə bizi ürəkqopmasına salan anam. Anam bu haqqı iyirmi ildən artıq balaları üçün kipriyi ilə od götürərək qazanıb. Amma Səltənət də bunu eləyib axı... Səltənətin əllərinə baxıram. Anamın əllərinə oxşayır. Daha doğrusu, bütün zəhmətkeş qadınların, anaların əlinə. Əlini öpmək istəyirəm. Amma bilirəm ki, nə Səltənət, nə ötüb-keçənlər bu hərəkətimin səbəbini heç vaxt başa düşməzlər. Başa düşsələr də, saxta, süni bilərlər, inanmazlar səmimiyyətimə. Bu ölkədə utanmadan sədəqə uzada bilmədiyim dilənçinin, utanmadan limon ala bilmədiyim limonsatanın qarşısında özümü vətəndaş kimi, insan kimi, qadın kimi günahkar bilməyimə inanmazlar.
    İnsanlar bir yana, Səltənətin indi heç kimə inanmamağından daha təbii nə ola bilər ki?
    On dənə limon alıb, uzaqlaşıram. Limon bir az çox oldu, amma eybi yox: anamın qan təzyiqi var.

    Özümə nifrət eləyirəm!

    Günel Mövlud


    Facebook




    Üyelik



  1. Yazan:
    no avatar


    REKLAM



Benzer Konular

  1. Sevgi Hekayesi
    Konuyu Açan: Sarsın, Forum: Azerice Videolar.
    Cevaplar: 2
    Son Mesaj : 20.06.2012, 23:11
  2. Sevgi hekayesi
    Konuyu Açan: Dovsan, Forum: Romantik Resimler.
    Cevaplar: 0
    Son Mesaj : 29.01.2012, 14:06
  3. Sevgi hekayesi
    Konuyu Açan: Dovsan, Forum: Sözler Yazılar Mesajlar.
    Cevaplar: 0
    Son Mesaj : 29.01.2012, 14:06
  4. Dostluq hekayesi
    Konuyu Açan: Sarsın, Forum: Azərbaycan Ədəbiyyatı və İncəsənət.
    Cevaplar: 0
    Son Mesaj : 04.01.2012, 18:19
  5. Heyat nədir - Heyat sözləri
    Konuyu Açan: AYIŞIĞI, Forum: Azərbaycan Həyat tərzi.
    Cevaplar: 1
    Son Mesaj : 26.03.2011, 03:02

copyright

Soru Cevap

izmit düğün salonları - grafimx