Kitabi-Dədə Qorqud

  1. Register

    «Qam» Azərbaycan xalqının qədim tarixi ilə sıx bağlanan bir istilahdır. Qafqazda və şimali İranda məskunlaşan madaylar – müdrik və gələcəkdən xəbər verən adamlara «qam-ata» deyirdilər və ilk qam-ata ulu Zara,tuştr sayılırdı. Tanrı elçisi mənasını verən bu söz atəşpərəstlik dininin geniş yayıldığı ərəfədə baş kahinə verilən «maq-ata» (pəhləvicə «ma-qapata» və sindcə «mobedan» şəklinə düşərək yazı yaddaşına köçürülmüşdür) ilə yanaşı iş-lədilmişdir. Bu onu göstərir ki, yaranma mərhələsində atəşpərəstlər əvvəlki inancın - qam-çılığın əsas daşıyıcısına sığınmış, özlərini bir din kimi xalq arasında təsdiqlənəndən sonra yenisini tətbiq etmişdilər. Stiven Djoz belə bir fikir irəli sürür ki, «Qədim şamanların əksə-riyyəti günəşpərəst olmuşlar. Onlar düz günə baxırdılar ki, gücünü özlərinə çəksinlər. İstəy-irdilər ki, gözlərinə daha çox işıq yığılsın» [3, 268]. Bu səbəbdən də günəşpərəst qamlar Zoroastrizmin yaranmasında böyük rol oynamışlar. Ərəb alimi Əbu Həyyan əl-Əndəlusi «Kitab-əl-idrak li-lisan əl-ətrak», yəni «Türk dillərini dərketmə kitabı»nda (1313) göstərir ki, XIII yüzilliyədək türklər, o cümlədən azərbaycanlılar həkimə «qam» [4, 46] deyirdilər. Məsələn, «qamladı» [4, 46] sözü «həkimlik etdi» anlamını verirdi. Burada şamanlara işarə edildiyi göz qabağındadır.

    Maraqlıdır ki, əski çağlarda Azərbaycanda qam həm də icma başçısının əsas titulu sayılırdı. Oğuz-türk elinin xanı Bayandır «Kitabi-Dədə Qorqud» eposunun hər iki əlyazma-sında (Drezden və Vatikan) qamatanın törəməsi kimi təqdim olunur: «Bir gün Qamğan (Qam Ğan) oğlu xan Bayandır yerindən durmuşdur» [5, 34]. S.Əliyarov V.V.Jirmunskiyə istinadən yazır ki, «qam – qədim türklərdə kahin, ğan isə ata deməkdir (Kahin baba və ya Müqəddəs ata mənasına gəlir)». F.Rəşidəddinə əsasən, Oğuz-türk mifoloji sistemində Bay-andır Oğuz xanın Qalın türk-oğuz elini formalaşdıran 24 nəvəsindən birinin adıdır. Daha də-qiq desək, Oğuzun ikinci arvadından (su və ağacla əlaqələnən) doğulan Göy xanın dörd oğlundan ilkinidir. Sonrakı çağlara aid siyasi bölümlərdə oğuz elinin «sol qanadı»nın - Üç oxların başçısı kimi göstərilir. Azərbaycan epik ənənəsində isə Bayandır xanın vəzifəsi daha da genişləndirilib «Qalın (böyük) oğuzun, yəni hər iki qanadın - bütün türk elinin rəhbərinə, «xanlar xanına» çevrilir. Azərbaycan alimləri (Z.Bunyadov, S.Əliyarov, X.Koroğlu və b.) V.V.Jirmuniskinin belə bir qənaəti ilə razılaşırlar ki, «Bayandır xanın bir epik qəhrəman ki-mi oğuzların qədim epik-tarixi ənənəsindən ayırılması və Ağqoyunlu Bayandurilərin «Kiçik Asiyadakı hərbi hegomonluq» dövrü ilə bağlanması cəhdləri elmi baxımdan əsassızdır» [6, 14]. Əslində Ağqoyunlu dövlətinin yaradıcısı bayandırlı Uzun Həsənin öz sağlığında nəsil şəcərəsini tərtib edəndə kökünü Alp-Ər-Tunqa ilə bağlayır və Adəmdən başlanan törəm ar-dıcıllığında Oğuz və Bayandıra da yer ayırırdılar. Oğuz yeni nəsil yarandan mədəni qəhrə-man şəklində deyil, Uzun Həsənin Alp-Ər-Tunqadan sonrakı ulu babalarından biri kimi gö-stərilirdi. Yada salaq ki, mifoloji sistemə əsaslansaq, Bayandırın atası Qamğan yox, Göy xandır. Ola bilsin ki, «Qam» kəlməsi əski çağlarda göylə əlaqələnən mühüm bir anlamı ve-rirmiş. Çünki «ğan» sözü «ata» məsını daşıyırdısa, Göy Tanrısına inananlar, o cümlədən Azərbaycan türkləri Göy xana «Göy ata» deyə müraciət edirdilər. Ehtimal ki, qamlar gə-ləcəkdən xəbər vermək, varlıqlara ad qoyub şərh etmək qabiliyyətinə malik olduqlarından sözün məğzində «işıqlandırmaq», «aydınlaşdırmaq» dururdu. Deməli, hələ ictimai təbəqə-ləşmə meydana gəlməmişdən qabaq tayfaya mənəvi ata – qam rəhbərlik edirdi. O, Göy Tan-rının, ya da Günəş Atanın elçisi sayılırdı və iki funksiyanın daşıyıcısı idi – həm inacla bağlı mərasimlərin icraçısı, həm də toplumdaxili və toplumxarici əlaqələrin yaradıcısı, qayda-qanunun təminatçısı idi. Azərbaycan mifoloji görüşlərində şamanizmin izlərini araşdıran M.Seyidov da qamları hələ insanlarda heç bir dünyagörüşü formalaşmadığı çağlarda özünü meydana atan müdrik el ağsaqqalı, ilkin mənəvi ata tək təqdim edirdi. [7, 20].
    Çap: MEA-nın Follor İnstitunun «Dədə Qorqud» elmi-ədəbi toplusu. III, Bakı, «Səda» nəşriyyatı, 2003, s. 3-13.
    Müəllif: Ramazan Qafarli Tarix 01/29/2004

     

     

    Leyl-i Lal - 22.01.2010 - 22:44
  2. Müəllif: Ramazan Qafarlı
    Publikasiya: “Ərən” qəzeti, sayı 18, 26 sentyabr 1999, s. 2.
    «Dədə Qorqud» eposunda Qafqaz türklərinin vahid dövlət yaratmaq arzuları, onlara məxsus əraziləri düşmən basqınlarından qorumaları, öz içərilərində yetişən xəbis, şər adamların hiyləsinə uymamaları ayrı-ayrı boyların ana xəttində durur və ulu babalarımızın idarəçilik sisteminin strukturları bütün atributları ilə göstərilir. Bu sistemdə çox qədim dövrlərdən miras qalan hakimiyyətin nəsildən nəslə keçməsi prinsipinə də (lakan dünya tarixində mövcud olan ümumi monarxiya üsul-idarəsindən tamamilə fərqli formada), kollektiv idarəçiliyə də rast gəlirik. Bir cəhət heyrət doğurur: mədəni ölkələrdə bu gün uğurlu sayılan prezident üsul-idarəsinə oxşar dövlət quruluşunun eposda, demək olar ki, əsas amilləri özünə yer tapır. Şumer, misir, yunan və roma xalqlarının eposlaşmış mifoloji mətnlərində dövlətin yaranması, quruluşu geniş şərh olunsa da, idarəçiliyin əsası tanrılarla əlaqələndirilir. Bu səbəbdən də iqtidar rolunda yarımallah - yarıminsan tək dünyaya gələn mədəni qəhrəmanlar və onun nəslinin nümayəndələri çıxış edirlər. Xalq isə təbiətdəki başqa canlılardan biri kimi xarakterizə olunur. Kütlələr dövlətin yaranması və inkişafında, qorunmasında fəal rola malik göstərilmirlər. Hakimiyyətin pilləvari quruluşunun ən yüksək qatında tanrılar tərəfindən «seçilən», insanların (ümumiyyətlə bütün canlıların) birliyini təşkil etməyi bacaran, təbii fəlakətlərə, şər qüvvələrə qarşı mübarizənin təşkilatçısına çevrilən və qara camaatı Yaradıcının xidmətində durmağa çağıran fövqəltəbii gücə malik məxluqlar əyləşirlər.

    «Dədə Qorqud»da isə tamamilə başqa mənzərənin şahidi oluruq. 24 tayfanın (eposun «Qazlıq qoca oğlu Yeynək boyu»nda Bayandır xanın əmrində deyilir: «İyirmi dörd vilayətin bəyləri gəlsin!» - Bax: Kitabi-Dədə Qorqud, Bakı, 1988, s. 193. Yaxud «Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy»da ozan Dəli Dondazın 24 oğuz boyunu tə‘rif edib oxşaması barədə mə‘lumat verilir, - Yenə orada. s. 175) birliyindən yaranan qalın oğuz elində xanlar xanı Bayandır xan sabitliyin qarantı funksiyasını daşısa da, hər vilayətin özünün bəyi və xüsusi idarəçilik sistemi nəzərə çarpdırılır.

    Bir cəhət maraqlıdır ki, eposda ölkə iki qanada - İç oğuza (Üç ox) və Dış/Daş (Boz ox) oğuza bölünür. Lakin hakimiyyət bölgüsü ümumoğuz mifoloji təsəvvüründəki kosmoloji strukturdan fərqli şəkildə aparılır. Yəni idarəçilik Boz oxların deyil, Üç oxların (Oğuzun adadakı ağac koğuşunda rastlaşdığı gözəl qadından dünyaya gələn oğlanları – Göy xan, Dəniz xan və Dağ xanın törəmələrinin) əlindədir. Oğuzun oğlanları Gün xan, Ay xan və Ulduz xan göy işıq zolağı ilə göydən enən qadının bətnində yetişirlər. Atalarının vəsiyyətinə görə, bu üç qardaşın tapdığı qızıl yay aralarında üç hissəyə bölünür, ona görə də onların nəslinin davamçılarına pozuq/bozuq/boz oxlar deyirlər. Əsatirə əsasən, bölünmüş yayın hissələri bir-birinə birləşməklə sehirli gücünü əldə edir və oxların sərrast atılmasına şərait yaranır. Bu mə‘nada bozoxlar hakimiyyət strukturunda üçoxlardan üstün göstərilirlər. Ümumilikdə götürdükdə bu ona işarədir ki, qardaşlar heç zaman bir-birindən ayrı düşməməli, parçalanmamalıdırlar. Əks halda güclərini itirib düşmən tərəfindən yeniləcəklər (Sxemə bax).

    Eposda türkün ilkin kosmoloji bölgüsünün yerdəyişmə şəklində təqdimi tarixi gerçəkliklə üst-üstə düşür. Çünki Azərbaycan türklərinin etnik tərkibində üçoxlar (bayandır, bayat, salur və s.) üstünlük təşkil etdiyindən idarəçiliyi öz əllərində cəmləşdirmiş (məsələn, məhşur ağqoyunlu hökmdarı Uzun Həsən bayandur soyundan idi), şifahi və yazılı oğuznamələrdə dəyişiklik etməklə ilkin kosmoloji dünya modelini oğuzların Qafqazdakı və Yaxın Şərqdəki durumuna uyğunlaşdırmışdılar. Bu hal getdikcə «Dədə Qorqud»da mətn strukturunun daxili qanunauyğunluğuna çevrilib boyları digər oğuznamələrdən əsaslı şəkildə ayırmışdır.

    Hiss olunur ki, Bayandır xan oğuzun iki qolu arasındakı fərqlərdən doğa biləcək ölkədaxili çəkişmələrin aradan qaldırılmasında Dədə Qorqud, Qazlıq Qoca kimi bilicilərin köməyinə arxalanır və hakimiyyəti müddətində böyük uğurlar qazanır. Ola bilsin ki, Bayandır xanın təşəbbüsü ilə İç oğuzlu Ulaş xan (Salur Qazanın atası) Dış oğuzlu «doqquz tayfanın başçısı» Alp Aruzun bacısı ilə evlənmişdi, eləcə də Dədə Qorqudun elçiliyi ilə İç oğuzlu Bamsı Beyrək Dış oğuzun sayılan bəyi Baybicanın qızını almışdı. Lakin ozanlar bu qohumluqların sürüşkənliyinə də boylarda işarə edirlər. Dış oğuzlular bəzən başqa əqidəli (xristian, yaxud bütpərəst) qonşu soydaşları ilə (əsasən qıpçaqlarla) gizlin danışıqlar aparırdılar. Məsələn, Baybican Bamsı Beyrəklə göbəkkəsmə nişanlanmış qızı Banı Çiçəyi Bayburd hakiminə ərə vermək niyyətini gizlətmirdi. İki gəncin saf məhəbbətinə həsr olunan boyda açıq-aydın göstərilir ki, «oğuz zamanında evlənən hər igid ox atardı. Oxu düşən yerdə gəlin otağı qurardı. Beyrək xan da oxunu atdı, oxu sancılan yerdə otağını qurdurdu…Yarımasın kafirin cəsusu, bunları görüb, getdi Bayburd hasarının bəyinə xəbər verdi. Dedi: «Nə oturmusan, sultanım, Baybican bəy o sənə verəciyi qızı Beyrəyə verdi. Bu gecə gəlin gedəcəkdir». (Kitabi-Dədə Qorqud, s. 155). Göründüyü kimi, bayburdlular türk olsalar da, kafir sayılırdılar. Ona görə ki, başqa məhzəbdən idilər. Buna baxmayaraq mə‘lumatdan belə çıxır ki, Baybican bəylə sultan arasında gizlin danışıq aparılmışdır. Dış oğuzun bəyi hətta öz qızını Bayburd hökmdarına ərə verəcəyini də dilindən çıxarmışdı. Bəlkə də bu səbəbdən Dəli Qarcar bacısının öz göbəkkəsmə nişanlanlısı Beyrəklə - İç oğuz igidi ilə evlənməsinə qarşı qəribə şərtlər irəli sürmüşdü. Dədə Qorqudun elçi sifəti ilə işə qarışması Baybicanın sultanla «gizli sazişi»ni pozmuşdur. Yoxsa cəsus cəsarət edib hökmdarı qızışdıran xəbəri çatdırmazdı.

    Beləliklə, İç oğuzla Dış oğuzun müharibəsini təsadüfi saymaq olmaz. Hər halda eposda son boydakı narazılıqdan daha kəskin qarşıdurmalarla, ziddiyyətlərlə əvvəlki müstəqil süjetlərdə də rast gəlirik. Dirsə xan Bayandır xan tərəfindən təhqir olunduğunu zənn edib (övladsızlığına görə qara otaqda yerləşdirilir) onun məclisini tərk edir. Boyda rastlaşdığımız Oğuz mifik dünya modelinin üçqatlı stukturunun üç rəngli çadırlarla (otaqlarla) kodlaşdırılan variantının əsasında həyat-ölüm, insan və onun dünyaya gəlməsi durur. İlk boyun hadisələrini yada salsaq, görərik ki, türkün ilkin dünyagörüşünə görə, kainatın bütövlüyü üç rəngli çadırla rəmzləşir: ağ - kişi, qırmızı - qadın və qara – yoxluq anlamında başa düşülür. Bu üçlük əzəli dünyaqurmada üç əsas funksiyanın daşıyıcısı olur: yaratmaq, törəmək və aradan qaldırmaq.

    Ağ – işıq – od – günəş – kişi – əbədi yaşarlıq - yuxarı qatın işarəsidir, müsbətdir və xeyiri təmsil edir. Dünyanı formalaşdıran dörd mühüm elementdən (su, od, torpaq, hava) ikincisidir.
    Qırmızı ikili xüsusiyyətə malikdir – torpaq – yersu – məkan – yurd – törəyən - qadın və orta qatdır. Mənfi qütbdür, öz daxilində daim xeyir şərlə mübarizə aparır. Çox hallarda birinci ikincini üstələyir.
    İki əks elementin birliyindən (izdivacından) dünyadakı varlıqlar doğulur.
    Qara – cəhənnəm – zülmət – yoxluq – ölüm – şər və aşağı qatdır. Ağla qırmızının əbədi rəqibidir.

    Birinci boyun mətn strukturunda dinamiklik və qarşıdurmanın əsası mifoloji modelə uyğun olaraq aşağıdakı şəkildə qoyulub inkişaf etdirilir:

    [A☼ + B±] ←V◙

    Göründüyü kimi, eposun başlanğıcında təsviri verilən üç çadır (otaq) təqdim etdiyimiz struktura tam uyğundur: orada da varlıqları (xüsusilə canlıları) yaradan qüvvənin bir başında kişi durur. Bu, mətndə oğulluların ağ otaqda yerləşdirilməsi şəklində gerçək həyatla uyğunlaşdırılır. Çünki mifoloji strukturda Yuxarı qatdakı Günəş Atanın, yaxud Göy tanrının simvolu – işıq, aydınlıq və ağ rəngdir. Varlıqları (xüsusilə canlıları) yaradan qüvvənin əks tərəfi isə qadına məxsusdur və boyda qızı olanların qırmızı otağa dəvəti kimi reallıq forması alır. Çünki mifoloji strukturda təbiəti doğan ana torpaq, Yer üzü – qırmızı rənglə işarələnir.

    Bir-birini özünə çəkən iki əks (müsbət-mənfi, kişi-qadın) qütblər əslində ikili dünyanın (varlıqla-yoxluq, olumla-ölüm, işıqla-qaranlıq) bir tərəfini – doğumu (törəyişi, meydana gəlməni) şərtləndirir. Lakin kişi-qadın ikiliyinə tamamilə zidd olan üçüncü tərəf də mövcuddur. Bu, yoxluq (eposda övladsızlıq), üzüqaralıq şəklində kodlaşdırılan qara rəngdir. Xalq arasında «boyun yerə soxulması», «yerə girmək» deyimi ilə nitq faktoruna çevrilib yeraltı aləmlə əlaqəni əks etdirir (eposda qara otaq). Əslində Bayandır xanla Dirsə xan qarşıdurması dərin qatlardakı, daha doğrusu, mətn altındakı Göy tanrı ilə Yerlik xan arasındakı ziddiyyətin analoqudur. Bu inciklik də müharibə ilə nəticələnə bilərdi. Ancaq kişinin «başının baxtı»nın, «evinin taxtı»nın – qadının (orta qatın) ağıllı məsləhəti hadisəni sovuşdura bilir. Yəni şaquli istiqamətli üçlüyün alt – qaranlıq qatı orta – qırmızını özünə tərəf çəkməyi bacarmır. Üçqatlı strukturlarda orta qat əksər hallarda vasitəçi və tənzimləyici rolunu oynayır, bəzən isə «şərin qılverəninə» çevrilir. Orta qatın (eposda qadının) yuxarı işıqlı ağ göylə (eposda Bayandır xanla) əlaqələri qırmamaq təşəbbüsü hadisələri xeyrə aparıb çıxarır. Əks halda onun aşağı qaranlıq qaraya üz tutması şərə meydan açardı. Eləcə də Bəkilin Bayandır xandan və Qazan bəydən üz döndərməsi motivi mifoloji strukturdakı elementin yerninin səhv düşməsi ilə səsləşir. Adi hal təsiri bağışlayan narazılıqla etnosdaxili toqquşmaya zəmin yaranır. Bəkilin hünərinin özündə olması, yoxsa atın məharəti ilə bağlanması mübahisəsi əslində yurddan üz döndərib yad diyarlarda məskunlaşmaq istəyini yaratsa da, gerçəkləşdirilə bilməzdi. Çünki köklə bağlanan xətlərin kəsilməsinə zəmin hazırlanmırdı. Sadəcə olaraq bir varlığın öz içərisindəki ikiliyin üz-üzə gəlməsi hadisəsi baş vermişdi. Bu səbəbdən də qarşıdurma dərinləşib qardaş qırğını ilə nəticələnmir və burada da «qırmızının» - qadının müdrikliyi və ağın - Bayandır xanın səbri sayəsində hadisələr barışla yekunlaşır.

    İlk olaraq belə bir sual doğur: elə isə sonuncu boydakı narazılığın qanlı müharəbəyə çevrilməsinin səbəbi nə idi? Onu aradan qaldırmaq mümkün deyildimi? Qalın oğuzun gözü Bamsı Beyrəyə qıyan Dış oğuzların məqsədi təkcə var-dövlətdən pay ummaları idimi? Nə səbəbə hadisələr birdən-birə yönünü böyük sür‘ətlə elə dəyişir ki, Alp Aruz bacısı oğluna düşmən kəsilir, hər an Qazan üçün başından keçməyə hazır olan Bəkdüz Əmən, dar günündə Qazanın böyründə qılınc çalan Alp Rüstəm üzü dönük çıxır? Ona görə ki, əvvəlki boylarda sabitliyin qarantı kimi çıxış edən üç cəhəti - Bayandır xan, məsləhətçi qadınlar və Dədə Qorqud sonuncu boyda görünmür. Mifoloji struktura görə bu dünyagörüşündə dəyişikliyə işarədir, yə‘ni etnosun daxilində bir qanad artıq işığa və göylə yerin birliyinə (Göy tanrı və Ana torpağa) inamdan üz döndərmək istəyir. Diqqət etdikdə, müharibənin toxumlarının içəridən səpildiyi aydınlaşır. Qardaş qırğınına səbəb dədə-baba adətlərinin pozulması göstərilsə də, tamamilə özgə zəmin üzərində baş verir. Doğrudür, boyun əvvəlində ozanlar qarşıdurmanın toxumlarının Qazanın evinin talan edillməsi törənində Dış oğuzluların iştirak etməməsi ilə səpildiyini bildirirlər və eposa həsr olunan əksər tədqiqat əsərlərində Qazanın qoyduğu yeni ənənənin böyük əhəmiyyətindən, qeyri-adiliyindən bəhs açırlar. Əslində isə «evin talanması»nda heç bir qeyri-adilik yoxdur və Bayandır xanın idarəçiliyində sınaqdan çıxarılmış elin ildə bir kərə məclis düzənləməsi, bəylərin orada gördüyü işlərə görə yer və pay alması adətini daha qədimlərdə tətbiq edilən «evi yağmalatma» ilə əvəzləmək ancaq uğursuzluq gətirir, Qalın oğuzun birliyini laxladır. Bu, daha mütəşəkkil dünyagörüşündən üz döndərib primitiv, daha doğrusu, barbar inama qayıtmaq meyli idi. Təzə tikilmiş sarayın taxtalarını köhnə mıxla pərçimləməyə bənzəyirdi. Müqayisə edək: Bayandır xan ildə bir dəfə qalın oğuz bəylərini məclisinə çağırırdı. Burada hərənin öz yeri vardı və o yeri öz işi və əməli ilə qazanmışdı. «Uluş qoca oğlu Səyrək boyu»nda bir epizoda diqqət yetirək: «Xanım, yenə Əyrək bəyləri qoyub yuxarı başa keçəndə Tərsuzamış deyilən bir öküz igidi dedi: «Ay Uşun qocanın oğlu, bu oturan bəylər hər biri oturduğu yeri qılıncı ilə, çörəyi ilə alıblar. Əyə, sən başmı kəsdin, qanmı tökdün, acmı doydurdun, yalın adammı geyindirdin?» (Kitabi-Dədə Qorqud, s. 208). Oğuz elində ad-san qazanmaq üçün iki şərt vacib sayılırdı: torpağı yadlardan qorumağı bacarmaq və kimsəsizlərə, köməksizlərə əl tutmaq.

    Burada Əyrək, ilk növbədə, ona e‘tiraz etməli idi ki, Tərsuzamış onun adını çəkmirdi, hərəkətlərinə Uşun qocaya görə göz yumulduğunu bildirirdi. İkincisi, məhz Bayandır xanın hakimiyyət strukturunda ancaq iki cəhətə görə başa keçmək – vəzifə almaq mümkün idi: düşmənin gözünün odunu yeməklə və kəsıblara səxavət göstərməklə. Bəs hakimiyyət Qazan bəyə çatandan sonra o, Qalın oğuzu hansı prinsiplərlə idarə etməyə başlayır? Qazan bəy Bayandır xanın yolunu davam etdirmir, onun idarəçilikdəki uğurlu prinsiplərindən üz döndərir. İlk baxışda orijinal görünən, ancaq barbar bir adətlə öz xanlığını təsdiqləməyə çalışır. «Üç ox və Boz ox tayfaları bir yerə toplaşanda Qazan adət üzrə evini talan elətdirər, şey-şüyünü bölüşdürərdi» (Kitabi-Dədə Qorqud, s. 221).

     

     

    Leyl-i Lal - 22.01.2010 - 22:45
  3. İç Oğuzla Dış Oğuzun savaşının səbəbi (ikinci məqalə)
    Müəllif: Ramazan Qafarlı
    Publikasiya: “Ərən” qəzeti, sayı 18, 05 oktyabr 1999, s. 2.
    Əvvəli: İç Oğuzla Dış Oğuzun savaşının səbəbi (birinci məqalə)

    Epos boyu İç oğuz və Dış oğuz adıyla işlənən tayfa birliyinin mifik bölgü ilə verilməsi (Üç ox və Boz ox) göstərir ki, «yağmalanma» adətini Qazan bəy «icad» etməmişdi, qədim dövrlərdə daha çox ömrünü at üstündə keçirən, yurddan yurda yürüşlər edən köçəri türklərin başçıları topladıqları qənimətlər yığılan çadırı talan etdirməklə, döyüşçülərini özlərinə bağlayar, gələcək yürüşlərə ruhlandırardılar. Lakin oturaq həyata keçəndən sonra ocağın, evin hər daşı türk üçün müqəddəs sayılmış və bu halda Bayandır xanın məclis çağırması, hərəyə bir il ərzində ölkənin tərəqqisi üçün gördüyü işlərə görə mükafatlar verməsi yeni idarəçilik üsuluna keçiddən xəbər verirdi.

    Deyilənlərdən belə nəticə çıxır ki, sonuncu boyda Bayandır xan dünyadan köçmüşdü. Onun yerini tutmağa çalışan Qazan bəy igidliyi ilə ad-san qazansa da, Qalın oğuz elinin bir qanadının qanını bədənindən daşısa da, siyasətdə hələ naşı idi. Bayandır xanın qoyduğu prinsipləri uğurla davam etdirmək əvəzinə, təkcə ətrafındakılara – yaxınlarına yarınmaqla köhnə ənənəyə qayıtmağa can atırdı. Divanına Dədə Qorqud sayaq müdrikləri toplamaqdansa, oda su töküb söndürənləri deyil, bir az da qalayanları çağırır və İç oğuz bəyləri ilə Dış oğuz bəyləri arasında ayrıseçkilik yaranmasına şərait yaradır. Hakimiyyətdə həmişə ağlına, bacarığına və igidliyinə görə öz ətrafında yer verən Bayandır xanın əksinə olaraq, o, böyür-başındakı kütbeyinlərin tə‘kidi ilə evinin talanmasını Dış oğuz bəyləri olmayan vaxtda keçirir. Doğrudur, boyda Qazanın bir dəfə də olsun xan kimi təqdiminə rast gəlmirik. Əksinə, talanma adəti təsvir olunan epizodlarda o, heç bəy kimi də təqdim edilmir, sadəcə Qazan adıyla hadisələrin mərkəzində durur. Xanlar xanı Bayandır isə heç bir boyda «xansız» nəzərə çatdırılmır. Ola bilsin ki, hələ Qalın oğuz elinin qurultayında onun varisliyi (Bayandır xanın oğlu olmadığına görə el ağsaqqallarının razılı ilə hakimiyyətə kürəkəni keçə bilərdi) – xanlığı təsdiqlənməmişdi. Ona görə də «doqquz tayfanın başçısı» Alp Aruzun da iştahından hakimiyyəti ələ almaq keçirdi. Əvvəlki boylara görə, bu vəzifəni tutmağa daha çox Qazanın mə‘nəvi haqqı çatır. Ona görə ki, Bayandır xanın yeganə övladı – varisi Burla xatunla ailə qurmuşdu, döyüş uğurları ilə də bütün bəylərdən seçilmişdi. Lakin oğuzlarda hakmimimyyətin atadan oğula, yaxud qıza keçməsi şərti xarakter daşıyırdı. Əsas o idi ki, varis övlad qabiliyyəti, ədaləti və ağlı ilə həmin vəzifəni tutmağa layiq olsun. Qazan özü də bunu yaxşı bilirdi. Bu səbəbdən də boyların birində oğlunun yetkinlik yaşına çatmasına baxmayaraq, şücaət göstərməməsindən bərk narahatçılıq keçirirdi: «Sabahkı gün vaxt gələr, mən ölüb sən qalanda taxt-tacımı birdən sənə verməzlər,- deyə sonumu andım, oğul! - deyirdi». (Kitabi-Dədə Qorqud, s. 167).

    Bütün bunlar onun sərkərdəliyindən irəli gəlirdi. Qazan bəy, ilk növbədə, döyüşçü – baş kəsən, qan tökən, qalalar alan stratek idi. O, düşməni yerdən qalxan tozdan tanıyırdı. Lakin dövlət idarəçiliyində döyüş meydanlarında olduğu qədər usta deyildi.

    İkincisi, sual doğur: İç oğuza «talanda iştirak etmədikləri» üçün Dış oğuz dönük çıxanda Dədə Qorqud hardaydı? Oğuzun ən ağır çağlarında meydana atılıb ağlın köməyi ilə yardım edən Dədə Qorquddamı dünyadan köçmüşdü? Ancaq onun boyun sonunda gəlib hadisələrə boy bağlaması adamda çaş-başlıq yaradır. Burada iki hal ola bilər. Birinci, hər boyun sonunda görünüb boy boylayan, soy soylayan Dədə Qorqudla dastanda igidlərə ad qoyan, Beyrəyə elçilik edən, Təpəgözlə danışıqlar aparan qeyri-adi obraz eyni deyil. Ola bilsin ki, mifik mədəni qəhrəman kimi tanınan Qorqudla bir sırada oğuzlar arasında Məhəmməd peybəmbərin dövründə həmin adı özünə götürən məşhur bir ozan yaşayıb və qədim xalq söyləmələri əsasında oğuznamələr yaradıb. Sonralar katiblər onları şifahi nitqdən toplayıb yazıya alanda oğuznamə söyləyicisi ilə eposun mifoloji qəhrəmanını eyniləşdirmişlər. Əgər bu fərziyyəyə inansaq, deməli, dar gündə oğuzun yol göstərəni Dədə Qorqud da sonuncu boyda ya dünyasını dəyişmiş, ya da Qazanın yeni idarəçiliyindən incik düşmüşdü. Əksinə, yə‘ni boyun sonunda boy boylayan Dədə Qorqudla dastanın personajı kimi çıxış edən Dədə Qorqudun eyni olduğunu zənn etsək, belə çıxır ki, o, Qazan tərəfindən sayılmadığından idarəçilikdə məsləhətçi funksiyasını itirib kənarlaşmışdır. Sözün kəsəri, qiyməti olmayan məmləkətdə, əlbəttə, Dədə Qorqudlara da yer yox idi.

    Üçüncüsü, bəs ən ağır çağlarında ərinin qəzəbini soyudan, oda su tökən tədbirli qadınlar (elə götürək Burla xatunu) nə səbəbə bu boyda işə qarışıb qan tökülməsinin qarşısını almırlar? Çünki Qazan üçün öz anasından başqa yerdə qalan arvadların dəyəri yox idi. O, Burla xatunu atasının sağlığında Dirsə xan və Bəkil kimi «başım baxtı, evin taxtı» saysa da, hakimiyyəti ələ keçirəndən sonra «arvad sözü ilə oturub-durmağı» igidliyinə sığışdırmamışdı. Təsadüfi deyil ki, Qazan ikinci boyda asanlıqla anasından başqa hər şeyinin (hətta arvadının və oğlunun da) düşmən əlinə keçməsi ilə razılaşır. Bu halda o, türkün ilkin kosmoloji təsəvvüründəki mifik dünya modelinin iki qatından (oğullu – ağ – yuxarı və qadınlı, qırmızı - orta) imtina etmiş və bununla kökdən ayrılmaq təşəbbüsünü göstərmiş olurdu. Deməli, o, Burla xatunun da məsləhətinə ehtiyac duymadığından arvadının dövlət işlərinə qarışmasına yasaq qoymuşdu.

    Dördüncüsü, Bayandır xanın sağlığında Qazanın sağında həmişə qardaşı Qaragünə oturardı. O, dar ayaqda ona üz tutardı, sözünü, təklifini dinlərdi. Qazan kürəkəni Qarabudağın, oğlu Uruzun da sözündən çıxmazdı. Ötən çağlarda Qazanın ətrafında soyunun ən seçmə bəyləri toplaşardı. Bəs Qazan «evini yağmaladandan» - pay bölüşdürəndən sonra kimlərin tə‘siri altındaydı və dövlət idarəçiliyində hansı nöqsanlara yol vermişdi? Dış oğuz bəylərinin onun divanına gəlmədiyini gördükdə əvvəlki kimi nə arvadı Burla xatuna, nə də qardaşı Qaragünəyə üz tutur. Oğuzda «Qılbaş deərlər bir kişi vardı. Qazan aydır: «Mərə Qılbaş, bu Taş Oğuz bəgləri daim (xanım) bilə gəlürlərdi. Şimdi neçün gəlmədilər?» – dedi. Qılbaş aydır: «Bilməzmisən neçün gəlmədilər? Evin yığmalatdığın dəm Taş Oğuz bilə bulınmadı, səbəb odur», - dedi. Qazan aydır: «Ədavət bağladılar, həmi?» – dedi. Qılbaş aydır: «Xanım, mən varayın, onların dostlığın -düşmənligin biləyin», - dedi. Qazan aydır: «Sən bilürsən, var!» – dedi» (Kitabi-Dədə Qorqud, s. 123).

    Bu dialoqla mənzərə tam aydınlaşır. Birincisi, demə, Qazan son boyadək nəsli-kökü bəlli olmayan bir kişinin məsləhətləri ilə durub-otururmuh. İkincisi, dayısının narazı qaldığını hiss edəndə Alp Apuza tay adamı – Qaragünəni, yaxud oğlu Uruzu minnətə göndərməyi ağlına belə gətirmir. Əksinə, hər işdə təmkimli, səbirli olan Qazan burada baş verənlərin səbəbini öyrənmədən barmaq hədəsinə keçir, Qılbaşın gedib yerində nə olduğunu bilmək təklifini də əhəmiyyətsiz sayır, «özün bilərsən» deyir, yə’ni istəyirsən get, istəmirsən getmə. Dövlət başçısı ölkənin bir qanadının incik düşməsinə belə laqeyd yanaşmamalıydı.

    Və Qılbaş incikliyi aradan qaldırmaq əvəzinə bir qədər də dərinləşdirir, sanki iki qardaş tayfa arasında nifaq salmaq tədbirlərini məharətlə həyata keçirir. Əvvəl hiylə işlədərək (yalan danışaraq) Alp Aruzu Qazanın yardıma çağırdığını bildirir. Guya onun evini kafirlər çapıb-talamışlar, qız-gəlinləri əsir aparmışlar. Bunun hiylə olduğunu duyduğu üçün Alp Aruz sərt cavab verir: «Biz Qazana düşmənik!» İlk baxışda bacısı oğlunun dar ayaqda ondan kömək istəməsini e’tirazla qarşılaması təəccüb doğurur. Lakin Alp Aruz Qazanı hamıdan yaxşı tanıyırdı. O, anlayırdı ki, başında bəla olanda belə heç kəsdən kömək ummayıb təkbaşına həll edən Qazan onu ələ salırdı? Bir tərəfdən paybölüşdürəndə saya salmayıb, o biri tərəfdən də taxt-taca sahib duran kimi Oğuzun ən müqəddəs adətlərinə arxa çevirirdi – elini, gününü düşmən əlinə verib imdad diləyirdi. Bax, bu idi Alp Aruzu qəzəbləndirən və Qılbaşa sərt cavab verməyə vadar edən.

    Hadisələrin gedişində Qılbaşın qızışdırıcılıq rolunu təsdiqləyən bir epizodu görməmək mümkün deyil. Bamsı Beyrəyin ölümündən sonra otağına çəkilib divana çıxmayan Qazanı qardaşı Qaragünə əvvəl oyatmağa cəsarət etmir. «Bəglər yığıldı, divana gəldi. Qazanın qardaşı Qaragünə aydır: «Qılbaş, var, ayıt, ağam Qazan gəlsün-çıqsun, bir yigid sənin ucından aramızdan əksildi. Həm vəsiyyət eyləmiş, «Mənim qanım qoymayasan, alasan» demiş. Varalım, düşməni haqlıyalüm, di!» – dedi. Qılbaş aydır: «Sən qarındaşısan, sən var!» – dedi. Əlhasil, ikisi bilə vardılar. Qazanın odasına girdilər.” (Kitabi-Dədə Qorqud, s. 125-126).

    Maraqlıdır, Alp Aruzun yanına getməyə sözsüz hazır olduğunu nümayiş etdirən Qılbaş burada Qaragünəyə e’tirazını bildirir. Bəhanəsi də o olur ki, sən qardaşısan, özün get. Sual doğur: bəs nə səbəbə Qılbaş dayı – bacı oğlu arasında qarşıdurmanın toxumları səpiləndə indikindən də ağır işə Qaragünənin qarışmasını istəmirdi? Ona görə ki, düşmənçiliyin toxumunu özü səpmişdi, onda üstünə su töküb kök atdırmaq lazım gəlirdi. Qaragünə təsadüfi olaraq «bir yigid sənin ucından aramızdan əksildi» ittihamını irəli sürmür. Çünki onun Beyrəyin ölümündə ağası Qazanı günahladırmağa mə’nəvi haqqı çatmırdı (böyük qardaş atanı əvəzləyirdi). Məhz Qılbaşın üzünə demək istəyirdi ki, aranı qızışdırıb Beyrəyin ölümünə bais olduğun işi axıra çatdır. Qaragünənin acı istehzasını duyduğundan Qılbaş da e’tirazını bildirib «qarındaşısan, sən var!» deyir. Ən acınacaqlısı o idi ki, Qılbaş bir el arasında düşmənçilik toxumu səpmək funksiyasını yerinə yetirib yoxa çıxır. O, sanki aşağı qaranlıq qara aləmin funksiyasını yerinə yetirir. Ozanlar süjetdə məsələni elə incəliklə vermişlər ki, heç kəs Qılbaşa bəraət qazandıra bilməz. Sonuncu döyüşdə Dış oğuzun bəyləri İç oğuzdan özlərinə tay olan igidlə qarşı-qaşıya gəlib vuruşurlar:

    İÇ OXLULAR ↔ BOZ OXLULAR
    Qazan ← Alp Aruz.
    Qaragünə → Alp Aruz.
    Tərsuzamış ← Əmən.
    Ənsə qoca oğlu Oxcu ← Alp Rüstəm.

    Eposda oxuyuruq: «Üç oq, Boz oq qarşulaşdılar. Aruz aydır: «Mənim İç Oğuzda qırımım Qazan olsun!» Əmən aydır: «Mənim qırımım Tərsuzamış olsun!» Alp Rüstəm Aydır: «Mənim qırımım Ənsə qoca oğlı Oqcı olsun!» – dedi. Hər biri bir qırım gözətdi». (Kitabi-Dədə Qorqud, s. 126).

    Xatırladaq ki, qarşıdurmanın başlanğıcında əks cütləşmənin sayı bir idi: Qazan ↔ Alp Aruz. Sonra artaraq Qılbaş ↔ Alp Aruz, Qılbaş → Boz oxlar, Qazan ↔ Boz oxlar, Bamsı Beyrək ← Boz oxlar toqquşmasına çevrilir, qarşılıqlı güzəştlər edilmədiyindən Beyrək qətlə yetirilir və düşmənçilik toxumları cücərib Üçoxlar ← Boz oxlar şəklinə çatır. Və nədənsə, əvvəlki hadisələrin mərkəzində duran Qılbaş son həledici döyüşdə görünmür və bir daha xatırlanmır. Qarşıdurmanın kulminasiyasınadək aktiv təsvir edilən müəmmalı şəxsin son məqamda passivləşməsinin, daha dəqiq desək, ozanlar tərəfindən üstündən xətt çəkilməsinin səbəbi nədədir? Bu, onün özünün xəyanəti və aradan çıxması tək izah oluna bilər.

    Alp Aruzu enib yerə sərən Qazan da bu səbəbdən qılverəni Qılbaşa deyil, qardaşı Qaragünəyə işarət edir ki: «Başını kəs!».

    Qalın oğuzu içəridən dağıdan şəxs, nədənsə, əvvəlki boylarda igidliyi və mərdliyi ilə hamıdan seçilən Alp Aruz hesab edilir. O, cəzalanmaqla da şər aradan qalxır. Belə çıxır ki, bütün günahlar oğuza kənar dünyadan gəlib nə yollasa başa keçən «qara çadırın sakini» Qılbaşda deyilmiş, onun hiylələrinə uyub Beyrəyin qanını tökən Aruzda imiş. Məsələ onda idi ki, Dış oğuzun doqquz bəyinin başçısı üzdə ulu əcdadı Oğuzun vəsiyyətini yerinə yetirməyə çalışmaqla ancaq öz şəxsi marağını güdmüş, qardaş qanı tökməklə də olsa, taxt-taca sahib durmaq istəmişdi. Əslində, o, Oğuzun tövsiyələrinə əməl etməmiş, elin birliyini pozmağa can atmışdı. Daha dəqiq desək, Boz oxların əvvəlki nüfuzunu qaytarmaq üçün oğuz soylarını birləşdirməyə deyil, parçalamağa səy göstərmişdi.

    Beləliklə, Oğuzun özü tərəfindən vəsiyyət edilən hakimiyyət bölgüsünün pozulması və bərpası uğrunda mübarizə kimi bünövrəsi qoyulan motiv sonrakı çağlarda «paybölüşdürmə»də iştirak etməməyə görə asi düşmə şəklinə salınmış, tanrı qarşısında içilən andı pozanın cəzalandırılması (Bamsı Beyrək əsirlikdə bakirə bəy qızı qaşısında and içir ki, əgər gəlib səni halallıqla almasam, qılıncıma doğranım, oxuma sacılım, torpaq yarılsın, içinə girim… lakin o, andına əməl etmir. Buna görə də tanrının qəzəbinə gəlib cəzalandırılır, andında dediyi şəkildə öz elinin qılıncı ilə doğranır) motivinin nəticə hissəsi də sonuncu boyun içərisində əridilmişdir, daha doğrusu, ictimai don geyindirilərək təqdim edilmişdi.

    Dədə Qorqudun dərslərini, tövsiyələrini və vəsiyyətini bu gün də, sabah da sırğa edib qulaqlardan asmalıyıq. Yoxsa içimizdən yeyiləcək, parçalana-parçalana, bölgələşə-bölgələşə torpaqlarımızı ata-babalarımızın qəbri ilə birlikdə düşmən tapdağına çevirəcəyik. Ulu əcdad yaxşı bilirdi ki, dünya malı qardaşı qardaşa qarşı qoymağa qadirdir, ona görə də soydaşlarını inamdan dönməməyə – kökdən ayrılıb uzaq düşməməyə çağırırdı:

    Allah səni namərdə möhtac etməsin!
    Əvvəl - axır uzun ömrün sonu ölümdür!
    Ölüm gəldikdə
    allah sizi təmiz inamdan ayırmasın!

    SON

    Tarix: 02/01/2004

     

     

    Leyl-i Lal - 22.01.2010 - 22:45
  4. «Dədə Qorqud”un haqqını tapdalamayaq (birinci məqalə)
    Müəllif: Ramazan Qafarlı
    Publikasiya: «Addım» qəzeti, sayı 016 (141), 13-20 may 2000, s. 5.
    Respublika Prezidentinin fərmanından keçən üç ildə möhtəşəm «Dədə Qorqud» abidəsinin araşdırılması və təbliği sahəsində böyük işlər görüldü. İkinci minilliyin sonuncu yazında dünyanın diqqəti Azərbaycana yönəldi. Qardaş türk respublikalarından və başqa ölkələrdən gələn qonaqlar Dədə Qorqud yurdunda elə büsatla rastlaşdılar ki, bu, ulu xalqın mədəniyyətinə verilən yüksək qiymət idi. Zirvə tədbirlərindən sonra da Prezident yığıncaq keçirməyə vaxt tapdı və abidəyə vurğunluğunu bir daha sübut etdi. O, bildirdi ki, hələ çox tədbirlər həyata keçirməliyik. Yuxarı dairələrdə 20 illik fəaliyyət proqramı hazırlanır. Bir hadisə isə araşdırıcıları sevindirdi - EA-nın Nizami adına Ədəbiyyat İnstitunda yeni «Dədə Qorqud» elmi-mərkəz açıldı.

    Uğurlarımız göz qabağındadır, lakin görmədiyimiz işlər də az deyil. Adamı ağrıdan isə odur ki, üç ilin nəşrlərində əsas sorğuya dəqiq və tam cavab tapmırsan. «Dədə Qorqud» harada dünyaya gəlib?.. Bu sualı elmi-mərkəzin ilk iclasında görkəmli qorqudşünaslarımıza da ünvanladım. Cavab gəldi ki, Dərbəndə doğulması ehtimalı var... Dedim: Obrazın deyil, Ata kitabımızın (bu ifadə B.Vahabzadəyə məxsusdur) hansı ölkədə yaranmasını nəzərdə tuturam. Söyləmək olardı ki, Azərbaycanda. Lakin belə etmədilər. Bildilər ki, sual bu cavabı almaqdan ötrü verilməyib.

    Məsələni bir qədər də aydınlaşdırdım: əgər bir şəxs Bakıda doğulub Kürdəmirdə qeydiyyata alınırsa, o, haralı sayılır? Ulu babalarının kök saldığı, gözünü dünyaya açdığı yerdirmi onun ilkin vətəni, yoxsa hansı səbəbdənsə, doğulmasını yazı ilə təsdiqləyən sənədin verildiyi məkan? Misal çəkdiyim şəxsin bakılı olması ilə razılaşmayan tapılmaz. Elə isə niyə «Azerbaydjansko-kazaxskie literaturnıe svəzi» kitabında (Bakı, Elm,1990) kazax alimi S.A.Kaskabasovun «Dədə Qorqud» məqaləsi bə‘zi məqamlarına münasibət bildirilmədən işıq üzü görüb? S.A.Kaskabasov yazır: «İssledovateləmi (O, V.V.Bartold, A.Y.Yakubovski, V.M.Jirmunski və X.Q.Koroğlunu nəzərdə tutur) davno ustanovleno, çto prarodinoy skazaniy o Korkute yavlyaetsya dolina Sırdaryi, Aralo-Prikaspiyskaya step, qde v rannee srednevekovye jili oquzskie plemena, kotorıe vposledstvii prinesli eti skazaniya, na svoyu novuyu rodinu (?) i prevrativ ix v epos, vnesli v «Kniqu dede Korkuta». (səh. 12)

    Açığını deməliyik ki, Bakıda təntə‘nəli yubiley keçirsək də, sərhədlərimizdən o yana dastanın taleyini belə yozurlar. Bə‘zi alimlərimiz bunu ona görə məqbul sayıb dəstəkləyirlər ki, oğuzların yolüstü Azərbaycana dəymələrindən bizə də pay düşür. Doğrudur, bir vaxtlar Ə.Abid, H.Araslı, Ə.Dəmirçizadə, Ə.Sultanlı və Ş.Cəmşidovun araşdırmalarındakı elmi dəlillər, Anarın yazıçı-alim müşahidələri oponentlərimizi bərk narahat etmiş, daha doğrusu, onlar həqiqətin ancaq Azərbaycanda açılacağından ehtiyatlanmışlar. Ölkə Prezidentinin fərmanı ilə tamam əllərini üzməyə hazırlaşırdılar. Bəs bu üç ildə «Kitab»ın yaranmasına doğru uzanan yolları hansı istiqamətə yönəltdik? Bir zamanlar xalqlar dostluğunun əsiri idik, Qarabağımızı bu dostluğa qurban verdik. İndi isə Ata kitabımızla bağlı əldə olunanları qardaşlığımızın «möhkəmlənməsi» uğrunda paylaşırıq. Söhbət ondan gedir ki, son illərdə məsələ ancaq birmə’nalı şəkildə qoyulur. M.Ergin və X.Koroğlu «Kitab»ın Azərbaycanda yarandığını təsdiqləsələr də, fikirlərini məhz bu vurğunun üzərində cəmləyirlər: «Dədə Qorqud» türk xalqlarının müştərək dastanıdır».

    «Koroğlu» motivləri əksər türk xalqlarında (eləcə də başqalarında) mövcuddur. Türkmənlərin yaratdıqları ilə taciklərin, qazaxların düzüb-qoşduqlarını eyniləşdirmək mümkündürmü? «Dədə Qorqud»u Azərbaycan türkləri eposlaşdırıblarsa, niyə «ortaq mal» sayılmalıdır? O da bəllidir ki, türkmən, qazax və bə’zi türk alimləri «müştərəklik»lə də razılaşmır, tamamilə dastanın onlara aidliyi iddiasında olurlar. İş ondadır ki, «Kitab»dakı ayrı-ayrı süjetlər və obrazlar barədə konkret fakt göstərməklə özününküləşdirsəydilər, mübahisə açmağa dəyərdi. «Alpamış»dan (bu, özbəklərə məxsus müstəqil yaradıcılıq hadisəsidir) və «Kitab»la səsləşməyən söyləmələrdən başqa dəlil gətirmirlər. Mə’lum əlyazmalarının Azərbaycandan qoparılması cəhdləri isə yüz ildən çoxdur ki, davam edir və təşəbbüskarlar yalnız bizim ehtiyatsızlığımızdan nəsə qazanacaqlarına ümid bəsləyirlər.

    «Azərbaycan coğrafiyası» amilinin tükdən asılılığını aradan qaldırmalıyıq. Prof.T.Hacıyev «Dədə Qorqud: dilimiz, düşüncəmiz» (Bakı, «Elm», 1999) əsərinin ilk səhifəsində yazır: «Hələ bu da var ki, bu, xalqın ağzından deyil, Mirzə Fətəlinin qeydi kimi alınıb ziyalılar arasında, ancaq və yalnız filoloqlar mühitində xatırlanır. Yaxud, ədəbiyyat tariximizdə bir şairin dilində bir dəfə Dədə Qorqud sözü ilə rastlaşırıq. Ancaq əlimizdəki Dədə Qorqudu Azərbaycan coğrafiyası ilə ayrılmaz edən, harada doğulmasından asılı olmayaraq, məhz bu coğrafiyada həddi-buluğa çatdığını təsdiqləyən tarixi möhür – damğalar var, düşüncə arxeologiyamızın e‘tibarlı tapıntıları var: Dərbənd, Gəncə, Əlincə qalası...» (səh. 3) Bu mülahizələrdə şübhə toxumu səpən və «oponentlərimizin» əlinə girəvə verən ziddiyyətli məqamlar var. Birincisi, Mirzə Fətəlinini xalq dilindən yazıya aldığı dörd misralıq şe‘r parçasını («Gəlinə ayran demədim...») Azərbaycanda bilməyən yoxdur. Jurnalist-tədqiqatçı İ.Abbasovun dediyi kimi, böyük dramaturq el içində və ziyalılar dairəsində Dədə Qorqudun yaxşı tanındığını bildiyi üçün haqqında əlavə mə’lumat verməyə ehtiyac duymamışdır. İkincisi, bu, fakt yeganə deyil, «Dədə Qorqud»un əvvəlki yüzilliklərdə də Azərbaycanda geniş yayıldığını əsaslandıran dəlillər var.
    V.Xuluflu «Koroğlunun Dərbənd səfəri» qolundan sonra Ziya Göy Alpın «Milli tətəbbölər məcmuəsi»nin I cildinin 3-cü sayından götürdüyü (səh.147)«Əski türklərin iğtimai təşkilat ilə məntiqi tənəzzül arasında tənazül» adlı məqaləsindən bir parça verir.

    Bu barədə türk tarixçisi F.Sümər yazır: «Şirvan ölkəsində XVII əsrin ikinci yarısında da Dədə Qorqud dastanlarının canlı bir şəkildə yaşadığı da mə‘lumdur» (Oğuzlar, Bakı, 1992, səh.351-352). Alim yə‘qin ki, Ö.Çələbinin və A.Olearinin «Səyahətnamə»lərindəki müşahidələrini nəzərdə tutur. Orta Asiyada və Antaliyada isə «Kitab»ın yazılı mətninə uyğun formada yaşamasını təsdiqləyən heç bir dəlil yoxdur. Yazıcıoğlu Əlinin «Oğuznamə parçaları»na gəlincə, yeganə faktdır ki, dastanla səsləşir. Onlar da müstəqil ozan nəğmələridir. XV yüzilliyin əvvəllərində Xətainin dəstəkləməsi ilə aşıq sənəti Azərbaycanda geniş yayılıb, bütün dairələrdə təsdiqlənir, sür‘ətlə ozanlığı sıxışdırıb aradan çıxarmağa başlayır. Şiəliyi qəbul etməklə ozanların əksəriyyətinin aşıqlaşması prosesi baş verir, çünki tanrıçılığa, təsəvvüfə köklənən aşıq-ürfan nəğmələri kütlənin mə‘nəvi qidasına çevrilmişdi. Əski ən‘nələrə sadiq qalan ozanlar isə yeni dini hərəkatın qarşısında tab gətirməyib Antaliyaya köçür və «Kitab»ın motivlərini əks etdirən nəğmələri də özləri ilə aparıb ozan sənətinə rəğbətlə yanaşan Osmanlı türkləri arasında yayır. «Oğuznamə parçaları» Əli tərəfindən məhz bu dövrdə qələmə alınıb. Lakin qəhrəmanlıq eposlarına həsr olunan nəğmələri müstəqil oxumaq ən‘nənəsini Azərbaycan türkləri həmişə davam etdirmişlər. Bu, «Koroğlu» eposunun yaranıb el içərisində yaşamasında özünü bariz şəkildə göstərir. Dastanın qollarında əridilən qoşma, gəraylı, deyişmələrlə yanaşı müstəqil nəğmələr də meydana gəlib xalq arasında geniş yayılırdı. Çünki epos ancaq xüsusi məclislərdə ifa edilirdi. Nəğmələri isə istənilən zaman az-çox səsi olan oxuya bilirdi.

    Orta Asiyada və digər türk diyarlarında Qorqud (Xorxut) ata haqqında dastanın motivləri ilə səsləşməyən bir-iki əsatirin yaşaması təəccüb doğurmamalıdır. «Dədə Qorqud»un kökünün çox dərin qatlarda olması danılmaz faktdır və «Manas»ın, «Altın-Arıq»ın mayası da həmin qatlardan - kökdən alınıb. Şübhəsiz, bizim eposumuzun rüşeymlərində başlanğıcdan, ilkindən çox şeylər var. Miflərdə Dədə Qorqud Oğuz nəslinin 32–ci nümayəndəsidir. Türkün ondan sonrakı törəmələrinin (qıpçaqların da) Ulu Qorquda aid deyimləri yaşatması elə də böyük sensasiya deyil. Xüsusilə Qazaxıstanda qeydə alınan ölümdən qaçma motivinə və Xorxut atanın çoxsaylı məzarlarına əsaslanaraq tədqiqatçıların (bu motiv eyni formada bizdə də geniş yayılıb, qəbri də varımızdı. Ö.Çələbi və A.Oleari eposun əsas qəhrəmanlarının nəhəng məzarlarını Azərbaycanda gördüklərini bildirmişlər) «Kitab»ın Sır-Dəryada meydana gəlməsi qənaəti uydurmadır. Üçüncüsü, «Azərbaycan coğrafiyası» məsələsinə gəlincə, bu olduqca mübahisəli, çox kövrək bağlantıdır. Tədqiqatçılarımız, nədənsə, var qüvvələri ilə ancaq bu amildən yapışırlar. Opponetlərimiz isə tez-tez onu üzümüzə vurub əks mövqedən fikir yürüdürlər. Həmin məsələyə özümüzün açıq münasibət bildirməsini vacib sayıram. Belə ki, folklorda məkan, yer məsələsi şərti xarakter daşıyır. Xalqlar yaratdıqları əsərlərdəki hadisələri, obrazları çox hallarda onlara tanış, doğma coğrafi məkəndan çıxardıb uzaq, yad yerlərə aparırlar. Məsələn, türkmən dastanlarında qəhrəmanlardan biri Tiflisdə, digəri Şamaxıda doğulur. Deyə bilərikmi ki, həmin əsərlər Azərbaycana, yaxud Gürcüstana məxsusdur? Rus xalq nağıllarında isə Şamaxı gözəli baş qəhrəman rolundadır. Bizim folklorumuzda da qəhrəmanların hind, çin, rum, İran məkanları var. Əlbəttə, «Dədə Qorqud» dünya epos ən‘ənəsinin bir çox əlamətlərini özündə yaşatmaqla yanaşı, tamamilə spesifik ünsürləri ilə seçilən orijinal əsərdir. Bu ünsürlərdən biri ulu babalarımızın boyları öz tarixləri kimi yaratmalarıdır və «Kitab»ın folklor ən‘ənəsinə bağlı tətəfləri ilə tarixiliyini təsdiqləyən cəhətlər tam aydınlaşdırılmayınca «Azərbaycan coğrafiyasının möhür - damğa» kimi təqdimi qəbul edilməyəcək. Hal-hazırda internetdə «Kitabi-Dədə Qorqud»un ingiliscə bütün boylarının saytları vardır ki, bir yerində Azərbaycana işarə olunmur, orada bütün coğrafi adlarımızın üstündən xətt çəkilir.

    «Orta Asiyada doğulub başqa yerdə qeydiyyatdan keçirilməsi» ideyası mərhum prof. F.Sümərin də bir sıra subyektiv mülahizələrinin bütün dünyaya ayaq açmasına zəmin yaratmışdır. O, qəti şəkildə hökm çıxarır ki, «Əlimizdəki nüsxələr Osmanlı dövrü Anadolu türkcəsi imlası ilə yazılmışdır» (prof.T.Hacıyev də bu qənaətdədir) və fikrini bununla əsaslandırır: «XIV əsrdə Azərbaycan və Şirvanda bu dastanların yazıla biləcəyi səviyyədə türkcə nəsr ədəbiyyatının mövcudiyətinə dair kafi dəlillər yoxdur» (səh. 352). Təkcə Füzulinin «Şikayətnamə»si bu mülahizəni alt-üst edir. Bu əsər dil və üslub xüsusiyyətləri ilə «Dədə Qorqud»a çox yaxındır. Eləcə də alimin fikrindəki «nəsrlə» ifadəsini bir qədər dəqiqləşdirib «epik ən‘ənədə» şəklində işlətsək, «Dastani-Əhməd-hərami»ni misal çəkmək olar. Lakin bu faktları üzə vurmadan da eyni sualla F.Sümər kimi düşünənlərə üz tuturuq: bəs həmin əsrdə (tədqiqatçıların əksəriyyəti doğru olaraq dastanların daha əvvəlki yüzilliklərdə qələmə alınması qənaətindədirlər) Orta Asiyada və Anadoluda «dastanların yazıla biləcəyi səviyyədə türkcə nəsr ədəbiyyatının mövcudiyyətinə dair kafi dəlillər» varmı?

    Nəhayət, «Azərbaycan coğrafiyasında həddi-buluğa gəlmişdir» tezisinin üstündən F.Sümər qalın xətt çəkib görünməz hala salır: «Dastanlarda təsadüf edilən yer adlarından çoxu insanda ilk baxışda qəhrəmanların Şərqi Anadolu və Azərbaycanda yaşadıqları barədə təsəvvür yaradır... Şərqi Anadoluda və Azərbaycanda heç bir zaman bu vəsflərə malik bir oğuz eli yaşamamışdır... Dastanların Sır-Dərya boyundakı oğuz elinə aid olduğu o qədər şübhə doğurmayan bir həqiqətdir ki, bunu təsdiq edəcək başqa dəlillər aramağa belə lüzum yoxdur» (səh.352) Şükürlər ki, dəlillər gətirir və birini yada salmaq istəyirəm: «Qorqud atanın (Dədə Qorqudun deyil, məhz Qorqud atanın –R.Q.) məzarı da iki yerdə olmaq üzrə, Sır-Dərya boyunda göstərilir» (səh.352). Bu faktın qeyri-dəqiqliyi fikrin özündəcə ifadə olunur. Bir adamın qəbri iki yerdə ola bilməz. Nədənsə, F.Sümər Bartoldun Dədə Qorqudun qəbrini (özü də iki deyil, bir qəbrini) Dərbəndə nişan verməsini, ziyarət etmək məqsədilə ora yollanmasını unudur.

    Drezden nüsxəsinin Azərbaycan türkcəsində yazıldığına şübhə toxumu səpməməliyik. «Kitab»ın Vatikan nüsxəsi tapılandan sonra E.Rossi aparılmış tədqiqatları ümumiləşdirib belə bir fikir irəli sürmüşdür ki, Drezden nüsxəsi Azərbaycan, Vatikan nüsxəsi isə türk (Osmanlı) dillərində qələmə alınmışdır. İtaliyalı alim bir növ Ə.Abid, H.Araslı, Ə.Dəmirçizadə və M.Təhmasibin irəli sürdüyü konsepsiyanı təsdiqləmişdir.

    Doğrudur, E.Rossi də son nəticədə «Vatikan nüsxəsi daha qədimdir və Drezden nüsxəsi ondan köçürülmədir» hökmünü verir. Ondan soruşuruq: Əgər 12 boydan ibarət Drezden nüsxəsi 6 boylu Vatikan nüsxəsindən köçürülübsə, onda Vakitan nüsxəsində olmayan 6 boy kimin adına yazılmalıdır? E.Rossini başa düşmək mümkündür. O, öz tapıntısını dünya ictimaiyyətinə ilkin, əsas mətn kimi çatdırmağa çalışmışdır.

    Folklora sırf tarixi sənəd kimi baxmaq nə dərəcədə düzgündür? F.Sümərin (eləcə də başqalarının) qənaətlərindəki subyektivlik ondan irəli gəlir ki, «Oğuznamələr»ə sırf tarixi mənbə kimi yanaşır və oradakı hadisələri yalnız yazıya alındığı dövrün (özü də bu dövrü dəqiq müəyyənləşdirmədən) tarixi faktları ilə tutuşdurmağa cəhd göstərirlər. Eləcə də «Kitab»ı yalnız XIV-XVI yüzilliklərdə yaşayan oğuzların təfəkkürünün məhsulu kimi təqdim edirlər. F.Sümərin dastandakı yer adları ilə bağlı qənaəti məhz bu münasibətdən doğmuşdur: «Dastanlar bizə oğuz elinin yurdu barədə açıq bir fikir vermir. Dastanı oxuyan hər hansı bir adam oğuzların yaşadıqları yer haqqında qəti bir fikrə gələ bilmir. Hətta Qan-Abaza, Gəncə, Bərdə, Tatyan, Başı Açıq, Gürcüstan, Sürməli, Ağca qala, Qara dərə və Əlincə kimi yer adları belə bir xüsusda ona kömək edə bilməz. Belə ki, orada heç bir zaman gürcülərin əlinə keçməmiş olan Əlincə (Alıncaq) qalası da kafir qalası kimi göstərilir. Xülasə, dastanlardan oğuz elinin yurdu mə‘lum olmur» (səh.355). Hamı təsdiqləyər ki, iki boydan başqa yerdə qalan boylardakı kafir adlanan düşmən tayfaları türk mənşəlidir və dastanda Əlincə qalasının gürcülərin əlinə keçməsi məsələsinə rast gəlmirik. Alim, nədənsə, Qazan bəyin bir neçə yerdə albanların çarı kimi təqdimini, Gürcüstan faktorunu təsdiqləyən ifadələri (aznavur) görməməzliyə vurur və daha əvvəlki dövrün tarixi hadisələri ilə müqayisələr aparmır. Halbuki eramızın başlanğıcında albanların Oroz (Uruz) adlı sərkərdəsinin romalılara qarşı mübarizə aparması faktı nəzərə alınmalı idi. Bura albanların doqquz gürcü tayfasından bac alması – (bu, «Bəkil oğlu İmran boyu»ndakı hadisələrlə tam üst-üstə düşür) faktını da əlavə etsək, dastanın boya-başa gələrkən Azərbaycandan kənarda olmadığı aydınlaşar.

     

     

    Leyl-i Lal - 22.01.2010 - 22:46
  5. Dədə Qorqud”un haqqını tapdalamayaq (ikinci məqalə)
    Müəllif: Ramazan Qafarlı
    Publikasiya: «Addım» qəzeti, sayı 017 (142), 20-27 may 2000, s. 5.
    Əvvəli: «Dədə Qorqud”un haqqını tapdalamayaq (birinci məqalə)

    «Dədə Qorqud»un ruhunu daha çox odla bağlayırlar və dağlarda tonqal qalamağı az qala bütün boyların məğzində duran əsas ritual kimi göstərirlər. Bu, səhv fikirdir. Kinofilmdə, tamaşalarda da çıraq, tonqal və ocaq oğuzların əsas simvoldur. Bu, yə‘qin ki, «Qorqud»dakı qor (od, alov) gəlməsindən doğur. Biz də bu qənaətdəyik ki, Dədə Qorqudun dərin qatlardakı mifik obrazı odun insanlara verilməsinə söykənir və «Mif və nağıl» adlı kitabımızda bu barədə bəhs açmış, onun Promoteylə oxşarlığını diqqət mərkəzinə çəkmiş, bu obrazın yunanlara saka türlərindən gəlmə olduğunu deyənlərin səsinə səs verərək Qafqaz Azərbaycanında Qorqud kimi meydana çıxdığı, sonralar yunanlara keçərək Prometeyləşdiyi qənaətini irəli sürmüşük. Lakin bu, hələlik ehtimal olaraq qalır. Məsələni tam aydınlaşdırmaq üçün çox işlər görmək lazımdır. Dastanın mətnindən çıxış etsək, orada suya, dağa, ağaca daha tutarlı şəkildə kult kimi baxılmasını əsaslandıran faktlar mövcuddur. Od isə demək olar ki, başqa mə‘nalarda özünü biruzə verir.

    Dədə Qorqudun odla bağlı alqışları: Haq yandıran çırağın daim yansın! İşığınız əskik olmasın! (yə‘ni nəslin kökü kəsilməsin).
    Dədə Qorqudun dilində ocaq (çıraq, işıq) – nəsil, oba, yurd, vətən mə‘nasında işlənir. Ocağın sönməsi nəslin kökünün kəsilməsi deməkdir. Dastanın müqəddiməsində Dədə Qorqud evin dayağı olan qadınlardan başqa, yerdə qalan üçü haqqında deyir ki, Nuh peyğəmbərin eşşəyi nəslindəndirlər (bayağı), onların uşaqları böyüməsin, ocağınıza belələri gəlməsin...
    Dastanda ata ilə oğlun öldürülməsi – nəslin kəsilməsi ocağın sönməsi ilə müqayisə edilir. Kafirlərin Qazan bəylə Uruzu tutub öldürmək niyyətini oğlu atasına belə izah edir:
    - Sən gəlincə, ata, düşmənlər danışdılar:
    “Qonur atlı Qazanı tutun... Oğlu ilə özünü bir yerdə öldürün. Ocağını söndürün!..
    Bütün bunlar məhz dastan qəhrəmanlarının daimi ocağa, torpağa, vətənə sahib olmalarından xəbər verir.

    Od insanın birliyi, mə‘nəvi bütövlüyü, böyüklüyü, qolunun qüvvəsidir. Qanturalı Selcan xatunu gətirmək üçün yad ölkəyə – Trabzona yola düşəndə, atası Qanlı qoca oğlunu bu niyyətdən çəkindirmək istəyir, “əjdahalar, ilanlar sökə bilməyən qalın meşələrlə, sıx ormanlar”la qorxudur. Qanturalı isə odun köməyi ilə keçilməz yerləri adlayacağını bildirir.

    Dədə Qorqud insanları daxilən saf, qüdrətli görmək istəyirdi. Ona görə də mə‘nəvi aləmdən bəhs edən fikirləri odla əlaqələndirməyi tövsiyə edirdi, məsələn, “içinə od düşdü”, “içim özümü yandırır, çölüm özgəni” kimi kəlamlara ilk dəfə onun düzüb qoşduğu boylarda rastlaşırıq: “Selcan xanım bunu belə görəndə içinə od düşdü”.

    Odla bağlı faktlar bu istiqamətdədir. «Tradiüionnoe mirovozzrenie törkov Öjnoy Sibiri» (Novosibirsk, «Nauka», 1988) kitabında kökdən gələn adət-ən’ənələrdən bəhs açarkən müəlliflər yazırlar: «Simvolom stabilğnosti, otrajeniem suhnostnıx svoystv mira əvləlsə tradiüionnoy kulğture oçaq. Oqonğ, qorəhiy v altayskom aile, bıl neobxodimım minimumom kulğturı, əvləlsə naçalom novoy semği i jiliha. On vıstupal podatelem blaqopoluçiə, posrednikov i zahitnikom lödey, simvolom i xranitelem jizni roda».( s.136) Görürdüyü kimi, «Dədə Qorqud»da da eyni qaydada od, ocaq nəslin qoruyucusudur. S.S.Kataş da «Mifı, leqendı Qornoqo Altaya» (Qorno-Altaysk, 1978) monoqrafiyasında ocağın nəsli, kökü mə’nalandırmasının türklərin ilkin inanclarına söykəndiyini təsdiqləyir: «V prejnie vremena, koqda umiral posledniy predstavitel roda, uqasal eqo oçaq».(səh.53)

    Dastanda tonqalın həmrəyliyə, birliyə çağırış rəmzi tək (Hündür yerdə bir tonqal qalananda xəbərdarlıq və səfərbərlik, ikisi – fəlakət və döyüşə çağırış, üçü – zəfər və təntənə deməkdir) izləri yoxdur. Bu, Anarın yaradıcılıq təxəyyülünün məhsuludur, «Dədə Qorqud» kinofilmindən teatr-səhnə əsərlərinə və yaddaşlara keçmişidir.

    Bu qənaətdəyik ki, tədqiqatların istiqamətini dəyişib Azərbaycana, Qafqaza, Yunan, roma tarixçilərinin əsərlərinə doğru yönəltməliyik. Dastana bu prizmadan yanaşan araşdırmalarımız az deyil.

    Elmi simpoziumda türk tarixçisi bildirdi ki, Homerin «Tarix» kitabında oğuzlar haqqında mə‘lumat aşkar edilmişdir. «Troya»nın türk sözündən törəməsi ilə də bağlı maraqlı mülahizələr irəli sürülür. Bu faktların izinə düşən tədqiqatçılar yetişdirməliyik.

    Fəaliyyət proqramında iki istiqamət əsas götürülməlidir: dastanın (yaxşı olardı ki, elmi-mərkəz təkcə «Dədə Qorqud»la deyil, Azərbaycan eposu ilə məşğul olsun) tədqiqi və təbliği.

    Eposların tədqiqi ilə yanaşı təbliği də vacibdir və xüsusi əhəmiyyət kəsb edir. İlk növbədə «Kitab»ın (yaxud Azərbaycan eposlarının) tədris müəssisələrində geniş yayılması proqramı hazırlanmalıdır. Elmi-mərkəz Təhsil Nazirliyi ilə birlikdə ayda bir dəfə seminarlar keçirməlidir. Dinləyiciləri eposşünaslıqda əldə onunan nailiyyətlərlə tanış etməli, boyların struktur təhlini aparmalı, ərənlərimizin bizə miras qoyduğu həyat dərsləri örnək kimi götürülməlidir. Belə etsək, gələcəyimiz sayılan uşaq və gənclərimiz kökümüzə gedən yolu aydın təsəvvürə gətirər, «Dədə Qorqud» və «Koroğlu» qəhrəmanları, Qaçaq Kərəm, Cavadoğlu ruhunda tərbiyələrlər. Onda heç bir düşmən bu başı bəlalı xalqı basmağa qadir olmaz.

    «Dədə Qorqud»un tədqiqat tarixinə nəzər salıb fədəkar alimlərin xatirələrini hörmətlə yad etməli, yaradıcılıq gecələrini keçirməliyik. Böyük türkmən alimi Karrıyev bir vaxtlar «Kitab»ı nəşr etmək üstündə tutulub 10 il həbsxada yatmışdır. Təəssüflər olsun ki, bizim zirvə konfransında onun adı xatırlanmadı. Eləcə də Dits, Bartold, H.Araslı, Ə.Dəmirçizadə, Ə.Sultanlı, M.Təhmasib, Jirmunski, Yakubovski, O.Şaiq, M.Ergin, həmçinin X.Koroğlu, Ş.Cəmşidov, Anar, T.Hacıyev, S.Əlizadə, K.Vəliyev, B.Abdulla, K.Abdulla və başqalarının tədqiqatlarına nəzəri-seminarlar həsr olunmalıdır.

    «Kitab»ın boylarının ayrıca götürülüb tədqiq edilməsinin də vaxtı çoxdan çatmışıdır. Mə‘lumdur ki, hər boy bir və bir neçə problemin həllinə həsr olunur. Onları hərətərəfli təhlil süzgəcindən keçirsək, tariximiz və mədəniyyətimizlə bağlı bir çox qaranlıq məsələlər aydınlaşar.

    Yeni konsepsiyanın əsaslandırılması üçün indiyədək «Dədə Qorqud»la bağlı çap olunan bütün materillar nəzərdən keçirilib ümumiləşdirilməlidir. Onları əldə etmək imkanımız olmadığı üçün təəssüflənirəm. Yubiley nəşrlərini tapmaq çox çətindir. Hörmətli Elçin müəllimin bir neçə dildə çap olunan bir məqaləsi 12, BDU-nun toplusu isə 8 şirvanadır, Allah bilir, Ensiklopediyanın qiyməti neçəyə olacaq. Mənim kimi ali məktəb müəllimlərinin o kitabları almağa imkanı hardadı?

    Beləliklə, «Orta Asiyada doğulub Azərbaycanda, yaxud Antaliyada qeydiyatdan keçirilməsi» qənaətləri özünü doğrultmadığı üçün XX yüzillikdə qalmalıdır. Bu, yalnız başlanğıc mərhələdə böyük əhəmiyyət kəsb edirdi. Ona görə ki, Azərbaycanı tanıyan yox idi, Avropada türklüyə mənfi münasibət mövcud idi. Bu səbəbdən yazılı epos vasitəsi ilə orta əsrlərin əvvəllərində də olsa, Qafqazda və Antaliyada türklərin məskunlaşmasının Qərb alimləri tərəfindən əsaslandırması təsəlli sayılırdı. Bu gün isə artıq Azərbaycanın türklərin ilkin vətənləri olması faktını təsdiqləyən onlarla dəlil tapılmış, arxeoloji qazıntılar və tarixi sənədlərlə əsaslandırılmış, uzun müddət xalqımızın alnına vurulan «gəlmə» – «gətirilmə» damğaları tamam şübhə toruna bürünmüşdür. Tariximizin ilkin çağlarının farsla bağlılığının qatı müdafiəçilərinə qarşı mübarizə aparanlar sırasında F.Cəliov və T.Hacıyevin xidmətləri böyük fədakarlıqdır, türkqanlı hər kəs üçün örnəkdir, özünüdərkə çağırışdır. Lakin bu fədakarlıqdan alınan nəticələrin «Dədə Qorqud»da «gətirilmə» ilə yekunlaşdırması yolverilməzdir. Çünki Rus, Orta Asiya, bə‘zi Azərbaycan və türk alimlərinin ortaya atdıqları bütün dəlillər tükdən asılı vəziyyətdə qalır, hərlənib-fırlanıb yenə də V.Bartoldun qənaətlərinə söykənir və birtərəflidir. Bu fikir V.Bartoltdan sonra yüz ildən çox «çevir tatı - vur tatı» halında bütün nöqtələrdən saf-çürük edilsə də, bayaq qoyduğum suala (harda yaranıb?) dəqiq cavab vermir. Əksinə, hərə bir tərəfindən yapışıb «Kitab»ı özünə tərəf çəkdiyi üçün elə bir dolaşıqlığa - labirintə düşür ki, çıxarılması müşkülləşir. Dastanın tədqiqində elmi dəlillərlə əsaslandırılmış yeni konsepsiya hazırlanmalı və bütün tədqiqatlar onun əsasında aparılmalıdır. Çox təəssüflər olsun ki, bu konsepsiya müvafiq dairələrdə işlənib hazırlanmadı. Alimlər ordusu Ata kitabımızın tədqiqində yeni mərhələni başlamağa qadir olmadı. Əksinə, məsələ bir qədər də düyünə salındı. Keçirilən elmi konfranslarda bizim və başqa ölkələrin tədqiqatçıları tərəfindən mübahisəli, ziddiyyətli məsələlərlə yanaşı «Kitab»ın Azərbaycanda doğulmasını dəstəkləyən tutarlı dəlillər səslənsə də, heç biri təhlil süzcəgindən keçirilib ümumiləşdirilmədi.

    Ata kitabımıza hansı prizmadan yanaşmalıyıq? Son illərin ziyanlı tendensiyalarından biri də «Dədə Qorqud»u ancaq İslam faktoru ilə üz-üzə qoyub bütün məsələlərə bu prizmadan baxılmasıdır. Nəzərə almaq lazımdır ki, Azərbaycan türklərinin tarixi heç də islam dininin yaranması ilə başlanmır və İslam faktoru «Kitab»ın üzərinə vurulan son möhürdür və yalnız üzdə olan, aşkar tərəfidir. Dastanın ilk və əsas ünsürlərinin yaranmasının tarixi isə ondan əvvəlki 3 və 4-cü minilliklərə gedib çıxır ki, məhz İslam pərdəsinin arxasında gizlədilmişdir.

    Həqiqətin üzə çıxmasına mane olan məsələlərdən biri də, əksər tədqiqatçıların irəli sürdükləri «köçərilik»dir ki, yenə də F.Sümərin mülahizələrində ümumiləşdirilir: «Dastanda qəhrəmanların mənsub olduqları Oğuz elinin vəsfləri isə bunlardır: a) tam köçəridirlər...». (səh.352-353)

    Bu hökm əslində «gəlmə» olduğumuzu irəli sürənlərin dəyirmanına su tökür. Dastanı diqqətlə nəzərdən keçirib görək, doğurdanmı orada oğuzlar tam köçəridirlər? Elə isə «Bəkil oğlu İmran boyunda» qoyulan sərhəd qoruculuğu məsələsi nə deməkdir? Xüsusi vurğulamaq lazımdır ki, bu süjet dünya eposlarının heç birində yoxdur. Əgər dastanda təsvir edilən el tam köçəridirsə, onların hansı vətənpərvərliyindən, torpağa bağlığından danışmaq olar. Halbuki dastanda bütün təbiət elementlərinə elin ad qoyduğunun - öz möhürünü vurduğunun şahidiyik. Əlbəttə, bu problem bir neçə tezislə həllini tapa bilməz, ancaq irəli sürdüyümüz istiqamətdə ciddi araşdırma aparmağın vaxtı gəlib çatmışdır.

    V.Radlov 1860-70-ci illərdə Orta Asiyada, Altayda və Sibirdə yaşayan türk dilli xalqların məişəti ilə yaxından tanış olmuş və Leypsiqdə çap etdirdiyi «Sibirdən» (1893) adlı gündəliyində göstərmişdi ki, «Qərbi Asiyanın düzlərində dörd köçəri türk xalqı yaşayır: qazax-qırğızlar, qara-qırğızlar, qaraqalpaklar və türkmənlər. Bu düzən köçərilərinin bir-birindən seçilən mədəniyyətləri var ki, nəzərdən keçirərkən xüsusi diqqət tələb olunur. Onlar bütün qonşuları arasında pis ad qazanmış və quldur dəstələrinə parçalanaraq, dinc tacirlərin və fağır əkiçilərin üzərinə basqın edirdilər. «Kimlərlə danışırsan – farslar və azərbaycanlılar arasında türkmənlərdən bəhs açırsan, yaxud ruslar, Qərbi Sibirdən köçmüş tatarlarla, çinlilər və fərqanəlilərlə görüşəndə qırqızlar barədə söz salırsan – hər tərəfdə mənfi fikir eşidirsən». (V.Radlov. İz Sibiri. – M.,1989, s. 247; Leipzig çapında «Aderbedshsnen» şəklində işlənir, tom I, s. 406) Deməli, XIX yüzilliyin 60-cı illərində də Orta Asiyada yaşayan türklər – qazaxlar, qırğızlar, qaraqalpaqlar və türkmənlər köçəriliyin daşını atmamışdılar. Azərbaycanda isə nəinki həmin əsrdə, iki min il əvvəl də şəhər mədəniyyəti mövcud idi, qalalar salınmış və orta əsrlərin başlanğıcında belə köçərilikdən söhbət gedə bilməz. Bu səbəbdən də dastandakı vəsflərin ən əsasını tam köçəriliklə bağlayırlar ki, «Kitab»ı bizdən uzaqlaşdırsınlar. Unudurlar ki, köçərilərdən fərqli olaraq, çoxdan oturaq həyata keçən Azərbaycan türklərinin yazı və kitab mədəniyyətinin uzun bir tarixçəsi vardır.

    Deyilənləri həyata keçirmək üçün xüsusi elmi-mərkəzin yaradılması vacibdir. Lakin bu qrumun ilk iclasında prof.T.Hacıyevin təqdim etdiyi proqram layihəsindən gördüm ki, biz ancaq elədiklərimizlə öyünməkdən ləzət alırıq. Bilirəm ki, dinləyənlərin əksəriyyətini proqram layihəsi razı salmadı. Ata kitabımızın həqiqi ocağının – elmi-mərkəzin qapıçısı olmaq da şərəfdir. Ona görə də oraya də‘vət alanda özümdə böyük fərəh duyurdum. Belə getsə, bu ocaq hələ qalanmamış, od-alovu ilə bizi isitməmiş, bir az tüstülənib sönəcək. Diqqət yetirin: proqramda əsasən iki məsələ nəzərdə tutulur: «Dədə Qorqud»un elmi-tənqidi mətnini, akademik nəşrini hazırlamaq və izahlı lüğətini tərtib etmək. Sonra da başqa ölkələrlə əlaqələr yaratmaq (yə‘ni gəzmək), redaksiya şurası formalaşdırmaq, kitabxana təşkil etmək, kitab, məcmuə nəşr etdirmək (bunlar Prezidentin fərmanından sonra istənilən səviyyədə yerinə yetirilib), dissertasiyalar yazdırmaq (guya xüsusi elmi-mərkəz olmadan mümkün deyilmiş. Lakin yaralı yerimiz olduğu üçün bu məsələyə ciddi yanaşmayıq. Çünki bə‘zi dissertasiyalar elmi ad xətrinə hazırlanır və kimlərəsə yazdırılır).

    Epos təcrübəsində ilk «akademik nəşr» («Koroğlu») üzümüzü ağartmadığı kimi, ikincinin başımızı yerə soxacağından qorxmalıyıq. Proqramın birinci bəndi haqqında bir qədər geniş dayanmaq istəyirəm. Çünki bu məsələ (dastanın akademik nəşri) Prezident yanındakı iclasda da qaldırılmışdı. Gəlin görək hansı ölkədə müəllifi mə‘lum olmayan xalq yaradıcılığı nümunəsinin – eposun akademik nəşri hazırlanır. Akademik nəşr əslində yazılı ədəbiyyata xas prosesdir: hər hansı bir yazıçının fərdi yaradıcılıq e‘malatxanasındakı bütün əlyazmaları götürülür, tutuşdurulur və daha münasib ifadələr, cümlələr, epizodlar əsas mətndə saxlanılar, yerdə qalanlar kitabın sonunda verilir və s. Biz ancaq M.Cəlilin, Sabirin və b. akademik nəşrindən danışa bilərik. M.Təhmasib 60-cı illərdə «Koroğlu» dastanının «akademik» (?) nəşrini hazırlayıb çap etdirmişdi. Bu dünya folklorşünaslığında birinci və sonuncu təşəbbüsdür (Əgər «Dədə Qorqud» bu hala salınmasa). Həmin nəşri «Gpos narodov SSSR» seriyasının redaksiya şurasına təqdim edəndə, rus alimləri demişdilər ki, bu, xalq yaradıcılığı nümunəsi deyil. Ona görə də türkmən, qazax, özbək, erməni variantları işıq üzü görsə də, bizim «Koroğlu»muz çap edilmədi.

    «Dədə Qorqud»un vur-tut iki nüsxəsi var. Onlar ayrı-ayrı zamanlarda, başqa-başqa adamlar tərəfindən, biri Azərbaycan türkcəsində, digəri isə osmanlı ləhcəsinə çevrilərək yazıya alınıb. Əslində onlar bir mövzuya həsr olunmuş müstəqil əsərlərdir, epos variantlarıdır. Əlbəttə, bir ehtimal da var ki, hər ikisi daha əvvəllər yazıya alınmış eyni nüsxədən göçürülüb. Fakt ondan ibarətdir ki, biri «Kitabi-Dədəm Qorqud» (Drezden)..., digəri isə «Hekayəti-oğuznamei – Qazanbeg və qeyroh» (Vatikan) adlanan əsərlərdir. Bu əlyazmalar indiyədək birləşdirilərək və cümlə, ifadə fərqləri mö‘tərizədə göstərilərək nəşr olunub. Ayrıca işıq üzü görsəydi, variantların müqayisəli təhlilinə geniş imkanlar yaranardı. Türkiyədə isə bu cür nəşrlər mövcuddur. Məhz bu dastanların hər ikisinin ayrılıqda sterotip nəşrinə çalışmaq lazımdır. Fotofaksimili, dəqiq transkripsiyası, hər na‘məlum və mübahisəli sözün izahlı lüğəti ilə birlikdə.

    «Proqram»ın ikinci bəndində göstərilən izahlı lüğətin ayrıca çapındansa, bayaq dediyim nəşrin içərisində işıq üzü görməsi daha məqsədəuyğundur. Yaxşı olardı ki, Dilçilik institunda da xüsusi şö’bə yaradılsın və bu vacib məsələnin gerçəkləşməsi diqqət mərkəzində dursun. Lakin «Dədə Qorqud», hər şeydən əvvəl, şifahi və yazılı ədəbiyyat nümunəsidir, bədii əsərdir. Ədəbiyat institunun nəzdindəki elmi-mərkəz öz profilinə uyğun məsələlərlə məşğul olmalıdır.

    Elmi-mərkəzin işçiləri «kortoteka» tutmaqla günlərini keçirməməlidirlər. Proqram layihəsindən doğan əsas iş prinsipi bundan ibarət oldu ki, elmi-mərkəz üçün nəzərdə tutulan 17 nəfərlik ştat bütün günü oturub lüğət üçün «kortoteta» tutmalıdır.

    Zamanın sür‘əti ilə ayaqlaşmaq lazımdır və yaddan çıxartmamalıyıq ki, kompüter əsrinə gəlib çatmışıq. «Kortoteka»ları tərtib etmək üçün çoxsaylı, yüksək səviyyəli mütəxəssislərə ehtiyac yoxdur. Qoy onlar öz sahələri üzrə elmi axtarışlarında olsunlar. Bir nəfər orta təhsilli texniki işçi ilə qısa və daha keyfiyyətli şəkildə bunun öhdəsindən gəlməyin yolu: yığıcı üç-dörd saat ərzində dastanın bütöv mətnini kompüterə köçürsün. Bundan sonra ikinci işçi – operator proqramla bir-iki saat ərzində sözlərin dəqiq «kortetaka»sını hazırlasın. Bir düyməni basmaqla iki-üç saniyə ərzində hər hansı bir sözün bütün hallarda işlənməsi və yeri barədə mə‘lumat əldə edirsən.

     

     

    Leyl-i Lal - 22.01.2010 - 22:47
  6. «Dədə Qorqud”un haqqını tapdalamayaq (üçüncü məqalə)
    Müəllif: Ramazan Qafarlı
    Publikasiya: «Addım» qəzeti, sayı 018 (143), 27 may - 03 iyun 2000, s. 5.
    Əvvəli: «Dədə Qorqud”un haqqını tapdalamayaq (birinci və ikinci məqalələr)

    Atalarımız demişkən, papaqlarımızı qabağımıza qoyub belə bir sual ətrafında götür-qoy edək ki, ötən üç ildə fərmandan əvvəlki dövrlərdə yazılanlardan fərqli təzə nəsə demişikmi? Yaxud mübahisəli məsələlərin hansına tam aydınlıq gətirib qardaşlarımızı ona inandırmışıq? Açığını deyim ki, bir çox məsələlərdə yerimizdə saymağımızı uğurumuz sanmışıq. Ürək ağrıdan isə odur ki, mühüm faktorları (məsələn, Ə.Dəmirçizadənin tutarlı dəlillər əsasında irəli sürdüyü, M.Erginin və bir çoxlarının təsdiqlədiyi - dastanın Azərbaycan dilinə məxsusluğu faktorunu) daha da dərinləşdirmək əvəzinə, üstünə «antaliyalı tərəfindən yazılmışdır» etiketi yapışdırmaqla şübhə toxumu səpmişik. Bununla görülən işlərin əhəmiyyətini azaltmaq istəmirəm. Lakin üç il böyük müddətdir və bu zaman çərçivəsində bütün elm adamlarının diqqəti «Kitab»a yönəlmişdi. Ötən illərin nailiyyətlərini təzədən çap etdirməklə yanaşı, əsas sorğuya cavab verən tədqiqat işləri yaradılmalıydı. Qarşıda duran sorğuya cavab tapmaq mümkün idi: bütün mübahisələrə son qoyub «Kitab»ın Azərbaycanda doğulduğunu əsaslandırmaq vətəndaşlıq borcumuz idi. Bu istiqamətdə iş görülübmü? Nəşrlərə fikir verək: Ə.Dəmirçizadənin, Ə.Sultanlının, Ş.Cəmşidovun, K.Abdullanın, K.Vəliyevin, T.Hacıyevin, S.Əlizadənin, Anarın və b. tədqiqatları. Bunlar hamısı, doğrudan da, uğurlu addımlardır. Bəs fərmandan sonrakı üç ildə nələri araşdırıb üzə çıxarmışıq? Dədə Qorqudun poetikasınımı? Yaxud İslam dininin tə‘sirindən doğulduğunumu?

    Dövlət komissiyası alimlərin qarşısında bir ali məqsəd qoymalı idi: ötən illərdəki araşdırmaların elmi kəşflərinə söykənib dastanın görünməyən tərəflərinə güzgü tutmalısınız və «Dədə Qorqud»umuzun haqqını özünə qaytaran yeni əsərlər yaratmalısınız. Amma tədbirləri diqqətlə nəzərdən keçirəndə adamda belə qənaət yaranır: «Dədə Qorqud»la bağlı nəyə gücümüz çatırdısa, onu da fərmanadək vermişdik, özümüzü zorlamalı deyildik ki... Elə olduğu halda müdrikcəsinə hərəkət etməli, ulu Qorqudun qoyduğu yolla getməli, döyüş döşəyindən kənara çəkilərək, başda ağayana oturub meydanı yeni nəslə – cavanlara verməliydik. «Döyüş»ü Uruzlar, İmranlar, Qanturalılar, Səgrəklər, Basatlar, Domrullar, Bucağlar aparmalıydılar. Onda elədiklərimizin qədir-qiyməti daha parlaq şəkildə görünər, təzə söz deyən də və inanıram ki, verdiyim sualın dəqiq cavabı da tapılardı.

    Məsələlərə bu günümüzün sür‘əti ilə yanaşmalıyıq. Yoxsa türkmən qardaşlarımız Dədə Qorqudun 1500 illiyini keçirməklə, qazax qardaşlarımız xüsusi şəhər salmaqla üç ildə görülən bütün yaxşı işləri gözdən salarlar. Kənardan baxanlar da deyərlər ki, bu qardaşların malı nə yaman ortaq düşüb? Biri 1300-dən dəm vurur, o biri 1500-dən... Üç il ərzində «bütün qardaşların» alimləri ulularımız kimi bir yerə yığışıb razılığa gələ bilməzdilərmi?

    Hərə ancaq öz işinin qulpundan yapışmalıdır. Məsələnin bu cür yekunlaşmasının səbəbini onda görürəm ki, bə‘zən mütəxəssislər öz yerlərini dəyişik salırlar. Ömürlərini böyük kəşflərə həsr etdikləri sahədən ayrılıb başqa istiqamətə yönəlirlər. Hərə öz işinin başında olsa, yerimizdə saymarıq, uğurlarımızla rəqiblərimizin arxasını yerə qoyarıq. Təsəvvür edək ki, Dilçilik İnstitunda «Azərbaycan dilinin tarixi» adlı üç - dörd cildlik fundamental bir əsər yazılır. O halda dilçilərimiz ədəbiyyat sahəsində çalışan tədqiqatçılara tapşırarlarmı ki, «Nəsiminin dili», «Füzulinin dili», yaxud «Dədə Qorqudun dili» mövzularını götürüb siz işləyin?.. Yaxud belə bir təklif olsa, prof.Y.Qarayev və b. bu yükün altına girərlərmi? İnanıram ki, girməzlər. Bununla o qənaəti yaratmaq istəmirəm ki, ədəbiyyatçıların həmin mövzularda yazmağa qabiliyyəti çatmaz. Sadəcə olaraq işin öhdəsindən gəlmək üçün hər şeyə sıfırdan başlamaq lazım gəlir. Elmi-mərkəzin ilk iclasında eşidirik ki, çoxcildlik «Azərbaycan ədəbiyyatı tarixi»nin «Dədə Qorqud», «Koroğlu», «Qurbani» və bilmədiyim digər oçerklərini dilçi alimlərimiz yazıblar. Mövzular folklora aid olduğu üçün bu sahədə elmlər doktoru, professor, adlarını almış onlarla mütəxəssisin əvəzinə xəcalət çəkdim. Əgər bu professorları alim hesab etmiriksə, onda açıb-ağardaq, işlərini bilsinlər, fəaliyyətləri ilə bu başı bəlalı xalqı aldatmasınlar.

    Bir neçə kəlmə də «Dədə Qorqud ensiklopediyası» barədə. Bu, Azərbaycan ədəbiyyatşünasdığında nadir hadisədir. Lakin ensiklopediyanın nəinki kütlələr, tədqiqatçılar üçün də əlçatmazlığı böyük təşəbbüsü əhəmiyyətsizləşdirir. Əlimiz çatmadığından ensiklopediyanın keyfiyyəti, elmi dəyəri barədə mülahizə söyləmək çətindir. Ziyalılar arasında gəzib-dolaşan söz-söhbətlər isə adamı dəhşətə gətirir. Eşidirik ki, ensiklopediyada bütün prinsiplər pozulmuşdur. Az qala verilən məqalələrin həcmi 50-100 səhifəyə çatır. Məqalələr dostluq və tanışlıq əsasında yazılıb və s.

    Söz-söhbətlər bir yana dursun, ensiklopediyanın bir çatışmazlığı göz qabağındadır və məhz sonuncu zirvə toplantısında aydınlaşdı. Simpoziumda və mətbuatdakı çıxışlarda fərəh hissi ilə vurğalınırdı ki, ilk «Dədə Qorqud ensiklopediyası»nı biz yaratmışıq. «Bu sahədə də olsa, qardaşlarımızı üstələmişik» deyə sevinirdik. Lakin bu heç də belə deyilmiş. Redaksiya şurasının ilk «Dədə Qorqud ensiklopediyası»ndan xəbəri yox imiş. Belə ki, Qazaxıstan Respublikasının Prezidenti cənab N.Nazarbayevin çıxışından mə‘lum oldu ki, onlar bir neçə il qabaq üç dildə «Dədə Qorqud ensiklopediyası» nəşr etdirmiş, «Dədə Qorqud» abidə kompleksi yaratmış və «Dədə Qorqud» elmi-tədqiqat institutu çoxdan fəaliyyət göstərir. Bizim bunlardan xəbərimiz olmaya bilər. Amma Qazaxstanda hazırlanan ensiklopediya Azərbaycanda dövlət səviyyəsində təşkil edilmiş Redaksiya şurasının iş otağında stolüstü kitab olmalı idi. Onlar işlərini başlanğıcda elə qurmalıydılar ki, dünyada və Azərbaycanda Ata kitabımızla məşğul olan bütün təşkilatlarla, dövlətlərlə birbaşa əlaqələr yaransın. İlk növbədə elmi-tədqiqat institutlarına, ali məktəblərə, ictimai təşkilatlara, «Dədə Qorqud»u öyrənən bütün mütəxəssislərə rəsmi müraciətlər edilməli idi. Bu halda hamı dövlət tədbirinə qoşular və bacardığını əsirgəməzdi. Ensiklopediyanın hazırlanmasını ümumxalq işinə çevirmək lazım idi. Redaksiya şurasının üzvləri tanış-bilişinə məqalə yazmaq sifarişi vermək əvəzinə (kaş belə olmasın), toplanan materialları saf-çürük edər, seçim qarşısında qalar, məqalələr daha zəngin və keyfiyyətli alınardı. Eləcə də dünyanın bütün müvafiq orqanlarına həmin şəkildə müraciətlər edilməliydi. Bu zaman Qazaxstandan cavab gələrdi ki, qardaşlar, biz sizi sevindirmək istəyirik. «Dədə Qorqud ensiklopediyası» artıq hazırdır, alın təcrübəmizdən faydalanın... Bizim ensiklopediyanın səhifələrində qazax qardaşlarımızın yazdıqları məqalələrə, qaldırdıqları elmə zidd problemlərə dəqiq cavablar verilməliydi. Onlar varmı?

    Ancaq elə müraciətə nə televiziya və mətbuatda rastlaşmışıq, nə də rəsmi olaraq işlədiyim N.Tusi adına ADPU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasına məktub daxil olub. İnanıram ki, başqa elm və təhsil ocaqlarına da göndərilməyib. Bir qrup adam ayırıblar. Hansı prinsiplə bilmirəm. Onlar bir otağa çəkilərək bir ay ərzində qapalı şəkildə ensiklopediya yaradıblar. Həmin ensiklopediyanı əldə edib oxuyandan sonra yuxarıda yazdıqlarım və başqa milli mentalitetimizə zidd halların olmadığını görsəm, o adamlara heykəl qoyulması da azdır.

    On iki il əvvəl Moskvada çıxan iki cildlik «Mifı narodov Mira» ensiklopediyasının redaksiyasına getmişdim. Müəlliflərə bir neçə sorğum vardı. Orada «Əjdaha», «Div», «Koroğlu» və onlarla bizə aid başqa mif terminləri erməni adına çıxılır, yaxud ermənilərdən, gürcülərdən azərbaycanlılara keçdiyi qeyd olunurdu. Dedim ki, axı bu ağ yalandır. Onlar Azərbaycan EA-na yazdıqları rəsmi müraciət məktubunu göstərib bildirdilər: «Hamı kimi sizin respublikadan da xahiş etmişik ki, xalqınızın mifləri haqqında mə‘lumat göndərin. Xəbər çıxmadığı üçün gürcü və erməni alimlərindən xahiş etdik ki, yeri gələndə qonşularınıza da pay ayırın». O vaxt Bakıya dönən kimi bu məsələ ilə maraqlandım. Mə‘lum oldu ki, elə bir məktub doğrudan da olub, lakin mifləri rusca tərtib edən tapılmadığı üçün iş yerinə yetirilməyib... Biz başqa ölkələrin ensiklopediya yaratmaq təcrübəsindən öyrənərək işimizi qurmalıydıq.

    «Kitabi-Dədə Qorqud» özü böyük bir ensiklopediyadır. Orada xalqımızın ilkin dünyagörüşündən başlamış orta çağların tarixi hadisələrinə qədər əksər sosial institutlarının izləri əks olunur. İlk növbədə Qafqaz türkünün milli xarakteri, psixologiyası, əski adət-ən’ənələri, dini, fəlsəfi görüşləri, əxlaqı, dövlət quruculuğu, qəhrəmanlıq səlnaməsi, ailə münasibətləri (ər-arvad, ata-oğul), köçərilikdən əl çəkib oturaq həyata alışmaları, Vətənə, torpağa bağlılığı, qonşularla münasibətləri, ritualları, məişəti və yaşayış tərzinin əksər atributları, daxili və xarici düşmənlərlə mübarizəsi, qəhrəmanlıq salnəmələri, müxtəlif təbəqələrə və yaş dövrlərinə məxsus insanların davranışı, Azərbaycan türkünün şifahi və yazılı dilinin tarixi özünə yer tapır. Bu mə’nada «Dədə Qorqud» dünya xalqlarının yaratdığı epik əsərlərdən həm strukturuna, həm də məzmununa görə əsaslı şəkildə fərqlənir.

    Elə bir dastan göstərmək olmaz ki, orada «Dədə Qorqud»da olduğu qədər bir-birindən seçilən xarakterlər iştirak etsin, hadisələr xalq məişətinə yaxın olsun, gerçəkliklə yoğrulsun. Dastanda mifoloji qatların çoxluğuna baxmayaraq, hadisələr bütün hallarda reallığını itirmir. Dünya ədəbiyyatı xəzinəsində nə «Dədə Qorqud»adək, nə də ondan sonra sistemi, süjet özəllikləri və poetik strukturu ilə Ata kitabımıza uyğun əsərə rast gəlirik.

    Əgər Azərbaycan türkləri tarixdə yaşadıqları uzun çağlar ərzində başqa bədii sənət nümunələri yaratmayıb, təkcə «Dədə Qorqud»la kifayətlənsəydilər belə, öz iste’dadını nümayiş etdirmiş olardılar. Və özü böyük ensiklopediya olan «Kitab» üçün qısa zamanda ensiklopediya yaratmaq böyük bir qəhrəmanlıqdır. Doğrudur, biz bə‘zən Qafqaz dağlarından da böyük yükün altına girib onu qaldırmaqla dünyanın diqqətini özümüzə cəlb etməyə çalışırıq. Ancaq yükün ağırlığından yerə batıb çıxa bilmirik. Başqaları isə o dağları sahibsiz görür, asanlıqla çıxıb başında oturur və aləmə səs salırlar ki, bütün zirvələri birinci biz fəth etmişik.

    Çox hallarda işimizin səmərəsiz alınmasının əsas səbəbi ali məktəblərdə və başqa təşkilatlarda çalışan alimlər arasında ayrı-seçgilik salmağımızdır. İşlədiyim N.Tusi adına ADPU-nun bir çox tədbirlərdə üstündən qələm çəkilmişdir. Dövlət komissiyası unutmuşdur ki, 50-ci illərdə Ata kitabımıza ilk monoqrafik tədqiqat əsəri yazan və əsaslı dəlillərlə Azərbaycanda doğulduğunu irəli sürən prof. Ə.Dəmirçizadə həmin ali məktəbin yetirməsidir. Eləcə də Azərbaycan folklorşünaslığının ən böyük tədqiqatçısı nəzəriyyəçi-alim M.Təhmasib həmin tədris ocağında dərs demişdir. Söyləyəcəklər ki, belə ayrı-seçgilik yoxdur. Keçən il hörmətli Təhsil nazirimiz prof. M.Mərdanovun yanında keçirilən müşavirədə bu məsələni qaldırmış və bildirmişdim ki, bizdə də «Dədə Qorqud»la bağlı tədqiqat işləri yaradılır, fil. elm. doktoru Ə.Tanrıverdinin «Dastanda şəxs adları», fil. elm. doktoru. B.Xəlilovun «Dədə Qorqud»un onamastikası» və mənim «Dədə Qorqud»un poetik sturukturu» adlı monoqrafiyalarımız çapa hazırdır. Təhsil Naziri bu kitabları qeyd dəftərçəsinə yazdı və e‘lan etdi ki, səhər ölkə Preziidentinin yanındakı yığıncaqda yeni nəşrlər planına saldırmağa çalışacaq. Dövlət komissiyasının üzvləri də bu söhbətin şahididirlər, əksəriyyəti orada iştirak edirdi. Biz (N.Tusi adına ADPU-nun yuxarıda adları çəkilən üç nəfər müəllimi) ölkə Prezidentinin yanındakı yığıncaqda iştirak etməli idik. Lakin hansı səbəbdənsə, hər üçümüzü mədəni şəkildə aldatdılar. Bildirdilər ki, iclas təxirə salınıb, Prezidentin başqa işi olub. Axşam televizora baxanda yığıncağın baş tutduğunun şahidi olduq. Anladım ki, nazirin yanında səsimi çıxardıb təklif irəli sürməyim kimlərinsə xoşuna gəlməyib, ona görə də «artıq» adam sayılmışıq.

    Ə.Dəmirçizadənin kitabının yubiley nəşrinə diqqət yetirin. Ən‘ənə və varislik xətrinə redaktoru pedaqoji universitetin dilçilərindən biri təklif olunmalıydı. Orada Ə.Dəmirçizadənin yetirmələri – tanınmış alimlər istədiyiniz qədərdi. Elə götürək EA müxbir üzvü A.Qurbanovu. Onun bu kitaba redaktorluq qabiliyyəti yoxdursa, açıqca desinlər. Ancaq hamımız bilirik ki, bütün ali məktəblər müasir Azərbaycan dili və ümumi dilçilik kurslarını onun yazdığı qalaq-qalaq kitablardan öyrənir. Yekun konfransının proqramını vərəqləsəniz, görərsiniz ki, prof. A.Qurbanovu mə‘ruzə etdiyi bölməyə həmsədr də seçməyiblər. Hər şeyə çılpaqlıqla yanaşdığıma görə heç kəs inciməsin. Elə Ə.Dəmirçizadənin kitabının redaktoru olan görkəmli ədəbiyyatşünas akademimiz də. Onun elmi fəaliyyətinə böyük hörmət bəsləyirəm və bu yazımla elə qənaət yaratmaq niyyətim yoxdur ki, o, redaktor ola bilməz. Sadəcə olaraq bizim universitetin, yaxud başqa təhsil, elm müəssisəsinin üstündən xətt çəkilməsinin əleyhinəyəm. Təşkilatçılardan onu da xəbər almaq istəyirəm ki, hansı səbəbdən Azərbaycanda ali məktəblər üçün ilk «Şifahi xalq ədəbiyyatı» dərsliklərini yazmış qocaman prof. P.Əfəndiyev üç il ərzində heç bir tədbirə də‘vət almayıb? ADPU keçən il Respublika səviyyəli elmi konfrans keçirmiş və iri həcmli məqalələr toplusu nəşr etdirmişdir. Ayrı-seçgilik ondan görünür ki, həmin «Dədə Qorqud – 1300» toplusu nə muzeydə, nə də Prezident yanındakı sərgidə nümayiş etdirildi. BDU-un və EA-nın buraxdığı kitablar isə Prezidentə xüsusi olaraq göstərildi. Ayrı-seçgilik bir məsələdə də nəzərə çarpır. «Kitab»ın qayğısını birincilər sırasında çəkən qrumlardan biri də «Folklor sarayı»dır. Yubiley tədbirlərinin çoxunun yükü məhz bu qurumun əməkdaşlarının çiyinlərinə düşmüşdü. Hansı səbəblərdənsə, Dövlət komissiyasında «Folklor sarayı»nın rəhbəri təmsil olunmurdu (Hüseyn müəllim N.Tusi adına ADPU-nun yetişdirməsidir, bəlkə ona görə?) Ədəbiyyat institunun direktoru da Prezident yanındakı iclaslarda az görünürdü. Ola bilsin ki, sonradan siyahıya əlavə ediblər. Bunlar xırda məsələlər olsa da, birliyimiz naminə nəzərə alınmalı idi. «Dədə Qorqud»u Azərbaycan türklərini öz ətrafında - vahid dövlətdə birləşdirən ocaq kimi anıram. Siyasi əqidəsindən, elmi adından, kiçikliyindən, dahiliyindən asılı olmayaraq xalqın folklor adlı sərvətilə məşğul olan bütün nümayəndərinin, eləcə də hamı ziyalıların, elm-sənət adamlarının bu ocağın başında toplaşması kimi başa düşürəm.

     

     

    Leyl-i Lal - 22.01.2010 - 22:47



Benzer Konular

  1. Dede Qorqud Kitabi
    Konuyu Açan: Nehir, Forum: Azərbaycan Ədəbiyyatı və İncəsənət.
    Cevaplar: 1
    Son Mesaj : 17.10.2012, 20:26
  2. Kitabi Dədə Qorqud Şəkillər
    Konuyu Açan: Leyl-i Lal, Forum: Azərbaycan Ədəbiyyatı və İncəsənət.
    Cevaplar: 0
    Son Mesaj : 09.03.2010, 10:23
  3. Kitabi Dədə Qorqud Oğuzların arasında
    Konuyu Açan: Leyl-i Lal, Forum: Azərbaycan Ədəbiyyatı və İncəsənət.
    Cevaplar: 0
    Son Mesaj : 09.03.2010, 10:20
  4. Kitabi Dədə Qorqud Tarixi
    Konuyu Açan: Leyl-i Lal, Forum: Azərbaycan Ədəbiyyatı və İncəsənət.
    Cevaplar: 0
    Son Mesaj : 09.03.2010, 10:18
  5. Kitabi Dədə Qorqud
    Konuyu Açan: Leyl-i Lal, Forum: Azərbaycan Ədəbiyyatı və İncəsənət.
    Cevaplar: 0
    Son Mesaj : 09.03.2010, 10:18

copyright

Soru Cevap