Menim parta yoldasim

menim parta yoldasim /mekteb seirleri/son zeng seirleri/seir


MƏNİM PARTA YOLDAŞIM

Neçə il sən mənimlə bir partada oturun
Mənimlə bir yerdəcə illəri başa vurdun
Müəllimlər önündə əyləşdik cərgə-cərgə
Mən sinifdən-sinifə keçdikcə sənlə birgə
Böyüdü ildən-ilə o taxta partalar da
Illər ötdü...
Bəs indi sən hardasan, mən harda?!

Biz eyni kitabları bir yerdə vurduq sona
Qolum yazı yazanda toxunardı qoluna
Biz bir yerdə sevindik,
Bir yerdə köks ötürdük
Illərlə düşündürən bizi bir fikir oldu
Sevincimiz bir oldu
Kədərimiz bir oldu
Illər ötdü...
Bəs indi sən hardasan, mən harda?!

Dalaşmazdıq a dostum, hər şeyin üstündə biz
Hər arzumu bilərdin sən mənim baxışımdan
Bir gün dərsə gəlməsəm sən məni səsləyərdin
“Sən mənə yoldaş deyil, bir qardaşsan” deyərdin
Bizə görə dost idi başqa dostlarımız da
Illər ötdü...
Bəs indi sən hardasan, mən harda?!

Ayırmazdı nə şaxta, nə od, nə tufan bizi
Ayırdı illər bizi, ayırdı zaman bızı
Dostum, dalınca getdik hərəmiz bir peşənin
O zamandan görmədim üzünü hər gün sənin
Mənim parta yoldaşım
Bəs indi sən hardasan?

Keçən günlər yəqin ki, artıq dilindən düşüb
Yəqin indi sənin də ürəyinə qəm düşüb
Keçsə də gəncliyimiz ayrı-ayrı məkanda,
Qalmış uşaqlağımız o taxta partalarda

Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 13373
favori
like
share